Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1591/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2262/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə alınan ”HYUNDAİ İX-35" markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə bağlı X4 ilə Cavabdeh2 arasında xx xxxxx 2019-cu il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında aparılmış qeydiyyatın ləğv olunması, X2 və İddiaçı həmin avtomobilə mülkiyyət hüququnun tanınması, avtomobilin 1/2 hissədə Cavabdeh1, 1/2 hissədə İddiaçı paylarının müəyyən edilməsi, Cavabdeh1 və İddiaçı həmin avtomobil üzərində mülkiyyət hüququnun qeydə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ilə rəsmi qaydada xx xxxx 1996-cı il tarixdə Bakı şəhəri Səadət sarayında nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.1997-ci il tarixdə oğlu X9, xx.xx.2001-ci il tarixdə oğlu X5 və xx.xx.2009-cu il tarixdə oğlu X7 anadan olmuşlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-700/2019 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikah dövründə xx.xx.2018-ci il tarixdə “HYUNDAİ İX-35” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. Avtomobil cavabdeh Hüseynova (Fətəliyeva) Jalə Ağarza qızının adına qeydiyyata alınmışdır. Cavabdeh həmin maşını onun razılığı olmadan xx.xx.2019-cu il tarixində qeydiyyatdan çıxararaq alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmişdir. Özgəninkiləşdirmə formal olaraq aparılmış, lakin avtomobil hal-hazırda da cavabdehin öz istifadəsindədir. O, xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh1 birgə nigah dövründə aldıqları “HYUNDAİ İX-35” markalı, 99FJ902 dövlət qeydiyyat nişanlı avtomobilə dair onun razılığı alınmadan bağlanmış xx xxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsinin və həmin avtomobilin 1/2 hissəsinin onun adına sənədləşdirilməsinin razılaşma yolu ilə 15 gün müddətində həll edilməsini təklif edərək sifarişli-xəbəmaməli məktubla pretenziya göndərmişdir. Poçt tərəfindən təqdim edilmiş xəbərnamədən görünür ki, Cavabdeh1 məktubu xx xxxxxx 2020-ci il tarixdə almışdır. Lakin, cavabdeh bu günə kimi göndərilən məktuba cavab verməmişdir. Ona görə də o, məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2262/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, X4 ilə Cavabdeh2 arasında xx xxxxx 2019-cu il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 Ağaraza qızının və İddiaçı həmin avtomobilə mülkiyyət hüququ tanınaraq avtomobilin 1/2 (ikidə bir) hissədə Cavabdeh1, 1/2 (ikidə bir) hissədə İddiaçı paylarının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verən Cavabdeh2 onun iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı uzun müddətdir ki, tanıyır. O, münasib qiymətə düşən əmlakları alıb sonradan satışını təşkil edir. İddiaçı 2019-ci ilin aprel ayında ona bildirmişdir ki, o, arvadı X6 ilə ümumi razılıq əsasında ayrılmışlar və bu məqsəd ilə Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsində yerləşən 74 nömrəli evin, 59 nömrəli mənzilini və "HYUNDAİ İX-35" markalı, 99- FJ-902 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satmaq qərarına gəlmişlər və münasib qiymətə əmlakları ona almaq təklifi etmişdir. O isə yekun qərar verib İddiaçı məlumat verəcəyini bildirmişdir. Qərara gəldikdən sonra o ilk olaraq yəni xx xxxxx 2019-cı il tarixdə "HYUNDAİ İX-35" markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı iştirakı ilə və dəyərini ona ödəməklə Cavabdeh1 ilə aralarında alqı-satqı müqaviləsi bağlanmış və bundan sonra yəni xx xxx 2019-cu il tarixdə isə Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən 74 nömrəli evin 59 nömrəli mənzilini İddiaçı 120.000,00 manat ödəməklə onlardan almışdır. Bundan əlavə İddiaçı ondan xahiş etmişdir ki, onun 1-ci qrup əlil uşağı avtomobilə müştəri tapana kimi nəqliyyat vasitəsinin müvəqqəti istifadəsinə dair etibarnamə verməyini xahiş etmişdir. O, da İddiaçı ilə münasibətlərini nəzərə alaraq alaraq arvadının adına nəqliyyat vasitəsinin idarə etmək üçün etibarnamə vermişdir. Sonradan ona məlum olmuşdur ki, onlar arasında hazırda Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən 74 nömrəli evin 59 nömrəli mənzilə və "HYUNDAİ İX-35" markalı, **- FJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair məhkəmə mübahisələri var. Hazırkı işlə bağlı bildirmək istəyir ki, cavabdeh onlardan hər iki əmlakı alarkən hər ikisinin iştirakı və razılığı ilə almış və əmlakların dəyərini İddiaçı tam ödəmişdir. Bu səbəbdən o, "HYUNDAİ İX-35" markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin vicdalı alıcısıdır və buna görə mən vicdanlı alıcı hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili isə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Əlavə olaraq bildirmişlər ki, iddiaçı cavabdehi əvvəllər tanınamış və yalnız mənzili satarkən onu görmüşdür. İddiaçı keçmiş arvadı ili 2019-cu ilin aprel ayına qədər bir yerdə yaşamışlar və avtomobil həmin müddət ərzində satılmışdır. Bununla belə iddiaçı avtomobilin satılmasından gec xəbər tutmuşdur. Həmçinin, qeyd olunmuşdur ki, iddiaçı mülkiyyətində olan mənzili xx.xx.2019-cu il tarixdə Cavabdeh2a satmışdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının iddia tələbinin qismən təmin edilən hissəsində yoxlanılması təşkil edir. Çünkü, cavabdeh yalnız həmin hissədə qətnaməni mübahisələndirmiş, iddiaçı isə onu ümumiyyətlə mübahisələndirməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddia tələbləri təmin edilməməlidir. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçının soyadı “Fətəliyev” olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərardad, qətnamə və məhkəmə bildirişlərində cavabdehin soyadı səhv olaraq “Fətullayev” kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X4 arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. İş materiallarında olan AR DİN Baş Dövlət X16 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, “HYUNDAİ İX-35” markalı, 99FJ902 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1979-cu il təvəllüdlü X3 adına qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, “HYUNDAİ İX-35” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobil X4 tərəfindən Cavabdeh2 satılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.1, 32.2). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.1-37.2). Qeyd olunmalıdır ki, hazırkı işdə birgə nikah dövründə əldə olunmuş əmlak olduğu irəli sürülən avtomobilin tərəflərin birgə nikahları dövründə əldə edildiyi işdəki mövcud sübutlarla təsdiq olunmaqdadır və iddiaçı, həmin avtomobilin onun (iddiaçının) razılığı olmadan arvadı tərəfindən özgəninkiləşdirildiyini iddia edərək hazırkı iddia tələblərini irəli sürmüşdür. Bu baxımdan kollegiya, mübahisənin obyektiv həlli üçün ilk növbədə mübahisəli nəqliyyat vasitəsinə dair X4 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinin əsaslı olub-olmadığının araşdırılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Həmin Məcəllənin 222.3-cü maddəsinə əsasən isə, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 650-ci maddəsinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”na görə, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Daxili İşlər Nazirliyində daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.3-cü maddəsinə görə də, ərarvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Mülki və ailə qanunvericiliyinin göstərilən müddəalarına əsasən kollegiya hesab edir ki, mübahisə mövzusu olan avtomobili alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ ilə əldə edən Cavabdeh2 həmin avtomobili vicdanlı əldə etmişdir və onun avtomobil üzərində mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən alqı-satqı müqaviləsinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 33.4-cü maddəsi, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığının zəruriliyini və belə razılıq olmadan bağlanan əqdin mübahisələndirilə bilinəcəyini nəzərdə tutur; mexaniki nəqliyyat vasitələri rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalar hesab edildiyindən və onların dövlət qeydiyyatından keçirilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə tənzimlədiyindən isə, nəqliyyat vasitələri ilə əlaqədar müqavilələr bağlanan zaman belə bir razılığın olması qanunvericiliklə tələb edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən 74 nömrəli evin, 59 nömrəli mənzili Cavabdeh2 satılmışdır. Kollegiya hesab edir ki, iddiaçının avtomobilin satılmasında xəbərsiz olduğunu barədə irəli sürdükləri əsassızdır. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, ”Hyundai İX-35" markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobil X4 tərəfindən xx xxxxx 2019-cu il tarixdə Cavabdeh2 satılmışdır. Bundan 21 gün sonra isə tərəflərin birgə mülkiyyətində olan mənzil həmin şəxsə, yəni Cavabdeh2a satılmışdır. Belə olan halda isə kollegiyanın qənaətinə görə, hər iki əmlak eyni şəxsə satıldığından iddiaçının avtomobilin satılmasından xəbəri olmaması barədə irəli sürdükləri inandırıcı deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının ər-arvadın birgə mülkiyyətinin hüquqi rejimindən yaranan hüquqları pozulmuş olsa belə, bu pozuntu mübahisəli avtomobili vicdanla əldə etmiş şəxslərin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2008-ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsi Cavabdeh2 əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyritaraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı gələcəkdə Cavabdeh1 qarşı nəqliyyat vasitəsinin satılması ilə bağlı pul tələbinə dair məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2262/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə yəni, “X4 ilə Cavabdeh2 arasında xx xxxxx 2019-cu il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 Ağaraza qızının və İddiaçı həmin avtomobilə mülkiyyət hüququ tanınaraq avtomobilin 1/2 (ikidə bir) hissədə Cavabdeh1, 1/2 (ikidə bir) hissədə İddiaçı paylarının müəyyən edilməsi” hissəsində ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsızlığı” barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh2 özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1591/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1591/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver