Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1591/2025 14.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-372/2024 nömrəli qətnaməsindən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində maddi zərərin əvəzi kimi 794.954 manat tələb olunub. Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, maddi zərərin əvəzi kimi 794.954 manat cavabehdən alınaraq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, məhkəmə hökmünün qəbul edilməsindın 5 il keçib və tələb olunan məbləğ şişirdilib. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh (təqsirləndirilən şəxs) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(101)-625/2018 nömrəli hökmü ilə AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Hökmlə müəyyən olunub ki, cavabdeh etibardan suiistifadə etmə və aldatma yolu ilə 2016-ci ildə iddiaçının (zərər çəkmiş şəxsin) 794.952 manat pulunu ələ keçirərək ona qarşı dələduzluq edib. Hökmün nəticə hissəsində zərər çəkmiş şəxsə izah olunub ki, dəymiş zərərin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ var. Hökm qanuni qüvvəyə minib. AR Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Odur ki, cavabdehin iddiaçının 794.952 manat pulunu ələ keçirməsi hazırkı mülki işə baxan məhkəmə üçün məcburidir. AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Odur ki, iddiaçı maddi zərərin əvəzi kimi 794.952 manat ödənilməsini tələb etməkdə haqlıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iddianın hökmün qəbul edilməsindən 5 il sonra verilməsi onun rədd edilməsinə əsas ola bilməz, çünki AR Mülki Məcəlləsinin 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. Həmin müddət keçməyib. Zərərin məbləği isə məhkəmə hökmü ilə müəyyən edilib. Zərərin məbləği tövsifedici əlamətdir, yəni cavabdeh iddiaçıya külli miqdarda zərər vurmaqla dələduzuq etdiyinə görə CM-nin 178.3.2-ci maddəsi ilə məhkum olunub. Hökm qanuni qüvvəyə mindiyinə görə, zərərin məbləğinə aid hissədə də mülki işə baxan məhkəmə üçün məcburidir. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib. Qətnamədə zərərin məbləği 2 (iki) manat artıq göstərilsə də, bu, yanlışlıqdır, qətnamənin dəyişdirilməsinə əsas ola bilməz, qətnaməni qəbul edən hakim öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə AR Mülki Prosessual Məcəlləsinin 228-ci maddəsinə əsasən həmin yanlışlığı düzəldə bilər, bu barədə olan qərardaddan narazı qalan şəxs isə şikayət verə bilər. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-372/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1591/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1591/2025
14.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver