Məhkəmə qərarları › İş №2(103)-1593/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1593/2022

22.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1593/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2274/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 8.453 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 8.483,40 manat pulun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC-yə məxsus, X2 tərəfindən idarə olunan **-AA-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” markalı avtomobil 20 oktyabr 2020-ci il tarixdə hərəkətdə olarkən Cavabdeh2 məxsus və Cavabdeh1 tərəfindən idarə olunan **-CF-*** dövlət qeydiyyat nişanlı, “Nissan Teana” markalı avtomobillə toqquşmuşdur. Bakı şəhər DYPİ YNH inspektoru tərəfindən tərtib olunmuş 20 oktyabr 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və 20 oktyabr 2020-ci il tarixli, TP4006451 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən 90-CF144 dövlət qeydiyyat nişanlı, “Nissan Teana” markalı avtomobilin sürücüsü Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində təqsirli bilinmiş və AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Avtomobilə dəymiş zərərin müəyyən olunması üçün nəqliyyat vasitəsi "xxxx" MMC-yə təqdim edilmiş və bu barədə cavabdehlərə bildiriş təqdim olunmuşdur. Lakin cavabdehlər bildirişi almalarına baxmayaraq qiymətləndirmə prosesində iştirak etməmişlər. Hadisə zamanı **-AA-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” markalı avtomobilə "xxxx" MMC tərəfindən verilmiş qüsur aktına əsasən 13.453 manat məbləğində maddi ziyan dəyməsi müəyyən olunmuşdur. **-CF-*** dövlət qeydiyyat nişanlı, “Nissan Teana” markalı avtomobilin icbari qaydada sığortalı olduğu təşkilat tərəfindən qanunvericiliyə əsasən 5.000 manat məbləğində sığorta ödənişi avtomobilin təmir olduğu təmir müəssisəsinə ödənilmişdir. Cavabdehlərə 8.453 manat pul məbləğinin iddiaçıya ödənilməsinə dair məktub göndərilməsinə baxmayaraq, cavabdehlər ödənişdən boyun qaçırmışlar. İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılarkən iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada avtomobilə dəymiş zərərə görə 8.453 manat məbləğində pul vəsaitinin, avtomobilin əmtəə dəyərinin aşağı düşməsinə görə 5.000 manat məbləğində pul vəsaiti və ödənilmiş 30.40 manat dövlət rüsumunun, ümumilikdə 13.483,40 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 7.928 manat məbləğində maddi ziyanın və ödənilmiş 30.40 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2274/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 7.928 (yeddi min doqquz yüz iyirmi səkkiz) manat maddi ziyanın və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın Cavabdeh1 alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2274/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır, məhkəmə işə birtərəfli və yarımçıq baxmış, onun iştirakı təmin edilməmişdir. Ekspertiza birtərəfli rəy vermiş, əsl obyektiv həqiqətin aşkar edilməsi təmin edilməmiş, təkrar ekspertizanın təyin edilməsi təmin etməmişdir. Heç bir yerdən gəlir və qazancı yoxdur, atasının himayəsində olmaqla, İİ qrup əlildir, tək gəlir yeri əlillik təqaüdüdür, təqaüd dərmanlarına, qidalanmağına çatmır. Müalicəsi ilə əlaqədar bankdan 2700 manat məbləğində kredit borc götürmüşdir. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2274/2021 saylı, 21 oktyabr il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verilmiş apelyasiya şikayətini müdafiə etdiklərini bildirdilər və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2274/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh1 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Bakı şəhəri DYPİ-nin YNH inspektoru Zaur Tağıyev tərəfindən tərtib edilmiş İXP № ******* saylı, 20 oktyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh1 20.10.2020-ci il tarixdə saat 19:45 radələrində “Nissan Teana” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili “Zığ” yolu ərazisində idarə edilərkən ara məsafəsi qaydalarını pozması nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə o, İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.(İ.vər. 13) İş materiallarında olan, Bakı şəhəri DYPİ-nin TP № ******* saylı, 20 oktyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh1 20.10.2020-ci il tarixdə saat 19:45 radələrində Zığ” yolu ərazisində “Nissan Teana” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili “idarə edilərkən ara məsafəsi qaydalarını pozması nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə o, İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.(İ.vər. 12) İş materiallarında olan, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəməəmtəəşünaslıq ekspertizasının 9/4819 saylı, 30 avqust 2021-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin 02 dekabr 2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı, “Toyota Camry” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12.928 manat müəyyən edilmişdir.(İ.vər. 106 - 110) Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdeh1dur, yol-nəqliyyat hadisəsi baş verən dövrdə o avtomobilin qanuni sahibi, o, avtomobili Cavabdeh2 tərəfindən verilmiş etibarnaməyə əsasən idarə edərkən yol-nəqliyyat hadisəsini törətmiş və ona görə də, vurulmuş zərərə görə Cavabdeh1 məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1, 1108.1 və 1115-ci ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və apelyatorun maddi zərərin düzgün müəyyən edilməməsi barədə dəlilini qətnamənin ləğvi üçün əsaslı hesab etmir. Məhkəmə kollegiyası, Cavabdeh1 apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllnin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllnin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bundan başqa, həmin Məcəllnin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllnin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd olunan maddi hüquq normalarına əsasən, məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçı "xxxx" MMC-yə məxsus, X2 tərəfindən idarə olunan **-AA-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” markalı avtomobillə ziyan dəyməsi, ekspert rəyi və digər sübutlarla tam təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 apelyasiya şikayətində heç bir yerdən gəlir və qazancının olmadığını, atasının himayəsində olmaqla, İİ qrup əlil olduğunu, tək gəlir yeri əlillik təqaüdünün olduğunu, banka kredit borcunun olduğunu bildirməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçı "xxxx" MMC-yə məxsus “Toyota Camry” markalı avtomobillə ziyan dəyməsi ekspert rəyləri və iş materiallarında olan digər mötəbər sübutlarla tam təsdiqini tapmışdır. Odur ki, məhkəmə kollegiyası Cavabdeh1 apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını, həmçinin təkrar ekspertiza keçirilməsini zəruri hesab etmir və həmin dəlilləri əsassız hesab edir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq və təfsir etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən Cavabdeh1 apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Buna görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2274/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar