Məhkəmə qərarları › İş №2(103)-1597/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1597/2020

17.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1597/2020 17.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdeh nümayəndəsi-vəkili X4 iştirakları ilə, İddiaçılar İddiaçı1 Fərəməz qızı, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “cinayət əməli nəticəsində dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9387/2015 saylı, 21 dekabr 2015-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Fərəməz qızı, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “cinayət əməli nəticəsində dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı3 xeyrinə 23.500 manat, İddiaçı1 Fərəməz qızının xeyrinə 35.600 manat və İddiaçı2 xeyrinə 7.000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9387/2015 saylı, 21 dekabr 2015-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “cinayət əməli nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi barədə” iddia ərizəsi təmin olunmuş, Cavabdeh İddiaçı3 xeyrinə 23.500 manat, İddiaçı1 Fərəməz qızının xeyrinə 35.600 manat, İddiaçı2 xeyrinə 7.000 manat məbləğində vəsait tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilməsi, iddia təmin edildiyindən, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçılara ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,o, həmin məhkəmə prosesində iştirak etməmiş, çıxarılan qətnamənin surətini almamış və apellyasiya şikayət vermək imkanım olmamışdır. Belə ki, 23 iyul 2013-cü il tarixdən 06 iyun 2018-ci il tarixə qədər həbsdə olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2014-cü il tarixli, iş № 1(101)-629/2014 saylı hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, həbsdə qaldığı 23 iyul 2013-25 iyul 2013-cü il tarixdən olan 2 gün müddət çıxılmaqla üzərində qəti olaraq 8 il, 11 ay, 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Bakı Apellyasiya Məhkəməsinin 25 may 2015-ci il tarixli, iş № 1(103)- 663/2015 saylı qərarı ilə həmin hökm qüvvədə saxlanılıb, hökmdən Cavabdeh İddiaçı3 xeyrinə 23.500 manat. İddiaçı1 Fərəməz qızının xeyrinə 35.600.00 manat, İddiaçı2 xeyrinə 7.000 manat və X1 xeyrinə 4.000.00 manat məbləğində pulun tutulmasına dair göstəriş xaric edilmişdir. 2013-cü il 21 dekabr tarixdə o, həbsdə olub cəza çəkərkən ona qarşı iddia tələbi üzrə mülki işə baxılıb, lakin o, məhkəmədə iştirak edə bilməmiş, onun iştirakı təmin olunmayıb və hüquqları kobud şəkildə pozulub. Ona görə də qətnamə ləğv olunmalıdır. Məhkəmə qətnaməsi üzrə qət olunan məbləği o, iddiaçılardan almamış, ancaq İddiaçı1 Fərəməz qızından 10.000 manat pulu notarial müqaviləyə əsasən almışdır. Onda o, məhkəməyə getmək istəyini bildirmiş, iddianı qəbul etmək istəyini bildirməmiş, ərizə və qəbzə imza etsə də ona oxumağa imkan verməmişlər. Ona görə də bu qətnamə ləğv olunmalıdır. O, qətnamənin surətini almamış, apellyasiya şikayəti verə bilməmiş, ona görə də bu qətnamə ləğv olunmalıdır. İddiaçı1 Fərəməz qızından 10.000 manat notariat qaydada borc almış, 12.500 manat bankdan pul götürərək İddiaçı1 qaytarmış, İddiaçı1 bacısı Musayeva Sürəyyəyə verdiyini iddia etdiyi 20.000 manat borc pul isə araşdırma zamanı sübut olunmadı, Sürəyyəyə da məhkəmə prosesində ifadə ilə bunu tam təkzib edib. Ona görə də bu qətnamə ləğv olunmalıdır. Qətnamədə qeyd olunur ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 04 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş ərizəyə əsasən məlum olur ki, cavabdeh iddianı etiraf edir. O, iddianı qəbul etməyi barədə heç vaxt ərizə verməmiş, məhkəmədən gələn bir neçə sənədə imza etsə də, oxumağa ona imkan verilməyib, həmin sənədlərin məzmunu ona aydın olmamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçılar məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, apellyasiya şikayəti qətnamənin ləğvinə və iddia tələbinin rədd edilməsinə yönəldilmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası işdə iştirak edən cavabdehin nümayəndəsi-vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən mülki iş üzrə aparılmış araşdırma nəticəsində müəyyən etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-629/2014 saylı, 23 sentyabr 2014cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həbsdə saxlandığı 23 iyul 2013-cü il tarixdən 25 iyul 2013-cü il tarixədək olan 2 gün müddət ona təyin olunan cəza müddətindən çıxmaqla üzərində qəti olaraq 8 il, 11 ay, 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, zərərçəkmiş şəxslərə dəymiş olan ziyan təqsirləndirilən Cavabdeh tutularaq İddiaçı3 23.500 manat, İddiaçı1 qızma 35.600 manat, İddiaçı2 7.000 manat, X2 4.000 manat ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-663/2015 saylı, 25 may 2015-ci il tarixli qərarına əsasən, təqsirləndirilən Cavabdeh müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş, lakin Cavabdeh «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2014-cü il tarixli hökmü dəyişdirilmiş, həmin hökmdən Cavabdeh İddiaçı3 xeyrinə 23.500 manat, İddiaçı1 xeyrinə 35.000 manat, İddiaçı2 xeyrinə 7.000 manat və X1 xeyrinə 4.000 manat məbləğində pulun tutulmasına dair göstəriş mülki iddia verilmədiyindən xaric edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş ərizəyə əsasən məlum olur ki, cavabdeh iddianı etiraf edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Kollegiya tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsindən 1(101)-629/2014 saylı cinayət işi tələb edilmiş və tədqiq edilmişdir. Qeyd olunan cinayət işinin materiallarından müəyyən edilmişdir ki, cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçların qanunla qorunan hüquqları pozulmuş bunun nəticəsində onlara ziyan vurulmuşdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Göründüyü kimi, zərəçəkənlər hazırda məhkəməyə iddia ərizəsi ilə müraciət etmişlər və onlara vurulmuş maddi ziyanın tutulmasını tələb edirlər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edən zaman düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh iddia tələbini qəbul etməsinə dair ərizə imzalasa da, həmin ərizə ilə tanış olmamasına istinad etsə də, həmin halları təstiq edən hər-hansı sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin qeyd olunan dəlilləri cavabdehin formal mülahizlərinə əsaslanır və qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini tələb etsə də, şikayətinin əsasını təşkil edən hər-hansı sübutu məhkəməyə təqdim etməmişlər. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9387/2015 saylı, 21 dekabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar