Məhkəmə qərarları › İş №2(103)-1598/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1598/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1598/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və İrada Dzhafarovaya qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: borcun ödənilməsi, borcun etirafı, müqavilənin etibarlılığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, cavabdeh İrada Dzhafarovanın və onun nümayəndəsi (vəkili) Vəkil4, tərcüməçi X2 iştirakı ilə İddiaçı Cavabdeh1 və İrada Dzhafarovaya qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh İrada Dzhafarova tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Cavabdeh1 və İrada Dzhafarova xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuş, nikahlarından xx.xx.2016-cı il tarixdə Mikayıl adını verdikləri uşaqları dünyaya gəlmişdir.

2. ünvan 1, 58 saylı mənzil (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 47, M16, mənzil 2) 04 aprel 2016-cı il tarixdə "xxxx" MMC-dən alınmış, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.

3. X4 Tair Baxşəliyeviçə qarşı “nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən edilməsi, aliment ödənilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli qətnaməsi ilə qismən təmin olunmuş, tərəflər arasında xx.xx.2015-ci il tarixdə Suraxanı rayon Qeydiyyat Şöbəsində 314 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X3 İrada Dzhafarovanın himayəsində qalması, yetkinlik yaşına çatanadək onun saxlanılması üçün Cavabdeh1 hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq İrada Dzhafarovaya ödənilməsi, ünvan 1, 58 saylı mənzildə (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 47, M16, mənzil 2) İrada Dzhafarovanın ½ hissədə, Cavabdeh1 ½ hissədə pay hüquqlarının müəyyən olunması qət edilmişdir.

4. İddiaçı Cavabdeh1 bibisidir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. İddiaçı Cavabdeh1 və İrada Dzhafarovaya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən müştərək qaydada 49 000 ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq hesablanmaqla) və 340 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 onun qardaşı oğlu, digər cavabdeh İrada Dzhafarova isə Tairin həyat yoldaşıdır. Cavabdehlər 2016-cı ildə ondan özlərinə ev almaq məqsədilə qısa zamanda hissə-hissə qaytarmaq şərtilə 95 000 ABŞ dolları borc pul istəmiş, evdə pulu olduğundan etiraz etməyərək həmin pulu onlara vermişdir. Verdiyi puldan sonuncu dəfə 2021-ci ilin mart ayında ödədikləri 2000 (iki min) ABŞ dolları ilə birlikdə bu günə kimi cəmi 46 000 (qırx altı min) ABŞ dolları məbləğində hissəni ona geri qaytarmışlar, qalan 49 000 (qırx doqquz min) ABŞ dolları məbləğ isə borc olaraq qalmışdır. Dəfələrlə cavabdehlərə müxtəlif formalarda xəbərdarlıq etməsinə baxmayaraq pulunu tam formada geri qaytarmamışlar. Sonuncu dəfə Cavabdeh1 həmin pul vəsaitini nə üçün qaytarmadıqlarını soruşduqda ona bildirmişdir ki, İrada ilə ailə münasibətləri pozulmuş, şəxsi münasibətləri gərgindir. Hazırda aralarında əmlak bölgüsü ilə bağlı mübahisə gedir və həll edilməmiş məsələlər var. Sonra isə bildirmişdir ki, İrada ilə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi zamanı müəyyən hissə ona düşsə də, müəyyən hissənin İradaya düşmə ehtimalı var. Bu baxımdan ondan aldıqları borcu təkbaşına ödəmək iqtidarında deyil, həmin borcu İrada ilə birlikdə ödəməlidir. Tair həmçinin ona bildirmişdir ki, İradaya aldıqları borcun ödənilməsini təklif etsə də, İrada bundan yayınmışdır. Cavabdehlərdən pulu başqa heç bir formada ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 məhkəməyə ərizə (mülahizə) göndərilmiş, ərizədə aşağıdakılar göstərilmişdir: “ünvan 1 ünvanda yerləşən 58 saylı mənzil (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri,Xətai rayonu, Süleyman Vəzirov küç., 47, M16, mən.2) Tair Baxşəliyeviç tərəfindən 2016-cı ildə 102 000 (yüz iki min) ABŞ dollarına alınmışdır. Həmin pulun 95 000 (doxsan beş min) ABŞ dolları hazırkı iş üzrə iddiaçı olan İddiaçı hissə-hissə qaytarmaq şərtilə borc alınmışdır. Cavabdeh1 95 000 (doxsan beş min) ABŞ dolları borc puldan sonuncu dəfə 2021-ci ilin mart ayında ödədiyi 2000 (iki min) ABŞ dolları ilə birlikdə bu günə kimi cəmi olaraq 46 000 (qırx altı min) ABŞ dolları məbləğində hissəsini İddiaçı geri qaytarmış, qalan 49 000 (qırx doqquz min) ABŞ dolları məbləği isə borc olaraq qalmışdır. Sonradan Cavabdeh1la İrada Dzhafarova arasında olan ər-arvad münasibətinə xitam verilmiş və İrada Dzhafarova həmin məbləğin müştərək qaydada İddiaçı qaytarılmasından imtina etmişdir. Cavabdeh1 İddiaçı 95 000 (doxsan beş min) ABŞ dolları borc pul alındığı və həmin məbləğdən olaraq 46 000 (qırx alta min) ABŞ dolları məbləğində hissəsinin bu günə kimi ödənilmədiyini qəbul edir. Lakin Cavabdeh1 hesab edir ki, həmin borc iş üzrə digər cavabdeh İrada Dzhafarova ilə birgə nikahda olan zaman ünvan 3 ünvanda yerləşən 58 saylı mənzilin (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov kiiç., 47, M16, mən.2) alınması məqsədilə götürüldüyündən və Bakı şəhər Xətai Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli qətnaməsi ilə mənzilin ½ hissəsinə İrada Dzhafarovanın, qalan ½ hissəsinə Cavabdeh1 pay hüququ tanındığından İddiaçı mənzilin alınması məqsədilə götürülmüş 95 000 (doxsan beş min) ABŞ dolları borc pulun qalıq məbləği olan 46 000 (qırx altı min) ABŞ dolları məbləğində hissəsi də cavabdehlər arasında bərabər şəkildə bölünməlidir. Cavabdeh1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinə 2(011)-704/2022 saylı mülki iş üzrə təqdim etdiyi yazılı etirazında da həmin borc və mənzillə bağlı eyni məzmunlu izahat vermiş və qarşı tərəf, yəni İrada Dzhafarova bu faktı inkar etməmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh1 İddiaçı iddia tələbini etiraf edir və təmin olunmasına etiraz etmir.

8. Cavabdeh İrada Dzhafarova iddianın əsassız olduğunu və iddiaçıdan borc almadıqlarını bildirmiş, izahatında göstərmişdir ki, Cavabdeh1la Ukraynada tanış olub evlənmiş, həmin vaxt bankda işləmiş, Tairlə ailə qurmaq üçün valideynləri ilə Bakıya köçmüş, xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuşlar. İşdən çıxanda yaxşı kompensasiya almışdır, bununla yanaşı Ukraynada Çerniqovda bağı evini 50 000 dollara satmışlar və həmin pulu 2016-cı ildə birgə nikahda aldıqları mənzilin alınmasına vermişdir. Mənzili 157 000 manata almışlar. Həmçinin həmin mənzilin alınmasına Cavabdeh1 öz pulunu qoymuşdur, çünki o, İT şirkətində işləyirdi və ayda 2000-3000 manat qazanırdı, nikahdan əvvəl də yığdığı pul var idi. Mənzili tam təmirli, mətbəx mebelli almışlar, pulunu bir dəfəyə ödəmişlər. Bakıya gələndən sonra işləməmişdir, hal-hazırda kosmetoloq işləyir, valideynləri Xətai metrosunun yanında kirayədə yaşayır, anası kosmetoloqdur, atası tikinti şirkətində işləyir. Mənzilin alınması üçün təxminən 50 000 manat pul vermişdir. İddiaçıdan heç vaxt borc pul götürməmişlər, belə ki, iddiaçı təqaüddədir və onun borca vermək üçün o qədər pulu ola bilməzdi. Ukraynadakı bağın satışından ədə olunmuş 50 000 dolları Azərbaycana valideynləri gətirib, sərhəddən həmin pulun necə keçirilməsi ona məlum deyil və bununla bağlı sübutu yoxdur.

9. Birinci instansiya məhkəməsinin 08 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh1 və İrada Dzhafarovadan hər birindən ½ hissədə 49 000 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaitinin və 340 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət olunmuşdur.

10. Tərəflər arasındakı hüquq münasibətlərinin borc müqaviləsindən yaranan öhdəlik münasibətləri olduğunu vurğulayan məhkəmə öz mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

10.1. İş üzrə müəyyən edilmiş mübahisəsiz faktiki hallar ondan ibarətdir ki, İrada Dzhafarova Cavabdeh1lə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 22 aprel 2022ci il tarixdə nikah məhkəmə qaydasında pozulmuşdur. Birgə nikah dövründə 2016-cı ildə onlar ünvan 4 ünvanında yerləşən 58 nömrəli mənzili almışlar. Həmin mənzil faktiki 2016ci il tarixdə alqı-satqı müqaviləsi əsasında alınsa da, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. 10.2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-704/2022 saylı 22 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən X4 Tair Baxşəliyeviçə qarşı “nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən edilməsi, aliment və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddiası qismən təmin olunmuş, tərəflər arasında xx.xx.2015-ci il tarixdə Suraxanı rayon Qeydiyyat Şöbəsində 314 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan övladı xx.xx.2016-cı il təvəllüdlü X3 İrada Dzhafarovanın himayəsində saxlanılması, yetkinlik yaşına çatanadək onun saxlanılması üçün Cavabdeh1 hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq İrada Dzhafarovaya ödənilməsi, ünvan 1, 58 saylı mənzildə (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 47, M16, mənzil 2) İrada Dzhafarovanın ½ hissədə, Cavabdeh1 ½ hissədə pay hüquqlarının müəyyən olunması qət edilmişdir. 10.3. İddiaçının nümayəndəsinin izahatı, Cavabdeh1 etirafı ilə təsdiq edilir ki, Cavabdeh1 2016-cı il tarixdə iddiaçıdan ev almaq məqsədilə qısa zamanda hissə-hissə qaytarmaq şərtilə 95 000 ABŞ dolları borc pul almış, həmin puldan sonuncu dəfə 2021-ci ilin mart ayında ödədiyi 2000 (iki min) ABŞ dolları ilə birlikdə bu günə kimi cəmi olaraq 46 000 (qırx altı min) ABŞ dolları məbləğində hissəni geri qaytarmış, qalan 49 000 (qırx doqquz min) ABŞ dolları məbləğ isə hazırki günədək geri qaytarılmamışdır. 10.4. Cavabdeh İrada Dzhafarovanın məhkəmə iclasında verdiyi izahatı ilə bağlı məhkəmə qeyd edir ki, həmin cavabdeh mənzilin alınmasına 50 000 manat pul vəsaitini verdiyini, bununla bağlı valideynləri tərəfindən Ukraynada Çerniqovda bağ evini 50 000 dollara satdıqlarını bildirsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən məhkəmə hesab edir ki, həmin cavabdeh valideynlərinin Xətai metrosunun yanında kirayədə yaşadığını bildirdiyinə görə, onlar tərəfindən 50 000 ABŞ dollarının qızlarına mənzil almaq üçün verərək özlərinin kirayədə yaşamaq məcburiyyətində olması ağlabatan deyil. 10.5. Digər tərəfdən, mülki işdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-704/2022 saylı 22 aprel 2022-ci il tarixli qətnaməsindən görünür ki, İrada Dzhafarova Cavabdeh1 qarşı “nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən edilməsi, aliment və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbi ilə məhkəməyə müraciət edərkən nə iddia ərizəsində, nə də məhkəmədə verdiyi izahatında bölünməsini tələb etdiyi mənzilin alınması üçün tərəfindən 50 000 manatın verilməsini bildirməmiş, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmin icraat vaxtı Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, ünvan 1 ünvanda yerləşən 58 saylı mənzili 2016-cı ildə 102 000 (yüz iki min) ABŞ dollarına almış, həmin pulun 95 000 (doxsan beş min) ABŞ dollarını bibisi İddiaçı hissə-hissə qaytarmaq şərtilə borc almışdır. Aldığı 95 000 (doxsan beş min) ABŞ dolları borc puldan sonuncu dəfə 2021-ci ilin mart ayında ödədiyi 2000 (iki min) ABŞ dolları ilə birlikdə bu günə kimi cəmi olaraq 46 000 (qırx altı min) ABŞ dolları məbləğində hissəsini bibisi İddiaçı geri qaytarmış, qalan 49 000 ABŞ dolları məbləği isə borc olaraq qalmışdır. Həmin vaxt T. Cəfərov məhkəməyə mötəbər sübutları təqdim etmədiyinə görə məhkəmə həmin dəlili nəzərə almadan mənzil üzərində tərəflərin bərabər paylarını müəyyən etmişdir. 10.6. Nəzərə alaraq ki, tərəflər nikaha xx.xx.2015-ci il tarixdə daxil olmuşlar, ünvan 1 ünvanda yerləşən 58 saylı mənzil 2016-cı ildə alınmışdır (dəqiq tarix bəlli deyil), İrada Dzhafarova həmin vaxt işləməmiş, Cavabdeh1 isə İT şirkətində işləməklə ayda 2000-3000 manat qazanmışdır, ər-arvadın mənzilin dəyəri (İrada Dzhafarovanın dediyinə görə 157 000 manat, Cavabdeh1 məhkəməyə yazdığı ərizədə qeyd etdiyinə görə - 102000 ABŞ dolları) məbləğində pul vəsaitini təxminən 1 il - 1 il yarım ərzində toplaması mümkün olmadığından Cavabdeh1 tərəfindən bibisi İddiaçı borcun alınması ağlabatandır.

11. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 442-ci, 443.1-ci, 445.2.1-ci, 739.1-ci, 740.1-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə, həmçinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarxili qərarına istinad etmişdir.

12. Həmin qətnamədən cavabdeh İrada Dzhafarovanın nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddiaçının İrada Dzhafarovaya qarşı iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş etmiş, şikayətini İrada Dzhafarovanın iddiaya etirazı ilə bənzər məzmunda əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, borc müqaviləsinin yazılı bağlanmalı olması barədə qanunun tələbini, 2016cı ilin aprel ayında 31 815,79 ABŞ dollarına alınan mənzil üçün 95 000 dollar borc götürülməsinin mümkün olmadığını, iddiaçının İrada Dzhafarovaya hər hansı borc verdiyinə dair ümumiyyətlə sübut təqdim edilmədiyini, iddianın Cavabdeh1 planlaşdırdığı süni iddia olmaqla İrada Dzhafarovanın mənzil üzərində tanınmış payını əlindən almağa yönəldiyini nəzərə almadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

13. Cavabdeh1 nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, etiraz birinci instansiya məhkəməsinə göndərilən mülahizənin məzmununa uyğun əsaslandırılmaqla qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar

14. Məhkəmə iclasında iştirak edən İrada Dzhafarova və onun nümayəndəsi (vəkili) Vəkil4 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, Cavabdeh1 məhkəməyə gəlməmiş, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

16. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

17. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

18. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

19. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.

20. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.

21. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

22. Əgər 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.

23. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın.

24. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

27. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

28. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

29. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

30. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

31. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

32. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

33. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

34. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

35. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

36. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

37. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

40. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

46. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın İrada Dzhafarovaya qarşı təmin edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki Cavabdeh1 qətnaməni mübahisələndirməyərək, əksinə onun qüvvədə saxlanılmasını xahiş etmiş, iddia tələbi əslində qismən təmin olunan iddiaçı (iddiaçı borcun müştərək qaydada tutulmasını istəsə də, məhkəmə cavabdehlərin hər birindən ½ hissədə pul tutmaqla onun tələbini faktiki olaraq qismən təmin etmişdir) da qətnamədən şikayət verməmiş, İrada Dzhafarova (nümayəndəsi) isə vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etməsinə baxmayaraq, onun iradə ifadəsi faktiki olaraq qətnamənin özünə aid hissəsinin ləğvinə yönəlmişdir. Başqa sözlə, qətnamənin Cavabdeh1la bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

47. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

48. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

49. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

50. Yuxarıda qeyd olunduğu kimi iddiaçı, cavabdehlərə 95 000 ABŞ dolları borc verdiyini, həmin borcun 46 000 ABŞ dolları hissəsinin qaytarıldığını, 49 000 ABŞ dollarının isə qaytarılmadığını irəli sürmüş, məhkəmə də onun irəli sürdüyü həmin faktiki halın sübuta yetirildiyi nəticəsinə gəlmişdir.

51. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.

52. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Predmetini üç min manatdan çox məbləğin təşkil etdiyi borc müqaviləsi baxımından isə xüsusi etibarlılıq şərti olaraq onun yazılı formada bağlanmalı olduğu müəyyənləşdirilmişdir (§ 34).

53. İşin hallarından aydın olur ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamışdır – cavabdeh İrada Dzhafarova isə, İddiaçı borc pul almadığını bildirir.

54. Əgər iddiaçının cavabdehlərə borc verdiyini iddia etdiyi tarix xx.xx.2016-cı ildən sonrakı dövrə təsadüf edirsə, bu halda tərəflərin etibarlı borc müqaviləsi bağlamış olmalarından bəhs etmək mümkün deyildir – çünkü Mülki Məcəllənin 740.2-ci maddəsinin hazırkı mətni, yəni borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa müqavilənin yazılı formada bağlanmalı olması ilə bağlı göstəriş Mülki Məcəlləyə xx.xx.2016-cı il tarixli Qanunla əlavə edilmiş, həmin mətn xx.xx.2016-cı il tarixdə dərc olunmuşdur.

55. Konstitusiya Məhkəməsi yuxarıda adı çəkilən qərarında qeyd etmişdir ki, “...əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. ...Mülki Məcəllənin 337.5ci maddəsi ... etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. ...Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər.

56. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, nəzərdən keçirilən halda, yəni iddiaçının cavabdehlərə borcu xx.xx.2016-cı il tarixindən sonra verdiyi qəbul edildiyi halda onun iddia tələbinin (hazırkı apellyasiya baxışında yoxlanılan hissədə) qanuni əsası kimi mülki qanunvericiliyin “əsassız varlanma” ilə bağlı müddəaları (§ 35, 36) nəzərdən keçirilə bilər; bununla yanaşı nəzərə alınmalıdır ki, sübutetmə yükü, yəni cavabdeh İrada Dzhafarovanın onun hesabına hüquqi əsas olmadan varlandığını sübut etmək vəzifəsi İddiaçı üzərinə düşür və kollegiya hesab edir ki, o, həmin halı sübuta yetirə bilməmişdir.

57. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.

58. Əgər iddiaçının cavabdehlərə borc verdiyini iddia etdiyi tarix xx.xx.2016-cı ildən əvvəlki dövrə təsadüf edirsə, bu halda da iddia tələbi İrada Dzhafarovaya münasibətdə təmin oluna bilməz – çünkü iddiaçının ona borc verdiyini təsdiq edən heç bir sübut mövcud deyildir.

59. İddianın Cavabdeh1 tərəfindən etiraf olunması isə yalnız onun özünə münasibətdə hüquqi əhəmiyyət kəsb edir.

60. Kollegiya onu da qeyd edir ki, hazırkı iş üzrə müvafiq nəticəyə gələn hakim, əslində özünün əvvəlki qətnaməsi ilə müəyyənləşdirdiyi halı təkzib etmişdir. Eyni hakimin 2(011)-704/2022 saylı iş üzrə 22 aprel 2022-ci il tarixli qətnaməsindən aydın olur ki, həmin işə baxılarkən Cavabdeh1 hazırkı iddia ilə bağlı məhkəməyə ünvanladığı ərizədə (mülahizədə) qeyd etdiklərini eynilə irəli sürərək ünvan 1 ünvanda yerləşən 58 saylı mənzilin birgə təsərrüfat nəticəsində əldə edilmiş məbləğ hesabına deyil, bibisi İddiaçı götürdüyü və bir hissəsini qaytardığı borc hesabına alındığını bildirməklə mənzilin İrada Dzhafarova ilə arasında bərabər paylarla bölünməsi hissəsində iddianın rədd olunmasını xahiş etmiş, lakin hakim onun mötəbər sübutları təqdim etmədiyini vurğulamaqla həmin dəlili nəzərə almamışdır.

61. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, şikayət təmin olunaraq qətnamə yoxlanılan hissədə ləğv olunmalı, İrada Dzhafarovaya qarşı yönəlmiş iddia tələbinin təmin edilməməsi haqqında yeni qətnamə çıxarılmalıdır.

62. Bu qənaətə gələrkən kollegiya, apellyasiya baxışı zamanı İrada Dzhafarovanın vəkilinin təqdim etdiyi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin aid olduğu iş üzrə Cavabdeh1 verdiyi izahatı da nəzərə alır - həmin qətnamədən aydın olur ki, Cavabdeh1 verdyi izahatda ünvan 1 ünvanda yerləşən 58 saylı mənzili “öz pulu ilə aldığını, mənzilə görə 43 000 manat ödədiyini” bildirmişdir.

63. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən 58 saylı mənzil üçün xx.xx.2016-cı il tarixdə "xxxx" MMC-yə 48 360 manat ödəniş olunmuşdur – bu hal da özlüyündə mənzilin alınmasına görə 95 000 ABŞ dolları (təqribən 144 761 manat) borc götürüldüyü arqumentini inandırıcı hesab etməyə imkan vermir (2016-cı ilin aprel ayında ABŞ dollarının manata münasibətdə rəsmi məzənnəsi 1,5238 – 1,5072 manat olmuşdur).

64. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya baxışının həddi, habelə iddia tələbinin Cavabdeh1 tərəfindən qəbul edildiyi nəzərə alınaraq Cavabdeh1la bağlı gəlinən nəticə üzrə qətnamə yoxlanılmasa da, müvafiq nəticə iddiaçının tələb etdiyi borc məbləğinin (Cavabdeh1 tutulmasına qərar verilən məbləğin) Cavabdeh1la İrada Dzhafarovanın birgə borcu olduğu qənaətinə gəlməyə əsas yaratmır. Həmin məbləğin (Cavabdeh1 tutulan məbləğin) birgə borc olub-olmadığı məsələsi başqa məhkəmə mübahisəsinin predmeti ola bilər və məhz Cavabdeh1 tərəfindən sübutetmə qaydalarına əməl edilməklə sübuta yetirilməlidir. Nəzərə alınmalıdır ki, ailə ehtiyacları üçün istifadə edilən vəsaitin anlayışı və tərkibi qanunla müəyyən edilməsə də, təcrübədə bu vəsaitə ailə həyatının gərəkli səviyyədə saxlanılması üçün məsrəf olunan vəsait - yaşayış, qida, paltar, tibbi və hüquqi xidmətə sərf olunan xərclər, birgə yaşayış üçün alınan mənzil (və ya yaşayış sahəsi), uşaqların təhsil haqqı, birgə kommersiya fəaliyyəti və s. daxil edilir.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2330/2022 saylı iş üzrə 08 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “İrada Dzhafarovadan ½ hissədə 49 000 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaitinin və 340 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması” hissəsində ləğv olunsun və müvafiq hissədə yeni qətnamə çıxarılsın. İddiaçı İrada Dzhafarovaya qarşı “borcun ödənilməsi” tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun əvəzi qismində 170 (yüz yetmiş) manat İddiaçı alınıb İrada Dzhafarovaya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar