Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1599/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X8 oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1945/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 2014-cü ildə İddiaçı tərəfindən «Ford Transit» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil hər ay 200 ABŞ dolları ödəmək şərtilə Cavabdeh istifadəsinə verilmiş, sonuncu avtomobildən istifadəyə görə 7 ay ərzində hər ay 200 ABŞ dolları olmaqla, cəmi 1400 ABŞ dolları iddiaçıya ödəniş etmişdir. Sözügedən avtomobili cavabdeh, «Ford Transit» markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnaməyə əsasən ona təqdim edilməmişdən öncə, yəni 2017-ci ilin avqust ayında iddiaçıya geri qaytarmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.800 ABŞ dolları məbləğində pulun və ödənilmiş 120 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, 29 iyun 2014-cü il tarixdə qarşılıqlı razılaşma əsasında özünə məxsus «Ford Transit» markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh işlədiyi çörək müəssisəsindən çörək daşımaq məqsədilə hər ay 200 ABŞ dolları ödəmək şərti ilə vermişdir. Razılaşmanın predmeti onun bişirdiyi çörəklərin daşınması, cavabdehin isə bu daşınmadan qazanc əldə etməsi olmuşdur. Bu işləri görmək üçün o, Cavabdeh (reyestr № 7E-16988) Bakı şəhəri 19 saylı notariat kontorunda «Ford Transit» markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə əsasında vermişdir. Razılaşdıqları kimi cavabdeh 7 ay ərzində mütəmadi olaraq ona 200 ABŞ dolları ödəmiş və sonradan bu razılaşmaya əsasən pul ödəməkdən imtina edərək 2017-ci ilədək maşından pulsuz istifadə edib, bu işlə əlaqədar külli miqdarda qazanc əldə etmişdir. Hər dəfə cavabdehdən ödəniş tələb etdikdə sonuncu onun işlədiyini və bu məsələnin sonra həll ediləcəyini bildirmişdir. Bu məsələ 2017-ci ilin avqust ayındək davam etmiş və cavabdeh maşını ona qaytararaq onunla işləməyəcəyini bildirmişdir. Səbəb kimi cavabdeh digər müəssisədən yeni təklif gəldiyini bildirmişdir. Buna əsasən cavabdehdən əvvəlki borcunu almaq məqsədilə sonuncuya yeni uyğun təklif verdikdə, cavabdeh bununla razılaşmış və onun tərəfindən ikinci «Ford Transit» markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobilin (reyestr № 7E-2176) Bakı şəhəri 42 saylı notariat kontorunda 10 avqust 2017-ci ildə etibarnamə əsasında verilməsi təmin edilmişdir. Sonradan bu ikinci maşın barəsində dəfələrlə məhkəmə prosesləri olmuş və hər dəfə Cavabdeh onun yuxarıda göstərdiyi «Ford Transit» markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil barəsində bildirdiklərini və qarşılıqlı razılaşmanı təsdiq etmişdir. Bu təsdiq etmə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (İş № 2(004)- 6742/2021), Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (iş № 2(103)-2256/2022) qətnamələrində və iclaslarında öz əksini tapmışdır. Beləliklə 36 ay ərzində Cavabdeh tərəfindən ona məxsus «Ford Transit» markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili gəlir məqsədilə istismar olunmuş və ona bunun əvəzində yalnız cavabdehin özünün qeyd etdiyi kimi 1.400 ABŞ dolları ödənilmişdir. Nəticədə Cavabdeh ona 5.800 ABŞ dolları borcu yaranmışdır. Bu səbəbdən, o, cavabdehdən ona borclu olduğu pulu tələb edir.
4. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, 29 iyun 2014-cü il tarixdə onunla İddiaçı arasında olan şifahi razılaşma əsasında, İddiaçı məxsus “Ford Tranzit” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçının çörək sexindən çörək daşımaq məqsədilə sürücü olaraq fəaliyyət göstərmişdir. Həmçinin aralarında belə razılaşma olmuşdur ki, hər ay 200 ABŞ dolları ödəmək şərtilə, 45 aydan sonra sözügedən avtomobil onun mülkiyyətinə keçəcəkdir. Digər tərəfdən də, o sürücü kimi, öz vəzifəsini yerinə yetirərək, sexin çörəklərini dükanlara paylamış və hər çörəkdən təxminən 3-4 qəpik qazancı olmuşdur. 7 ay müddətində avtomaşına görə, İddiaçı cəmi 1400 ABŞ dolları ödəmişdir. 2015-ci ilin fevral ayında ABŞ dollarının məzənnəsinin qalxması səbəbindən, həmçinin dolların daha da, bahalaşacağı barədə söhbətlərlə bağlı, İddiaçı bildirib ki, o artıq bu avtomaşını istəmir, çünki, dollar qalxa qalxa gedəcək. Belə çıxır ki, avtomaşın ona çox baha başa gələcək. İddiaçı isə, ona bildirdi ki, heç bir problem yoxdur, onsuz da, sexin çörəyi hər bir halda paylanmalıdır, sürücü kimi fəaliyyətini davam etdirib, qazancı götürsün. O da, etiraz etməyib, ödədiyi 1400 ABŞ dollarını da, geri istəməyib. Bu qaydaya ilə 2 il 5 ay işləyib. Daha sonra ona başqa çörək sexindən təklif gəlib. Həmin təklifə əsasən həm sürücü kimi işləyəcəkdi, həm də ona verilən maşının pulunu hissə-hissə ödədikdən sonra, həmin maşın ona qalacaqdı. O, “Ford Tranzit” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı qaytarıb, ona bildirib ki, başqa çörək sexindən təklif gəlib, onlarla işləməyə razılıq vermişdir. Həm də, onlar ona Ford Tranzit markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomaşını da, alıb veriblər. İddiaçı isə, başqa sexə getməməyi, ona həmin maşını, maşın gələcəkdə onun mülkiyyətinə keçəcəyi şərtilə alacağını bildirdi, digər sexin təklif etdiyi kimi işləyəcəyini də, söz verdi. Qısa müddətə sözügedən avtomaşını öz adına alıb, etibarnamə ilə ona sürməyə verdi. Onun İddiaçı ilə heç bir rəsmi icarə müqaviləsi olmamışdır. O, “Ford Tranzit” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili öz məqsədləri üçün istifadə etməmişdir. Həmin maşınla sexdən çörəklər daşımışdır. İddiaçı sahibkar kimi, o da, sürücü kimi pul qazanmışdır. İddiaçı öz sexinin çörəklərinin daşınması üçün avtomaşından istifadə edilməsini icarə kimi qiymətləndirir. Bu isə tam əsassızdır. Düzdür, o İddiaçı 7 ay müddətində hər ay 200 ABŞ dolları olmaqla, cəmi 1400 ABŞ Dolları ödəmişdir. Bunu etməkdə məqsəd razılaşdırdıqları müddətdə avtomaşının onun mülkiyyətinə keçməsi olmuşdur. Lakin yuxarıda qeyd etdiyi kimi, ABŞ dollarının məzənnəsinin artması səbəbindən, həmin razılaşma qarşılıqlı razılıqları əsasında qüvvədən düşdü və o ancaq avtomaşından sexin sürücüsü olaraq, çörəklərin daşınması məqsədilə istifadə etmişdir. Əgər onun iddiaçıya verəcəyi var idisə, nə üçün 7 ildən çoxdur ki, belə bir iddia irəli sürməyib? Əgər onun iddiaçıya borcu var idisə nə üçün “Ford Tranzit” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçıya təhvil verdikdən sonra, dərhal ona digər avtomaşını vermişdir? Bu heç bir mətiqə və qanuna əsaslanmır. İddiaçı iddiasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 1091, 1092-ci maddələri ilə əsaslanaraq, belə hesab etmişdir ki, aralarında olan razılaşma icarə müqaviləsi olmuşdur. Həmçinin iddiaçı belə hesab etmişdir ki, o onun sexinin çörəklərini, ona məxsus avtomaşınla daşıyaraq, əsassız varlanan şəxs olmuşdur. Maraqlıdır ki, o sürücü kimi pul qazanmamalı idi? İddiaçı əgər özünü haqlı hesab edirsə, nə üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə məhkəməyə müraciət etməmişdir? Onun iddiasının heç bir əsası yoxdur. Onun iddiaçı qarşısında heç bir öhdəliyi olmayıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Bundan başqa qeyd edilən iddia ümumiyyətlə əsassızdır. İddiaçı iddiasını yalnız öz mülahizəsinə uyğun əsaslandırmışdır. Əksinə birneçə ildir ki, İddiaçı ona qarşı əsassız tələblər irəli sürərək, məhkəmə proseslərinə cəlb edərək, ona psixoloji təsir göstərir. O, artıq iddiaçının bu iddialarından yorulmuşdur. İddia müddətini tətbiq edərək, əsassız iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1945/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, 5.800 ABŞ dolları (ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla) və ödənilmiş 120 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
7. Məhkəmə tərəflər arasında mövcud olmuş mübahisə üzrə çıxarılmış məhkəmə aktlarına, iddiaçının o iş və bu iş üzrə verdiyi izahatlarına əsaslanaraq mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya məxsus avtomobildən aralarında olan şifahi razılaşmaya əsasən 2014-cü ilin iyul ayından 2017-ci ilin avqust ayınadək özündə saxlayıb istifadə etsə də, hər ay ödəməli olduğu 200 ABŞ dolları məbləğində pulu yalnız 7 ay ərzində ödəmiş, qalan dövr üçün ödənişləri icra etməyərək, onun iddiaçı qarşısında 5.800 ABŞ dolları həcmində icra edilməmiş öhdəliyi (borcu) qalmışdır. Digər sözlə ifadə etdikdə, cavabdeh iddiaçı qarşısında öhdəlik götürsə də, ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəllənin 6.2, 385.1, 386.1, 442, 445, 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
9. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1945/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qanununun müddəası düzgün tətbiq edilməmişdir. Belə ki, onun mövcud olmayan öhdəliyinin icra etməməsi qeyd edilmişdir. Belə ki, onun İddiaçı 5800 ABŞ dolları ödəməsi barədə öhdəliyi olmamışdır. Məhkəmə tərəfindən qanunun bu tələbi də, pozularaq, mövcud olmayan öhdəliyə qiymət verilmişdir. Tərəfindən iddia ərizəsinə dair verilmiş etirazda konkret olaraq qeyd edilmişdir ki, iddia üzrə hətta müddətlər də, ötürülmüşdür. Bu səbəbdən o, əsassız olan iddianın müddətin tətbiq edilərək rədd olunmasını belə xahiş etmişdir. Məhkəmə qanunun bu tələbini də, pozaraq, ədalətsiz qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehin konstitusyon hüquqları pozulmuş, mülki işə baxarkən məhkəmə qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə qanunun bu tələbini də, pozaraq mövcud olmayan müqaviləyə və öhdəliyə əsasən onun üçün cavabdehlik müəyyən edərək, onu əlverişsiz vəziyyətə salmış, əsassız olaraq 5800 ABŞ dollarını tutmuşdur. Məhkəmə qanunun bu tələbini pozaraq, düzgün tətbiq etməmiş onun borclu olmadığı məbləği iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində onun məhkəmə müdafiəsi hüquqları pozularaq, işinə qərəzli yanaşılmışdır. İş üzrə bəlli olan hallar və ya faktlar ola-ola məhkəmə həmin faktlara düzgün hüquqi qiymət verməmişdir. Həmçinin məhkəmə düzgün olmayaraq, maddəni səhv təfsir edərək, başqa mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar onun xeyrinə olduğu halda, məhkəmə həmin maddəyə əsaslanaraq, iddianı təmin etməmiş, ədalətsizliyə yol vermişdir. İddiaçı iş üzrə istinad etdiyi halları sübut edən heç bir əsas və sənəd təqdim etmədiyi halda, məhkəmə əsassız yerə qanunun tələbini pozaraq, ədalətsiz qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi onun ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi hüququnu pozmaqla qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. onun İddiaçı qarşısında mövcud olmayan öhdəliyi olmadığı halda, məhkəmə yalnız iddiaçının izahatı əsasında onun üzərinə pul ödəməsi öhdəliyini qoymuşdur. Maraqlı budur ki, tərəflər arasında belə bir müqavilə mövcud olmamışdır ki, tərəfindən iddiaçıya hər hansı pul məbləği ödəniləcəkdir. Məhkəmə isə, mühüm əhəmiyyət kəsb edən bu faktiki halları aydınlaşdırmamış, nəticədə ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə qərar qəbul edərkən, yalnız iddiaçının izahatına və onun 1400 ABŞ dolları ödəməsinə əsaslanmış, ziddiyyətli halları araşdırmamışdır. O özü də, qeyd edir ki, ölkədə baş verən devalivasiyadan sonra, yalnız sürücü kimi fəaliyyət göstərmiş, sözügedən avtomaşını yalnız iddiaçıya məxsus çörəklərin daşınmasını həyata keçirmişdir. Necə ola bilər ki, həm sexin çörəyini daşıyıb sürücülük et, həm də, ayda 200 ABŞ dolları ödə və maşın da, sənə qalmasın. Məhkəmə qətnaməsinin əsası olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 442-ci maddələrinə istinad etsə də, əslində həmin maddələri düzgün tətbiq etməyərək, səhv nəticəyə gəlmişdir. Aralarında elə bir müqavilə olmamışdır. Məhkəmənin isə hansı əsasla belə nəticəyə gəlməsi anlaşılan deyildir. Əgər həqiqətən də, onun İddiaçı 5800 ABŞ dolları borcu olsaydı, nə üçün 7 il müddətdən çox vaxt keçdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. İddiaçı apellyasiya şikayətinə etiraz verərək qətnamədən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1945/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Etiraz onunla əsaslandırılmışdır ki, o, İddiaçı 29 iyun 2014-cü il tarixdə qarşılıqlı razılaşma əsasında ona məxsus “Ford Tranzit” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh ona işlətdiyi çörək çexindən çörək daşımaq məqsədilə hər ay 200 (iki yüz) ABŞ dolları ödəmək şərti ilə vermişdir. Razılaşmanın predmeti onun işlətdiyi çörək sexinin çörəklərinin daşınması, onun isə bu daşınmadan qazanc əldə etməsi olmuşdur. Bu işləri görmək üçün o, Cavabdeh (reyestr № 7E-16988) Bakı şəhəri 19 saylı notariat kontorunda “Ford Tranzit” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı maşını idarə etmək üçün etibarnamə əsasında vermişdir. Razılaşdıqları kimi cavabdeh 7 ay ərzində mütəmadi olaraq ona 200 (iki yüz) ABŞ dolları ödəmiş və sonradan bu razılaşmaya əsasən pul ödəməkdən imtina edərək 2017-ci ilədək maşından pulsuz istifadə edib bu işlə əlaqədar külli miqdarda qazanc əldə etmişdir. Hər dəfə ondan ödəniş tələb etdikdə o onunla işlədiyini və bu məsələnin sonra həll edəcəyini bildirirdi. 36 (otuz altı) ay ərzində Cavabdeh tərəfindən ona məxsus “Ford Tranzit” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlir məqsədilə istismar olunmuş və bunun əvəzində onun özünün məhkəmə iclaslarında qeyd etdiyi kimi yalnız 1400 (bir min dörd yüz) ABŞ dolları ödənilmişdir. Nəticədə Cavabdeh ona 5800 (beş min səkkiz yüz) ABŞ dolları borcu yaranmışdır. Bu şəxs apelyasiya şikayətində bir çox ziddiyyətli mülahizələr göstərərək bildirir ki, 2017-ci il tarixə qədər birinci halda avtomobil ona qalmaq şərti ilə verilir sonradan özü özünu təkzib edərək onun yanında sürücü kimi işlədiyini göstərir. Sürücüyə avtomobilin qalmaq presedenti heç vaxt mümkün olan deyil və sürücüyə onun tərəfindən əmək haqqı verilməlidir ki, bu epizod heç vaxt baş verməmişdir. Sonrakı halda bu şəxs bildirir ki, o hər çörəkdən 3-4 qəpik qazanmışdır (əslində isə hər çörəkdən 7-8 qəpik qazancı olmuşdur) və onun daşıdığı çörək sayının bir gün ərzində 1200-1400 olduğunu nəzərə alsaq Cavabdeh gündəlik qazancının təxminən 50-56 manat və aylıq qazancının 1600-1700 manata yaxın olduğu üzə çıxır. Məlumdur ki, sürücü işləyən şəxslərin ən çox 750-800 manat maaşı olduğundan onun bu yalanı da məlum olur və o onun əmlakından istifadə edərək ona ayda həmin dövrün məzənnəsi ilə 250 manat (200 ABŞ dolları) verməyərək əsassız olaraq varlanmışdır. Daha sonra cavabdeh bildirir ki, onun ona borcu var idisə nə üçün “Ford Tranzit” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı birinci avtomobili ona təhvil verdikdən sonra, dərhal ikinci avtomobili vermişdir? Bu sualın cavabı odur ki, o, köhnə borcu almaq məqsədilə əlavə olaraq bu şəxsdən ikinci avtomobilə aid yazılı razılaşma alıb və bu insanın qaçıb gizlənməməsi üçün bu addımı atmağa məcbur olub. Belə ki, o, özü Bakı Dövlət Universitetində müəllim işləyərək (vəsiqə əlavə edilir) eyni zamanda kiçik bir çörək sexini icarəyə götürmüşdür və bu şəxs ödənişi etməkdən imtina etdiyindən bu müəssisədə borclanmış hala gəlmişdir. Azərlə aralarında ikinci avtomobillə yaranan narazılığa görə xx.xx.2019-cu il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. 29-cu PŞ-nin təhqiqatçısı Toğrul Hüseynzadə, onun ərizəsini HK1-də 2418 saylı qeydiyyata almış və araşdırma aprılmışdır. Polis kapitanı Toğrul Hüseynzadə tərəfindən izahatı alınmış vətəndaş Cavabdeh bildirmişdir ki, “İddiaçı xx.xx.2017-ci il tarixində 2-ci avtomobilin “Ford Tranzit” **-OL-*** markalı avtomobilini aralarında olan qarşılıqlı yazılı razılaşma əsasında idarə etmək üçün ona və qızı Zümrüd Əhmədovaya vermişdir. Sonradan onlar avtomobil ilə müəyyən ticarət işləri görərək həmin avtomobili yararsız vəziyyətə gətirərək İddiaçı qaytarmışlar. O, avtomobili təmir etdirmək üçün İddiaçı 300 (üç yüz) manat vermiş, sonuncu həmin pulun çox az olduğunu deyərək ondan dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Əlavə olaraq hal-hazırda İddiaçı 1400 (bir min dörd yüz) manat borcu olduğunu qeyd etmişdir.” Nəticədə, xx.xx.2019-cu il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarı ilə, toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilməsi və şikayətçi vətəndaşa iddiası ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Cavabdeh apellyasiya sikayətində bildirmişdir ki, razılaşma protokoluna əsasən Məcidov X2 Azər Xanlar oğluna “Ford Tranzit” maşınını (dövlət qeydiyyat nişanı **-OL-***) 9000 manat məbləğində qiymət edərək saz vəziyyətdə təhvil vermişdir. Heç də qeyd olunanlar kimi deyil. Belə ki, avtomobil tam yararlı vəziyyətdə Cavabdeh təhvil verildiyi halda 2017-ci ilin dekabr ayında bu şəxs avtomobili tam yararsız vəziyyətə gətirərək, Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən "Ford Servis" təmir yerinə şəxsən özü evakuatorun üstündə gətirib mühərrik ustası X1 təhvil vermişdir. Lakin, bu epizod barəsində Cavabdeh keçirilən məhkəmə iclaslarında bəyan edir ki, “Ford Tranzit” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil onun əlindən zorla alınmışdır. “Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6742/2021 saylı mülki işin (qətnamə əlavə edilir) icraatı zamanı məhkəmə prosesində dindirilmiş şahid X3 ifadəsində bildirmişdir ki, tərəflərin hər ikisi müştərisi olmuşlar. O, Biləcəridə “Ford Servis”də “motorist” işləyir. Azəri, Rasim müəllimin sayəsində tanıyıb və Azərin ona verdiyi maşınları təmir edirdi. Bir gün yenə Azər qırmızı Fordu təmir üçün gətirdi. Maşının motoru xarab idi. Maşın ay yarım orada qalmışdır. Maşının motoru yığılmışdır. Daha sonra avtomoblinin “farsunka”larında problem yaranmışdır. Rasim müəllim yeni “farsunka”lar alıb gətirmiş və onları da o, dəyişmişdir. Həmçinin maşın da başqa işlər görülüb, peredok dəyişilib, lakin o işləri başqa usta etmişdir.” Beləliklə görülən işlər həmin servisin əməkdaşları tərəfindən tərtib edilmiş № 04 “16” Yanvar 2018-ci il tarixdə qüsur aktında “Ford Tranzit” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4663 (dörd min altı yüz altmış üç) manat dəyərində dəymiş zərər öz əksini tapmışdır. Sonradan ona məlum olub ki, Cavabdeh “Ford Tranzit” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun tərəfindən təmir edilib başa çatmasını gözləmiş və sonradan bu maşın barəsində öz iddialarını məhkəmə vasitəsilə irəli sürmüşdür. Bu epizod bir daha Cavabdeh saxtakarlığını üzə çıxarmışdı. Bu şəxsin ona qarşı törətdiyi əməllərindən o daimi keçirdiyi əsəb və stresslərdən 2018-ci ildən başlayaraq səhhətində müxtəlif fəsadların baş verməsi və bu xəstəliklərin mənşəyinin məlum olmaması səbəbindən uzun zaman müxtəlif xəstəxanalarda müalicə almağına səbəb olmuşdur. Nəhayət 2021-ci ildə ona verilən dəqiq diaqnoz əsasında bu xəstəliyin ağır bəd xassəli xərçəng xəstəliyi olduğu məlum oldu. Üç ağır əməliyyatdan sonra hal-hazırda ikinci qrup əlillik dərəcəsi ilə daima müalicə və həkimlərin xüsusi nəzarətindədir. (Əlillik çıxarışı əlavə edilir). Onun bu vəziyyətindən istifadə edən Cavabdeh müddət məsələsini sonradan xüsusi olaraq və özünün ona borclu olmadığını tez-tez qeyd edir. Daha sonra xx.xx.2022ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh yazdığı ərizədə iddia müddətinin tətbiqinə dair xahiş göstərməmişdir və bu ərizəni çox gülünc bir ittihamla azad məhkəmədə diqtə altında yazdığını qeyd etmişdir. Bu səxs iddia ərizəsində məhkəmənin onun öz etirafları əsasında çıxartdığı ədalətli qərarın düzgün olmadığını dəfələrlə qeyd edərək bildirir ki, birinci avtomobil barədə İddiaçılə aralarında heç bir razılaşma müqaviləsi olmamışdır. Lakin məlumdur ki, Ədalət məhkəməsinin əsas qərarları ittiham olunan şəxsin ədalət qarşısındakı təqsirinin boynuna alınması əsasında verilir və bu etirafların biri yüzlərlə bağlanmış hər hansı bir yazılı müqaviləyə bərabərdir. Ədalət məhkəməsinə bu epizodun xüsusi olaraq göstərilməsi bir daha onu göstərir ki, Cavabdeh həqiqətən özünün onunla xx.xx.2019-cu ildən başlayan və bu günə kimi davam edən bütün məhkəmə proseslərində qeyd etdiyi kimi ona borcu var və o bu borcu müxtəlif ziddiyətli vasitələrlə ört-basdır etmək istəyir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, məzmununa uyğun izahat vermişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə verdiyi etiraza uyğun məzmunda izahat verərək, şikayətin təmin olunmamasını xahiş etmişdir.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 18.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
19. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. 404.1 və 404.2-ci maddələrinə əsasən, Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
22. 441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.
23. 567-ci maddəsinə əsasən, Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. . 24. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
25. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
26. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
29. 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
30. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
31. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
32. 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.
34. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
35. Göründüyü kimi mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.
36. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.
37. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, 2014-cü ildə İddiaçı tərəfindən «Ford Transit» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil hər ay 200 ABŞ dolları ödəmək şərtilə Cavabdeh istifadəsinə verilmiş, sonuncu avtomobildən istifadəyə görə 7 ay ərzində hər ay 200 ABŞ dolları olmaqla, cəmi 1400 ABŞ dolları iddiaçıya ödəniş etmiş, daha sonra isə sözügedən avtomobili digər avtomobil («Ford Transit» markalı **-OL-*** dövlət qeydiyyat nişanlı) etibarnaməyə əsasən ona təqdim edilməmişdən öncə, yəni 2017ci ilin avqust ayında iddiaçıya qaytarmışdır.
38. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında şifahi formada bağlanmış icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığına, cavabdehin iddiaçıya məxsus avtomobili aralarında olan razılaşmaya əsasən 2014-cü ilin iyul ayından 2017-ci ilin avqust ayınadək özündə saxlayıb istifadə etməsinə baxmayaraq və hər ay 200 ABŞ dolları məbləğində pulu ödəməli olduğu halda yalnız 7 ay ərzində ödəniş etdiyinə, qalan dövr üçün ödənişləri etmədiyindən qarşısında 5.800 ABŞ dolları həcmində borcu yarandığına istinad etmişdir.
39. Məhkəmə kollegiyası 404-cü maddəsinə əsaslanaraq qeyd edir ki, mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlərini nəzərə almalıdır. 40.Belə ki, iş materiallarına əlavə olunmuş iddiaçı Cavabdeh İddiaçı qarşı “pul və ya avtomobilin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının çıxardığı 14 mart 2022-ci il tarixli, 2(103)-2256/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 dekabr 2021- ci il tarixli, 2(004)-6742/2021 saylı qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmişdir.
41. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, ... cavabdehin «Ford Transit» markalı, **- OL-*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçının adına rəsmiləşdirməyi öhdəsinə götürdüyü üçün sonuncu mübahisə predmeti olmuş avtomobilə görə 9.000 manat ödəmişdir. Lakin varlanmış şəxs olan cavabdehin (İddiaçı) əməli gözlənilən məqsədə uyğun olmamış, yəni həmin avtomobilin iddiaçının mülkiyyətinə keçməsi üçün ondan tələb olunan hərəkətləri yerinə yetirməmişdir.
42. Həmin qətnamədə həmçinin xx.xx.2017-ci il tarixli razılaşma protokoluna əsasən qeyd edilmişdir ki, tərəflərin razılaşdırdıqları şərtlərə görə, Məcidov X2 Azər Xanlar oğluna «Ford Transit» markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobili 9.000 manat qiymət edərək saz vəziyyətdə təhvil vermişdir. O, Cavabdeh bu razılaşmanın müqabilində onun istehsal etdiyi məhsulun bazar qiyməti 0,20 qəpikdən hesab olunmaqla ondan götürülməsinin təmin edəcəyi barədə öhdəlik vermişdir. İddiaçı öz növbəsində istehsal etdiyi məhsulu (zavod çörəyini) ona bazar qiymətindən aşağı 0,19 qəpikdən vermək barədə öhdəlik götürmüşdür. Arada olan fərq mütəmadi olaraq hesablanacaq və yuxarıda göstərilən «Ford Transit» markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin məbləğindən Cavabdeh xeyrinə silinəcəkdir. Bu razılaşma əsasında sonda Cavabdeh tərəfindən maşına ödənilmiş pullar 9.000 manat məbləğində olduqda İddiaçı «Ford Transit» markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh adına rəsmiləşdirməyi öhdəlik götürmüşdür. Bu razılaşmanı tərəflər arasında imzaları və möhürlə təsdiq etmişlər.
43. 9.000 manat cavabdehə tam ödənildiyindən məhrum olan iddiaçı da cavabdehdən 13.100 manatın və ya «Ford Transit» markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona qaytarılmasını tələb edir.
44. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərhedilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
45. Preyudisiya institutu məhkəmə aktları ilə müəyyən edilmiş halların yenidən baxılmasının qarşısının alınmasına, o cümlədən sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir.
46. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının yenidən mübahisələndirilməməsi məhkəmə təcrübəsində “res judicata” (artıq həll olunmuş iş) prinsipinin qorunmasına xidmət edir. Res judicata - ümumsahəvi məhkəmə icraatına aid olan prinsipdir. Mübahisəli məsələni mahiyyəti üzrə həll edən məhkəmə qərarının qanuni qüvvəyə minməsi (yəni – res judicata qüvvəsini əldə etməsi) məhkəmə prosesi üçün mühüm nəticələrin yaranmasına səbəb olur.
47. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə qərarı artıq məcburidir, orada konkret faktlar üzrə gəlinən nəticələr müvafiq subyektlər üçün məcburi qüvvəyə malikdir. Məhkəmə qərarının konkret iş üçün qanun qüvvəsini əldə etdiyini, yaxud eynilə qanun kimi məcburi olduğunu bildirən “qərarın qanuni qüvvəsi” anlayışı da məhz bunu ifadə edir
48. Təkrar qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika və sonrakı hərəkətlərindən göründüyü kimi «Ford Transit» markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin sahibliyinə keçməsini mümkün edən şərtlər tərəflərin «Ford Transit» markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağladıqları xx.xx.2017-ci il tarixli razılaşma protokolunda əks olunmuş şərtlərlə eynilik təşkil edirdi.
49. Belə ki, həqiqətən də iddiaçı tərəfindən 2014-cü ildə özünün işlətdiyi çörək sexindən çörəkləri götürərək paylaması üçün Cavabdeh etibarnamə ilə “Ford Tranzit” markalı, **- CS-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmiş, həmin avtomobilə görə sonuncu iddiaçıya hər ay 200 ABŞ dolları olmaqla ödəniş etməli olduğu halda cəmi 1.400 ABŞ dolları pul ödəmiş, sonradan devalvasiya nəticəsində işləri zəiflədiyi və qalan pulu ödəyə bilmədiyi üçün, o, müqavilənin icrasından imtina etmiş, iddiaçının yanında işçi olaraq qalmış, payladığı çörək hesabına özü də qazanmaqla iddiaçıya gəlir vermişdir.
50. Daha sonra isə tərəflər arasında dəyəri 9000 manat olan «Ford Transit» markalı, **- OL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2017-ci il tarixli razılaşma protokolu bağlanmış, lakin Cavabdeh tərəfindən həmin avtomobilə görə razılaşmaya uyğun olaraq müvafiq məbləğdə pul ödənilməsinə baxmayaraq İddiaçı əməli qeyd edilən razılaşmaya uyğun olmamış, yəni həmin avtomobilin hazırki iş üzrə cavabdehin mülkiyyətinə keçməsi üçün ondan tələb olunan hərəkətləri yerinə yetirməmişdir. 51.Belə olan halda məhkəmə kollegiyası, tərəflər arasında icarə müqaviləsinin deyil, hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığını müəyyən etmiş, bununla da Cavabdeh iddiaya etiraz kimi bildirdiyi halları daha inanadırıcı saymışdır.
52. Yuxarıda qeyd edilənlərə uyğun olaraq məhkəmə kollegiyası “Ford Tranzit” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh mülkiyyətinə keçmədiyini nəzərə alaraq hesab edir ki, İddiaçı, əvəzinə ödənilməli olan, lakin müqaviləyə xitam verildiyi üçün ödənilməmiş pulu tələb etmək hüququ da yaranmamışdır. Bununla da iddiaçının məhkəməyə bildirdiyi faktiki halların onun istinad etdiyi iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı müəyyən edilmişdir.
53. Məhkəmə həmçinin iddia müddətinin tətbiqi barədə ərizə ilə əlaqədar ilk öncə qeyd etməyi zəruri sayır ki, cavabdeh iddia müddətinin tətbiqinə dair niyyətini təqdim etdiyi ərizədə ifadə etməsinə baxmayaraq məhkəmə, onun tərəfindən daha sonra, sonuncu məhkəmə baxışı iclasında iddianın rədd edilməsi xahişi barədə verilmiş ərizəyə istinadən nədənsə onun həmin iddia müddətinin tətbiqinə dair xahişdən imtina etdiyi qənaətinə gəlmişdir. Halbuki cavabdehin bu məsələ ilə əlaqədar niyyəti verdiyi xx.xx.2022-ci il tarixli ərizədə kifayət qədər aydın olmuşdur.
54. Buna baxmayaraq məhkəmə kollegiyası iddia müddətinin tətbiqinə dair Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarında əks olunan hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, hazırki mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan iddia müddətinin tətbiqindən imtina edilməlidir.
55. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlarına görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.
56. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir.
57. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1945/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd edilsin Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Məhəmməd Rüstəmli