Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1599/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 28 fevral 2024cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(002)- 354/2021 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi, üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə zalında dərhal həbsdən azad edilməsi, Cavabdeh üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması hökm edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında “Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı”nın 5-ci bəndinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il müddətinə azaldılmışdır. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. xx.xx.2022-ci il tarixdə İdarənin icra məmuru Emin Kərimov tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmişdir. Cavabdehin üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsindən istifadə qaydaları izah edilərək 01 ədəd elektron mobil nəzarət qurğusu, 01 ədəd enerji toplayıcı adaptor, 01 ədəd qoruyucu kabura və 01 ədəd elektron qolbaq iş üzrə cavabdeh olan Cavabdeh üzərinə tətbiq olunaraq təhvil verilmişdir, elektron nəzarət avadanlıqlarından istifadə qaydaları, bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddət ərzində maddi məsuliyyət daşıması cavabdehə izah olunmuşdur. xx.xx.2023-cü il tarixdə məhkum Cavabdeh təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti başa çatdığı üçün məhkumun üzərinə tətbiq edilən elektron nəzarət vasitəsi məhkum Cavabdeh götürülmüş və Ədliyyə Nazirliyi Elektron Monitorinq İdarəsinə təhvil verilmişdir. Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında "xxxx" QSC tərəfindən elektron nəzarət vasitələrinə baxış keçirilərək yoxlanılmış və texniki rəy verilmişdir. Həmin texniki rəydə mobil nəzarət qurğusunun qapaqlarına kley vurulduğu, mobil nəzarət qurğusunun təmirinin mümkün olmadığı və istifadəyə tam yararsız olduğu qeyd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona təhvil verilmiş avadanlığın (elektron nəzarət qurğusunun) dəyəri olan 2277,40 manat dəyərində pul vəsaitinin alınaraq X1 Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (AZ66CTRE********************, səviyyə kodu: 1, təsnifat kodu: 142330, valyuta: AZN, VÖEN: **********) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin günahı ucbatından elektron mobil nəzarət qurğusu yararsız vəziyyətə salınmış və Ədliyyə Nazirliyinə maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi arayışda avadanlığın dəyərinin 2277,40 manat təşkil etdiyi göstərilmişdir. Cavabdeh dəymiş ziyanı könüllü olaraq ödəmədiyi üçün mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim F.Hüseynov, iş № 2(002)-3511/2023) iddia təmin olunmuşdur.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh məhkəmə hökmünə əsasən cəza çəkdiyi müddət ərzində elektron nəzarət avadanlığını qorumalı olduğu halda, həmin öhdəliyinə əməl etməmiş, elektron nəzarət avadanlığının zədələnməsi nəticəsində dövlət büdcəsinə 2277,40 manat məbləğində ziyan vurmuşdur. Cavabdeh tərəfin avadanlığı qüsursuz təqdim etdiyi barədə izahatı isə elektron nəzarət vasitəsinin vəziyyəti haqqında xx.xx.2023-cü il tarixli texniki rəylə təkzib olunur. Ona görə də cavabdehin cəza çəkdiyi dövr ərzində davranışı üzərində nəzarəti həyata keçirən iddiaçı təşkilatın iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsi üzərində olmuş, xx.xx.2023-cü il tarixdə cəzanın müddəti başa catmış və elektron nəzarət vasitəsi üzərindən açılmışdır. Cəza çəkdiyi müddətdə cəzanın çəkilməsi qaydalarını pozmayıb və cəzanın sonuna qədər həmin elektron nəzarət vasitəsi işlək vəziyyətdə olmuşdur. Elektron nəzarət vasitəsi üzərindən açılarkən də tam işlək vəziyyətdə olmuşdur. Əgər hər hansı bir nasazlıq olsaydı bu sistemdə görünərdi və cihaz işləməzdi. Sonradan elektron nəzarət vasitəsində nazaslıq olması onun təqsiri səbəbindən deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. İddiaçı isə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi
12. Maddə 15-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 21. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.
21. İş materiallarına əlavə edilmiş icra məmuru X4 tərəfindən tərtib edilmiş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslə aparılmış söhbətin nəticələrinə dair xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, İddiaçı icra məmuru X4 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(002)- 354/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə saat 16:00-da İddiaçındə söhbət aparmışdır. Söhbət zamanı məhkuma məhkəmə hökmünün icrası ilə bağlı hüquqları, qanunla və məhkəmənin hökmü ilə məhkumun üzərinə qoyulmuş vəzifələr izah edilmiş və yol verilə bləcək pozuntulara görə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər təkrar nəzərinə çatdırılmışdır. 1 ədəd “ATTENTİ” markalı, 35631224 seriya nömrəli elektron nəzarət qurğusu komplekti (1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd enerji götürücü qurğu, 1 ədəd sadə elektron qolbaq) məhkum Cavabdeh təhvil verilmiş və istifadə qaydaları izah olunmuş, həmin vasitə zədələndikdə və ya digər üsulla yararsız vəziyyətə salındıqda dəyərinin ondan tutulacağı nəzərinə çatdırılmış, bu barədə xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli akt əsasında İddiaçı böyük icra məmuru X3 tərəfindən 35631224 nömrəli, 01 ədəd dəst elektron nəzarət vasitəsi Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinin əməkdaşına təhvil verilmişdir.
22. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh avadanlığı qüsursuz təqdim etdiyini bildirsə də, bu fakt iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında xx.xx.2023cü il tarixli texniki rəyə əsasən Cavabdeh təhvil alınmış Attenti V6 (seriya nömrəsi ********) mobil qurğunun qapaqlarına kley vurulmuşdur, təmiri mümkün deyildir, istifadəyə tam yararsızdır.
23. Cavabdeh rəyin mötəbərliyini şübhə altına alan sübutlara istinad etməmiş, yalnız şifahi mülahizələrlə kifayətlənmişdir.
24. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
26. Məhkəmə kollegiyası izah edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
27. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.