Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-160/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, Birinci iddia üzrə iddiaçının, ikinci iddia üzrə cavabdehin nümayəndəsi X4, Birinci iddia üzrə cavabdehin, ikinci iddia üzrə iddiaçının vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-112/2019 saylı, 15 iyul 2019-cu il tarixli və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-848/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnamələrindən Cavabdeh vermiş olduğu apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan "İddiaçı" ASC-nin xeyrinə 22.08.2016-cı il tarixə, C43/12 nömrəli, 19 mart 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1,999,554.81 (bir milyon doqquz yüz doxsan doqquz min beş yüz əlli dörd avro səksən bir sent) EUR, faiz borcu üzrə 767,139.90 (yeddi yüz altmış yeddi min yüz otuz doqquz avro doxsan sent) EUR, cərimə borcu üzrə 681,847.14 (altı yüz səksən bir avro səkkiz yüz qırx yeddi avro on dörd sent) EUR, cəmi 3,448,541.85 (üç milyon dörd yüz qırx səkkiz min beş yüz qırx bir avro səksən beş sent) EUR və dövlət büdcəsinə ödənilmiş 31 (otuz bir) AZN dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "İddiaçı" ASC-nin 1 saylı filialı ilə Cavabdeh arasında bağlanmış C43/12 nömrəli,19 mart 2012- ci il tarixli kredit müqaviləsinə əsasən illik 12%-lə, 36 ay müddətinə 2,000,000 (iki milyon avro) EUR məbləğində kreditlər verilmişdir. Borcalan tərəfindən kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən aparılmalıdır. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və yetirməkdən də imtina etməkdədir. Beləliklə, Cavabdeh müqavilənin bu şərtini pozaraq ödəməli olduğu kredit və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. "İddiaçı" ASC-nin 1 saylı Filialı ilə Cavabdeh arasında bağlanmış 19 mart 2012-ciil tarixli C43/12 saylı kredit müqaviləsinə əsasən 06.09.2016-cı il tarixə Cavabdeh Ləğv prosesində olan "İddiaçı" ASC-yə C43/12 nömrəli,19 mart 2012-ciil tarixli kredit müqaviləsinə əsasən əsas borcu 1,999,554.81(bir milyon doqquz yüz doxsan doqquz min beş yüz əlli dörd avro səksən bir sent) EUR, faiz borcu 767,139.90 (yeddi yüz altmış yeddi min yüz otuz doqquz avro doxsan sent) EUR, cərimə borcu 681,847.14 (altı yüz səksən bir avro səkkiz yüz qırx yeddi avro on dörd sent) EUR olmaqla, cəmi 3,448,541.85 (üç milyon dörd yüz qırx səkkiz min beş yüz qırx bir avro səksən beş sent) EUR borc yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarına əsasən "İddiaçı" ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu "İddiaçı" ASC-nin ləğvedicisi təyin edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15.07.2019-cu il il tarixli, 2(009)-112/2019 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Məmmədov (Kərimova) Yeganə Sabir qızından Ləğv prosesində olan "İddiaçı" ASC-nin xeyrinə 22.08.2016-ci il tarixə, C43/12 nömrəli, 19 mart 2012-ciil tarixli kredit müqaviləsinə əsasən 1.999.554.81 (bir milyon doqquz yüz doxsan doqquz min beş yüz əlli dörd avro səksən bir sent) avro məbləğində əsas borc, 767.139,90 (yeddi yüz altmış yeddi min yüz otuz doqquz avro doxsan sent) avro məbləğində faiz borcu və 300.000 (üç yüz min) avro məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3.066.694,71 avro (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) və 30 (otuz) manat məbləğində dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsinin tutulması, Ləğv prosesində olan "İddiaçı" ASC tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 5 (beş) manat hissəsinin Ləğv prosesində olan "İddiaçı" ASC-yə aid edilməsi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış 14.06.2018-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 179 (bir yüz yetmiş doqquz) manatın 150 (bir yüz əlli) manat hissəsinin cavabdeh Məmmədova (Kərimova) Yeganə Sabir qızından, 29 (iyirmi doqquz) manat hissəsinin iddiaçı Ləğv prosesində olan "İddiaçı"dan, 20.09.2018-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 173 (bir yüz yetmiş üç) manatın 150 (bir yüz əlli) manat hissəsinin cavabdeh Məmmədova (Kərimova) Yeganə Sabir qızından, 23 (iyirmi üç) manat hissəsinin iddiaçı Ləğv prosesində olan "İddiaçı"dan, 21.01.2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 145 (bir yüz qırx beş) manatın 125 (bir yüz iyirmi beş) manat hissəsi cavabdeh Məmmədova (Kərimova) Yeganə Sabir qızından, 20 (iyirmi) manat hissəsinin iddiaçı Ləğv prosesində olan "İddiaçı"dan tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçı X3 cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə onun arasında 19.03.2012-ci il tarixdə bağlandığı göstərilən C43/12 saylı kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ona qarşı «kredit borcu, ona hesablanmış faiz və cərimə məbləğlərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi verərək, onun banka 3.448.541,85 avro məbləğində borcu olduğunu iddia edir. Cavabdeh tələbinin əsası kimi də onu göstərir ki, guya o, 19 mart 2012-ci il tarixdə İddiaçı ASC ilə C43/12 saylı kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsi bağlamış və həmin müqavilə əsasında qeyd olunan məbləğ kart hesabına köçürülmüş, o da həmin pulu götürmüşdür. Bir il bundan əvvəl bu barədə ona Səbail rayon məhkəməsindən bildiriləndə, bankla bu barədə aralarında hər hansı müqavilənin olmadığını bildirmişdir. Pul tələbi ilə bağlı Səbail rayon məhkəməsində 15 iyul 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında adı çəkilən 19 mart 2012-ci il tarixli C43/12 saylı kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsinin kserosurəti məhkəmə tərəfindən ona təqdim edilmişdir. Həmin müqaviləni o, əvvəllər heç görməmişdir. Bankla aralarında belə bir müqavilə mövcud olmamışdır. Həmin müqavilədə qeyd olunmuş adı, soyadının qarşısındakı imza ona məxsus deyil. Kreditlə bağlı da bankla aralarında hər hansı münasibət mövcud olmamışdır və indiyə kimi də kredit barəsində ona heç nə deyilməmiş, ödənişlərin edilməməsi ilə bağlı da irad bildirilməmişdir. Adı çəkilən 19.03.2012-ci il tarixli kredit müqaviləsinin, eləcə də onun əsasında verildiyi qeyd olunan kredit məbləğindən yaranmış borcların tələbi üzrə məhkəməyə qədər ümumiyyətlə ona qarşı icraat başlanmamışdır. Bununla bağlı ona yalnız məhkəmə bildirişi alandan sonra məlum olmuşdur. Bu səbəbdən, cavabdehdən müqavilənin əslinin və onunla əlaqəli sənədlərin ona təqdim edilməsini tələb etsə də, indiyə kimi təqdim edilməmişdir. Kserosurəti ona təqdim edilmiş 19 mart 2012-ci il tarixli C43/12 saylı kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsində istehlak xərclərinin ödənilməsi məqsədi ilə ona 12 ay müddətinə 50.000 Avro məbləğində kredit xəttinin açıldığı qeyd edilir. Amma ona verildiyi kreditin əsas məbləği üzrə borc 1.999.554,81 avro olduğu qeyd edilir. Bundan başqa, kreditin verilməsi yalnız kredit xətti müqaviləsi ilə deyil, onun daxilində kredit müqavilələri ilə, kassa məxaric orderləri və ya ödəniş tapşırıqları, kreditin qaytarılması üçün qrafik, kredit alınması üçün ərizə, hesabın açılması və ya kartın verilməsi üçün ərizə, müqavilə və s. kimi sənədlər mövcud olmalıdır və həmin sənədlərdə imzanın olması mütləqdir. Lakin bunlarla bağlı sənədlər təqdim edilmir. Adı çəkilən 19.03.2012-ci il tarixli kredit xətti müqaviləsində kredit alan qrafasında qeyd olunan ad və soyadının qarşısında «Məmə» sözü yazılmış və sonunda da «sonlu işarə» icra olunmuşdur ki, bu ona aid olan imza deyil və tərəfindən də icra olunmamışdır. Ümumiyyətlə, onun imzası «Məmə» və ya «Məmməd» söz yazılışı kimi deyil, qız soyadı Kərimovanın baş hərfi olan «K» hərfi ilə başlayır, sonradan isə hərflər deyil, cizgilərlə davam etdirilən şəkildədir. «Məməd» sözü imzasının əvəzində, həyatında bir dəfə 07.11.2001-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində qeyd edilmişdir. Onda da həmin, yəni əvəzində çəkilən imzanın sonunda «d» hərfi qeyd edilməmişdir. Onun yerinə sonlu işarə qeyd olunmuşdur. Buna da səbəb, vəsiqənin alınmasına özü getməmişdir. Yoldaşı köməkçilərindən birini göndərmişdi. Ər soyadının Məmmədov olduğu baxımından, imzanın əvəzində sadəcə «Məmə» sözünü yazmış, sonunu «sonlu işarəsi» ilə bitirmişdir. Həmin kredit müqaviləsinə adına verilmiş 07.11.2001-ci il tarixli şəxsiyyət vəsiqəsinin kserosurəti əlavə edilmişdir. Görünür, kredit müqaviləsinə həmin şəxsiyyət vəsiqəsinə baxıb, oradakı imzaya oxşatmaq istəmişlər və burada da sonunda «d» hərfi yazmaqla səhvə yol vermişlər. Göründüyü kimi, mübahisələndirilən 19.03.2012-ci il tarixli C43/12 saylı kredit müqaviləsi ona münasibətdə aşkar şəkildə həqiqəti əks etdirməyən, məzmumuna yanlış məlumatlar daxil edilməklə, imzanı saxtalaşdırmaqla təsdiqlənib bağlanmışdır. Həmin müqavilənin hansı məqsədlə və kimin marağından tərtib edildiyi və imzalandığı, eləcə də, qeyd olunan kredit məbləğinin hansı mənbəyə aid olduğu, ümumiyyətlə bankdan məxaric olunub- olunmaması ona məlum deyil. Hər bir halda, həmin müqavilənin tərtib edilməsi və əvəzindən imzanı saxtalaşdırılmaqla qeyd edilməsi, müqavilənin tərtibinə səlahiyyəti olan şəxsin ona aid olan hakimiyyətdən (vəzifəsindən) sui-istifadə etməsi aşkar haldır. Bu baxımdan, yəni vəzifəli şəxsin öz vəzifəsindən sui-istifadə etməklə həyata keçirdiyindən Mülki Məcəllənin 339-cu maddəsinin tələbinə əsasən etibarsız əqddir. Həmin müqavilə onun üzərinə olmayan öhdəliyin qoyulmasına səbəb olduğundan, qanunla qorunan hüququnun pozulmasına yönəlmiş deliktdir. Həmçinin, etibarsız əqdlər üzrə müddətlər təsbit olunmuş Mülki Məcəllənin 354 və 377.1-ci maddələrinə əsasən, mübahisələndirilən kredit xətti müqaviləsi ona 15.07.2019-cu il tarixdə təqdim edildiyindən, iddia müddətinin axımı həmin tarixdən başlanır. Mübahisələndirilən 19.03.2012-ci il tarixli kredit xətti müqaviləsi mülki münasibətlərin tənzimlənməsi təsbit olunmuş Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlanmış əqd olduğundan, bağlandığı andan etibarsızdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 fevral 2020-ci ll tarixli, 2(006)-848/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən həll edilmiş «kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddianın dəlilləri və eyni zamanda, 19 mart 2012-ci il tarixli C43/12 saylı kredit kartı ilə verilən kredit xətti müqaviləsindəki imzanın X2 məxsus olduğunun təsdiqini tapdığı halda, 50.000 avro məbləğinə bağlanmış müqavilə üzrə 2 milyon avro məbləğində kreditin verilməsinin, ən əsası isə limit həcmi 50.000 avro məbləğində məhdudlaşdırılmış plastik kartla 2.000.000 avro məbləğin götürülməsinin mümkünlüyü, 2 milyon avro kredit mövcud olduğu baxımından, müqavilə müddətində 3.546.019,16 avro ödənildiyi təqdirdə, borcun qala biləcəyinin mümkün dəlillərinin aydınlaşdırılmalı, iddia müddətinin tətbiqi ilə bağlı məsələyə hüquqi qiymət verilməli olması ilə əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən birinci iddia üzrə cavabdehin, ikinci iddia üzrə iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətlərini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, borclu Yeganə Kərimova İddiaçı ASC-nin sahibi olmuş Hafiz Məmmədovun həyat yoldaşı olmuş, lakin onlar sonradan boşanmışlar. Qeyd edilən müqavilədən Y.Kərimovanın ümumiyyətlə xəbəri olmamışdır. Məhkəmə iclasında iştirak edən birinci iddia üzrə iddiaçının, ikinci iddia üzrə cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətlərinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, qarşı tərəf bankın keçmiş sahibinin həyat yoldaşı olduğundan, kredit kartı müqaviləsinin 50.000 avro məbləğinə bağlanmasına baxmayaraq, onun göstərişi ilə həmin kart hesabına böyük məbləğdə pullar köçürülmüş və istifadə edilmişdir. Həmin məbləğlərin bir hissəsi banka geri ödənilsə də, iddiada qeyd edilmiş məbləğ ödənilməmiş qalmışdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəmələrinin qətnamələri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin qətnamələrin ləğv edilməsinə yönəldiyini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən qətnamələr tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası, onu da qeyd etməyi zəruri sayır ki, iddiaçı X1 cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə iddiasının təmin edilməsini aradan qaldırdığından, ilk öncə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 fevral 2020-ci ll tarixli, 2(006)-848/2020 saylı qətnaməsinin yoxlanılması zəruridir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 mart 2012ci il tarixli C43/12 saylı kredit kartı ilə verilən kredit xətti müqaviləsindən görünür ki, Bank kredit alana istehlak xərclərinin ödənilməsi məqsədilə 12 (on iki) ay müddətinə 50.000 (əlli min) avro məbləğində, müqavilə ilə müəyyən edilmiş müvafiq faiz dərəcəsi, istifadə və ödəniş qaydaları çərçivəsində Visa Gold plastik kartı vasitəsi ilə bərpa olunan kredit xətti vermiş, Kredit müvafiq məbləğin "Borcalan"ın bankdakı kart hesabından ödənildiyi gündən verilmiş sayılmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən kredit xəttindən nəğd istifadə olunmuş məbləğlərə nəğd vəsait çıxarılan gündən etibarən illik 32 % dərəcəsi ilə gündəlik faiz hesablanır. Kredit xəttindən qeyri nəğd istifadə olunmuş məbləğlərə güzəşt müddəti xaricində illik 21% dərəcəsi ilə gündəlik əsasda faiz hesablanır. Kredit müqaviləsinin 2.5-ci maddəsinə əsasən Kredit xəttindən nəğd şəkildə istifadə hallarında nəğd vəsaitin çıxarılmasına görə hər çıxarılan nəğd vəsait məbləğinin 1% miqdarında komissiya nəzərdə tutulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 14.06.2018-ci il tarixli 9343 №-li məhkəməxəttşünaslıq ekspertizasının rəyi ilə “xxxx” ASC ilə Cavabdeh arasında olan 19 mart 2012ci il tarixli, C43/12 saylı kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsinin 2-ci vərəqəsində “Borc alan” qrafasındakı imzanın Cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xəttşünaslıq ekspertizasının 20.09.2018-ci il tarixli 22722 №-li rəyi ilə də “xxxx” ASC ilə Cavabdeh arasında olan 19 mart 2012-ci il tarixli, C43/12 saylı kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsinin 2-ci vərəqəsində “Borc alan” qrafasında “Məməd” yazısından ibarət imzanın Cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası müqavilədəki imzanın şəxsə məxsus olması barədə, mübahisənin öz xeyirlərinə həllində maraqlı olan tərəflər arasında fikir ayrılığının olduğunu, rəyləri vermiş şəxslərin isə xəttşünaslıq sahəsində xüsusi biliklərinin olduğunu və bu mübahisənin həllində tərəf olmadıqlarını nəzərə alaraq, həmin rəylərlə razılaşır və bu rəyləri mübahisənin həllində digər sübutlara münasibətdə daha mötəbər sübut sayır və rəylərlə müəyyən olunanlara uyğun olaraq “xxxx” ASC ilə olan 19 mart 2012-ci il tarixli, C43/12 saylı kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsinin Cavabdeh tərəfindən imzalandığını işin hallarına uyğun sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İş üzrə sübutlarla 19 mart 2012-ci il tarixli, C43/12 saylı kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsinin etibarsız sayılması üçün əsaslar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən yoxladığı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə bağlı onu qeyd etməyi zəruri sayır ki, iş materiallarına əlavə edilmiş ödəniş qəbzi və hesabdan çıxarış məlumatları ilə cavabdeh tərəfindən istifadə olunan pulun miqdarı apellyasiya şikayətində göstəriləndən də artıq -4.415.269,85 avro məbləğində olmuş, cavabdeh bundan 2.429.587,71 avro məbləğində pulu qaytarmışdır. Qaytarılmış pulun 2.408.491,72 avro hissəsi əsas borcun qaytarılmasına, 21.095,99 avro hissəsi isə faiz borcunun ödənilməsinə yönəldilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 21.01.2019-cu il tarixli 22912 №-li rəyi ilə də 19 mart 2012-ci il tarixli, C43-2012 saylı müqavilə üzrə cavabdehin iddiaçıya 2.006.778,13 avro əsas, 1.162.905,88 avro faiz borcu qaldığı müəyyən olunmuşdur. Məhkəmə kollegiyası istifadə edilmiş kreditin miqdarı, geri ödəmələr, ödəmələrin təyinatı, tətbiq edilmiş cərimələr, buna uyğun qalıq borcun hesablanıb müəyyən edilməsinin hüququn tətbiqi ilə deyil, mühaisbat bilikləri əsasında riyazi hesablamalarla həll edilməli olan məsələ olduğunu, rəyi vermiş şəxsin də mühasibatlıq sahəsində xüsusi biliyinin olduğunu nəzərə alaraq, həmin rəylə razılaşır və 19 mart 2012-ci il tarixli, C43- 2012 saylı kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya 2.006.778,13 avro əsas, 1.162.905,88 avro faiz borcu qaldığı barədə rəylə müəyyən olunanları işin hallarına uyğun sayır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, iddiaçı əsas borc üzrə 1.999.554,81 avro, faiz borcu üzrə 767,139.90 avro borcun tutulmasını tələb etdiyindən, Bakı şəhəri Səbail rayon məhkəməsi qətnaməni məhkəmə-mühasibatlıq ekspertizasının 21.01.2019-cu il tarixli 22912 №-li rəyi ilə müəyyən edilmiş əsas və faiz borcları nəzərə alınmaqla deyil, verilmiş tələb üzrə çıxarmaqda haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası ona da qeyd etməyi zəruri sayır ki, istənilən halda, cavabdeh tərəfindən iddiaçıya məxsus 4.415.269,85 avro məbləğində pul vəsaitinin istifadə olunması iş üzrə sübutlarla təsdiq olunmuşdur. Bundan başqa, limit həcmi 50.000 Avro məbləğində məhdudlaşdırılmış plastik kartla 2.000.000 avro və daha artıq məbləğin istifadə edilməsi mümkün olan haldır. Qanunvericilik bu halı pul vəsaitinin öhdəlikdən kənar ödənilməsi sayır. Belə ki, indiki halda iddiaçının cavabdehə 50.000 Avro məbləğində kredit vermək öhdəliyi olsa da, o, 4.415.269,85 Avro məbləğində pul vəsaiti vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Məhkəmə kollegiyası eyni zamanda iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə ərizə üzrə onu qeyd etməyi zəruri sayır ki, adından bütün hərəkətləri etməsi barədə cavabdeh tərəfindən nümayəndəsinə verilmiş 02.02.2018-ci il tarixli etibarnamənin müddəti 02.02.2019-cu il tarixdə bitdiyindən və cavabdeh bundan sonra nümayəndəsinə bir daha eyni səlahiyyətləri etibar etmədiyindən, bununla da iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə 16.04.2019-cu il tarixli ərizə təmsilçiliyinə xitam verilmiş şəxs tərəfindən verildiyindən birinci instansiya məhkəməsi həmin ərizəyə hüquqi qiymət verməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.1-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə etibarnamənin müddətinin bitməsi nəticəsində xitam verilir. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. Cavabdehin özü isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməmişdir. Məhkəmə kollegiyası eyni zamanda onu qeyd etməyi zəruri sayır ki, birinci instansiya məhkəməsinin tənasübsüz surətdə yüksək olan cərimənin miqdarını azaltması və məhkəmə xərclərini tərəflərə aid etməsi qanunvericiliyin tələbinə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsi faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəmələrinin gəldiyi nəticələrlə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdeh Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-112/2019 saylı, 15 iyul 2019-cu il tarixli qətnaməsindən cavabdeh olaraq, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-848/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsindən iddiaçı olaraq verdiyi apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-112/2019 saylı, 15 iyul 2019-cu il tarixli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-848/2020 saylı, 25 fevral 2020ci il qətnamələri verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-160/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-160/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver