Məhkəmə qərarları › İş №2(103)-1601/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1601/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1601/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)- 5281/2020 nömrəli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)- 5281/2020 nömrəli qətnaməsi ilə Cavabdeh2 3299,63 manat əsas borc və 30 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Qətnamadən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin zaminə münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələblərinin Cavabdeh1 münasibətdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən zaminə münasibətdə iddiaçının tələbinin təmin edilməməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Plenum) xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli qərarları ilə əsaslandırılmışdır. Məhkəmə hazırkı iş üzrə Plenumun istinad olunan qərarlarını tətbiq etməklə səhvə yol vermiş və Plenumun "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1- ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "ipoteka haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 2018-ci il 31 may tarixli və "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2019-cu il 25 iyul tarixli Qərarlarına dair" xx xxxxxxx 2019-cu il tarixli Qərardadını nəzərə almamışdır. Belə ki, yuxarıda istinad olunan Qərardada əsasən "Plenumun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 2018-ci il 31 may tarixli və "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4,405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İş materiallarına əlavə edilən kredit sənədlərindən göründüyü kimi iddiaçı ilə cavabdehlər arasında hüquq münasibətləri xx.xx.2018-ci il tarixindən əvvəl yaranmışdır. Belə ki, iddiaçı ilə Cavabdeh2 arasında kredit xətti müqaviləsi və həmin kredit xətti müqavilə üzrə bağlanmış kredit razılaşması müvafiq olaraq xx.xx.2015-ci il və xx.xx.2016ci il tarixlərində imzalanmışdır. Digər cavabdeh, yəni Cavabdeh1 ilə iddiaçı arasında zaminlik müqaviləsi xx.xx.2015-ci il tarixində bağlanmışdır. Bununla yanaşı, istinad olunan müqavilələr üzrə iddiaçı iddia tələbi ilə xx.xx.2020-ci il tarixində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, hazırkı iş Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olmamış, həmçinin iddiaçı ilə cavabdeh arasında münasibətlər Plenumun müvafiq Qərarlarının qüvvəyə minməsindən əvvəl yaranmışdır. Bu səbəbdən də, Bakı şəhər Binəqədi Rayon Məhkəməsi Plenumun müvafiq qərarlarını hazırkı iş üzrə mübahisəyə tətbiq etməklə, səhvə yol vermişdir. Əlavə olaraq, hazırkı işin faktiki hallarından görünür ki, tərəflər xx.xx.2015-ci il tarixli 033L**********94 saylı uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi zaminliyi müəyyən etmiş və bu müəyyənetmə mülki qanunveriliciyin tələbləri ilə uyğunsuzluq təşkil etməmişdir. Çünki, zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (Mülki Məcəllənin 470-ci maddəsi). Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırkı iş üzrə zaminlik müqaviləsində xx.xx.2015-ci il tarixli 033L**********94 saylı uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərə görə yaranması və borclunun kreditor qarşısında əsas öhdəliyinin həddi (məbləği və müddəti) açıq-aydın qeyd edilmişdir. Belə ki, zamin Cavabdeh1 1 000 000 ABŞ dolları daxil olmaqla həmin çərçivədə 120 ay müddətinə, yəni fevral ayının 2025-ci ilinə kimi öhdəlik götürmüşlər. Cavabdeh2 isə xx.xx.2016-cı il tarixli 033R********** saylı kredit razılaşması üzrə 3630 (üç min altı yüz otuz) manat məbləğində kredit götürmüşdür. Həmin kreditin qaytarılması üçün ödəniş planına əsasən sonuncu müddət 2017-ci ilin iyun ayına kimi müəyyən edilmişdir. Sonradan tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli sazişlə həmin kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş və həmin sazişlə kredit öhdəliyinin qaytarılması üçün son müddət xx.xx.2018-ci il tarix müəyyən edilmiş, həmin müddət də zaminin öhdəliyinin qüvvədə olma müddətini əhatə etmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş maliyyə arayışından və iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlərdən yalnız əsas borc tələb edir, əsas borca heç bir faiz və cərimə hesablanmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 bildirdi ki, məhkəmə zaminin imzası olmadığı üçün onlara münasibətdə iddianı təmin etməmişdilər. Hazırki müqavilə yeni bağlanmış müqavilə deyil. Məhkəmə zamini çıxara bilməzdi. Çünki, zamin bu xətt üzrə bütün müqavilələrə zamin idi və zamin də bunu bilib imzalayıb. Qeyd edilənlərə əsasən apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətinə etriaz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə qənaətini belə əsaslandırmışdır ki, İddiaçı QSC ilə zamin arasında bağlanmış zaminlik müqaviləsi xx xxxxxx 2015-ci il tarixli Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi üçün bağlanmışdır. Kredit xətti müqaviləsinin 1.4-cü bəndinə əsasən verilən hər bir kredit məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşması ilə müəyyən edilir. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 033R********** saylı kredit razılaşması və tərəflər arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 033R**********S saylı Sazişə dair zaminlə heç bir müqavilə bağlanmamışdır. Zaminin 033R********** saylı kredit razılaşması və tərəflər arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 033R**********S saylı Saziş üzrə öhdəliyi üzərinə götürməsinə dair digər formada razılığı alınmadığından və həmin saziş üzrə onun öhdəliyi yaranmadığından bu öhdəliyə görə ondan borc məbləği tələb oluna bilməz. Zaminə qarşı yönəlmiş iddia tələbi təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin mübahisələndirdiyi təmin edilməyən hissədə ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməsi üçün əsas deyildir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İddiaçının apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın “zamin Cəfərov Mətləb Məcid oğluna münasibətdə təmin edilməməsi” hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılmalı, mübahisələndirilməyən hissələrə isə toxunulmamalıdır. Əvvəla, iddiaçı şikayətində birinci instansiya məhkəməsinin Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli və 2019-cu il 25 iyul tarixli Qərarlarına dair" xx xxxxxxx 2019-cu il tarixli Qərardadını nəzərə almadığını, yəni həmin qərarlarda ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunduğunu vurğulasada bu dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2019-cu il tarixli Qərardadında Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarlarındakı hüquqi mövqelərin həmin Qərarların qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunduğu göstərilsə də Mülki Məcəllənin 477.0.1-ci maddəsi qüvvədədir və məhkəmə həmin maddənin tələbinə görə də zaminin razılığı olmadan öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə zaminin məsuliyyətin artırdığını yaxud onun üçün digər əlverişsiz nətəicələrə səbəb olduğunu müəyyən edə bilər. Başqa sözlə, Konstitusiya Məhkəməsi Plenumu xx xxxxxxx 2019cu il tarixli Qərardadında Mülki Məcəllənin 477.0.1-ci maddəsinin Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olmayan mübahisələrə şamil olunmamasına dair hər hansı bir hüquqi mövqe formalaşdırmamış yaxud bunu qadağan edən hər hansı bir qərar qəbul etməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, zaminin razılığı olmadan öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmənin zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması ilə bağlı, yəni məsuliyyətin artması və digər əlverişsiz nəticələrin necə yaranması və bunun hansı meyardan qiymətləndirilməsi baxımından Mülki Məcəllədə dəqiq və konkret hallar (əsaslar) göstərilməmişdir. Zaminin razılığı olmadan öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarını yalnız zaminlik müqaviləsinin digər tərəfinin fikirlərinə və mülahizələrinə əsasən müəyyən etmək düzgün olmazdı. Çünki «məsuliyyətin artması» yaxud «onun üçün digər əlverişsiz nəticələrə səbəb olması» halları zaminin düşdüyü vəziyyətlə bağlıdır və bu vəziyyətin qiymətləndirilməsi zamanı yalnız müqavilənin əks tərəfinin tələbini müdafiə edərkən gətirdiyi dəlillər nəticəsində yekun nəticəyə gəlmək düzgün olmazdı. Hazırki iş üzrə Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana 120 ay müddətinə 1 000 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh2 isə xx.xx.2016-cı il tarixli 033R********** saylı kredit razılaşması üzrə 3630 (üç min altı yüz otuz) manat məbləğində kredit götürmüşdür. Həmin kreditin qaytarılması üçün ödəniş planına əsasən sonuncu müddət 2017-ci ilin iyun ayına kimi müəyyən edilmişdir. Sonradan tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli sazişlə həmin kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş və həmin sazişlə kredit öhdəliyinin qaytarılması üçün son müddət xx.xx.2018-ci il tarix müəyyən edilmişdir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə görə sonuncu zamin olaraq, “uzunmüddətli kredit müqaviləsi” üzrə Cavabdeh2 öhdəliklərinin icrasına görə kredit alanla birgə məsuliyyəti üzərinə götürmüşdür. Qeyd olunan “uzunmüddətli kredit müqaviləsi” (bəzi hallarda bu razılaşma, analoji işlərdə “kredit xətti müqaviləsi” "baş kredit razılaşması" adı altında bağlanılır) borc alan və zamin üçün hansı hüquqi nəticələr doğurması, mülki qanunvericiliyin tələblərinə cavab verən şəkildə bağlanıb-bağlanmaması, həmin müqavilələrin tərəflərinin kreditin verilməsi ilə əlaqədar öhdəlyinin və məsuliyyətinin həddi(həcmi), həmçinin bu müqavilələr əsasında bağlanan zaminlik müqaviləsinin zaminlər üçün öhdəlik və məsuliyyət yaradıb-yaratmaması ilə bağlı da məhkəmə təcrübəsində(hakimlər arasında)fikir ayrılıqları mövcud olmuşdur. Əksər hakimlər bu cür müqavilələri real yaxud da konsensual müqavilə hesab etmir, eləcə də ilkin müqavilənin şərtlərini özündə əks etdirmədiyindən ilkin müqavilə kimi də qiymətləndirmirdilər. Çünki, bu cür müqavilələr kredit verən tərəfindən kredit alana konkret olaraq kreditin verilməsini nəzərdə tutmur, hətda kredit verənin kredit vermək vədini də ifadə etmir.( konkret müddəa hazırki “uzunmüddətli kredit müqaviləsi”nin 1.2-ci bəndində və digər bu cür müqavilələrdə nəzərdə tutulur.) Ona görə də, bu cür müqavilələr əsasında bağlanan zaminlik müqavilələrinin Mülki Məcəllənin 470.2-ci maddəsinə əsasən zamin üçün gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün bağlanan müqavilə kimi qiymətləndirilməsinin şərhinə zərurət yaranmışdır ki, bu məsələyə də Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarları ilə aydınlıq gətrildi. Bundan əlavə, tərəflərin öhdəlikləri konkret olaraq kredit razılaşmaları əsasında yarandığından zaminlik də hər bir ayrıca kredit razılaşmasına əsaslanmalıdır. Baxmayaraq ki, zaminlik müqaviləsində “uzunmüddətli kredit müqaviləsi” üzrə öhdəliklərə zamin durulması barədə şərt nəzərdə tutulmuşdur, hazırki iş üzrə “uzunmüddətli kredit müqaviləsi” zamin üçün heç bir öhdəlik yaratmadığından zamin konkret kredit razılaşması üzrə zaminliyi öz üzərinə götürməlidir. Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018ci il tarixli qərarında zaminlik müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməli olduğu, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığının alınmalı olduğu aydın göstərilmişdir.. Kredit razılaşmasının şərtləri zaminin razılığı alınmadan dəyişdirildikdə, yəni kreditin ümumi məbləğinin artırılması, kreditin faizinin artırılması, kreditin valyutasının dəyişdirilməsi, kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallarda zaminin məsuliyyəti artır və bu dəyişmə onun üçün əlverişsiz nəticə yaradır. Zamin digər şəxsin öhdəlikləri üçün məsuliyyəti öz üzərinə götüsə də, bu zaman təbii olaraq özünün də həmin öhdəliklərin icrasının təmini ilə bağlı imkanlarını da nəzərə alır və zaminlik müqaviləsini imzalayır. Zaminlik müqaviləsi ilə təminat altına alınmış öhdəliyin dəyişdirilməsi ilə bağlı zaminin razılığı alınmadan bağlanmış razılaşma isə zamin üçün etibarlı ola bilməz. Çünki, şəxs icrasını təmin edə biləcəyinə dair məlumatı olmadığı bir öhdəliyin icrasına könüllü təminat verə bilməz, bu mülki hüquq institutunun əsas prinsiplərindən biri olan iradə azadlığı prinsipi ilə ziddiyyət təşkil edir. Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə” dair xx xxxxxxxx 2012ci il tarixli qərarında qeyd etmişdir ki, “zaminlik müqaviləsinin aksessor xarakterli olduğunu və mövcud olmayan öhdəliyin icra edilməsinin mümkün olmamasını nəzərə alaraq, gələcəkdə yaranacaq öhdəliyi təmin edən zaminlik müqaviləsinin tərəflərinin qarşılıqlı hüquq və vəzifələri belə müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir.” Mülki Məcəllənin 470.2-ci maddəsinin mənasına görə isə (bu norma göstərilən növ müqavilələri tənzimləyir) “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılımış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. Gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik müqaviləsi üzrə öhdəlik həmin müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Zaminlər qeyd olunan razılaşmalar və əlavə sazişlər üzrə öhdəliyin icra olunmamasına görə yalnız o halda mülki hüquqi məsuliyyətə cəlb oluna bilərdilər ki, göstərilən razılaşmalar və əlavə sazişlər həmçinin zaminlər tərəfindən imzalanmış olardı. Hazırki iş üzrə, kredit verən kredit alanla bağladığı “uzunmüddətli kredit müqaviləsi”ndən əlavə, ayrıca kredit razılaşmaları və onlara əlavə sazişlər bağladığı halda, zamin Cavabdeh1 həmin kredit razılaşmalarına uyğun yeni, ayrıca zaminlik müqavilələri bağlamaması yaxud heç olmasa həmin ayrıca kredit razılaşmaları barədə ona məlumat verməməsi və ya vermək istəməməsi anlaşılan olmamışdır. Çünki, bu cür yanaşma zaminliklə bağlı müddəların pozulmasını, ələlxüsus da zaminliyə xitam verilməsinin əsaslarını nəzərdə tutan Mülki Məcəllənin 477-ci maddəsinin tələblərinə ziddir. Çünki, həmin norma bilavasitə zaminlik institutu ilə bağlı zaminlərin öhdəlikdən yaxud məsuliyyətdən azad olunması üçün nəzərdə tutulan müddətlər və müddəlardır ki, bu normalardan da zamin kimi üzərinə məsuliyyət götürən şəxslərin yeri gələndə faydalanmaq haqları vardır. Lakin kredit verənlərin bu cür üsullarla, yəni zaminlərlə yalnız uzun müddətli “uzunmüddətli kredit müqavilələri”nə zamin olmalarına dair uzun müddətli zaminlik müqaviləsi bağlamaqla, əslində məqsədləri zaminliyə xitam verilməsi ilə bağlı kəsici müddətləri süni surətdə uzatmaqdan ibarətdir. Bu cür hallar isə, müddətlərlə bağlı Mülki Məcəllənin prinsiplərinə tamamilə ziddir və yolverilməzdir. Konstitusiya Məhkəməsi Plenumu xx xxx 2018-ci il tarixli Qərarında göstərmşdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Hazırki iş üzrə olan “uzunmüddətli kredit müqaviləsi” kredit verənlə kredit alan üçün hər hansı bir öhdəlik və ya məsuliyyət yaratmadığı halda, nə üçün zaminlər üçün həmin müqavilə öhdəlik yaratmalıdır? Nə üçün kredit verən və kredit alan kreditin verilməsi ilə əlaqədar ayrıca bağlanmış kredit razılaşmalarına görə, zamin isə özündə mühüm şərtləri nəzərdə tutmayan bu “uzunmüddətli kredit müqaviləsi” nə görə məsuliyyət daşımalıdır? Nə üçün borcalan üçün iddia müddəti konkret kredit razılaşmalarının müddətinin bitdiyi vaxtdan, zamin üçün isə kredit xətti müqaviləsinin bitdiyi, hazırki iş üzrə 2025-ci ildən başlamalıdır? Əlbətdə bu suallara cavab vermək üçün mülki hüquq münasibətlərinin iştirakçılarından vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməsi tələb olunur ki, əksər hallarda bu baş vermir. Göstərilənlərlə yanaşı, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Apellyasiya instansiya məhkəməsi vurğulayır ki, iddiaçı şikayətində Cavabdeh2 xx.xx.2016-cı il tarixli 033R********** saylı kredit razılaşması üzrə 3630 (üç min altı yüz otuz) manat məbləğində kredit götürdüyünü, həmin kreditin qaytarılması üçün ödəniş planına əsasən sonuncu müddət 2017-ci ilin iyun ayına kimi müəyyən edildiyini, sonradan tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli sazişlə həmin kredit razılaşmasına və ödəniş planına dəyişiklik edildiyini və həmin sazişlə kredit öhdəliyinin qaytarılması üçün son müddətin xx.xx.2018-ci il tarix müəyyən edildiyini göstərmiş, iş materialları ilə də bu fakt təsdiq olunur. Demək iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində, yəni konkret olaraq 15 avqust 2019-cu ilədək iddiaçının iddia irəli sürmək hüququ olmuş, lakin iddiaçı həmin bu müddəti ötürmüşdür. Çünki, mülki iş materiallarından da görünür ki, iddia ərizəsi birinci instansiya məhkəməsinə xx xxxxxxxx 2020-ci il tarixdə daxil olmuşdur. Belə olan halda zaminliyə xitam verilməsi və zaminə münasibətdə iddianın rədd edilməsi bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsası frqli olsa belə düzgün olmuşdur. Zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsini nəzərdə tutan Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyil, kəsici müddət olduğundan onun tətbiqi üçün ərizə verilməsi tələb olunmur. Göründüyü kimi, yalnız bu əsas da zaminə münasibətdə iddianın rədd edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçının apelliyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin iddianın təmin edilməyən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçının mübahisələndirdiyi hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-5281/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar