Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1603/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1085/2020 saylı, 21 sentyabr 2020ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13.04.2015-ci il tarixli 142293-1-14606 saylı müqavilənin 15.02.2016-ci il tarixli 1 saylı Razılaşmasına əsasən 25.09.2019-cu il tarixə Banka borclu olduğu 984,97 (doqquz yüz səksən dörd.97) ABŞ dolları məbləğində əsas borc, 0,13 (sıfır dollar, on üç sent) ABŞ dolları məbləğində faiz borcu, 25,82 (iyirmi beş, 82) ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 1010,92 (bir min on,92) ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1085/2020 saylı, 21 sentyabr 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyasiya şikayəti və onun dəlili: Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iclasında onun iştirakı təmin olunmamışdır. Əlavə olaraq, o bildirmişdir ki, sözügedən müqavilə və razılaşmaya əsasən o, iddiaçıya 7000 ABŞ dolları pulun 1850 ABŞ dollarını 1 dolların məzənnəsi 78 qəpik, qalan 5150 ABŞ dollar pulu isə 1 dolların məzənnəsi 1manat 70 qəpik olmaqla ödəmişdir. Daha sonra “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı Əlavə Tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən cavabdehin iddiaçıya ödədiyi ümumi məbləğdən 4000 manat vəsait (borcun devalvasiya ilə bağlı manatla artmış hissəsi) dövlət büdcəsindən ona geri qaytarılmışdır, beləliklə, onun iddiaçıya nəinki borcu qalmış, ödəmiş olduğu artıq pul vəsaiti ona geri qaytarılmışdır. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə Kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin əsassız olduğunu və eyni zamanda ekspert rəyində onların tələb etdiyindən artıq məblğin hesablandığını bildirdi və şikayətin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 13 aprel 2015- ci il tarixli nağd pul krediti müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik 24 faiz dərəcəsi ilə, 46 ay müddətinə 6439.42 manat məbləğində kredit verilmiş, Cavabdeh isə öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh arasında 15 fevral 2016-ci il tarixdə bağlanmış Kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 1 saylı Razılaşmadan görünür ki, kredit məbləğini kredit alan, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydalarla 46 (qırx altı) ay müddətinə istifadə etməli və kreditdən istifadəyə görə Banka illik 24% (iyirmi dörd) faiz vəsait ödəməyi öz üzərinə götürür. Cavabdehin 15 fevral 2016-ci il tarixinə kapitallaşdırılmış kredit məbləğindən əlavə 12.80 (on iki.80) ABŞ dolları məbləğində cərimə borcu mövcuddur. "xxxx" ASC-nin 27 yanvar 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun 15 fevral 2016-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 984,97 manat əsas, 0,13 manat faiz, 25,82 manat cərimə olmaqla, cəmi 1010,92 manat məbləğində borcu vardır. Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 14 may 2020-ci il tarixli rəyindən görünür ki, Cavabdeh 15 fevral 2016-ci il tarixli kredit müqaviləsi üzrə 27.01.2020-ci il tarixə əsas borc üzrə 1125.97 ABŞ dolları, faiz borcu üzrə 44.31 ABŞ dolları borcu vardır. Bakı Apellyasiya Məhkəməsinin 24.02.2021-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur.
1. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 13 aprel 2015-ci il tarixli nağd pul krediti müqaviləsi əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində yaranmış əsas, faiz və cərimə borcunun məbləği müəyyən edilsin.
2. Cavabdehin 13 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıya ödənişlər edib-etmədiyi, əgər etmişsə həmin ödənişlərin Bank tərəfindən nəyə silinməsi müəyyən edilsin. Məhkəmə Ekspertizası Mərkəzinin 24.06.2021-ci il tarixli, 9/1944 saylı ekspert rəyinə əsasən, Cavabdeh tərəfindən 15.02.2016-ci il tarixli 1 saylı kredit razılaşmasına əsasən 15.12.2019-cu il tarixdə banka ödənilməli məbləğ 1170,27 ABŞ dolları təşkil edir, o cümlədən -əsas borc üzrə: 1125,97 ABŞ dolları; -faiz borcu üzrə: 44,31 ABŞ dolları; 2-ci sual üzrə cavabdeh tərəfindən 15.02.2016-ci il tarixli 1 saylı kredit razılaşmasına əsasən 15.12.2019-cu il tarixdən sonra 0,57 ABŞ dolları ödəniş edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilən məlumatdan görünür ki, AR Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı fərmanına əsasən 13 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 2846,49 manat kompensasiya ödənilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən ona aid hissədə tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatını dinləyib və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 24.06.2021-ci il tarixli, 9/1944 saylı ekspert rəyinə əsasən, Cavabdeh tərəfindən 15.02.2016-ci il tarixli 1 saylı kredit razılaşmasına əsasən 15.12.2019-cu il tarixdə banka ödənilməli məbləğ 1170,27 ABŞ dolları təşkil edir, o cümlədən -əsas borc üzrə: 1125,97 ABŞ dolları; -faiz borcu üzrə: 44,31 ABŞ dolları; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci və 448.1-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri aparılmış məhkəmə araşdırmaları nəticəsində öz təsdiqini tapmadığından apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 yanvar 2018-ci il tarixindən qüvvəyə minmiş) 07 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1085/2020 saylı, 21 sentyabr 2020ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına Cavabdeh tutularaq ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev