Məhkəmə qərarları › İş №2(103)-1605/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1605/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1605/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1605/2025 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulmasıi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi iştirakı, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1049/2024 saylı 11 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 19 fevral 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7527,21 manat məbləğində əsas borc və 779,14 manat məbləğində faiz borcu olmaqla, cəmi 8306,35 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 103,07 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 05 oktyabr 2021 il tarixli, 108804-112485/5 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 21% dərəcəsi ilə 13000 (on üç min) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. 15 aprel 2024cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 7527,21 manat məbləğində əsas borc və 779,14 manat faiz borcu olmaqla, cəmi 8306,35 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, e-2(009)- 1049/2024 saylı qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7527,21 manat məbləğində əsas borc, 191,0 manat faiz borcu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 103,07 manatın alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445, 448.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apelyasiya şikayətinin dəlilləri

5. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin dəyişdirilməsini, Cavabdeh xx.xx.2021-ci il tarixli istehlak kredit müqaviləsi üzrə əsas borca görə 7276,01 manat, fazi borcuna görə 191,0 manat olmaqla, cəmi 7467,01 manat borcun və 103,07 manat ödənilmiş dövlət rüsumunun və 100 manat ekspertiza xərcinin əvəzinin qismən ondan tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə icraatı mərhələsində iddia tələbinə hüquqi qiymət verilən zaman məhkəmə ekspertizasının rəyinə istinad olunsa da, faktiki olaraq, iddia tələbinə uyğun qətnamə çıxarılmışdır ki, bununla da, əsassız qətnamə qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

8. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.

9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməməyə məlumat verməmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.

13. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

14. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

15. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

20. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Hazırki iş üzrə cavabdeh tərəfindən məhkəmə qətnaməsinin dəyişdirilməsi və ekspert rəyinə uyğunlaşdırılması xahiş edildiyindən, apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iddia qismən təmin edilməlidir.

25. Birinci instansiya məhkəməsi mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün müəyyənləşdirsə də, iş üzrə mövcud sübutlara hərtərəfli və tam qiymət verməmiş, bununla da prosessual normaların pozuntusuna yol vermişdir.

26. Belə ki, iş materiallarında olan 05 oktyabr 2021-ci il tarixli, 108804-112485/5 saylı istehlak kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh illik 16.5 faiz hesablanması şərti ilə 48 ay müddətinə, illik 21% dərəcəsi ilə 13000 manat məbləğində kredit verilmişdir.

27. xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh bank ilə bağlanmış 05 oktyabr 2021-ci il tarixli, 108804-112485/5 nömrəli kredit müqaviləsinə əsasən 21 faiz dərəcəsi ilə, 48 ay müddətinə 13000 manat məbləğində kredit götürmüşdür. 15 aprel 2024-cü il tarixə borcalanın banka 7527.21 manat əsas borcu və 779.14 manat faiz borcu olmaqla, cəmi 8306.35 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 122 gün təşkil edir.

28. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə ödəməni başlamalı, hər ay 404.86 manat, sonuncu ay isə 402.65 manat ödəməklə xx.xx.2025-ci il tarixdə bitməli idi.

29. Xəbərdarlıq məktublarından görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdir.

30. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 9/6845 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarış məlumatları və İddiaçı ASC Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 108804-112485/5 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh maliyyə arayışı müddətinədək, xx.xx.2024-cü il tarixə banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: əsas borc üzrə 7276,01 manat; faiz borcu üzrə 191,0 manat.

31. Kollegiya ilk növbədə apellyasiya baxışının həddi çərçivəsində iddianın əsaslılığı ilə bağlı hissəyə münasibətdə bildirir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir və bu hal cavabdehin öz apellyasiya şikayətində də inkar olunmur. Lakin tutulacaq borc məbləği ilə bağlı məsələyə münasibətdə isə aşağıdakılar qeyd edilməlidir.

32. Belə ki, iş materiallarından göründüyü kimi kredit müqaviləsi üzrə borcun hesablanması xüsusi bilik tələb etdiyindən bu əsasla məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və ekspert rəyi əldə edilmiş, lakin buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən həmin ekspert rəyi nəzərə alınmadan və buna dair xüsusi səbəblər göstərilmədən nəticədə iddia tələbinə müvafiq olaraq yekun məhkəmə aktı çıxarılmışdır.

33. Halbuki Mülki Prosessual Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

34. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təqdim edilən xx.xx.2024-cü il tarixli ekspert rəyi nəzərə alınmasa da, həmin rəyin iş üzrə mötəbər dəlil kimi qiymətləndirilməsini istisna edən hər hansı hal aşkar olunmamışdır. Buna görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilərək cavabdehdən tutulmalı borcun məbləği də məhz ekspert rəyinə müvafiq olaraq müəyyən edilməli, əsas borc üzrə 7276,01 manat; faiz borcu üzrə 191,0 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

35. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

37. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

38. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Kollegiya hesab edir ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 103,7 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə cavabdehə aid edilməlidir.

40. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən aparılmış ekspert tədqiqatına görə ödənilməli olan 100 manat dövlət rüsumunun 89.90 manat olan hissəsi cavabdehdən, qalan 10.10 manat olan hissəsi isə iddiaçıdan tutulmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1049/2024 saylı 11 dekabr 2024cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 7276,01 (yeddi min iki yüz yetmiş altı manat bir qəpik) manat məbləğində əsas borc, 191,0 (yüz doxsan bir) manat faiz borcu olmaqla cəmi 7467.01 (yeddi min dörd yüz altmış yeddi manat bir qəpik) məbləğində pul, o cümlədən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 103,7 (bir yüz üç manat yeddi qəpik) manat dövlət rüsumunun məbləği İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Birinci instansiya məhkəməsi tərəfindən keçirilən ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 89,90 (səksən doqquz manat doxsan qəpik) manat olan hissəsi Cavabdeh, qalan 10,10 (on manat on qəpik) manat olan hissəsi isə İddiaçı ASCdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar