Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1607/2020 19.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı X2, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakları ilə X2 Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Zəfər Məsi oğluna qarşı iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdə Baki şəhəri 11 sayli notariat kontorunda təsdiq edilmiş 3M/286 reyestr nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 55 000 (əlli beş min) manat borc pul verdiyini, borcu xx.xx.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürən cavabdehin öhdəliyini icra etməməsi səbəbilə xx.xx.2018-ci il tarixdə notariat kontoruna müraciət edib icra qeydi aparılmasını istədiyini, notarius tərəfindən həmin tarixdə XK-120 saylı bildiriş ünvanlanaraq otuz gün ərzində borc məbləğinin ödənilməsi barədə məlumat verilməyəcəyi təqdirdə ondan müqavilədə göstərilən pul məbləğinin tutulması məqsədilə icra qeydi aparılacağının bildirilidyini, göstərilən müddətdə borc ödənilmədiyindən notariusun icra qeydi verərək xx.xx.2018-ci il tarixdə Nərimanov rayon icra Şöbəsinə göndərdiyini, xx.xx.2018-ci il tarixdə icra məmurunun icra sənədi üzrə icraata başladığını və borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü təmin edilməsi üçün bildiriş göndərildiyini, izahatı alınan borclunun borcu qısa müddətdə ödəyəcəyinə söz verdiyini, lakin bu vədini də yerinə yetirmədiyini, icra məmurunun təqdimatı əsasında onun polis orqanı vasitəsilə məcburi qaydada gətirilməsinin qərara alındığını, xx.xx.2018-cı il tarixli qərarla onun axtarışa verildiyini, borclunun xx.xx.2018-ci il tarixində icra məmuru vasitəsilə 2000 (iki min) manat ödəniş etdiyini, qalan 53 000 (əlli üç min) manatın qaytarılmasından isə boyun qaçırdığını, icra məmurunun da öz vəzifəsini yerinə yetirmədiyini bildirmiş, buna görə də cavabdehdən 53 000 manatın alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv, iddia tələbinin isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaçının istinad etdiyi müqavilənin yalan əqd olması, ondan borc almadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətinin təmin olunmasını, iddiaçı isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, tərəflər arasında xx xxxxx 2016-cı il tarixdə kredit müqaviləsi bağlanaraq Bakı şəhəri 11 saylı notariat kontorunda təsdiq olunmuş, müqaviləyə görə Cavabdeh xx.xx.2016-cı il tarixinədək geri qaytarmaq şərtilə Famil Tarquliyevdən 55 000 (əlli beş min) manat məbləğində borc pul almışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçının tələbi ilə notarius tərəfindən həmin müqavilədə xx.xx.2018-ci il tarixdə icra qeydi aparılaraq icra sənədi Nərimanov rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra sənədi üzrə icra icraatı başlanmış, bu icraat çərçivəsində müxtəlif icra hərəkətləri həyata keçirilmiş, borclunun məcburi gətirilməsi və axtarılması barədə qərarlar çıxarılmış, icra tədbirləri nəticəsində Cavabdeh borcunun 2000 manat hissəsini ödəmişdir. Apellyasiya baxışı zamanı icra qurumuna ünvanlanmış sorğuya verilən cavabla müəyyən edilmişdir ki, notariusun icra qeydi əsasında başlanmış icra işinin icraatına hazırkı məhkəmə icraatının mövcudluğu səbəbilə xitam verilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh iddiaçı qarşısında 55 000 (əlli beş min) manat məbləğində borc pulu qaytaracağı öhdəliyini götürməsi, onların arasında bununla bağlı müqavilənin bağlandığı, notarius tərəfindən icra qeydi verildikdən sonra 2000 manat ödəməsinə baxmayaraq öhdəliyini yerinə yetirmədiyi nəticəsinə gəlmişdir və onun apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Cavabdehin apellyasiya şikayəti əslində borc almadığı və müqavilənin görünüş üçün bağlandığı arqumenti ilə əsaslandırılsa da, kollegiya hesab edir ki, cavabdehin müvafiq müqaviləni bağlamasına səbəb olan şərait, habelə tərəflərin münasibətinin mahiyyəti hazırkı mübahisə baxımından əhəmiyyətli deyildir. Belə ki, hazırkı mübahisə konkret şəxslər arasında mövcud olan öhdəliyin yerinə yetirilməməsi səbəbi ilə yaranmışdır; həmin öhdəliyə əsas verən müqavilənin etibarsızlığını şərtləndirən hallar isə müəyyən olunmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1018/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1607/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1607/2020
19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver