Məhkəmə qərarları › İş №2(103)-1608/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1608/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1608/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X1 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6475/2022 saylı 08 dekabr 2022ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 14 fevral 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 29 dekabr 2021-ci il tarixli 3863sNAR/21 saylı Kredit Müqaviləsindən və müqaviləyə əlavə edilmiş çıxarışdan müəyyən edilir ki, cavabdehə 36 ay müddətinə illik 29 faiz olmaqla 5000 manat məbləğində kredit verilməsi təklif edillmiş və o, həmin təklifi qəbul etdikdən sonra həmin məbləğ Bank tərəfindən onun hesabına köçürülmüşdür.

2. Müqavilənin 2.10-cu bəndinə əsasən, borcalan kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdə bank borcun gecikdirdiyi hər gün üçün əsas borc məbləğinin illik 40 % miqdarında cərimə tətbiq edir.

3. Cavabdehə kredit müqaviləsinə əsasən götürülmüş öhdəliklərin icra edilməsi barədə xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 4910,9 manat əsas borc, 907,34 manat faiz borcu və 20,04 manat cərimə olmaqla, cəmi 5838,28 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 78,39 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, bank cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 29 faiz ödəmək şərti ilə 5.000 manat məbləğində kredit vermişdir. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin banka 05 oktyabr 2022-ci il tarixə 4910,9 manat əsas borc, 907,34 manat faiz borcu və 20,04 manat cərimə olmaqla, cəmi 5838,28 manat borcu yaranmışdır.

6. İddiaçının təqdim etdiyi 05 oktyabr 2022-ci il tarixli maliyyə arayışına görə cavabdehin ASC-yə 29 dekabr 2021-ci il tarixli 3863sNAR/21 saylı kredit müqaviləsi üzrə 4910,9 manat məbləğində əsas borc, 907,34 manat məbləğində faiz borcu və 20,04 manat məbləğində cərimə borcu vardır.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 dekabr 2022-ci il tarixli 2(001)-6475/2022 saylı qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia təmin edilmiş, cavabdehdən 4910,9 manat məbləğində əsas borc, 907,34 manat məbləğində faiz borcu, 20,04 manat məbləğində cərimə və 78,39 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5916,67 manat məbləğində pul vəsaitinin alınıb, iddiaçıya ödənilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh 29 dekabr 2021-ci il tarixli 3863sNAR/21 saylı Kredit Müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onu lazımınca icra etməmiş və ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə şərtlərinə uyğun qaydada və müddətdə ödəməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.1, 385.1, 386.1, 442, 445, 448.1, 465.2, 739.1, 739.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin qismən dəyişdirilməsi, ödənişin faktiki dayandırıldığı vaxtdan sonra ödənilən və faizə silinən məbləğlərin əsas borcdan silinməsi və hal-hazıra hesablanmış faizlərin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apelyasiya şikayətində göstərilmişdir ki, Mərkəzi Bankın pandemiya şəraitində kredit götürənlərə əlavə faiz və cərimələrin hesablanmasının dayandırılması barədə müvafiq göstərişi var. Halbuki bank əlavə faizlər hesablamaqla onun ödədiyi məbləğləri tam olaraq faizə silməklə onsuz da çətin olan maddi vəziyyətini daha da ağırlaşdırmışdır. Bundan başqa kreditin götürülməsi zamanı ondan əsassız tələblər üzrə heç bir qəzb vermədən 4000 manat əlavə pul alınmışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya təmin edilməsini xahiş etdi.

14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

18. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Mülki Prosessual Məcəllə

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Qətnamə tam yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

29. İddiaçı cavabdehlə bağlanmış kredit müqaviləsinə əsaslanaraq yaranmış kredit borcunun tutulmasını tələb edir.

30. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.

31. Cavabdehin apelyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla əsassızdır.

32. Pandemiyanın baş verməsi ilə bağlı Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin xx.xx.2020-ci il tarixli, 16 saylı qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”nın icrası çərçivəsində Azərbaycan Mərkəzi Bankının təklif etdiyi əlavə dəstəkləyici tədbirlərin İ hissəsinin (Koronavirus pandemiyası dövründə əhalinin, iqtisadiyyatın və bank sektorunun requlyativ tədbirlərlə dəstəklənməsi) 1-ci bəndində Fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi ilə bağlı tədbirlər sırasında Kredit öhdəliklərinin (əsas borc və faiz ödənişləri) tam və ya qismən gecikdirilməsi halında borcludan əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmamasının banklara tövsiyə edilməsi göstərilmişdir.

33. Göründüyü kimi, qərarda Mərkəzi Bank banklara tövsiyə etmişdir ki, kredit öhdəliklərinin (əsas borc və faiz ödənişləri) tam və ya qismən gecikdirilməsi halında borcludan əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişləri tutulmasın. Yəni, cavabdehin istinad etdiyi qərar tövsiyə xarakterli olmuşdur, digər tərəfdən isə hazırki işdə iddiaçı cəmi 20,04 manat cərimə tələb etmişdir.

34. O da nəzərə alınmalıdır ki, cavabdeh krediti xx.xx.2021-ci il tarixdə, yəni pandemiya ilə bağlı məhdudiyyətlər ləğv olunduqdan sonra götürmüşdür, bu səbəbdən də qeyd olunan qərara istinad etməsi əsassızdır.

35. Cavabdeh borc məbləğinin mübahisəli olması barədə də hər hansı sübut təqdim etməmişdir.

36. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir, apelyasiya şikayətində göstərilən hal qanuni və əsaslı olan qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6475/2022 saylı iş üzrə 08 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar