Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1610/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə İddiaçı oğunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-5523/2021 saylı iş üzrə qəbul etdiyi 04 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 34000 manat, Cavabdeh2 isə 46000 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 “Hyunday Sonata” markalı avtomobilini ona satmaq adı ilə 14 fevral 2020-ci il tarixdə ondan 20000 (iyirmi min) ABŞ dolları, 19.02.2020-ci il tarixdə isə 5000 (beş min) ABŞ dolları məbləğində pul almışdır. Cavabdeh2 avtomobil satışı üzrə digər şəriki, hazırki iş üzrə Cavabdeh1 25.02.2020-ci il tarixdə, 25.04.2020-ci il tarixədək qaytarmaq şərti ilə notarial qaydada ondan 34000 (otuz dörd min) manat məbləğində pulu borc götürmüşdür. Daha sonra Cavabdeh2 04 mart 2020-ci il tarixdə ondan 21000 (iyirmi bir min) ABŞ dolları məbləğində pulu 2 ay müddətinə, yəni 10 may 2020-ci il tarixdə qaytarmaq şərti ilə borc almışdır. Ümumilikdə, ondan Cavabdeh2 46000 (qırx altı min) ABŞ dolları, Cavabdeh1 isə 34000 (otuz dörd min) manat məbləğində pul almışlar. Cavabdeh2 və Cavabdeh1 qabaqcadan əlbir olaraq, onlara olan etibarından sui-istifadə edərək, onu aldadaraq ona qarşı dələduzluq cinayəti törədərək, ona külli miqdarda ziyan vurmuşlar. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 avtomobillərini ona satmaq, borc adı ilə və başqa bəhanələrlə ondan aldıqları pulları bu günə kimi qaytarmamışlar. Pullarının geri qaytarılması məqsədilə cavabdehlərlə bu barədə dəfələrlə görüşmüş, telefonla danışmış, lakin onlar hər dəfə müxtəlif bəhanələrlə söhbətlərdən yayınmış, yalanlar uyduraraq onu aldatmışlar. Göstərdiyi bütün cəhdlər boşa çıxdığından pozulmuş hüquqlarının bərpa olunması, verdiyi pulların cavabdehlərdən alınaraq ona qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-5523/2021 saylı iş üzrə qəbul etdiyi 04 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 34000 manat (otuz dörd min), Cavabdeh2 46000 ABŞ dolları (qırx altı min) məbləğində pul vəsaiti (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsinin ona aid olan hissəsində hesab edir ki, Binəqədi rayon Məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Qətnamə qəbul edilən zaman Bakı şəhəri 51 saylı Notariat ofisində bağlanmış 25.02.2020-ci il tarixli Kredit müqaviləsi əsas götürülmüşdür. İddia tələbindən irəli gələn 34000 manat pul vəsaitinin iddiaçıya qaytarılmasını müəyyən edərkən birinci instansiya məhkəməsi işin faktiki hallarına hüquqi qiymət verməmişdir. İşin faktiki halları o, İddiaçı 27000 manat borc pul götürmüş, sonradan iddiaçının təkidi ilə 7000 manat artıq məbləğlə (34000 manat) 25.02.2020-ci il tarixli Kredit müqaviləsi bağlanmışdır. Göründüyü kimi onunla iddiaçı arasında borc münasibətləri kredit müqaviləsi bağlandıqdan əvvəlki dövrə təsadüf edir və bu münasibətlər aralarında formal olaraq rəsmiyyətə salınmış və müqavilə bağlanmışdır. Aralarında bağlanan kredit müqaviləsi özlüyündə yalan əqdin olmasını etiva edir. Onunla iddiaçı arasında olmuş şifahi əqdin sonradan etiraf edici sübutlarla (kredit müqaviləsi ilə) müqayisə edilməyərək məhkəmənin səhv nəticəyə gəlməsi belə ki, birinci instansiya məhkəməsində onunla iddiaçı arasında şifahi əqd bağlayaraq razılaşma bildirilsə də bu halları araşdırmamışdır və kredit müqaviləsi üzrə hüquqi qiymət vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, tərəflər arasında əvvəldən borc münasibətləri olmuş və sonradan iddiaçının təkidi ilə, Cavabdeh1 iddiaçı ilə formal olaraq kredit müqaviləsi bağlamışdır ki, həmin müqavilə tərəflər arasında olan münasibətləri pərdələmək məqsədi daşımışdır. Bundan başqa həmin pul vəsaiti iddiaçı tərəfindən notariusun depozitinə köçürülmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, cavabdehlər avtomobil alq-satqısı ilə məşğul olmuşlar. Cavabdeh1 iddiaçıdan notarial qaydada olmaqla 34000 manat borc pul götürmüşdür, həmçinin qeyd olunan vəsait notariusun depozitinə qoyulmuşdur. Lakin Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunundan onun qətnaməni yalnız iddia tələbinin ona aid olan hissəsində mübahisələndirdiyi məlum olur. Buna görə də kollegiya qətnamənin qanuniliyini və əsaslılığını iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilmiş hissəsində yoxlayır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında 51 saylı Notarial Ofisində bağlanmış 25.02.2020-ci il tarixdə Kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 25.04.2020-ci il tarixədək qaytarmaq şərti ilə 34000 manat məbləğində pul borc vermişdir. Həmin Müqavilənin 1-ci bəndinə əsasən, “Borc verən” “Borc alana” 34000 manat məbləğində pul borc verir. “Borc verən” krediti “Borc alana” notariusun bankda olan depozit hesabı vasitəsilə ödəyir. Həmin Müqavilənin 2-ci bəndinə əsasən, “Borc alan” krediti 25.04.2020-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 3-cü bəndinə əsasən, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh1 iddiaçı qarşısında 34000 manat məbləğində borc pulu qaytaracağı öhdəliyini götürməsi, onların arasında bununla bağlı müqavilənin bağlandığı, cavabdehin həmin müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədən eləcə də Cavabdeh1 nümayəndəsi eyni zamanda vəkilinin apellyasiya baxışı zamanı verdiyi izahatından göründüyü kimi iddiaçı tərəfindən Cavabdeh1 verilmiş pul vəsaiti notariusun bankda olan depozit hesabı vasitəsi ilə ödənilmişdir. Göründüyü kimi cavabdehin qeyd etdiyi kimi onun iddiaçıya 27000 manat borcunun əvvəldən olması, sonradan isə iddiaçının təkidi ilə 7000 manat artıq məbləğlə (34000 manat) 25.02.2020-ci il tarixli Kredit müqaviləsi bağlanması barədə dəlilləri öz təsdiqini tapmamışdır. Digər tərəfdən cavabdehin, istinad edilən müqavilənin yalan əqd olması ilə dəlillərinə münasibətdə qeyd edilməlidir ki, hazırkı mübahisə konkret şəxslər arasında mövcud olan öhdəliyin yerinə yetirilməməsi səbəbi ilə yaranmışdır; həmin öhdəliyə əsas verən müqavilənin etibarsızlığını şərtləndirən əsaslar isə müəyyən olunmamışdır. Azərbaycan Respublikasə Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin Cavabdeh1 münasibətdə ləğvi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə Cavabdeh1 özünə aid edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-5523/2021 saylı iş üzrə qəbul etdiyi 04 oktyabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1610/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1610/2022
09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver