Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1611/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-6627/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ASC (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında (https://vtb.az/about-bank/documents/ saytına yerləşdirilmiş) cavabdehin xx.xx.2021-ci il tarixli “yenidən maliyyələşdirilən kreditin əsas şərtlərinə dair” ərizəsi əsasında oferta aksept qaydalarına uyğun olaraq xx.xx.2021-ci il tarixdə bağlanılmış “Nağd pul krediti” müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə illik 23,5 dərəcə ilə faiz hesablanması şərti ilə 60 ay müddətinə 8.740 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, habelə kredit məbləğinə hesablanmış faiz məbləğini, gecikməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür.
2. Tərəflər arasında imzalanmış ödəniş cədvəlinə əsasən cavabdeh 60 ay ərzində, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay 248,95 manat (sonuncu ay 251,72 manat) məbləğində ödəniş etməyi barədə üzərinə öhdəlik götürmüşdür.
3. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışlarına və hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 8.662,21 manat məbləğində əsas, 1.124,40 manat məbləğində faiz (bu tarixdən etibarən faiz borcunun hesablanması dayandırılmışdır), 973,25 manat məbləğində cərimə, cəmi 10.759,86 manat məbləğində borc yaranmışdır. Müqavilə üzrə öhdəlik xx.xx.2022-ci il tarixdən icra edilmir. Həmin müqavilə üzrə cəmi bir dəfə, yəni xx.xx.2022-ci il tarixdə 256 manat məbləğində ödəniş aparılmış və həmin ödənişin 77,79 manat hissəsi əsas, 171,96 manat hissəsi faiz, 6,25 manat hissəsi isə cərimə borcundan silinmişdir. Kredit məhsulunun növünə əsasən ilk ay illik 23,5 faiz, növbəti aylar isə 18,5 faiz dərəcəsi ilə hesablanmışdır.
4. İddiaçı tərəfindən cavabdeh göndərilmiş xx.xx.2022-ci il tarixli pretenziyaya (məktuba) əsasən cavabdehə həmin müqavilə üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, borcun 3 iş gün ərzində ödənilməsi tələb edilmiş, əks halda borcun ödənilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlərin görüləcəyi barədə ona xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2021-ci il tarixli “Nağd pul kreditinin şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqaviləyə əsasən xx.xx.2022-ci il tarixinə Banka borclu olduğu 8.662,21 manat məbləğində əsas, 1.124,40 manat məbləğində faiz, 973,25 manat məbləğində cərimə, ümumilikdə 10.759,86 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 122,28 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kredit müqaviləsi üzrə kredit müddəti bitməmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh qeyd edilən müqavilə üzrə üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka ümumilikdə 10.759,86 manat məbləğində borcu qalmışdır. Münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən borcluya dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da müqavilənin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bu səbəbdən bank müqavilə üzrə xx.xx.2022-ci il tarixdə yaranmış borcun tutulması barədə məhkəmədə iddia qaldırmışdır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 6627/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 8.662,21 manat məbləğində əsas, 1.124,40 manat məbləğində faiz və 500 manat məbləğində cərimə, cəmi 10.286,61 manat məbləğində borcun və 117 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq, İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X5)
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada bağlanmış kredit müqaviləsinə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Həmin öhdəliyin icrasını təmin etmək məqsədi ilə xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən irəli gələn 8.662,21 manat məbləğində əsas və 1.124,40 manat faiz məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, məhkəmə iddiaçı tərəfindən hesablanmış 973,25 manat məbləğində cərimənin tənasübsüz surətdə yüksək hesab etmiş və cərimə məbləğinin 500 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab etmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci, 385.1-ci, 386.1-ci, 442-ci, 445-ci, 448.1-ci, 465.2-ci, 467-ci, 739-cu maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən dəyişdirilməsi, ödənişin faktiki dayandırıldığı vaxtdan sonra ödənilən və faizə silinən məbləğlərin əsas borcdan silinməsi və hal-hazıra hesablanmış fazilərin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mərkəzi Bankın pandemiya şəraitində kredit götürünlərə əlavə faiz və cərimələrin hesablanmasının dayandırılması barədə müvafiq göstərişi var. Halbuki bank əlavə faizlər hesablamaqla onun ödədiyi məbləğləri tam olaraq faizə silməklə onsuz da çətin olan maddi vəziyyətini daha da ağırlaşdırmışdır. Hesab edir ki, ödənişin faktiki dayandırıldığı vaxtdan sonra ödənilən və faizə silinən məbləğlər əsas borcdan silinməli və hazırkı dövrədək hesablanmış faizlər silinməli idi. Tələbkar tərəfindən pandemiya dövründə olan vəziyyətə uyğun vicdanlılıq nümayiş etdirilməmiş, onun vəziyyətinin yüngülləşdirilməsi istiqamətində heç bir addım atılmamışdır. Bundan başqa, kreditin götürülməsi zamanı ondan əsassız tələblər üzrə heç bir qəbz verilmədən 4.000 manat əlavə pul alınmışdır. Göstərilən hallar məhkəmə tərəfindən araşdırılmadan əsassız olaraq iddia qismən təmin edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini və iş üzrə birinici instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən maddi və prosessual hüquq normaları
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Hazırkı apellyasiya şikayətində qətnamənin qismən dəyişdirilməsi, ödənişin faktiki dayandırıldığı vaxtdan sonra ödənilən və faizə silinən məbləğlərin əsas borcdan silinməsi və hal-hazıra hesablanmış faizlərin silinməsi xahiş olunduğundan, habelə cərimə məsələsinə də toxunulduğundan qətnamə məhz əsas, faiz və cərimə borcunun tutulması hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, cavabdehin ərizəsi əsasında oferta aksept qaydalarına uyğun olaraq onunla iddiaçı arasında (https://vtb.az/about-bank/documents/ saytına yerləşdirilmiş) xx.xx.2021-ci il tarixdə bağlanmış “Nağd pul krediti” müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə illik 23,5 dərəcəsi ilə faiz hesablanması şərti ilə 60 ay müddətinə 8.740 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, habelə kredit məbləğinə hesablanmış faiz məbləğini, gecikməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirə bilməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı, iddiaçı tərəfindən cavabdehə pretenziya (məktuba) göndərərək, həmin müqavilə üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, borcun 3 iş gün ərzində ödənilməsi tələb edilmiş, əks halda borcun ödənilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlərin görüləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin bu da bir nəticə verməmiş, öhdəlik bundan sonra da lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən iddiaçı 122,28 manat məbləğində dövlət rüsumu ödəməklə, cavabdehə qarşı iddia qaldırmış və qeyd edilən müqavilə üzrə cavabdehin xx.xx.2022-ci il tarixə 8.662,21 manat məbləğində əsas, 1.124,40 manat məbləğində faiz, 973,25 manat məbləğində cərimə borcunun yarandığını iddia edir və bu məbləğin, habelə ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb etmişdir.
22. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.
23. Aparılmış ödənişlərin əsas və faiz borcu üzrə düzgün silinməməsi arqumenti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişlər. Əksinə iş materiallarında olan və mötəbər sübut kimi qiymətləndirilmiş maliyyə arayışlarına, hesabdan çıxarış məlumatlarına və ödəniş cədvəlinə əsasən müqavilə üzrə ilk dəfə xx.xx.2022-ci il tarixdə 256 manat məbləğində ödəniş aparılmışdır. Bu ödənişin 77,79 manat hissəsi əsas, 171,96 manat hissəsi faiz, 6,25 manat hissəsi isə cərimə borcundan silinmişdir. xx.xx.2022-ci il tarixdə aparılmalı olan ilk ödəniş aparılmadığından xx.xx.2022-ci il tarixdə aparılmış ödəniş hesabına məhz xx.xx.2022-ci il tarixə yaranmış əsas və faiz borcu məbləğləri silinmişdir. Faiz borcu üzrə (171,96-171,16=0,80) 0,80 manat məbləğində fərq isə ödənişin müddət pozuntusu ilə aparılması nəticəsində faiz borcunun artması ilə bağlı olmuşdur. Bu ödənişdən sonra ümumilikdə ödənilmiş 67 manat məbləğində pul yaranmış cərimə borcundan silinmişdir.
24. Əsas borcun ümumi məbləğindən əsas borcdan silinmiş məbləğ çıxıldıqda (8.740 – 77,79 = 8.662,21) qalıq məbləğ 8.662,21 manat təşkil etmiş olur ki, bu məbləğdə iddia üzrə tələb edilən əsas borc məbləği ilə eynilik təşkil edir. xx.xx.2022-ci il tarixdən faizlərin hesablanmasının dayandırıldığı xx.xx.2022-ci il tarixədək ödənilməli olan faiz borcunun ümumi məbləği (171,16 + 133,54 + 132,14 + 130,71 + 129,26 + 127,79 + 126,30 + 124,79 + 123,25 + 40,56 (oktyabr ayından cəmi 11 gün olduğundan, xx.xx.2022ci il tarixə ödənilməli olan 121,68 manat faiz borcunun 1/3 hissəsi) = 1.239,50 manat təşkil edir. Həmin məbləğdən ödənilmiş 171,96 manat çıxıldıqda (1.239,50 – 171,96 = 1.067,54) 1.067,54 manat qalmış olur. Lakin nəzərə alınmalıdır ki, bu məbləğdə faiz borcu ödəniş cədvəli üzrə müəyyən edilmiş məbləğlərdə və müddətlərdə ödənişlər aparıldığı və hər ödənişdən sonra əsas borcun azaldığı və məhz azalmış əsas borca fai borcunun hesablanması halında yaranmış olur. Əsas borcun xx.xx.2022-ci il tarixdən dəyişilmədən, yəni 8.662,21 manat məbləğində qalması, faiz borcunun illik 18,5 dərəcə ilə məhz bu məbləğdən hesablanmasını şərtləndirir ki, nəticədə iddia üzrə tələb edilən məbləğdən də artıq faiz borcu yaranmış olur.
25. İddiaçı ilə cavabdeh arasında cərimə məbləğinin hesablanması haqqında yazılı formada razılaşma da olmuş, yəni cavabdeh ödənişlərin gecikdirilməsi nəticəsində cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən cərimə borcunun ödənilməsini tələb edir.
26. Bununla belə, faiz və cərimə borcunun hesablanması, habelə aparılmış ödənişlərin yaranmış cərimə, faiz və əsas borc üzrə silinməsi qüvəddə olan qanunvericiliyin və müqavilənin şərtlərinə uyğun aparılmışdır. Qeyd edilənlər cavabdehin bununla bağlı dəlillərinin əsassız olmasını təsdiq edir.
27. Məhkəmə kollegiyası cavabdehin pandemiya əsası ilə faiz və cərimələrin hesablanmasının dayandırılmalı olması barədə dəlillərini, habelə ondan qəbz verilmədən 4.000 manat əlavə pulun alınması barədə fikirlərini də əsassız hesab edir. Hər bir halda, cavabdehin istinad etdiyi pandemiya şəraiti kredit götürüldükdən sonra yaranmamışdır. Kredit məbləği cavabdeh tərəfindən götürülən zaman pandemiyanın daha sərt dövrü keçsə də, hələ də müəyyən məhdudiyyətlərin tətbiqi davam etmişdir. 4.000 manat məbləğində pulun alınmasını isə təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
28. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən müqavilə üzrə xx.xx.2022-ci il tarixə cavabdehin iddiaçıya məhz 8.662,21 manat məbləğində əsas, 1.124,40 manat məbləğində faiz borcu yaranmış və birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə bu məbləğdə əsas və faiz borcu tutmaqda haqlı olmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixə yaranmış əsas və faiz borcu məbləği ilə bağlı gəldiyi nəticənin dəyişdirilməsi üçün əsas yoxdur.
29. Məhkəmə kollegiyası işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit, aparılmış ödənişlərin və yaranmış borcun məbləğlərini nəzərə alıb, belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən işə baxan məhkəmə cavabdehdən tutulmalı cərimə məbləğini də ağlabatan və ədalətli həddədək azaldaraq 500 manat müəyyən etməkdə haqlı olmuşdur.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392- 393-cü, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-6627/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.