Məhkəmə qərarları › İş №2(103)-1611/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1611/2024

19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1611/2024 19.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul qarşı mülki iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4459/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilən apellyasiya şikayəti üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh İddiaçı 6000 ABŞ dolları məbləğində borc götürmüş və bu borcu xx.xx.2020-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür.

İş üzə qəbul olunmuş məhkəmə aktı

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia və tələbin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2235 ABŞ dolları əsas borcun, illik 5% hesablanmaqla 467 ABŞ dolları faiz borcu, vəkil xərci 1000 manat və rüsumun əvəzi kimi 17 manat məbləğində pulun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh xx.xx.2020-ci il tarixdə 6000 ABŞ dolları pul vəsaiti borc vermişdir. Borc alan xx.xx.2020-ci tarixli əl yazmasında borc vəsaitini xx.xx.2020-ci il tarixinədək "Borc verənə" qaytarmağı öhdəsinə götürmüşdür. Öhdəliyin icrası üçün müəyyən edilmiş vaxtdan 2 ildən çox keçməsinə baxmayaraq, cavabdeh öhdəliklərini icra etməmişdir. Həmin müddət ərzində iddiaçı öz pul vəsaitindən məhrum olmuşdur. Buna görədə həmin pul vəsaiti cavabdehdən tutularkən pul öhdəliklərinin icrası ilə bağlı müddəalar tətbiq edilməli, həmin 3 illik müddət üçün Mərkəzi Bankı uçot dərəcəsi miqdarında illik faiz hesablanmalıdır.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4459/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 2235 (iki min iki yüz otuz beş) ABŞ dolları manat məbləğində ödənilməmiş borc və cəmi 1017 (min on yeddi) manat məbləğində hüquqi yardımın göstərilməsi və etibarnamə verilməsi ilə əlaqədar çəkilmiş xərcin əvəzi alınaraq, İddiaçı verilməsi, Cavabdeh 58 manat məbləğində dövlət rüsumunun alınıb dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan Cavabdeh adından yazılmış, onun və İddiaçı tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh iddiaçıdan 6000 ABŞ dolları məbləğində borc götürmüş, həmin pulu xx.xx.2020-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, Cavabdeh yuxarıda göstərilən öhdəliyini vaxtında və lazımınca yerinə yetirməyərək, iddiaçıdan aldığı borcu qaytarmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf cavabdehdən iddia tələbinin 2235 ABŞ dolları məbləğində borcun qaytarılmasına dair hissəsinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı 6000 ABŞ dolları dolları məbləğində borc götürmüşdür və borc öhdəliyini lazımı qaydada icra etmədiyindən onun hazırda iddiaçıya 2235 ABŞ dolları məbləğində borcu qalmışdır və həmin borc iddiaçıya ödənilməlidir. Məhkəmə tələbin xx.xx.2020-ci il tarixədən hazıkı vaxtadək pul iddiaçıya qaytarılmadığı üçün hər il 5% hesablanmaqla pulun tutulması hissəsi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, iddiaçı qarşı tərəfin pul öhdəliyinin vaxtında icra edilməməsi nəticəsində ona nə kimi zərər dəydiyini göstərməmiş və buna dair hər hansı təsdiqedici sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin işdə olan, İddiaçı və Nümayəndə arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış hüquqi yardımın göstərilməsi haqqında müqavilədən və eyni tarixli ödəniş qəbzindən görünür ki, hazırkı mübahisə ilə əlaqədar iddiaçı tərəfindən sonuncuya 1000 manat məbləğində pul ödənilmişdir. İşdən o da görünür ki, ididaçı tərəfindən Nümayəndə adına etibarnamə verilməsi ilə əlaqədar 17 manat rüsum ödənilmişdir. Məhkəmə Cavabdeh qarşı iddia tələbinin əsas borcun tutulması hissəsində təmin edildiyini nəzərə alaraq hesab etmişdir ki, 1000 manat məbləğində hüquqi yardımın göstərilməsinə görə çəkilmiş xərc və 17 manat etibarnamə verilməsi ilə əlaqədar xərcin əvəzi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir

6. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-4459/2023 xx.xx.2023-cü nömrəli qətnaməsininin cavabdehdən tutulan əsas borc 2235 ABŞ dolları hissəsində ləğv edilməsini, cavabdehdən tutulan əsas borcun 3.799 Azərbaycan manatı kimi müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

7. Cavabdeh məhkəmə iclasında izahatında bildirir ki, aralarında razılıq əldə edilib və barışıq sazişi tərtib olundu. Barışıq sazişinin hüquqi nəticələri aydındır və təsdiq edilməsini xahiş edir.

8. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. İddiaçı tərəfindən elektron kabinetə əlavə edilmiş tərəflər arasında bağlanmış barışıq sazişinin məzmunu aşağıdakı kimi müəyyən edilmişdir:

1. Cavabdeh İddiaçı 3500 manat borcu vardır.

2. Cavabdeh birinci bənddə göstərilən borc məbləğini xx.xx.2024-cü il tarixdən başlayaraq ayda 500 manat olmaqla xx.xx.2024-cü il tarixədək İddiaçı ödəməyi öhdəsinə götürür.

3. Cavabdeh ödəməni bir aydan artıq gecikdirərsə birinci bənddə göstərilən borc məbləğini 30 gün müddətində tam şəkildə ödəyəcəkdir.

4. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-1611/2024 saylı mülki iş üzrə iddiasından imtina edir. 5.Sazişinin 2-ci bəndindəki öhdəlik pozularsa sazişinin təsdiq edilməsi barədə qərardad məcburi icraya yönəldilir.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. (Maddə 881.3)

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər.

12. Həmin Məcəllənin 191.2.-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.

13. Məcəllənin 261.0.5-ci maddəsində qeyd edilir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.2-ci maddəsində qeyd edilir ki, iş üzrə icraata xitam verilməsi barədə məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər

15. Məcəllənin 384.0.5-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

16. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4459/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflərin məhkəməyə təqdim etdikləri aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. Cavabdeh İddiaçı 3500 manat borcu vardır.

2. Cavabdeh birinci bənddə göstərilən borc məbləğini xx.xx.2024-cü il tarixdən başlayaraq ayda 500 manat olmaqla xx.xx.2024-cü il tarixədək İddiaçı ödəməyi öhdəsinə götürür.

3. Cavabdeh ödəməni bir aydan artıq gecikdirərsə birinci bənddə göstərilən borc məbləğini 30 gün müddətində tam şəkildə ödəyəcəkdir.

4. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-1611/2024 saylı mülki iş üzrə iddiasından imtina edir. 5.Sazişinin 2-ci bəndindəki öhdəlik pozularsa sazişinin təsdiq edilməsi barədə qərardad məcburi icraya yönəldilir. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar