Məhkəmə qərarları › İş №2(103)-1621/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1621/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1621/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qeyri-Bank Kredit Təşkilatı Məhdud Məsuliyyətli Müəssisəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4557/2023 saylı 16 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarından görünür ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı Məhdud Məsuliyyətli Müəssisəsi ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə **********0076 saylı kredit (restrukturizasiya) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sonuncuya QBKT MMM-ə olan qalıq kredit borcunu ödəməsi məqsədi ilə 4.776,6 manat məbləğində güzəştli kredit verilmişdir. Kreditin verilmə müddəti 1 il güzəştli olmaqla, 5 il müddətinə və illik 1 faiz olmaqla verilmişdir.

2. İş materiallarında olan "xxxx" MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməməsinə görə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

3. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 QBKT MMM-ə 2.649,98 manat əsas və 11,66 manat məbləğində faiz borcu vardır.

4. İşin materiallarından görünür ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı Məhdud Məsuliyyətli Müəssisəsi Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsinə dair xəbərdarlıq göndərmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Qeyri-Bank Kredit Təşkilatı Məhdud Məsuliyyətli Müəssisəsi Cavabdeh1 və Cavabdeh2 qarşı – cavabdehlərdən müştərək qaydada 2.746,99 manat əsas, 14,65 manat faiz borcu olmaqla, cəmi 2.761,64 manat kredit borcunun və ödənilmiş 47,62 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı “FİNCA Azerbaijan" MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0076 saylı, Azarbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xx.xx.2019-cu it tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit (restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 4.776,6 manat qalıq məbləğin illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəlmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 4,11 manat, dörd il müddətində isə hər ay 101,59 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsinə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli **********0***- ******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur.

7. İddiaçı Qeyri-Bank Kredit Təşkilatı Məhdud Məsuliyyətli Müəssisəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2.649,98 manat əsas, 11,66 manat faiz borcu olmaqla, cəmi 2.661,64 manat kredit borcunun və ödənilmiş 47,62 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4557/2023 saylı 16 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddianın təmin edilməsi, 2.649,98 (iki min altı yüz qırx doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində əsas borc, 11,66 (on bir manat altmış altı qəpik) faiz borcu olmaqla, cəmi 2.661,64 (iki min altı yüz altmış bir manat altmış dörd qəpik) manat borc məbləği və 46,62 (qırx altı manat altmış iki qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı Qeyri-Bank Kredit Təşkilatı Məhdud Məsuliyyətli Müəssisəsinə ödənilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 470.1, 472.2, 739.1, 739.2 və 740.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qetnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə şərtlərinə uyğun olaraq müvafiq aylar üzrə ödənişlər həyata keçirilmişdir. Lakin məhkəmə tərəfindən həmin ödənişlər nəzərə alınmamışdır. Nəticə etibarilə apellyatorun müqavilə üzrə öhdəliyinin icrasına hüquqi qiymət verilməmişdir. Bu isə birbaşa hüquq pozuntusu deməkdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, "xxxx" MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış **********0***-******* saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməməsinə görə məsuliyyət daşımağı öz öhdəsinə götürmüş və xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 QBKT MMM-ə 2.649,98 manat əsas və 11,66 manat məbləğində faiz borcu vardır. Lakin məhkəmə təqdim edilmiş maliyyə arayışı əsasında hesablanmış əsas və faiz borcunun nə dərəcədə doğru olub-olmamasını araşdırmadan qanunsuz və əsassız olaraq qətnamə qəbul edilmişdir. Belə ki, cavabdehin hesablamalarına görə əsas borc iddiaçının iddia etdiyi borc məbləğindən daha az olmalıdır. Bu baxımdan Xətai rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Birinci instansiya məhkəməsi heç bir ekspertiza keçirmədən qətnamə qəbul etmişdir. Nəticədə iş natamam araşdırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 6.2 fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər;

15. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

16. Maddə 386.1 öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

17. Maddə 425.1 öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

18. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

19. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 448.2-ci maddəsinə əsasən: borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

21. Maddə 470.1 zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

22. Maddə 472.2 əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır

23. Maddə 739.1 borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

24. Maddə 739.2 borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

25. Maddə 740.1 qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

26. Maddə 741 əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Maddə 394-1.3. apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Hazırkı halda qətnamə cavabdehlərdən yalnız Cavabdeh2 tərəfindən mübahisələndirilsə də, apellyator qətnamənin bütövlükdə ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4557/2023 saylı 16 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 iddiaçı "xxxx" MMM QBKT-dan aldğı krediti və ona hesablanmış faizləri vaxtında ödəməmişdir. Buna görə də, iddiaçı ödənilməli olan məbləğlərin məhkəmə qaydasında tutulması üçün müraciət etməkdə haqlı olmuşdur. İş üzrə iddiaçı kredit müqaviləsində qeyd olunan məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur.

37. İş materiallarında olan "xxxx" MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməməsinə görə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

38. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirmədiyindən, digər Cavabdeh2 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Odur ki, kredit müqaviləsi üzrə borc cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

39. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 QBKT MMM-ə 2.649,98 manat əsas və 11,66 manat məbləğində faiz borcu vardır. Apellyator şikayətində maliyyə arayışının düzgün olmamasını bildirsə də, bunun əsasının “öz hesablaması” olduğunu bildirmiş, hər hansı təsdiqedici fakt (arayış, ödəniş qəbzi və s.) təqdim edə bilməmişdir.

40. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətində qeyd etdiklərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinin tələbi baxımından hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair qənaəti qanuni və əsaslı olmuşdur.

42. Məhkəmə kollegiyası həmçinin izah edir ki, qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4557/2023 saylı 16 oktyabr 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar