Məhkəmə qərarları › İş №2(103)-1624/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1624/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1624/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin (əvvəlki adı İddiaçı İKB ASC) nümayəndələri X7 və X2 iştirakları ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(011)-8927/2019 saylı qətnaməsindən cavabdeh Azərbaycan X1 Yardım İctimai Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC) cavabdehlər Azərbaycan Bolqanstan X3 İctimai Birliyinə və Cavabdeh2 qarşı “börcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 10.07.2015-ci il tarixli, 6- BİZ-2-0-504-15 saylı kredit müqaviləsi üzrə 13.08.2015-ci il tarixli, 23-G1-1-0-438-15 saylı kredit müqaviləsi üzrə 7376,26 ABŞ dolları əsas, 4994,96 ABŞ dolları faiz, 589,70 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 10.07.2018-ci il tarixdən 11.10.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 462,15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 13423,07 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, 10.07.2015-ci il tarixli, 6-BİZ-2-0-504-15 saylı kredit müqaviləsinə əsasən Azərbaycan Bolqanstan X3 İctimai Birliyi “xxxx” ASC-dən (əvvəlki adı İddiaçı İKB ASC) 24 faizlə 36 ay müddətinə 12000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 18.03.2016-cı il tarixli əlavə sazişə əsasən kreditin müddəti 13.03.2021-ci il tarixinədək uzadılmışdır. Borcun təminatı olaraq, Cavabdeh2 ilə 10.07.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 11.10.2019-cu il tarixədək Azərbaycan Bolqanstan X3 İctimai Birliyinin kredit müqaviləsi üzrə banka 7376,26 ABŞ dolları əsas, 4994,96 ABŞ dolları faiz, 589,70 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 10.07.2018-ci il tarixdən 11.10.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 462,15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 13423,07 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(011)-8927/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Azərbaycan Bolqanstan X3 İctimai Birliyindən və Cavabdeh2 müştərək qaydada 10.07.2015-ci il tarixli, 6-BİZ-2-0-504-15 saylı kredit müqaviləsi üzrə 7376,26 ABŞ dolları əsas, 4994,96 ABŞ dolları faiz, 59,70 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 10.07.2018-ci il tarixdən 11.10.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 462,15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 12893,07 (on iki min səkkiz yüz doxsan üç dollar yeddi sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc və ödənilmiş dövlət rüsumunun 28,80 (iyirmi səkkiz manat səksən qəpik) manat hissəsi “xxxx” ASC-nin (əvvəlki adı İddiaçı İKB ASC) xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh “Azərbaycan-X1 Yardım” İctimai Birliyi apellyasiya şikayəti verərək, qətnamənin qismən-yəni iddia tələbinin əsas borcun, faiz borcunun və əldən çıxmış faydanın tutulması hissəsində ləğv edilməsinə və həmin hissələrdə iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC) ilə “Azərbaycan-X1 Yardım” İctimai Birliyi arasında bağlanmış 10.07.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə tərəflərin razılaşdırdığı ödəniş qrafıkinə əsasən İctimai Birlik tərəfindən həmin kredit müqaviləsi üzrə 36 ay müddətinə 12000 ABŞ dolları əsas borc, 4948,59 ABŞ dolları faiz borcu, cəmi 16948,59 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi razılışdırılmışdır. Beləliklə, “Azərbaycan-X1 Yardım” İctimai Birliyi arasında bağlanmış 10.07.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə öhdəliyinin həcmi həmin Ödəniş Qrafıkində müəyyən edilmiş məbləğdən ibarətdir. “Azərbaycan-X1 Yardım” İctimai Birliyi tərəfindən həmin kredit müqaviləsi üzrə ümumilikdə 8925 ABŞ dollarından artıq məbləğdə ödəniş edilmişdir. Buna baxmayaraq “xxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC) qeyd olunan ödənişi nəzərə almayaraq kredit üzrə əsas və faiz borcu üzrə ümumilikdə 12371,22 ABŞ dolları məbləğində borc tələb olunur. Yuxarıda qeyd olunan kimi, “Azərbaycan-X1 Yardım” İctimai Birliyi arasında bağlanmış 10.07.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə öhdəliyinin həcmi, həmin Ödəniş Qrafıkində müəyyən olunmuş məbləğdən, yəni 12000 ABŞ dolları əsas, 4948,59 ABŞ dolları faiz olmaqla, cəmi 16948,59 ABŞ dolları məbləğin ödənilməsindən ibarətdir. Belə olan halda ödənilmiş 8925 ABŞ dolları nəzərə alındıqda, o zaman ödəmə qrafiki üzrə qalıq borc 8023,59 ABŞ dolları təşkil edir. Buna baxmayaraq iddiaçı tərəfindən ödəmə qrafıkində nəzərə tutulmuş öhdəlikdən kənar 4347,63 ABŞ dolları məbləğdən artıq pul vəsaiti tələb olunur. Qeyd olunan xüsusatlar məhkəməyə təqdim olunmuş iddia tələbinə dair etirazda, həmçinin ödəniş qəbzləri və Ödəniş Qrafıkində qeyd edilib təsdiq olunmağına baxmayaraq, işə baxan birinci instsansiya məhkəməsi qeyd olunan xüsusatlara və təqdim edilmiş sənədlərlə sübut olunmuş hallara münasibət bildirməmiş, bununla da Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinin pozulmasına yol verərək iddia tələbinin qismən təmin edilməsinə dair qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(011)-8927/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qərarı ilə “Azərbaycan-X1 Yardım” İctimai Birliyi tərəfindən verilmiş kassasiya təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” ASC-nin (əvvəlki adı İddiaçı İKB ASC) nümayəndələri X7 və X4 apellyasiya şikayətini qəbul etməyərək, ekspert rəyi ilə razılaşmayaraq, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(011)-8927/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin əsas borcun, faiz borcunun və əldən çıxmış faydanın tutulması hissəsində qanunililiyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndələrinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(011)-8927/2019 saylı qətnaməsi faiz borcu, dövlət rüsumu və cəmi məbləğ hissələrində dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC) ilə Azərbaycan Bolqanstan X3 İctimai Birliyi arasında bağlanmış 10.07.2015-ci il tarixli, 6-BİZ-2-0-504-15 saylı kredit müqaviləsindən görünür ki, borc alana illik 24 faizlə 36 ay müddətinə 12000 ABŞ dolları məbləğində kredit verilmişdir. “xxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC) ilə Cavabdeh2 arasında bağlanmış 10.07.2015-ci il tarixli, 6-BİZ-2-0-504-15 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin borcalanın bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür və bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan “xxxx” ASC-nin (əvvəlki adı İddiaçı İKB ASC) maliyyə arayışından göründüyü kimi, Azərbaycan Bolqanstan X3 İctimai Birliyinin 10.07.2015-ci il tarixli, 6-BİZ-2-0-504- 15 saylı kredit müqaviləsi üzrə borcu 08.01.2018-ci il tarixə 7376,26 ABŞ dolları əsas, 4994,96 ABŞ dolları faiz, 589,70 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 10.07.2018-ci il tarixdən 11.10.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 462,15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 13423,07 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 22.11.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı İKB ASC-nin adı “xxxx” ASC adına dəyişdirilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. MM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-nin 472.1-ci və 472.3-cü maddələrinə görə borc zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı tərəfindən müqavilə şərtləri yerinə yetirilərək, kredit məbləği cavabdehə verilmiş, cavabdeh tərəfindən müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulduğu, müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb etməkdə haqlıdır. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən borc məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməməklə, iddiaçının iddia ərizəsində göstərdiyi əsas və faiz borcu məbləğinin tutulması barədə qətnamə qəbul edilmiş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən yol verilən hüquq pozuntusuna qiymət verməməklə bərabər, Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin 392-ci maddəsinin tələblərini pozaraq, cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərə prosessual qanunvericiliyin tələbləri baxımından ümumiyyətlə hüquqi qiymət vermədən və apellyasiya şikayətində irəli sürülmüş dəlilləri hansı saslarla qəbul etmədiyini ümumiyyətlə göstərmədən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya yuxarı instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli 9/1522 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Bolqanstan X3 İctimai Birliyi ilə “xxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC) arasında bağlanmış 10.07.2015-ci il tarixli, 6 –BİZ-2-0-504-15 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu 10.07.2018-ci il tarixə əsasən əsas borc üzrə 10 220,24 ABŞ dolları, faiz borcu 2 704,72 ABŞ dolları, 11.10.2019-cu il tarixinə əsasən əsas borc üzrə 10 220,24 ABŞ dolları, faiz borcu üzrə 1 687,93 ABŞ dolları müəyyən edilmişdir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, əsas borcun 7376,26 ABŞ dolları məbləğində tutulması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur. Buna görə də, əsas borc məbləği ilə bağlı hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Ekspert rəyi nəzərə alınmaqla, kollegiya faiz borcunun məbləği ilə bağlı hissədə qətnamənin dəyişdirilərək, 1687,93 ABŞ dollarının tutulması qənaətinə gəlir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlili olan kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz məbləğ ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin, icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikcə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İşin materiallaından göründüyü kimi, kredit müqaviləsinin müddəti 10.07.2018-cı ildə bitmişdir. Maliyyə arayışı isə 11.10.2019-ci ildə verilmişdir. 10.07.2018-ci ildən 11.10.2019-cu il tarixədək olan müddət 478 gün təşkil edir. Buna görə də, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz məbləği 489 ABŞ dolları (7376,26 ABŞ dolları əsas borc x 5% : 360 gün x 478 gün=489 ABŞ dolları) ABŞ dolları təşkil edir. Göründüyü kimi kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz 489 ABŞ dolları təşkil etdiyi halda, birinci instansiya məhkəməsi iddia tələbi həcmində 462,15 ABŞ dolları müəyyən etməklə güzgün nəticəyə gəlmişdir. Bu hissədə cavabdeh tərəf həmin məbləğin çoxluğundan apellyasiya şikayəti verdiyindən, həmin məbləğin məhkəmə tərəfindən çox tutulması tutulması müəyyən olunmur. Buna görə də, qətnamə müqavilə müddəti bitdikdən sonra 5%-lə 462,15 ABŞ dolları əldən çıxmış faydanın tutulması hissəsində əsaslı olduğundan, dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi, faiz borcunun dəyişdirilməsi cəmi məbləğə təsir göstərdiyindən, cəmi məbləğ dəyişdirilərək, 9586,4 ABŞ dolları müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, qətnamə cavabdehlərdən tutulmalı olan 28,80 manat dövlət rüsumu hissəsində dəyişdirilməli, dövlət rüsumu 21,3 manat müəyyən edilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 35,5 manatı müştərək qaydada cavabdehlərdən, 14,5 manatın iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Azərbaycan Bolqanstan X3 İctimai Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(011)- 8927/2019 saylı qətnaməsi mübahisələndirilən- faiz borcu, cəmi borc və dövlət rüsumu ilə bağlı hissələrdə dəyişdirilsin. Faiz borcu 1687,93 (min altı yüz səksən yeddi ABŞ dolları doxsan üç sent) ABŞ dolları, cəmi borc 9586,04 (doqquz min beş yüz səksən altı ABŞ dolları, dörd sent) ABŞ dolları, dövlət rüsumu 21,3 (iyirmi bir manat otuz qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə- 7376,26 ABŞ dolları əsas və kredit müqaviləsi üzrə 10.07.2018-ci il tarixdən 11.10.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 462,15 ABŞ dolları məbləğində əldən çıxmış fayda hissələrində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manatın- 35,50 (otuz beş manat əlli qəpik) manatı müştərək qaydada cavabdehlər Azərbaycan Bolqanstan X3 İctimai Birliyi və Cavabdeh2, 14,50 (on dörd manat əlli qəpik) manatı iddiaçı “xxxx” ASC-dən (əvvəlki adı İddiaçı İKB ASC) alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar