Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1627/2020 11.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair Yasamal Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehləndən avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 15615 manatın tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, “Hyundai İ-30” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomaşını “xxxx” KB ASC-dən götürülmüş 17.061 dolları məbləğində kreditlə 2010-cu ildə almışdır. Maddi çətinliklə əlaqədar avtomaşını satmaq qərarına gəlmiş, krediti ödəməyə davam etmək şərti ilə avtomaşını etibarnamə əsasında Cavabdeh1 vermişdır. 12.05.2011-ci il tarixdə bankın ona pretenziya məktubu gəldikdə məlum olmuşdur ki, Cavabdeh1 ondan götürdüyü etibarnamə ilə avtomaşını digər Cavabdeh2 vermiş, o da, qəza törədərək avtomaşını yararsız hala salmış və avtomaşın cərimə meydançasına qoyulmuşdur. Cavabdeh1 vurulmuş ziyanı tələb etdikdə o, zərəri ödəməkdən imtina etmişdir. Bu məqsədlə məhkəmədə iddia qaldırmış, ilk olaraq Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə iddiası təmin edilmiş, lakin Bakı Apellyasiya Məhkəməsi həmin iddianı rədd etmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi də həmin qətnaməni qanuni hesab edərək qərarında cavabdehlərdən banka olan borcunu deyil, avtomaşınına faktiki olaraq dəymiş ziyanı tələb edə biləcəyini göstərmişdir. Bu müddət ərzində bankın qaldırdığı iddia əsasında Sumqayıt Şəhər Məhkəməsinin qəbul etdiyi qətnaməyə görə bankın borcunu tam ödəmişdir. Lakin cavabdehlər avtomaşınına vurulmuş ziyanı ödəməmişlər. “Mərcan” avtomobil təmiri firmasında avtomaşına dəymiş ziyanın ümumi məbləği 15615 manat müəyyən edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-2389/2019 №-li mülki iş üzrə 06 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin еdilmiş,cavabdehlərdən müştərək qaydada vurulmuş maddi ziyana görə 13.046 manat və ödənilmiş dövlət rüsumunun 24,90 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyərinin 99,60 manat hissəsinin cavabdehlərdən, 20,40 manat hissəsinin iddiaçıdan tutulub dövlət büdcəsinə köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayətləri verərək qətnamənin ona aid hissədə ləğv olunmasını, həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 3 illik iddia müddətini ötürüb. Belə ki, iddiaçı hadisənin baş verdiyi 12.03.2011-ci ildən 8 il 4 ay sonra, Ali Məhkəmənin 04.12.2013-cü il tarixli qərarından isə 5 il 8 ay sonra məhkəmədə iddia qaldırıb. Qəza zamanı avtomobil Cavabdeh2 sahibliyi və istifadəsində olub. Ona görə də o avtomobilə dəymiş zərərə görə məsuliyyət daşımır. Belə ki, iddiaçının adından təmsilçiliyi həyata keçirərək etibarnamə əsasında avtomobili Rəna Babayevanın sahibliyinə verib. Apellyasiya baxışı zamanı Cavabdeh1 nümayəndəsi-vəkili şikayəti müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh1 qarşı təmin olunan hissəsininqanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı və digər cavabdeh mübahisələndirməmiş, Cavabdeh1 apellyasiya şikayəti verməklə qətnamənin ona aid hissədə ləğv olunmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, iddia həmin hissədə rədd edilməlidir. İşin halları ondan ibarətdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12.05.2011ci il tarixli, 3(007)-420/2011 saylı qərarı ilə Cavabdeh2 12.03.2011-ci il tarixdə “Hyundai İ- 30” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətməkdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə(nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) təqsirli bilinmiş və 140 manat məbləğində cərimə edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 29.12.2011-ci il tarixli, 2(060)-4687/2011 saylı qətnaməsi ilə iddiaçı “xxxx” KB ASC-nin cavabdeh İddiaçı qarşı kreditin və kredit faizlərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə cəmi 14659,78 ABŞ dolları məbləğində pulun və 20 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan **-CC-*** dövlət nömrə nişanlı Hyundai i-30 minik avtomaşına yönəldilərək alınaraq, hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmişdir. İddiaçı cavabdehlər Cavabdeh2 və Yaşar Hüsyeynova qarşı 17659,78 ABŞ dolları məbləğində ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 16 mart 2012-ci il tarixli qətnaməsi ilə tələbi qismən təmin edilmiş, dəymiş ziyanın əvəzi olaraq cavabdehlərdən müştərək qaydada 14679,78 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28.06.2013-cü il tarixli, 2(103)-2517/2013 saylı qətnaməsi ilə həmin qətnamə ləğv edilərək iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04.12.2013-cü il tarixli, 2(102)-4458/2013 saylı qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, İddiaçı yeni hüquqi əsasa görə avtomobilə vurulmuş zərərin məbləği müəyyən edilməklə, konkret ziyan məbləğinə görə yenidən məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.07.2019-cu il tarixlı, 13815 saylı rəyi ilə avtomobilin təmir-bərpa xərci 13.046 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən avtomaşının etibarnamə əsasında Cavabdeh1 verilməsini, digər Cavabdeh2 yol-nəqliyyat hadisəsi törətməsini və Azərbaycan Respublikası İXM-nin (qüvvədəndüşmüş) 152.4-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilməsini, həmçinin, ekspert rəyi ilə avtomobilə vurulmuş ziyanın məbləğinin 13046 manat müəyyən edilməsini nəzərə alaraq həmin məbləğdə vurulmuş ziyanın cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, Mülki Məcəlləyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər (maddə 1108.1, 1108.2). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 verdiyi etibarnamə əsasında sonuncu ona etibar edilmiş avtonəqliyyat vasitəsini digər şəxsin idarəçiliyinə etibar edərək, yəni Cavabdeh1 iddiaçının adından hərəkət edərək avtomobili digər cavabdehin – R.Babayevanın sahibliyi və istifadəsinə vermişdir. R.Babayeva tərəfindən avtomobil idarə edilərkən onun təqsiri üzündən törədilmiş delikt nəticəsində iddiaçıya maddi zərər vurulmuşdur. Cavabdeh Y.Cavabdeh1Hüseynov qanuni sahibliyində olan avtonəqliyyat vasitəsini idarə etməyi iddiaçının ona verdiyi hüquq əsasında digər şəxsə etibar etdiyindən deliktin törədilməsində təqsirli deyildir. Ona görə də tələb edilən zərərin Cavabdeh1 tutulmasına hüquqi əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən hissədə iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində ləğv edilməli, iddia Cavabdeh1 qarşı təmin olunmuş hissəsində rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2389/2019 saylı mülki iş üzrə 06 sentyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1627/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1627/2020
11.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver