Məhkəmə qərarları › İş №2(103)-1630/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1630/2025

24.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1630/2025 24.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: zərər tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh MTK-nın vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-463/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh «Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh MTK və İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 67.39A.21 saylı müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda Mülkiyyətçiyə məxsus mənzilin söküntüsü və bu sahədə yeni yaşayış binası tikintisini həyata keçirərək. xx.xx.2019-cu il tarixində Cavabdeh MTK Mülkiyyətçinin sökülmüş mənzilinin əvəzində ona D girişi 4-cü mərtəbədə ümumi sahəsi 55,1 kv.m olan 1 (bir) otaqlı təmirsiz mənzili Mülkiyyətçiyə təhvil verməyi, Mülkiyyətçi isə həmin təmirsiz mənzili qəbul etməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixindən Mülkiyyətçi İddiaçı D girişi 4-cü mərtəbədə yerləşən sahəsi 55.1 kv.m olan mənzili 1 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Kontorunda reyestr nömrəsi №8i-30152 ləğv edərək Cavabdeh MTK-ya təhvil verdi, əvəzində D girişi 16-cı mərtəbədə yerləşən ümumi sahəsi 76.1 kv.m olan 103 saylı mənzilin Mülkiyyətçisi olmaq istəmişdir. Cavabdeh MTK Mülkiyyətçi ilə qarşılıqlı razılığa gələrək, daxili ölçüləri 70 kv.m, oxlar üzərində olan ölçüləri isə 76.1 kv.m mənzili İddiaçı verildi. xx.xx.2019-cu il tarixdə verilmiş mənzil ilə xx.xx.2021-ci il tarixində verilmiş mənzil arasında fərq yaranmışdır. Yaranmış fərq (70-55=15 kv.m) təşkil edir. Mülkiyyətçi yaranmış fərqi 15x1300=19500 AZN, ilin sonunadək (2021-ci il dekabr ayının 30-dək) ödəməyi öhdəsinə götürür.

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, yeni qaydalarla AZ1007, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 155, M16, ümumi sahəsi 56.30 kv.m olan 5 saylı mənzil İddiaçı tam payda xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qeyd aparılmışdır.

3. Müqavilə şərtlərinə Cavabdeh MTK tərəfindən əməl edilməyərək müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyi üçün İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan artıq ödənilən məbləğ 19500 manat, vurulmuş zərər olaraq gediş gəliş biletinin ödənişi olan 1863 manatın, əldən çıxmış fayda olaraq 15000 manatın və mənəvi zərər olaraq 2000 manatın, ümümlikdə 38363 manat pul vəsaitinin, həmçinin 206 manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə aralarında xx.xx.2021-ci il tarixdə 67.39A.21 saylı müqavilə bağlanmışdır. Qeyd olunan müqavilənin 1.1-ci bəndinə əsasən ünvan 2 ünvanında yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan binalarda ona məxsus mənzilin söküntüsü və bu sahədə yeni yaşayış binası tikintisini həyata keçirərək xx.xx.2019-cü il tarixdə Cavabdeh ona sökülmüş mənzilin əvəzində D-girişi 4-cü mərtəbədə ümümi sahəsi 55.1 kv.m olan 1 otaqlı təmirsiz mənzili təhvil verməyi, o, isə təmirsiz mənzili öhdəsinə götürməyi qəbul etmişdir. Lakin evin kv.m kiçik olduğu üçün ödəniş etməklə kv.m sahəsi böyük olan digər evin alınması üçün Cavabdeh MTK-ya müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə o, D girişi 4-cü mərtəbədə yerləşən sahəsi 55.1 kv.m olan mənzili 1 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat Kontorunda reyester nömrəsi № 8i-30152 ləğv edərək Cavabdeh MTK-ya təhvil vermiş, əvəzində D girişi 16-cı mərtəbədə yerləşən ümümi sahəsi 76.1 kv.m olan 103 saylı mənzili əldə etmişdir. MTK ilə qarşılıqlı razılığa gələrək, daxili ölçüləri 70 kv.m, oxlar üzərində olan ölçüləri isə 76.1 kv.m mənzil ona verilmişdir. xx.xx.2021-ci il tarixli, 67.39A.21 saylı müqavilədə də qeyd olunduğu kimi, xx.xx.2019-cü il tarixdə verilmiş mənzil ilə xx.xx.2021-ci il tarixdə verilmiş mənzil arasında fərq yaranmışdır. Yaranmış fərq (70-55=15 kv.m) təşkil etmişdir. Yaranmış fərqi 15x1300=19500 manat, ilin sonunadək yəni 2021-ci il dekabr ayının 30- dək ödəməyi öhdəsinə götürmüşdür. Tərəfindən müqavilənin 1.1-ci bəndinə əməl olunmuş, qeyd edilən mənzilin tam dəyərini ödəmiş, lakin MTK müqavilənin şərtlərinə əməl etməmiş, kobud şəkildə pozmuşdur. Müqavilədə mənzilin kv.m 76.1 kv.m qeyd olunsa da, çıxarışda mənzilin kv.m sahəsi 56.30 kv.m olduğu məlum olmuşdur. xx.xx.2021-ci il tarixli, kassa mədaxil orderinin qəbzindən görünür ki, D bloku 16-cı mərtəbə 103-cü mənzil üçün 19500 manat pul ödənilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, tərəfindən "xxxx" MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 155 ünvanında inşa olunan “D” binası,16-cı mərtəbə, 103 nömrəli 1 otaqlı ümümi sahəsi 76.1 kv.m olan mənzilin dəyəri tam ödənilmiş və kooperativə borcu yoxdur. Lakin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X6 şəxsindən ona təqdim olunmuş çıxarışdan görünür ki, AZ1007, ünvan 3 ünvanında olan mənzil 56.30 kv.m. O, 76.1 kv.m mənzil ücün 19500 manat pul ödədiyi halda, aldığı yaşayış sahəsinın kv.m 56.30-dur. Müəyyən edilmiş uyğunsuzluğun aradan qaldırılmasına və artıq ödəniş məbləginin 19500 manat ona geri qaytarılması ilə bağlı cavabdehə ərizə ilə müraciət etməsinə baxmayaraq, cavab verilməmişdir. O, X2 yaşayır və oranın vətəndaşıdır. Aylıq gəliri ortalama 15100 manat təşkil edir. Dəfələrlə o, Azərbaycana gəlib, qeyd olunan şirkətə borcunu ödəmişdir. Son dəfə mənzilin dəyişdirilə bilməsi üçün MTK-ya gəlməli olduğu təkid edilmiş və məcbur qalıb bilet alıb Bakıya gəlmiş və ödənişi nağd etmişdir. 1 aydan artıq olaraq Bakıda qalaraq şirkətlə pulun geri qaytarılması ilə məşğul olmuş və nəticədə vəkil tutmaq məcburiyyətində qalmışdır. Bu zaman qalığı içərisində o, əmək fəaliyyətindən məhrum olmuşdur. Biletə isə 1863 manat pul vermişdir. Həmçinin MTK-ya 19500 manat pul ödəsə də, mənzilin kv.m sahəsi müqavilədə qeyd olunandan az olduğu müəyyən olunmuşdur. Bu dövr ərzində aldandığını anladığında bir neçə dəfə mənəvi sarsıntı keçirmişdir. Burada qalmaq məcburiyyətində qaldığından işləri Amerikada yarım qalmışdır. MTK-nin icraçı direktoru B.C.Məmmədov olsa da, bütün danışıqları Cəfərov Əmiraslan ilə olmuşdur. Bütün mənzil alıcıları binanın sahibi kimi məhz Cəfərov Əmiraslanı tanımaqdadır. Artıq ödənilən məbləğ 19500 manat, vurulmuş zərər olaraq gediş-gəliş biletinin ödənişi olan 1863 manatın, əldən çıxmış fayda olaraq 15000 manatın və mənəvi zərər olaraq 2000 manatın, ümümlikdə 38.363 manat pul vəsaitinin, həmçinin 206 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır.

6. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, Cavabdeh MTK-dan vurulmuş maddi zərərin əvəzi olaraq (mənzil sahəsinin fərqi 13,7 kv.m üçün) 31510 manat (19500 manat olan hissəsi maddi zərər, 12010 manat olan hissəsi isə maddi zərərə daxil olan əldən çıxmış fayda), həmçinin vurulmuş maddi zərər olaraq gediş-gəliş biletinin ödənişi olan 1863 manatın, əldən çıxmış fayda olaraq 15000 manatın (işləmədiyi dövr üçün) və mənəvi zərər olaraq 2000 manatın, ümümlikdə 50373 manat pul vəsaitinin, həmçinin 250 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – məhkəmə) 2(005)- 463/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MTK-dan maddi zərərə görə 15,405 ( on beş min dörd yüz beş) manat, maddi zərərə daxil olan əldən çıxmış faydaya görə 11,850 (on bir min səkkiz əlli) manat, mənəvi zərərə görə isə 300 ( üç yüz) manat olmaqla, cəmi 27555 (iyirmi yeddi min beş yüz əlli beş) manat və 136,75 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 113,25 manat hissəsinin iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun cavabdeh "xxxx" MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabımna köçürülməsi qət edilmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarında aydın olur ki, Cavabdeh MTK tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı ümumi sahəsi 76,1 kv.m olan mənzil verməyi öz öhdəsinə götürsə də, ümumi sahəsi 56.30 kv.metr olan mənzil vermişdir. Bununla da Cavabdeh MTK müqavilə üzrə öhdəlikllərini lazımi qaydada icra etməmiş, İddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, mülki işin araşdırılması nəticələrini əsas götürüb, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəylərini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlmişir ki, bağlanmış müqavilədə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 155 ünvanında inşa olunan hündürmərtəbəli yaşayış binasının “D'’ girişinin, 16-cı mərtəbəsində yerləşən, 1 otaqlı, 103 nömrəli mənzilinin daxili ölçülərinin faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq edilmədən 58,5 kv.m, oxlar üzərində ölçülərinin isə 76,1 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bu da öz növbəsində iddia tələbinin qismən əsaslı olmasını şərtləndirir. Məhkəmə iddia tələbinin mənzilin əksik olan sahəsinə görə ödənilmiş 19500 manat pul hissəsində qeyd etmişdir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, mənzilin müqavilə üzrə razılaşdırılmış şərtlərinə görə daxili ölçüsü 70 kv.m nəzərdə tutulmuş, lakin faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq edilmədən (Azərbaycan respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024 və xx.xx.2024-cü il tarixli ekspert rəylərinə əsasən) 58.5 kv.m olduğu müəyyən edilmişdir. Göründüyü kimi müqavilədə qeyd edilən və faktiki ümumi sahə arasında fərq 11.85 kv/m təşkil edir. Mübahisə predmeti olan mənzilin müqavilədən göründüyü kimi təmirsiz olaraq dəyəri 1 kv.m üçün 1300 manat məbləğində razılaşdırılmışdır. Belə olan halda sahə fərqinə görə ödənilməli ümumi məbləğ 15405 manat (11.85 kv/metr x1300 manat =15405 manat) təşkil edir. İddiaçı 15 kv.m sahə fərqinə görə 19500 manat tələb etsə də, (lakin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində əksik sahənin 13,7 kv/metr olduğunu bildirib cavabdehdən 17810 manat maddi ziyanın əvəzini tələb edir), lakin məhkəmə araşdırması zamanı fərqin 11,85 kv.m olduğu müəyyən edilmiş, iddiaçı tərəfindən iddianın qeyd edilən hissədə tam təmin edilməsi üçün sübut təqdim edilməmişdir. 9.Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya görə pul tələbi hissəsində qeyd etmişdir ki, iddia həmin hissədə də, qismən təmin edilməlidir. Belə ki, əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Adi mülki dövriyyə şəraiti dedikdə isə öncədən görülməsi mümkün olmayan halların və qarşısıalınmaz qüvvənin təsir etmədiyi bazarın tipik fəaliyyət şəraiti nəzərdə tutulur. Hazırki iş üzrə cavabdeh daxili ölçüsü 70 kv.m olan mənzili iddiaçıya verməyi öhdəsinə götürsə də, faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq edilmədən 58.5 kv.m olan mənzil təhvil vermişdir. Yuxarıda da, qeyd edilən kimi cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etməmiş və sahəsi 11.85 kv.m az olan mənzili təhvil vermişdir. İddiaçının həmin mənzilə münasibətdə hüququnu pozmuş və nəticədə iddiaçı müvafiq hüquqlarından, mənzillə bağlı adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən (nemətlərdən) məhrum olmuşdur. Müasir bazar şəraitində mənzilin dəyərlənməsi və qiymətinin qalxması nəzərə alınmaqla qeyd edilməlidir ki, iddiaçı mənzili vaxtında əldə etsə idi, hazırda onu daha yüksək qiymətə özgəninkiləşdirmək, bundan əlavə daha yüksək qiyməti olan əmlaka sahib olmaq hüququna malik olacaqdı. Bu baxımdan göründüyü kimi, cavabdeh tərəfindən mənzil müqavilədə qeyd olunan ölçülərdə verilmiş olsa idi, hazırda həmin mənzili bazar dəyəri daha yüksək olardı. 2021-ci il tarixdə həmin mənzilin kv.m sahəsinin bazar dəyəri 1300 manat təşkil etmiş, hazırda isə (FM Consulting” MMC-nin rəyinə əsasən) 2300 manat təşkil edir. Göründüyü kimi əvvəlki və hazırki bazar dəyəri arasında 1000 manat (2300-1300=1000) təşkil edir. Bu baxımdan məhkəmə cavabdehin müqavilə üzrə ödədiklərinin geri qaytarılması və əldən çıxmış faydanın ödənilməsi tələbini nəzərə alaraq, sözügedən müqavilə üzrə öhdəliklərini lazımınca və vaxtında icra etməməsi nəticəsində iddiaçıya vurulmuş zərər kimi mənzilin müqavilə üzrə nəzərədə tutulmuş daxili sahəsi və faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq edilmədən 11,85 kv.metr fərq hazırki dəyərinin, yəni 11850 manat (11.85 kv.m x 1000 manat = 11850 manat) cavabdehdən tutulmasını ağlabatan və məqsədə müvafiq hesab edir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu hissədə iddia tələbinə qiymət verərkən iddiaçı tərəfindən təqdim edilmiş qiymətləndirmə hesabatında mübahisəli mənzilin dəyəri ilə bağlı nəticənin ağlabatan və inandırıcı olması qənaətinə gələrək, sonuncunu mötəbər sübut kimi qəbul etmişdir. Üstəlik də həmin qiymətləndirmə hesabatı ilə bağlı cavabdeh tərəfin hər hansı etirazının olmadığını da diqqətə almışdır. 10.Məhkəmə mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində də iddia tələbini qismən əsaslı hesab edərək mövqeyini belə əsaslandırmışdır ki, işdən göründüyü kimi, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə ilə üzərinə götürdüyü həcmdə mənzil təhvil verilməsi barədə öhdəliyini icra etməmiş, iddiaçının qeyd olunan əksik sahə ilə bağlı müraciətlərinə müsbət cavab verilməməklə ona ziyan vurmaqda davam etmişlər. İddiaçı hüquqlarının müdafiəsi üçün vəkilə müraciət etmiş, onun yanına gedib-gəlməsi, daha sonra məcbur qalaraq məhkəməyə müraciət etməsi, onun mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Mənəvi zərərin məbləği ilə bağlı məhkəmə qeyd etmişdir ki, mənəvi zərərin müqabilində tələb edilən 2000 manatın iddiaçı xeyrinə tutulması, onun pozulmuş hüquqlarının ədalətli şəkildə bərpasından çox zənginləşməsinə xidmət edəcəkdir ki, bu da mənəvi zərər institutunun məqsədlərinə ziddir. Buna görə də məhkəmə mənəvi zərər həddinin 300 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun və ağlabatan hesab etmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 425.1, 442, 752.1, 762.2, 762.3, 766, 178.8-ci; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2, 59.3-cü; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına; Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarına; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 218.3, 107, 119.1 və 216-220 maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı iddia ərizəsində, ona təhvil verilmiş ünvan 3 ünvanında olan mənzilin ümumi sahəsinin 56.30 kv.m olduğunu qeyd etmiş və yaranmış fərq səbəbindən, o cavabdeh "xxxx" MTK-dan 19500 (on doqquz min beş yüz) manat pul məbləği tələb etmişdir. Məhkəmə mübahisəsi davamı zamanı mənzilin ümumi sahəsinin təyin etmək üçün ekspertiza keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/9960 nömrəli ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 155 ünvanında inşa olunan hündürmərtəbəli yaşayış binasının "D” girişinin, 16-cı mərtəbəsində yerləşən, 1 otaqlı,103 nömrəli mənzilinin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 58,5 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 155 ünvanında inşa olunan “D” binası, 16-cı mərtəbə, 103 nömrəli 1 otaqlı mənzilinin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və arakəsmə divarlarının altı nəzərə alınmaqla, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə 76,1 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 3-16-16/2-10/4843 nömrəli ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarıilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 155 ünvanında inşa olunan hündürmərtəbəli yaşayış binasının “D” girişinin, 16-cı mərtəbəsində yerləşən, 1 otaqlı, 103 nömrəli mənzilinin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmaqla, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 56,3 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 155 ünvanında inşa olunan hündürmərtəbəli yaşayış binasının “D'’ girişinin, 16-cı mərtəbəsində yerləşən, 1 otaqlı, 103 nömrəli mənzilinin daxili ölçülərinin 58,5 kv.m oxlar üzərində ölçülərinin isə 76,1 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi hər iki ekspertiza rəyində mənzilin ümumi sahəsi 76.1 kv.m-dir. Tərəflər arasında əldə edilmiş razılığa əsasən isə, mənzilin ümumi sahəsi oxlar üzərində ölçülər ilə hesablanmalı idi. Birinci instansiya məhkəməsi həmin hissədə AR Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddələri ilə əsaslandırmışdır. Halbuki, məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, tərəflər arasında müqavilə bağlanılmışdır, iddiaçı həmin müqavilənin şərtləri ilə tanış olduqdan sonra müqaviləni imzalamışdır, yəni iradə ifadəsini bildirmişdir. AR Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddələri hesablanma qaydasını müəyyən edir, lakin şəxsin üzərinə belə bir öhdəlik qoymur. Həmçinin birinci instansiya məhkəməsi əldən çıxmış faydaya görə cavabdehdən iddiaçının xeyrinə 11850 (on bir min səkkiz yüz əlli) manat pul məbləği tutmuşdur. Qeyd edir ki, cavabdeh "xxxx" MTK tərəfindən İddiaçı təhvil verilmiş mənzilin ümumi sahəsi müqavilə üzrə nəzərdə tutulduğu kimi 76.1 kv.m-dir. Yəni cavabdeh tərəfindən hər hansı öhdəlik pozulmamışdır, bu səbəbdən də iddiaçının əldən çıxmış fayda barədə iddia tələbi əsassızdır. Həmçinin, birinci instansiya məhkəməsi İddiaçı xeyrinə 300 manat məbləğində mənəvi zərərin əvəzi tutulmasını qət etmişdir. Məhkəmə həmin məbləği heç bir sübuta əsaslanmadan, hansı şəraitdə iddiaçının mənəvi iztirablar keçirməsini, bu mənəvi sarsıntının cavabdehin bilavasitə hərəkətləri nəticəsində yaranmasını əsaslandırmadan,qanunsuz və əsassız olaraq məbləğ təyin etmişdir. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlayavə bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli 67.39A.21 saylı müqavilədə məhz iddiaçının təşəbbüsü ilə bağlanmış, müqavilənin məzmunu ilə tanış olaraq ona razılıq vermiş və nəticə etibarilə, tərəflər həmin müqaviləni imzalanmışlar. Bu da o deməkdir ki, tərəflər anlaqlı şəkildə müqavilənin şərtləri barədə razılığa gələrək onu imzalamışlar. Lakin məhkəmə müqavilə azadlığı prinsipinə məhəl qoymadan iddiaçının mülahizəsi ilə cavabdeh "xxxx" MTK-nın öhdəliklərini yerinə yetirmədiyi qənaətinə gəlmişdir. Bu tamalilə absurddur. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 67.39A21 saylı müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan daxili ölçüləri 70 kv.m, oxlar üzərində olan ölçüləri isə 76.1kv.m mənzil iddiaçıya təhvil verilmişdir. Ekspert rəyləri ilə bu fakt öz təsdiqini tapmışdır. Hər-hansı yaranmış fərqdən söz gedə bilməz. Məhkəmə ekspert rəyi göstərilən və müqavilə üzrə göstərilmiş mənzilin ümumi sahəsinin eyni olmasına baxmayaraq, kv.m-də fərq yarandığını qeyd etmişdir. Məhkəmənin bu hissədə gəldiyi nəticə işin hallarına uyğun gəlmir. Birinci instansiya məhkəməsi işin hallarına, cavabdeh tərəfindən təqdim edilmiş sübutlara baxmamış və yalnız iddiaçının izahatlarına əsaslanaraq iddianı təmin etmişdir. Belə ki, tərəflərindən təqdim edilmiş ekspertiza rəylərinə məhkəmə tərəfindən heç bir münasibət bildirilməmiş, yalnız iddiaçının təqdim etdiyi ekspert rəyinə əsaslanaraq qeyri-obyektiv qətnamə qəbul edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsipləri pozulmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə qarşı iddia ərizəsi ilə eyni məzmunlu yazılı etiraz təqdim edərək göstərmişdir ki, apellyasiya şikayətinə nəzər saldıqda məlum olur ki, həmin şikayət əsasən maddi və prosessual hüquq normalarının formal olaraq sadalanmasından və eyni halların təkrarən qeyd olunmasından ibarətdir. Hesab edir ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin sözügedən qətnaməsi maddi və prosessual hüquq normalarına əməl edilməklə, iddiaçının qanunla qorunan hüquq və mənafeləri bərpa olunmaqla qəbul olunmuşdur. Apelyator hazırki şikayətində də eyni halları təkrarlamaqla birinci instansiyası məhkəməsinin konkret olaraq hansı maddi və prosessual hüquq normalarının pozmasını göstərməmiş, maddi və prosessual hüquq normalarının müddəalarının pozulmasının nədə ifadə olunmasını əsaslandırmamış, faktlara və hüquqa əsaslanmaq əvəzinə, şəxsi mülahizə xarakterli sözlərə əsaslanmışdır. Qeyd edilənlərə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-463/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, qətnamənin qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

b) Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MTK-nın vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, etirazında göstərilənlərə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq normaları:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

18. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”

Bənd 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 3.1-ci bəndinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti obyektlərinin, o cümlədən yaşayış, ictimai, istehsalat binalarının sahəsinin və həcmlərinin hesablanması qaydalarını müəyyən edir. Bənd 1.2. Bu Qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir. Bənd 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3 azaltma əmsallarına vurulmaqla hesablanır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Hazırki halda iddia qismən təmin edildiyindən və qətnamədən yalnız cavabdeh apellyasiya şikayəti verdiyindən apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

24. İşin mübahisəsiz halı odur ki, Cavabdeh MTK və İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 67.39A.21 saylı müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda Mülkiyyətçiyə məxsus mənzilin söküntüsü və bu sahədə yeni yaşayış binası tikintisini həyata keçirərək xx.xx.2019-cu il tarixində Cavabdeh MTK Mülkiyyətçinin sökülmüş mənzilinin əvəzində ona D girişi 4-cü mərtəbədə ümumi sahəsi 55,1 kv.m olan 1 (bir) otaqlı təmirsiz mənzili Mülkiyyətçiyə təhvil verməyi, Mülkiyyətçi isə həmin təmirsiz mənzili qəbul etməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixindən Mülkiyyətçi İddiaçı D girişi 4-cü mərtəbədə yerləşən sahəsi 55.1 kv.m olan mənzili 1 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Kontorunda reyestr nömrəsi №8i-30152 ləğv edərək Cavabdeh MTK-ya təhvil verdi, əvəzində D girişi 16-cı mərtəbədə yerləşən ümumi sahəsi 76.1 kv.m olan 103 saylı mənzilin Mülkiyyətçisi olmaq istəmişdir. Cavabdeh MTK Mülkiyyətçi ilə qarşılıqlı razılığa gələrək, daxili ölçüləri 70 kv.m, oxlar üzərində olan ölçüləri isə 76.1 kv.m mənzili İddiaçı verildi. xx.xx.2019-cu il tarixdə verilmiş mənzil ilə xx.xx.2021ci il tarixində verilmiş mənzil arasında fərq yaranmışdır. Yaranmış fərq (70-55=15 kv.m) təşkil edir. Mülkiyyətçi yaranmış fərqi 15x1300=19500 AZN, ilin sonunadək (2021-ci il dekabr ayının 30-dək) ödəməyi öhdəsinə götürür.

25. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən daxili ölçüləri 70 kv.m, oxlar üzərində olan ölçüləri isə 76.1 kv.m mənzil İddiaçı təhvil verilməli idi.

26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9960 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 155 ünvanında inşa olunan hündürmərtəbəli yaşayış binasının "D” girişinin, 16-cı mərtəbəsində yerləşən, 1 otaqlı, 103 nömrəli mənzilinin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 58,5 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 155 ünvanında inşa olunan “D” binası, 16-cı mərtəbə, 103 nömrəli 1 otaqlı mənzilinin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və arakəsmə divarlarının altı nəzərə alınmaqla, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə 76,1 kv.m təşkil etdiyi müəyyən edilmişdir.

27. Azərbaycan respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4843 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları’-na əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 155 ünvanında inşa olunan hündürmərtəbəli yaşayış binasının “D” girişinin, 16-cı mərtəbəsində yerləşən, 1 otaqlı, 103 nömrəli mənzilinin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmaqla, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 56,3 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 155 ünvanında inşa olunan hündürmərtəbəli yaşayış binasının “D'’ girişinin, 16-cı mərtəbəsində yerləşən, 1 otaqlı, 103 nömrəli mənzilinin daxili ölçülərinin 58,5 kv.m, oxlar üzərində ölçülərinin isə 76,1 kv.m təşkil etdiyi müəyyən edilmişdir.

28. Kollegiya hesab edir ki, məhkəmə ekspertizasının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir.

29. Beləliklə, ekspert rəyi ilə müəyyən edilir ki, daxili ölçüləri 58,5 kv.m, oxlar üzərində ölçülərinin isə 76,1 kv.m təşkil edən mənzil iddiaçıya təhvil verilmişdir. 30.Kollegiya qeyd edir ki, cavabdeh daxili ölçüsü 70 kv.m olan mənzili iddiaçıya verməyi öhdəsinə götürsə də, daxili ölçüsü müvafiq azaltma əmsalları tətbiq edilmədən 58.5 kv.m olan mənzil təhvil vermiş, bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etməmiş və iddiaçıya müqavilədə nəzərdə tutulan sahədən 11.5 kv.m (70-58.5) az sahəsi olan mənzili təhvil verməklə maddi zərər vurmuşdur.

31. Kollegiya əldən çıxmış fayda ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək mövqeyini belə əsaslandırmışdır ki, müqavilə bağlandığı andan 3 ildən artıq zaman keçmiş və daşınmaz əmlakların qiymətlərində kəskin bahalaşma olmuşdur. Belə ki, 3 il öncə 17810 manat vəsaitlə 13,7 kvadrat metr mənzil ala bilirdisə bu gün bu qiymət hər kvadrat metr əraziyə 2300 manat təşkil edir. Yəni iddiaçı aldadıldığını bildiyi anda belə bu qiymət fərqi kəskin artmışdır ki, bu artım (yəni mənzilin alındığı gündən bu günədək keçən zaman dövrü ərzində yaranmış fərq) məhz faktiki əldən çıxmış fayda hesab edilməlidir. Beləliklə vurulmuş maddi zərər 13,7 kvadrat metr üçün 31 510 manat təşkil edir ki, bunun 19500 olan hissəsi maddi zərər, 12 010 manat olan hissəsi isə maddi zərərə daxil olan əldən çıxmış fayda hesab olunur. Belə ki, ona vurulmuş zərər məbləği 3 ildən sonra alındığı kimi qaytarılsa bu məbləğə həmin həcmdə sahə əldə edə bilmək hüququndan məhrum olmuş olur. 32.Göründüyü kimi iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin vaxtında icra edilməməsi və 3 il müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin qalxmasını nəzərə alınaraq ona dəymiş zərərin ödənilməsini tələb etmişdir. 33.Bununla bağlı kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 34.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. 35.Mülki Məcəllənin öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi ilə bağlı münasibətləri tənzimləyən 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 36.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əldən çıxmış fayda qismində tələb etdiyi zərər öhdəliyin icra edilməməsi nəticəsində əmələ gələn zərər olmaqla məhkəmə həmin hissədə iddianı qismən təmin edərkən mübahisənin qanuni əsası ilə bağlı yanlışlığa yol vermiş, əldən çıxmış fayda institutuna istinad etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. 37.Belə ki, iş materiallarından göründüyü kimi 2021-ci il tarixdə mübahisə predmeti olan mənzilin kv.m sahəsinin bazar dəyəri 1300 manat təşkil etmiş, hazırda isə (FM Consulting” MMC-nin rəyinə əsasən) 2300 manat təşkil edir (i.v.114). 38.Belə olan halda cavabdeh tərəfindən müqavilə öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində sahə fərqinin 11.5 kv.m təşkil etməsi və 3 il ərzində daşınmaz əmlakın bazar dəyərinin artması nəticəsində mənzilin 1 kv metrinin dəyərinin 2300 manat olması nəzərə alınmaqla müəyyən edilir ki, iddiaçıya 26450 manat (11.5x2300=26450) məbləğində maddi zərər dəymişdir. 39.Mənəvi zərərlə bağlı kollegiya qeyd edir ki, iddiaçının tələb etdiyi məbləğin cavabdeh tərəfindən ona qaytarılmaması nəticəsində nə kimi mənəvi sarsıntı və iztirab keçirməsi müəyyən olunmur.

40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarına əsasən“…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.” 41.Belə olan halda kollegiya qeyd edir ki, iddiaçının mənəvi zərərlə bağlı tələbi əsassız olduğundan təmin edilməməlidir. 42.Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-463/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilərək Cavabdeh MTK-dan maddi zərərə görə 26450 (iyirmi altı min dörd yüz əlli) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq 131 manat İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, rüsum qalan hissədə tərəflərin özünə aid edilməlidir.

43. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 44.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermədiyindən, hazırda mübahisələndirə biləcəyi hissədə iddianın qiyməti beş min manatdan az olduğu üçün iddiaçı qətnamədən kassasiya şikayəti verə bilməz.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh MTK-nın apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-463/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh MTK-dan maddi zərərə görə 26450 (iyirmi altı min dörd yüz əlli) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq 131 manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən cavabdeh tərəfindən qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar