Məhkəmə qərarları › İş №2(103)-1634/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1634/2022

24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1634/2022 24.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4314/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair sadələşmiş işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BL370007 saylı, 20.11.2019-cu il tarixli nisyə satış müqaviləsi üzrə İddiaçı MMC-yə 20.12.2020-ci il tarixinə yaranmış 489 manat əsas borc, 21,58 manat hesablanmış cərimə, ümumilikdə 510,58 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-4314/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, telefon iddiaçıya yox, “X3” MMC-yə qaytarılıb, əgər telefonda olan qüsur kənar şəxslər tərəfindən yetirilirsə, telefon nə dəyişdirilir, nə də təmir xərci ödənilir. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin xahiş etdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 20.11.2019-cu il tarixli, BL370007 nömrəli nisyə satış müqaviləsi və ona 1 saylı əlavəyə əsasən iddiaçı tərəfindən cavabdehə alğı-satqı qiyməti 489 manat olan “X4 8 4GB/64GB Black” markalı telefon satılmış, cavabdeh həmin məbləği 12 ay müddətinə aylıq 41 manat, sonuncu ay 38 manat olmaqla geri qaytarmağı öhdəsinə götürmüşdür. Mülki iş materiallarına əlavə edilmiş aktdan görünür ki, Cavabdeh İddiaçı MMC-dən 1 ədəd “X4 8 4GB/64GB Black” markalı telefonu imza etməklə təhvil almışdır. Mülki iş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, 20.12.2019-cu ildə Cavabdeh ərizə yazaraq 20.11.2019-cu il tarixdə telefon aldığını, 8 gün sonra telefonun ekranı açılmadığından servisə müraciət etdiyini, 14 gün sonra ona 35 manat ödəsə telfonun təmir ediləcəyi bildirilmiş, həmin pulu məcburiyyət qarşısında ödəsə də yenə bir məlumat verilmədiyini, sonra 150 manat xərci oduğunu deyiblər, hazırda ona xarab telefon satıldığını bildirmiş, telefonun yenisi ilə əvəz edilməsini xahiş etmiş, 18.02.2020-ci il tarixdə ərizə yazaraq qaytardığı telefonun ona lazım olmadığını, bu səbəbdən, müqaviləni birtərəfli qaydada pozduğunu bildrmişdir. Mülki iş materiallarına əlavə edilmiş borca dair arayışından görünür ki, borclu Cavabdeh 489 manat əsas borc, 21,58 manat cərimə pulu olmaqla, ümumilikdə 510,58 manat ödənilməmiş borcu vardır Mülki iş materiallarına əlavə edilmiş 12.03.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda məhkəmə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Rayon məhkəməsi iş üzrə belə nəticəyə gəlmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında BL370007 saylı, 20.11.2019-cu il nisyə satış müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə satış qiyməti 489 manat olan 1 ədəd “X4 8 4GB/64GB Black” markalı telefon satılmışdır. Telefon akta imza etməklə cavabdeh tərəfindən qəbul edilmiş, lakin 3 gün sonra telefonda yaranmış qüsurlara görə iddiaçı təşkilata geri qaytarılmışdır. Cavabdeh bir neçə dəfə telefonun təmir olunmasını və ya yenisi ilə əvəz olunmasını xahiş etsə də, iddiaçı təşkilat tərəfindən bu müraciət cavabsız buraxılmış və hazırda telefon iddiaçı təşkilatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcələnin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 587.2.1-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Kollegiya rayon məhkəməsinin möveyi ilə razılaşaraq qeyd edir ki, kimi tərəflər arasında bağlanmış nisyə satış müqaviləsinin tələblərinə əsasən iddiaçı cavabdehə 12 ay müddətinə ödənilməsi şərti ilə telefon satmış, cavabdeh isə həmin məbləği 12 ay ərzində hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh həmin əşyanı 3 gün sonra iddiaçı təşkilata aid olan servis mərkəzinə təqdim etmiş və həmin müddətdən sonra telefon cavabdehə qaytarılmamışdır. Məhkəmə hesab edir ki, nə qədər ki, alqısatqı predmeti olan əşya alındıqdan 3 gün sonra satıcıya qaytarlmış, iddiaçının satıcı olaraq nisyə alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərini və ona hesablanmış dəbbə pulunu tələb etmək hüququ yoxdur. Çünki, əşya faktiki olaraq cavabdehin mülkiyyətində olmamışdır. Belə olan halda, alqı satqı müqaviləsi baş tutmuş hesab edilə bilməz. İddiaçı apellyasiya şikayətində telefonun “X3” MMC-yə qaytarıldığını bildirir. Kollegiya qeyd edir ki, telefonun qüsurlu olması və servisə qaytarılması hazırkı işin mübahisəsiz halı olduğundan iddiaçının apellyasiya şikayətinin həmin dəlili mübahisənin hüquqi həlli üçün hər hansı əhəmiyyət daşımır. Beləliklə, Məhkəmə Kollegiyasının müvafiq araşdırmaları nəticəsində iddiaçının apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından onun apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutulmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 oktyabr 2021-ci il tarixindən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə edilmiş dəyişikliyə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər (maddə 402.1). Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-4314/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar