Məhkəmə qərarları › İş №2(103)-1634/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1634/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1634/2024 12.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, iddiaçı Mamedli Nurana, İddiaçı2 Cavabdeh MMC-yə qarşı (X5, X3, X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin ləğv edilməsi tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-767/2023 nömrəli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Mamedli Nurana, İddiaçı2 Cavabdeh MMC-yə qarşı, X5, X3, X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 məhkəməyə yazılı vəsatət təqdim edərək, mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatətini onunla əsaslandırmışdır ki, iddia ərizəsinin mahiyyətindən görünür ki, iddia tələbi ünvan 1 ünvanında yerləşən 201 nömrəli mənzil, icarə predmeti olan daşınmaz əmlak olduğu halda, iddiaçı aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsini vermək əvəzinə, onu Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə vermişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39- cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh "Barattson” MMC-nin nümayəndəsi Vəkil2 tərəfindən verilmiş mülki işin aidiyyəti üzrə göndərilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Konstitusiyasının 62-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 35.1, 39.1, 40.1, 44.2.2; "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarına; Avropa İnsan Hüquqları Məhkəməsinin «Çelikidi Rusiya Federasiyasına qarşı qarşı” (ərizəçi aidiyyət qaydalarının pozmaqla məhkəməyə müraciət etdiyi üçün ərizəsi geri qaytarılmışdır) xx.xx.2012-ci il tarixli presedentinə istinadən qeyd edilmişdir ki, iddiaçının hazırki tələbi Mülki Prosessual Məcəllənin müstəsna aidiyyət qaydalarını tənzimləyən 39.1-ci maddəsinin təsir dairəsinə düşmür. Belə ki, 39.1-ci maddə daşınmaz əşyalarla bağlı bütün mübahisələrə deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddialara şamil olunur. Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd olunmuşdur ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. İddiaçının ilkin tələbi daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırması (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) deyil, müqavilənin ləğvidir. Buna görə də, iddia ümumi qaydada, cavabdehin qeydiyyat ünvanına görə verilməlidir. Digər bir tərəfdən, "hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ” və "şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasının yolverilməzliyi” konstitusion prinsiplərdir (Konstitusiyanın 62-ci maddəsi) və bu kontekstdə qeyd olunmalıdır ki, aidiyyat qaydalarına əməl edilmədən aparılan istənilən prosessual addım qanunsuz olmaqla məhkəmə aktının ləğvi üçün əsasdır. İşdə olan sənədlərdən görünür ki, hazırki iş üzrə cavabdehin rəsmi ünvanı Nərimanov rayon ərazisinə aiddir və mülki işə Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Qərardaddan cavabdeh "xxxx" MMC şikayət verərək Bakı Şəhəri Nərimanov Rayon məhkəməsinin 2(005)-767/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və mübahisəyə aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Qərardadda “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1, 269.1, 269.2, 269.3- cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə işin aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatətin təmin edilməməsi barədə gəldiyi nəticəni, yalnız iddianın cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi ilə əsaslandırmağa çalışmışdır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Baxmayaraq ki, Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu ərazisində qeydiyyatdadır, hal-hazırda o, ünvan 3 ünvanında yerləşən 201 nömrəli mənzildə yerləşir, hazırkı iddia sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialara (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) aiddir, o cümlədən mübahisə predmeti olan daşınmaz əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsinin asanlaşdırılması baxımından iddia ərizəsi Bakı Şəhəri Yasamal Rayon məhkəməsində baxılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-91/2024 saylı işi üzrə, 09 yanvar 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki iş şikayətlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35-45, 149-152, 387.1, 395.1, 395.2, 397.2-ci maddələrinə əsasən şikayətə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, sübuta yetirilməyən əsasla şikayətin təmin edilməsi mülki prosessual baxımından yolverilməzdir. Mülki Prosessual Məcəllənin tələblərinə görə: Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (35.1). tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir (39.1) Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi Mülki Prosessual Məcəllənin müstəsna aidiyyət qaydalarını tənzimləyən 39.1-ci maddəsinin təsir dairəsinə düşmür. Belə ki, 39.1-ci maddə daşınmaz əşyalarla bağlı bütün mübahisələrə deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddialara şamil olunur və müddəanın geniş təfsir edilməsi diskresion səlahiyyətlərdən (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-767/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar