Məhkəmə qərarları › İş №2(103)-1635/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1635/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1635/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-451/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1647.86 ABŞ dolları əsas, 3281.54 ABŞ dolları faiz, 4485.87 ABŞ dolları cərimə borcu, müqailənin bitdiyi tarixdən 10.07.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 249.32 ABŞ dolları borc olmaqla, ümumilikdə 9664.59 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 09.06.2014-cü il tarixli, 69743240 №-li kredit müqaviləsinə əsasən Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-dən illik 31%-lə, 24 ay müddətinə 6300 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 09.06.2014-ci il tarixli, ZM-69743240 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin bitmə tarixi 09 iyun 2016-ci il tarixidir. Lakin borclular müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edirlər. 10 iyul 2020-ci il tarixinədək Cavabdeh1 ləğv prosesində olan banka 1647,86 ABŞ dolları əsas, 3281,54 ABŞ dolları faiz, 4485,87 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən 10.07.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 249,32 ABŞ dolları borc olmaqla, ümumilikdə 9664,59 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-451/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 09.06.2014-cü il tarixli, 69743240 №-li kredit müqaviləsi üzrə 2801.35 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə prosesində iddia müddətinin tətbiq edilməsinə dair ərizə verilmişdir ki, bu ərizəsinə də ümumiyyətlə əhəmiyyət verilməmiş, qətnamədə bu barədə heçnə qeyd olunmamışdır. İddiaçı üçün iddia müddətinin axımı 09.06.2016-cu il tarixdən başlamışdır. Belə ki, həmin tarixdən müqavilə öhdəliklərinin icrası üçün son müddət olmuş və iddiaçı artıq hüquqlarının pozulduğunu bilirdi. Lakin bunlara baxmayaraq iddiaçı tərəfindən məhkəməyə 08.08.2020-ci il tarixdə müraciət olunmuşdur. Banka olan son ödənişi 04.11.2015-ci tarixidir. Bunu ona görə qeyd edir ki, bununla bağlı bank tərəfindən saxtakarlığa manipulyasiyaya yol verilməsin. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş üç illik iddia müddətini buraxdığından və həmin müddət 09.06.2019-cü il tarixdə başa çatdığından, iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi qanuni və labüd idi. Lakin təəssüflər olsun ki, bu qanuni tələb əhəmiyyətsiz şəkildə geri çevrilmişdir. Hesab edir ki, məhkəmənin belə mövqeyi ədalətsiz, qanunsuz və qərəzlidir. Nəticə etibarı ilə onun hüquqları pozulmaqda davam edir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6705/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-451/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh1 (vəkili X1) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6384/2021 saylı, 23 noyabr 2021ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayətinin qismən təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)6705/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilib mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərarda qeyd edilir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, kasasiya şikayətində göstərildiyi kimi, işə birinci instansiya məhkəməsində baxılan zaman Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iddia tələbinin rədd edilməsi barədə ərizəyə hər hansı münasibət bildirilməmiş, cavabdeh bu xüsusatı vermiş olduğu apelyasiya şikayətində də vurğulamış və dəlil olaraq istinad etmiş, lakin apelyasiya kollegiyası tərəfindən də qətnamə qəbul edilərkən cavabdehin bu dəlilinə hər hansı münasibət bildirilməmişdir. Halbuki, iş materiallarından da görünür ki, tərəflər arasında kredit müqaviləsi 09.06.2014-cü il tarixdə bağlanmış və müqavilənin müddəti 24 ay olmaqla 09.06.2016-cı il tarixədək müəyyən edilmişdir. Belə olan halda mülki qanunvericilikdə müqavilə üzrə öhdəliklərin icrası üçün müəyyən edilmiş iddia müddəti 3 il təşkil etdiyindən, qeyd edilən tələb üzrə iddia müddətinin 09.06.2019-cu il tarixdə başa çatdığı məlum olur. İşə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası isə iddiaçının hüquqlarının pozulduğunu bildiyi zamanla, iddia müddətinin ötürülüb-ötürülməməsi ilə bağlı hər hansı məhkəmə araşdırmasını həyata keçirməmişdir. Göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, iddia müddətinin ötürülübötürülməməsi ilə bağlı işin hallarının və işdə olan sübutların tam, hərtərəfli, düzgün və müqayisəli araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.07.2021-ci il tarixli, 2(103)-6705/2021 nömrəli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və iş üzrə digər Cavabdeh2 məhkəmə iclasında iştirak etmirlər və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.1 və 377.2-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə) qeyd edilir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası MMnin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.” Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin qismən ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə, Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İdda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə iddianı qismən təmin etməklə gəldiyi nəticə düzgün olmuşdur. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Mülki Məcəllənin 373.2-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmır, həmçinin cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxır. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Əvvəla, Cavabdeh1 apellyasiya şikayətində göstərilən dəlilləri və iddia müddətinin tətbiqi barədə ərizəsi qətnamənin iddianın təmin edilən hissəsində də ləğvi üçün əsasdır. Belə ki, tərəflər arasında kredit müqaviləsi 09.06.2014-cü il tarixdə bağlanmış və müqavilənin müddəti 24 ay olmaqla 09.06.2016-cı il tarixədək müəyyən edilmişdir. Belə olan halda mülki qanunvericilikdə müqavilə üzrə öhdəliklərin icrası üçün müəyyən edilmiş iddia müddəti 3 il təşkil etdiyindən, qeyd edilən tələb üzrə iddia müddətinin 09.06.2019-cu il tarixdə başa çatdığı məlum olur. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı iddia tələbi ilə 27.08.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı cavabdehə qarşı kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən 1 il, 2 ay, 18 gün, sonuncu ödəniş tarixindən isə 4 il, 9 ay, 23 gün sonra məhkəməyə müraciət etmişdir. Bu fakt isə iddia müddətinin ötürüldüyünü təsdiq edir. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etməsi iddia müddətinin tətbiq edilməsini istisna etmir. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair maddələrinin şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən də görünür ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-451/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edilən hissəsində iddia müddətinin keçməsi ilə əlaqədar maddi hüquq normasını tətbiq etmədiyindən, eləcə də prosessual hüquq normasının pozulması düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğundan apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli və iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-451/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilsin və iddia tələbi həmin hissədə də təmin edilməsin. Qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar