Məhkəmə qərarları › İş №2(103)-1637/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1637/2021

07.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1637/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)- 2107/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilinin yararsız vəziyyətə düşməsi nəticəsində ona dəymiş maddi ziyanın əvəzi kimi 3000 manat, mənəvi ziyanın əvəzi kimi isə 2500 manat, cəmi 5500 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu X2 küçəsi ev 82 mənzil 4 ünvanında yerləşən mənzilə yuxarı mərtəbədə yerləşən cavabdehə məxsus mənzildən xx xxxx 2019-cu il, xx xxx 2019-cu il və xx xxxxxxxx 2019-cu il tarixlərdə su axıdılması nəticəsində mənzili yararsız vəziyyətə düşmüş və ona 3000 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdehin hərəkətləri onun mənəvi ziyan çəkməsinə də səbəb olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)- 2107/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, dəymiş maddi ziyanın əvəzi olaraq 1173 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehin məhkəmə iclasında iştirakı təmin edilməmiş, iddiaçının mülkiyyətində olan mənzilə cavabdehə məxsus mənzildən su axıdılması sübuta yetirilmədiyi halda, birinci instansiya məhkəməsi əsassız olaraq iddianı qismən təmin etmişdir. Bundan əlavə, ekspert rəyi cavabdehə məxsus mənzilə baxış keçirilmədən verilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etdi. İddiaçı İlyasovTahir Qüdrət oğlu ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)-2107/2020 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Ak.Həsən Əliyev küçəsi 82 saylı evin 4 saylı mənzilinə yuxarı mərtəbədə yerləşən Cavabdeh Qüdrət oğluna məxsus 7 saylı mənzildən xx xxxx 2019-cu il, xx xxx 2019-cu il və xx xxxxxxxx 2019-cu il tarixlərdə su axıdılmış, nəticədə mənzilə ziyan dəymişdir. Bu barədə həmin tarixlərdə ərazi üzrə 54 saylı mənzil kommunal istismar sahəsinin mühəndisi T.İsgəndərov, sahə texniki T.Əhmədov və çilingər M.Əliyev tərəfindən aktlar tərtib olunmuşdur. Birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə tikinti texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 10/1430 nömrəli rəyindən görünür ki, baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə və mülki iş materiallarında olan Nərimanov Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi 54 saylı mənzil kommunal istismar sahəsinin tərtib etdiyi xx.xx.2019-cu il tarixli aktın göstəricilərinə əsasən, Bakı şəhəri Nərimanov rayonu Ak.Həsən Əliyev küçəsində yerləşən 82 saylı evin 4 saylı mənzilinə suyun üst mərtəbədə yerləşən 7 saylı mənzildən sızması müəyyən olunmuşdur. Lakin 7 saylı mənzilin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən də 4 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nərimanov rayonu Ak.Həsən Əliyev küçəsində yerləşən 82 saylı evin 4 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1173 manat məbləğində müəyyən edilir. Apellyasiya icraatı zamanı keçirilmiş təkrar məhkəmə tikinti texniki ekspertizasının xx xxxx 2020-ci il tarixli 10/841 nömrəli rəyindən görünür ki, tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 4 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 7 saylı mənzilin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 4 saylı mənzilin yaşayış otağında su sızma nəticəsində yaranmış sarımtıl ləkələrin olduğu, həmin otağın tavan və divarının 7 saylı mənzilin eyvanında kombinin (istilik sisteminin) quraşdırıldığı divarı ilə eyni proyeksiyada olduğunu nəzərə alaraq, Bakı şəhəri Nərimanov rayonu Həsən Əliyev küçəsində yerləşən 82 saylı evin 4 saylı mənzilinin yaşayış otağına yuxarı mərtəbədə quraşdırılmış kombi qurğusunun su xəttində yaranan qəza nəticəsində suyun sızması səbəbindən xarakterikdir və bunun nəticəsində 4 saylı mənzilin yaşayış otağına ziyan dəyməsi müəyyən edilmişdir. 4 saylı mənzilin mətbəx və sanitar qovşağı kimi istifadə olunan yardımçı tikililərinin divar və tavanında yaranmış qüsurları və yerləşmə vəziyyəti nəzərə alınaraq 4 saylı mənzilin mətbəx və sanitar qovşağına yuxarı mərtəbədə yerləşən 7 saylı mənzildən suyun sızılması xarakterikdir və nəticədə mətbəx və sanitar qovşağı kimi istifadə olunan yardımçı tikililərə ziyan dəyməsi müəyyən olunmuşdur. Lakin baxış zamanı 7 saylı mənzilin mətbəx və sanitar qovşağı kimi istifadə olunan yardımçı tikililərində təmir işləri aparıldığına və su-kanalizasiya xətləri gizlin şəkildə olduğuna görə konkret olaraq su sızması müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Nərimanov rayonu Həsən Əliyev küçəsində yerləşən 82 saylı evin 4 saylı mənzilinin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1246 manat məbləğində müəyyən edilir. Beləliklə, cavabdehə məxsus mənzildən iddiaçıya məxsus mənzilə su axıdılması nəticəsində iddiaçıya maddi ziyan dəyməsi iş materialları ilə sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi vurulmuş maddi ziyanın əvəzi kimi 1173 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsini qət etmiş, qalan hissədə iddia təmin edilməmiş, İddiaçı məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq qətnamədən apellyasiya şikayəti verməmişdir. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakı hüquq normalarına istinad etməyi zəruri hesab edir: Mülki Məcəllənin 21.1-ci maddəsinə müvafiq olaraq, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakınm zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Həmin Məcəllənin 29.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə həmin mənzilin üstündə yerləşən, cavabdehə məxsus 7-ci mənzildən su axması nəticəsində iddiaçıya maddi zərər vurulması iş materialları və ekspertiza rəyləri ilə təsdiq olunduğundan maddi ziyanın əvəzinin ödənilməsi ilə bağlı hissədə iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçının mülkiyyətində olan mənzilə ziyan vurmadığını bildirsə də, ziyanın vurulması 54 saylı MKİS əməkdaşlarının tərtib etdikləri aktlar və məhkəmə tikinti-texniki ekspertizasının rəyləri ilə sübuta yetirilmişdir. Təkrar məhkəmə tikinti texniki ekspertizasının rəyi ilə iddiaçının mənzilinə 1246 manat məbləğində ziyan vurulması müəyyən edilsə də, birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə tikinti texniki ekspertizasının rəyinə uyğun olaraq məhkəmə 1173 manat pulun cavabdehdən tutulub iddiaçıya verilməsini qət etmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti verməyərək həmin nəticə ilə razılaşmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdehin ağır xəstə olmaqla bütün vaxtı evdə olmasına baxmayaraq, məhkəmə iclasında onun iştirakının təmin edilməməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən cavabdehin ünvanına sifarişli poçt vasitəsilə məhkəmə bildirişləri göndərilmiş, lakin mənzilin qapısı bağlı olduğuna görə məhkəmə bildirişlərini ona çatdırmaq mümkün olmamışdır. Bundan əlavə, məhkəmə tikinti texniki ekspertizasının xx.xx.2020-ci il tarixli rəyindən də görünür ki, 7 saylı mənzilin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehin məlumatlandırılması üçün üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Buna görə də məhkəmə apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yenə həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə təkrar məhkəmə tikinti texniki ekspertizasının keçirilməsinə sərf olunmuş 50 manat pul Cavabdeh tutularaq dövlət nəfinə keçirilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apelyatorun özünə aid edilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)- 2107/2020 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Apellyasiya icraatı zamanı keçirilmiş təkrar məhkəmə tikinti texniki ekspertizasının xərci qismində 50 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar