Məhkəmə qərarları › İş №2(103)-1638/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1638/2025

18.03.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1638/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın sahiblik və istifadədə olması hüququnun tanınması tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 oktyabr 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 520 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 64 kv.metr ümumi sahəsi olan 1 mərtəbəli, 2 otaqlı “A” fərdi yaşayış evinin 1970-ci il tarixdən sahibliyində və istifadəsində olması hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayış evi 1970-ci ildən iddiaçının sahibliyində və istifadəsindədir. Bu hal cavabdeh İdarənin xx.xx.2005-ci il tarixli “Fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabatı”, Bakı Şəhəri Suraxanı Rayon Bülbülə bələdiyyəsinin xx.xx.2009-cu il tarixli “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilməmiş mənzillərin əmlak vergisi hesablanmaq üçün əsas olan hesabat pasportu” və Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin Bülbülə qəsəbəsi üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 127 saylı xx.xx.2023-cü il tarixli arayışı ilə də təsdiq olunur. İddiaçı arvadı X3 ilə birlikdə 1970-ci ildən həmin evdə yaşayır. Bu faktları şahidlər X3 və X2 təsdiq edə bilərlər. Elmira Səmədova fərdi yaşayış evinin iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etmir və bununla bağlı notariat qaydasında təsdiq edilmiş müvafiq razılıq ərizəsi vermişdir. İddiaçı evə görə əhəmiyyətli bütün vergiləri ödəyir. İddiaçı sözügedən torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair müvafiq sənədlərin təqdim edilməsi ilə bağlı keçmiş Azərbaycan Respublikası Dövlət Xəritəçəkmə və Kadastr Komitəsinin Bakı Şöbəsinə və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına dəfələrlə qeyri-rəsmi müraciət etmiş, lakin bu xahişi qeyri-rəsmi surətdə təmin edilməmişdir. İddiaçı həmin əmlakın onun mülkiyyəti kimi “Daşınmaz əmlakın dövlət reyestrinə” qeydiyyata alınması və reyestrdən müvafiq çıxarışın verilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh İdarəyə müraciət etmiş, lakin İdarənin 3-213-30/2-S0087-8/2023 d**********6 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İddiaçı həmin imtinanı qanunsuz hesab edərək, “sahiblikdə və istifadədə olan torpaq sahəsi, habelə həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin ərizəçinin mülkiyyəti kimi qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi barədə öhdəliyin icrası haqqında” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə 2-1(112)-8363/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə ərizəni təmin etməmişdir. Bu qərardan ərizəçi tərəfindən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-721/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq hazırkı iddia ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir. c) apellyasiya şikayəti barədə məlumat

4. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

5. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iddianın rədd edilməsi barədə əsassız qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi tərəflər arasında hüquq münasibəti 1970-ci ildə yaranmasını nəzərə almamış, mübahisəni həmin zaman qüvvədə olmuş maddi hüququ normalarının tələbləri baxımından həll etməli olduğu halda, mübahisəni hazırda qüvvədə olan maddi hüquq normalarının tələbləri baxımından həll etmişdir. d) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

6. İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil2 və cavabdeh İdarənin nümayəndəsi apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışı iclasında iştirak etməmişlər.

7. Cavabdeh İdarənin nümayəndəsi və iddiaçı bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmiş, iddiaçının vəkili (nümayəndəsi) isə Məhkəməyə ərizə ilə müraciət edərək səhhətində yaranmış problem ilə əlaqədar iclasda iştirak edə bilməyəcəyini bildirsə də, bu halı təsdiq edə biləcək tibb sənədini ərizəyə əlavə etməmişdir.

8. Göründüyü kimi qeyd edilən şəxslərin apellyasiya baxışı iclasında məhz üzürlü səbəbdən iştirak etməmələri müəyyən edilməmişdir. Məhkəmə, qeyd edilən halların işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

9. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, Bakı Şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş “Fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabatdan“ görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış evinin inventar dəyəri müəyyən edilərkən həmçinin müəyyən edilmişdir ki, həmin ev 1970-ci ildə inşa olunmuşdur.

11. Bakı Şəhəri Lenin Rayon (indiki Sabunçu rayonu) Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1978-ci il tarixdə verilmiş İ-JQ seriyalı, 494340 nömrəli “Nikah haqqında şəhadətnamədən” görünür ki, İddiaçı və X1 arasında xx.xx.1978-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 361 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Səmədova soyadı verilmişdir.

12. İddiaçının arvadı X3 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş və notarial qaydada təsdiq edilən ərizədən görünür ki, o, ərinin – iddiaçının sahibliyində və istifadəsində olan ünvan 3 ünvanında yerləşən 520 kvm torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 64 kv.m ümumi sahəsi olan 1 mərtəbəli, 2 yaşayış otaqlı “A” fərdi yaşayış evinin onun mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alınması, habelə müvafiq çıxarışın təqdim edilməsinə etiraz etmədiyini bildirmişdir.

13. Suraxanı Rayonu Bülbülə bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, 19 nömrəli arayışdan görünür ki, iddiaçının yuxarıda qeyd edilən ünvanda yerləşən əmlakına görə 2022-ci ilə kimi əmlak və torpaq vergi borcu yoxdur.

14. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-721/2024 saylı qərarının dəyişdirilmədən saxlanılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 1572/2024 saylı qərarından görünür ki, iddiaçı (hazırkı iş üzrə də iddiaçı) İddiaçı cavabdeh (hazırkı iş üzrə də cavabdeh) “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “evin daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınması və reyestrdən müvafiq çıxarışın verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsi həmin iddiaya dair 2-1(112)-8363/2023 saylı işə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarla iddianı rədd etmişdir. İddiaçının həmin qərardan verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2- 1(103)-721/2024 saylı qərarla, şikayətin təmin edilməməsini Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qərara almışdır.

15. Qeyd edilən məhkəmə aktları ilə müəyyən edilmişdir ki, qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların dairəsi konkret olaraq müəyyən edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən hər hansı birini təqdim edə bilmədi. İddiaçının təqdim etdiyi “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilməmiş mənzilin əmlak vergisi hesablanmaq üçün əsas olan hesabat pasportu”, eləcə də “Fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabat” isə qanunvericilikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas kimi nəzərdə tutulmamışdır. Qanunvericiliyin məcburi göstərişlərinə uyğun olaraq iddiaçının üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi və fərdi yaşayış evinə dair qeyd olunan sənədlər olmadığından cavabdeh orqanın hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni və əsaslı olmuşdur. Bu səbəbdən də iddia tələbi əsassızdır.

16. Göstərilənləri nəzərə almış Rayon Məhkəməsi iddianın rədd edilməsini qət etmişdir.

17. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində göstərilir ki, Rayon Məhkəməsi iş üzrə tərəflər arasında hüquq münasibətinin 1970-ci ildə yaranmasını nəzərə almamış, mübahisəni həmin zaman qüvvədə olmuş maddi hüququ normalarının tələbləri baxımından həll etməli olduğu halda, mübahisəni hazırda qüvvədə olan maddi hüquq normalarının tələbləri baxımından həll etmişdir ki, Rayon Məhkəməsinin bu kimi yanaşması səhv olmuşdur.

18. Bununla bağlı Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən ünvanda yerləşən ev 1970-ci ildə tikildiyi üçün iş üzrə tərəflər arasında hüquq münasibəti həmin zaman yaranmışdır.

19. MPM-in 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

20. İddiaçı apellyasiya şikayətində Azərbaycan Respublikası “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 9-cu maddəsinə istinad edərək Rayon Məhkəməsinin qətnaməsinin ləğv, iddiasının isə təmin edilməsini xahiş etdiyindən Məhkəmə bildirir ki, həmin maddənin dispozisiyasına görə, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

21. İş üzrə tərəflər arasında hüquq münasibəti yaranan zaman Azərbaycan Respublikasında qüvvədə olmuş Mülki Məcəllənin tələblərindən görünür ki, qanunverici, torpaq sahəsini özbaşına zəbt etmiş şəxsin həmin sahə üzərində hər hansı hüququnun yaranmasını nəzərdə tutmamışdır.

22. Məhkəmə, yuxarıda qeyd edilən torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olmamasını, həmin torpaq sahəsi üzərində 1970-ci ildə inşa edilmiş tikilinin özbaşına tikili olmasını nəzərə alaraq hesab edir ki, iddia əsassızdır.

23. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə tərəflər arasında hüquq münasibəti 1970-ci ildə yaransa da, işin hallarından görünür ki, bu münasibətlər hazıra kimi uzanmışdır.

24. Buna görə də, Məhkəmə, hazırda qüvvədə olan Mülki Məcəlləyə də istinadən bildirir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (maddə 180.2.). Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (maddə 180.3.).

25. Göründüyü kimi, hazırda qüvvədə olan Mülki Məcəllə də torpaq sahəsini özbaşına zəbt etmiş şəxsin həmin sahə üzərində hər hansı hüququnun yaranmasını nəzərdə tutmur.

26. Bundan başqa Məhkəmə bildirir ki, iddiaçının istinad etdiyi “Fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabatın”, “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilməmiş mənzillərin əmlak vergisi hesablanmaq üçün əsas olan hesabat pasportun” və RİH-nin ərazi dairəsi üzrə nümayəndəliyinin arayışının mövcud olması faktı torpaq sahəsini özbaşına zəbt etmiş iddiaçının həmin sahə üzərində hüququnun olmasını ehtiva etmir.

27. Odur ki, torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olmamasını, həmin torpaq sahəsi üzərində inşa edilmiş tikilinin özbaşına tikili olmasını nəzərə alan Məhkəmə hesab edir ki, iddia əsassızdır. f) apelyasiyanın nəticəsi

28. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddianı rədd edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə faktlar nöqteyinəzərindən qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur

29. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

32. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

33. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 oktyabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar