Məhkəmə qərarları › İş №2(103)-164/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-164/2019

12.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-164/2019 12.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçıQanuni nümayəndə QSC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit məbləğinin, faiz borcunun qaytarılması tələbinə dairmülki iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3500 ABŞ dolları əsas borc, 2250 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları dəbbə pulu, cəmi 6250 ABŞ dolları borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: İddiaçı ASC-nin «Ağdaş» filialı ilə Cavabdeh arasında xx xxxxxxxx 2009-cu il tarixdə bağlanmış 18 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh 12 ay müddətinə, illik 20 faiz hesablanmaqla, 5000 ABŞ dolları məbləğində kredit vermişdir. Müqavilənin şərtlərinə görə kredit üzrə faizlər illik 20 faizlə hesablanmışdır. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Cavabdeh xx.xx.2013-cü il tarixinə Banka 3500 ABŞ dolları əsas borc, 2250 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları dəbbə pulu, cəmi 6250 ABŞ dolları borcu var. Cavabdehə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə bildirişlər göndərilmiş, lakin buna baxmayaraq bu günə qədər gecikdirilmiş kredit borcunun ödənilməsi üçün tədbirlər görməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh kredit borcu tutulmalı və banka ödənilməlidir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 3500 ABŞ dolları əsas borc, 2250 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları dəbbə pulu, cəmi 5950 ABŞ dolları borcun ödəniş gününə manata məzənnə ilə və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə borcun faiz və dəbbə hissəsi ilə bağlı əsassız qərar qəbul etmişdir. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara istinad etməkdə haqlı olmamışdır. Apellyasiya icraatı zamanı iddiaçının vəsatəti ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti əsl iddiaçı Qanuni nümayəndə QSC ilə əvəz edilmişdir. Məhkəmə kollegiyasını iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı ilə bağlı ona hesablanmış əsas borc kompensasiya edilmiş və əsas borcun məbləği 874 manat müəyyən edilmişdir. Bu barədə çıxarışı təqdim edir. Qarşı tərəf əsas borca münasibətdə həmin məbləğlə razıdır. Lakin iddiaçı faiz borcu ilə bağlı hissədə razılaşmır. O, hazırkı iş üzrə keçirilmiş ekspert rəyi ilə müəyyən edilən faiz borcunu da ödəməyə hazırdır. Tərəflər arasında bununla bağlı mübahisə olduğundan yuxarıda qeyd olunan fərmanın faiz borcuna tətbiqi ilə bağlı razılaşma yoxdur. Kredit ona bir illik müddətə verilmişdir və ekspert rəyi ilə həmin tarixə faiz hesablanmışdır. Palatanın müəyyən etdiy əsas borcu və ekspertin müəyyənləşdirdiyi faiz məbləğini ödəməyə hazırdır. Məhkəmə kollegiyasını iclasında iştirak edən iddiaçıQanuni nümayəndə QSC-nin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, cavabdehin borcunun əsas hissəsinin kompensasiya edilməsi ilə razıdırlar. Əsas borcun 874 manat müəyyən edilməsini qəbul edirlər. Lakin, faiz borcunun azaldılması əsaslı deyil. Çünki həmin kredit müqaviləsi tarix etibarı ilə yuxarıda qeyd olunan fərmanın təsiri altına düşmür. Ona görə keçən müddət ərzində hesablanmış faiz borcu, yəni 2450 ABŞ dolları faiz borcu tutulmalıdır. İşin mübahisəsiz halları bunlardır: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 12 ay müddətinə, illik 20% ödəmək şərti ilə 5000 ABŞ dolları məbləğində kredit verilməsi barədə xx xxxxxxxx 2009cu il tarixli kredit müqaviləsi bağlanmış, həmin məbləğ cavabdehə verilmişdir. Cavabdeh borcundan müəyyən ödənişlər etsə də, sonradan öhdəliyini axıradək yerinə yetirməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı ilə bağlı ona hesablanmış əsas borc kompensasiya edilmiş və əsas borcun məbləği 874.91 manat müəyyən edilmişdir. Tərəflər əsas borca münasibətdə artıq mübahisə etmirlər. İşin mübahisələndirilən halı: Cavabdeh faiz borcunun tələb olunan qaydada tutulmasını mübahisələndirir və qeyd edir ki, həmin hissədə iddia təmin olunmalıdır. Mübahisə ilə bağlı dəyərləndirmə: Tərəflər əsas borca münasibətdə razılığa gəldiyindən hazırda faiz borcu və dəbbə borcu ilə bağlı hissədə araşdırma aparılmasına zərurət yaranmışdır. İddiaçı məhkəməyə müraciət edilən anadək ödənilməmiş və hesablanmış faiz borcunu tələb edir. Yuxarıda qeyd olunduğu kimi tərəflər arasında müqavilə 12 ay müddətinə bağlanmışdır. Hazırkı iş icraatda olduğu müddətdə iki dəfə mühasibatlıq ekspertizası keçirilmişdir. İkinci dəfə ekspert qarşısında qoyulan suallardan biri müqavilə müddəti ərzində cavabdehin faiz borcunun hesablanması ilə bağlı olmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən, Cavabdeh müqavilə müddətinə 208 ABŞ dolları faiz borcunun olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Yuxarıda qeyd olunan hüquqi mövqe nəzərə alınmaqla cavabdehdən müqavilə müddətinə hesablanmış 208 ABŞ dolları faiz borcu tutulmalıdır. Məhkəmə kollegiyası, izah edir ki, iddianın faiz tələbinə aid hissədə qismən təmin olunması borclunun icranı gecikdirməsinə görə kreditora dəymiş zərərin mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla tələb olunması hüququnu istisna etmir. Bununla bağlı nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İddiaçı hazırkı iddia ərizəsində zərərin ödənilməsi tələbi irəli sürməmiş, yalnız kredit müqaviləsindən irəli gələn pul vəsaitindən istifadə haqqını (kredit faizlərini), dəbbə pulunu, o cümlədən cəriməni və çəkilmiş xərcləri tələb etmişdir. Bu mənada baxılan iş üzrə məhkəmənin təşəbbüsü ilə dəymiş zərərin qanunla müəyyən edilmiş minimum məbləğinin tutulmasına hüquqi əsas yoxdur və bu hal iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilər. Digər tərəfdən Kollegiya hesab edir ki, məhkəmənin təşəbbüsü ilə kreditin verilməsi tarixindən sonrakı dövrə görə Mülki Məcəllənin 445.7-ci maddəsində müəyyən olunmuş illik beş faiz dərəcəsinin tutulması iddiaçını həmin maddəyə istinadla digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb etmək imkanından məhrum etmiş olardı. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmnin gəldiyi bu qənaət gələcəkdə iddiaçının vurulmuş real zərərin və əldən çıxmış fayda qismində faizlərin tutulması üzrə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır. Öhdəliyin vaxtında icra edilməməsi ilə bağlı iddiaçının borcluya cərimə faizi hesablaması və eyni zamanda cərimə tələb etməsi əsassızdır. Ona görə məhkəmə öhdəliyin pozulması əsası ilə iddiaçının cavabdehə əlavə faiz hesablamasının əsaslı olmasına dair etirazı ilə razılaşmır. Dəbbə pulu ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1 maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Borcün məbləği böyük deyil. Əsas məbləğ cəmi 874.91 manatdır. Həmin məbləğə 200 ABŞ dolları cərimə hesablanması tənasüblüyü pozur. Hesablanmış cərimə demək olar əsas borcun 40 %-i qədərdir. Məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunun (cərimənin) məbləğinin 80 ABŞ dolları (əsas məbləğin təqribən on faizi) müəyyən edilməsi daha ədalətli olmaqla hər iki tərəfin mənafeyinə uyğundur. İşə baxan məhkəmə iddia tələbinin qanuni əsası kimi maddi hüquq normalarının tətbiqində səhvə yol verməmiş, lakin borcun məbləği ilə bağlı sübutlara düzgün hüquqi qiymət verməmişdir. Bu hal qətnamənin dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instasiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edisin. Həmin iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli qətnaməsi Cavabdeh iddiaçının xeyrinə tutulmalı olan əsas borc, faiz və dəbbə borcunun məbləği hissəsində dəyişdirilsin. Həmin hissədə tutulmalı olan əsas borcun məbləği 874.91 (səkkiz yüz yetmiş dörd manat doxsan bir qəpik) manat və faiz borcunun məbləği 208 (iki yüz səkkiz) ABŞ (ödənilən an milli valyutanın məzənnəsinə uyğun olaraq manatla) dolları, dəbbə pulu 80 (səksən) ABŞ dolları (ödənilən an milli valyutanın məzənnəsinə uyğun olaraq manatla) məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Mühasibatlıq ekspertizasının keçirilməsi xərcləri dəyəri 390 (üç yüz doxsan) manat ½ hissədə tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar