Məhkəmə qərarları › İş №2(103)-164/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-164/2025

15.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-164/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-164/2025 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X11 və X8 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1422/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində birinci icraat

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 39000 manat pulun, 11000 manat maddi ziyanın əvəzinin, 5850 manat gecikdirilmiş icra üçün faiz və 258 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 46 kv.m sahəsi olan 2 otaqlı mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. 2020-ci ilin əvvəllərində həmin evi satmaq üçün müxtəlif şəxslərə, maklerlərə müraciət etmişdir. 21 aprel 2020-ci il tarixdə Cavabdeh adlı şəxsə Bakı şəhəri 21 saylı Notariat Ofisində etibarnamə verdi. Vüsaləni həmin günə qədər tanımamışdır, ilk dəfə idi görürdü, lakin onun əri Mamedin (Məmməd Cəfərov) makler fəaliyyəti ilə məşğul olduğunu demişdilər. Ona etibar etməyinə səbəb isə Nizami RİH-in MİİS rəisi Natiq Məmmədov adlı şəxsin təkidi olmuşdur. Cavabdeh etibarnaməni 21 aprel 2020-ci il tarixdə, saat 12:56-da vermiş, həmin şəxs isə mənzili təxminən 3-4 saatdan sonra, saat 16:28-də Bakı şəhəri 51 saylı Notariat Ofisində öz dəyərindən 2 dəfə aşağı qiymətə qardaşı Seyfəddin Qasımovun adına 39000 manata satmışdır. Mənzilə görə ödənilmiş pul depozitə qoyulsa da, cavabdeh tərəfindən etibarnamədən istifadə edilərək götürülmüş və ona verilməmişdir. Bundan sonra aldadıldığını görüb məhkəmədə əqdin etibarsız hesab edilməsinə dair iddia qaldırdı. Məhkəmə prosesi zamanı məlum oldu ki, həmin mənzil 1 ay sonra 50000 manata başqa şəxsə satılmışdır. Uzun sürən məhkəmə çəkişmələrindən sonra iddia təmin edilməmiş, ona vurulmuş ziyanla (pul tələbi) bağlı cavabdehə qarşı yenidən məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1422/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddianın təmin edilməsi, X6 mənzilin satışından əldə edilmiş 39000 manat, maddi ziyanın əvəzi 11000 manat, gecikdirilmiş icra üçün 5850 manat faiz və ödənilmiş dövlət rüsumu 258 manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 445.7, 449.1, 449.2, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 16.6-cı maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətlərinin dəlilləri

5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında mövcud etibarnamə əsasında verilmiş tapşırıq münasibətlərini müəyyən etmiş, lakin mübahisə ilə bağlı halları tam aydınlaşdırmadığından, həmçinin tərəflərə aid qanuni qüvvəsində olan məhkəmə aktında artıq müəyyən edilmiş halları tam nəzərə almadığından iş üzrə düzgün nəticəyə gələ bilməmişdir. Mənzil son əldə edən olaraq X1. Sonuncu ilə alqı-satqı müqaviləsi isə Cavabdeh ilə deyil, X10 arasında bağlanmışdır və həmin alqı-satqı zamanı İddiaçı tərəfindən verilmiş etibarnamədən istifadə edilməmişdir. Adı çəkilən etibarnamə əsasında bağlanmış və sonradan etibarsız hesab edilmiş müqavilə ilə bağlı mövcud məhkəmə qərarı ilə müəyyən edilmiş mövqe baxımından həmin müqavilə üzrə hər hansı bir məbləğin, o cümlədən 39.000 manat pulun alındığından söz gedə bilməz. Həmin müqavilə əsasında Cavabdeh 39.000 manat pul aldığına dair məhkəmənin gəldiyi qənaət doğru deyil və bununla bağlı Ali Məhkəmənin qərarında müəyyən edilən mövqeyə ziddir. Nəticə etibarı ilə ortada etibarnamə ilə hərəkət və onun əsasında pulun alınması yoxdur. Mənzilin X13 X10 tərəfindən satıldığı və ondan 50.000 manat pul aldığı, ondan əvvəl də mənzili əldə edən Seyfəddin Qasımovun mənzili təmir edib, yaxşılaşdırandan sonra satdığı hallar mövcuddur və bunlar iş üzrə mübahisə olunmur. Göründüyü kimi hazırkı mübahisə ilə bağlı ziyanvurma etibarnamə əsasında hərəkət etməklə deyil, əsassız varlanma ilə müşayət olunur. Əsassız varlama Seyfəddin Qasımova aiddir və əsassız varlama məbləği mənzilin satıldığı məbləğdən onun təmir etməklə yaxşılaşdırmaya çəkdiyi xərci çıxmaqla yaranan fərq həcmində müəyyən edilməlidir. Məhz həmin məbləğ mənzilə görə iddiaçıya vurulmuş ziyan olaraq, buna görə cavabdehlik daşıyan şəxs Vüsalə deyil, Seyfəddin Qasımovdur. Məhkəmə iş üçün əhəmiyyət kəsb edən qeyd olunan halları tam aydınlaşdırmamış, tərəflərə aid qanuni qüvvəsində olan məhkəmə qərarı ilə müəyyən edilmiş hallar düzgün şəhr etməmiş, bu da maddi hüquq normaların yanlış tətbiqinə səbəb olmuş, faktiki müəyyən edilmiş hallarla bağlı tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatı

8. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək dəlillərinə uyğun izahat vermiş, onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ekspert rəyi ilə razı deyillər. Evin təmirsiz olduğunu tərəflər də etiraf edib. Ev 39.000 manata alınmış, 50.000 manata satılmışdır. Bütün danışıqlar Seyfəddinlə aparılıb. Cavabdeh də o seçilməli idi.

9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq iclasın onun iştirakı olmadan keçirilməsini və şikayətin təmin olunmamasını xahiş etmişdir.

10. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın

12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

13. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

14. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.

15. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir.

16. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

18. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

19. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

20. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

21. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.

22. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

26. Maddə 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Kollegiya tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti isə təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

33. Belə ki, işin hallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı 21 aprel 2020-ci il tarixdə Cavabdeh adlı şəxsə Bakı şəhəri 21 saylı Notariat Ofisində etibarnamə vermişdir. Cavabdeh (İddiaçı əvəzinə) Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvani küçəsi, 41 saylı evin, 63 saylı mənzilini 39000 manata qardaşı X2. X10 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvani küçəsi, 41 saylı evin, 63 saylı mənzilini 50000 manata X5. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-2377/2023 saylı qərarına əsasən kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-815/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev № 41-də yerləşən 63 №-li mənzilin alqı-satqısına dair İddiaçı ilə X10 arasında bağlanmış 21 aprel 2020-ci il tarixli müqavilənin etibarsız sayılmasının rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev № 41-də yerləşən 63 №-li mənzilin alqı-satqısına dair İddiaçı ilə X10 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

34. Hazırda iddiaçı X6 evin satışından əldə olunmuş 39000 manat pulu, 11000 manat maddi ziyanın əvəzini və 5850 manat gecikdirilmiş icra üçün faizi tələb edir.

35. Kollegiya ilk növbədə iddiaçının hazırki iddianı irəli sürməklə bağlı subyektiv hüququnun olub-olmaması və iddiasının əsaslılığı ilə bağlı aşağıdakıları qeyd edir.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

37. Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.

38. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır”.

39. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi daşınmaz əmlak üzərində olan hüquqların dövlət qeydiyyatına alınması heç də formal tələblərə əsaslanan bir anlayış deyildir və həmin hüquqlarla bağlı mübahisələrin mövcudluğu halında mülkiyyətçinin üçüncü şəxslər qarşısında olan müdafiəsinin əsasını təşkil edir.

40. Hazırki iş üzrə də materiallardan göründüyü kimi ünvan 1 ünvanında yerləşən 46 kv.m sahəsi olan 2 otaqlı mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh (İddiaçı əvəzinə) Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvani küçəsi, 41 saylı evin, 63 saylı mənzilini 39000 manata X7, sonuncu tərəfindən isə xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 50000 manata X4.

41. Bu da o deməkdir ki, iddiaçının mülkiyyətində olan və yuxarıda adı çəkilən əmlak üzərində olan hüquqları qanun qarşısında tam olaraq tanınmışdır və onun həmin mülkiyyətdən irəli gələn hüquqlarının müdafiəsi ilə bağlı tam şəkildə səlahiyyətləri vardır.

42. Daha sonra kollegiya həmin əmlakın cavabdeh tərəfindən ona verilmiş etibarnamə əsasında özgəninkiləşdirilməsi ilə əlaqədar əldə etdiyi pul vəsaitinin iddiaçı tərəfindən tələb edilməsinin mümkünlüyünə münasibətdə aşağıdakıları qeyd edir.

43. Məhkəmə kollegiyası əqdin təmsilçi vasitəsi ilə bağlanmasının mümkünlüyünü qəbul edir. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Lakin nəzərə alınmalıdır ki, təmsilçiliklə bağlanılan əqdlər üçün ən vacib şərtlərdən biri də məhz etibar edənin mənafelərinin əks olunması və etibar edilən edilən səlahiyyətlərdən vicdanla istifadə edilməsidir.

44. Belə ki, Mülki Məcəllənin tapşırıq hüquq münasibətlərini tənzimləyən normalarına müvafiq olaraq tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürsə də, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Əgər tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Vəkalət alan vəkalət verənin göstərişlərindən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Eyni zamanda əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

45. İş materiallarından da göründüyü kimi iddiaçı cavabdehə 21 aprel 2020-ci il tarixdə, saat 12:56-da vermiş, həmin şəxs isə mənzili təxminən 3-4 saatdan sonra, saat 16:28-də Bakı şəhəri 51 saylı Notariat Ofisində 39000 manata X3. Bu hal istər məhkəmə üçün, istərsə də əmlakı alacaq digər şəxslər üçün şübhə doğura bilən bir məqamdır. İddiaçının hələ bir neçə saat öncə notariusa yaxınlaşaraq etibarnamə verməsi ilə ona məxsus əmlakın iştirakı olmadan dəyərindən olduqca aşağı qiymətə satması, o cümlədən həmin pulu mənimsəməyə cavabdehə icazə verməsi ilə bağlı tapşırıqlarının olması işin heç bir halı ilə öz təsdiqini tapmamış və həmin əqdin iddiaçının tapşırığına uyğun formada bağlanmasını şübhə altına salmağa əsas yaratmışdır.

46. Yuxarıda da qeyd edildiyi kimi vəkalət alan vəkalət verənin göstərişlərindən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. İşin mübahisəsiz halıdır ki, iddiaçı özünə məxsus əmlakın özgəninkiləşdirməsinin nəticəsi olaraq əldə edilmiş pul vəsaitinin cavabdeh tərəfindən mənimsənilməsini tapşıra bilməzdi və bu cür mənimsənilmə qanunvericiliyin yuxarıda qeyd edilmiş normalarına görə əsassız olacaqdı. Bu isə o deməkdir ki, cavabdehə etibarnamə verilməsi ilə bağlı iddiaçının tapşırığı həmin pul vəsaitlərinin onun özünə qaytarılması olmuş, bu tapşırıqdan kənaraçıxmaya icazə verilməsi barədə isə cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

47. Qeyd edilən hal öz təsdiqini Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)- 2377/2023 saylı qərarında da tapmış, həmin məhkəmə prosesləri gedişatında da Cavabdeh nümayəndəsi pulun iddiaçıya verildiyini israrla bildirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir və mülki prosessual qanunvericiliyin mövcud prinsiplərinə görə, Cavabdeh 39000 manatı alması mübahisə predmeti olmadığından onun iddiaçıya verilməsini sübutetmə yükü məhz Cavabdeh üzərinə düşür. Vəkalət alan olan cavabdeh vəkalət verən olan iddiaçının göstərişlərindən yalnız o halda kənara çıxa bilərdi ki, işin hallarına görə buna müvafiq icazə ala bilmədiyini və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsasları olduğunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edərdi.

48. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, iddiaçının sözügedən alğı-satqı müqaviləsi bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması, yəni onun iddia etdiyi kimi dəyəri 65.000 manat olan mənzilin 39.000 manata satılması, habelə təmsilçi Cavabdeh həmin pulu ona ödəməməsi halları, əqdin etibarsızlığı üçün deyil, ləğvi üçün əsas ola bilər. Buna görə də iddiaçı, təmsilçi Cavabdeh qarşı iddia qaldırmaqla mənzilin dəyərini və yaxud düşdüyü zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülkihüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir.

50. Beləliklə, istər qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə, istərsə də hazırki işin halları ilə müəyyən olunmuş faktlara əsasən kollegiya hesab edir ki, cavabdeh iddiaçı tərəfindən ona verilmiş səlahiyyət əsasında şifahi tapşırıq müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, tapşırığın icrası nəticəsində əldə etdiklərini vəkalət verənə vermədiyindən və bununla da müqavilənin şərtlərini pozduğundan, iddia tələbi alqı-satqı müqavilələri əsasında əldə olunan pul vəsaitlərinin cavabdehdən iddiaçının xeyrinə tutulması ilə əsaslı olduğundan birinci instansiya məhkəməsinin bu barədə mövqeyi haqlı olmuşdur.

51. Kollegiya apellyasiya şikayətinin “X6 11000 manat maddi ziyanın əvəzinin ödənilməsinin əsassız olması” ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti bu hissədə də əsassız olduğundan təmin edilməməlidir.

52. Belə ki, iş materiallarından da göründüyü kimi mübahisəli mənzil X10 tərəfindən xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 50000 manata X4.

53. Yuxarıda da qeyd edildiyi kimi, Mülki Məcəllənin 778.3-cü maddəsinə əsasən əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.

54. Həmin məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

55. Belə ki, işin mübahisəsiz halıdır ki, ünvan 1 ünvanında yerləşən 46 kv.m sahəsi olan 2 otaqlı mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh (İddiaçı əvəzinə) Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvani küçəsi, 41 saylı evin, 63 saylı mənzilini 39000 manata X7, sonuncu tərəfindən isə xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 50000 manata X4.

56. Göründüyü kimi belə qısa müddət aralığında mübahisəli əmlakın 11.000 manat fərqlə başqa şəxsə satılması artıq onun üçün ilkin olaraq müəyyən edilmiş qiymətin olduqca aşağı olması və iddiaçının mənafelərinə uyğun olmamasını deməyə əsas verir.

57. O cümlədən həmin əmlakın sözügedən müqavilələr bağlanılan zaman, yəni 2020-ci ildə mövcud olan dəyərinin müəyyənləşdirilməsi üçün isə apellyasiya baxışı zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 0140 saylı rəydən görünür ki, ünvan 1 ünvanında yerləşən 46 kv.m sahəsi olan 2 otaqlı mənzilin 2020-ci il üçün real bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 76.350 manat, məbləğində müəyyən edilir.

58. Ekspert rəyindən də göründüyü kimi mübahisəli əmlakın ümumi bazar qiyməti ilə cavabdehin digər şəxslə bağladığı müqavilə ilə müəyyənləşdirdikləri qiymət arasında kifayət qədər böyük fərq mövcuddur və həqiqətən, iddiaçının adından bu əqdin bağlanması ilə onun üçün son dərəcə əlverişsiz nəticələr yaranmış olacaqdı.

59. Lakin hər bir halda kollegiya qeyd edir ki, mübahisəli əmlak xx.xx.2020-ci ildə 39.000 manata, xx.xx.2020-ci il tarixdə isə 50.000 manata satıldığından, həmin vaxt müqavilə tərəflərinin tələb və təklifləri məhz həmin qiymətlərdən ibarət olduğundan və faktiki olaraq alqı-satqı sırf həmin məbləğlərlə baş tutduğundan məhkəmə cavabdeh tərəfindən tapşırığın düzgün icra edilməməsi nəticəsində iddiaçıya dəymiş zərəri hesablayarkən məhz həmin rəqəmlərlə əmlakların ilkin satış qiymətləri arasındakı fərqin, yəni iddiaçının tələbinə uyğun olaraq 11.000 manat pulun cavabdeh tutularaq iddiaçıya ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsinin qənaətini əsaslı hesab edir.

60. Bundan əlavə kollegiya qeyd edir ki, iddiaçının mübahisəli əmlakın ilkin olaraq satılması ilə bağlı əldə edilmiş 39.000 manat pulun və sonradan satışı nəticəsində dəymiş 11.000 manat zərərin ödənilməsi ilə bağlı tələbi əsaslı olduğundan və iddiaçının Mülki Məcəllənin 445.7 və 449.1-cu maddəsinə və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına əsasən tərəflər arasında yaranmış münasibət üzrə borclunun öhdəliklərinin icra edilməli olduğu vaxtdan illik 5% dərəcəsi ilə faiz məbləğinin hesablanmasını tələb etmək hüququ olduğundan, birinci instansiya məhkəməsinin mənzilin satışından əldə olunan 39000 manat pul məbləğinin ödənilməsini gecikdirdiyi xx.xx.2020-ci il tarixdən (mənzilin satıldığı) xx.xx.2023-cü il tarixədək (məhkəməyə müraciət etdiyi) müddət üçün illik 5% (39000x5%=1950x3=5850) olan 5850 manatın X6 iddiaçının xeyrinə ilə tutulması ilə bağlı qənaəti də haqlı olmuşdur.

61. Beləliklə, qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

62. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

63. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

64. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

65. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

66. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

67. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1422/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə onu ödəyən şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar