Məhkəmə qərarları › İş №2(103)-1642/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1642/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1642/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi Sultanlı Mələk Rövşən qızının, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(006)-1942/2017 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə 36600 ABŞ dolları əsas borcun, 6900 ABŞ dolları faiz borcunun, 500 ABŞ dolları cərimənin, cəmi 44000 ABŞ dolları məbləğində pulun, həmçinin 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında xx xxxx 2016-cı il tarixli, 2128 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən 36 ay müddətinə, illik 22 faiz ödəmək şərti ilə 36600 ABŞ dolları kredit verilmişdir. Qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi digər Cavabdeh2 ilə xx xxxx 2016cı il tarixli, 2128/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, xəbərdarlıq edilməsinə baxmayaraq kredit borcunu ödəməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(006)- 1942/2017 saylı qətnaməsi ilə (hakim Pərviz Hüseynov) iddia qismən təmin olunmuş, xx xxxx 2016-cı il tarixli 2128 saylı kredit müqaviləsi üzrə 36600 ABŞ dolları əsas borcun, 6900 ABŞ dolları faiz borcunun, 50 ABŞ dolları cərimənin, cəmi 43550 ABŞ dolları məbləğində pulun (tutulduğu anda Mərkəzi Bank tərəfindən müəyyən edilmiş ABŞ dollarının Manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), həmçinin ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət olunmuşdur. Cavabdeh1 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, işə onun iştirakı olmadan baxılması, bankdan ilk dəfə 2013-cü il tarixdə kredit götürməsi, aldanılması, sonuncu dəfə xx xxxx 2016-cı il tarixdə 36000 ABŞ dolları kreditin rəsmiləşdirilməsi, bankla əlaqəli olan sənədləri itirməsi kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, maddi imkanı pisləşdiyindən krediti ödəyə bilməmişdir. Həqiqətən bankla aralarında xx xxxx 2016-cı il tarixli, 2128 saylı kredit müqaviləsi bağlanmış, müqavilədə və kassa məxaric orderində olan imzalar ona məxsusdur. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı və digər cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz Cavabdeh1 apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sübutlara əsasən – iddiaçı ilə Cavabdeh1 arasında xx xxxx 2016-cı il tarixli, 2128 saylı kredit müqaviləsi bağlanmış, sonuncuya 36 ay müddətinə, illik 22 faiz ödəmək şərti ilə 36600 ABŞ dolları kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi digər Cavabdeh2 ilə bank arasında xx xxxx 2016-cı il tarixli, 2128/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda işdən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit borcunu ödəməmişdir. Cavabdeh apellyasiya şikayətində aldadılmasını göstərsə də, bunun nədə ifadə olunması və s. bu kimi zəruri halları qeyd etməmiş, məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, cavabdeh apellyasiya baxışı zamanı kredit müqaviləsində və kassa məxaric orderində olan imzaların ona məxsus olmasını bildirmiş, krediti maddi vəziyyətinin pisləşməsi nəticəsində ödəyə bilməməsini göstərmişdir. Göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Həmçinin, cavabdehin maddi vəziyyətinin pisləşməsi ilə bağlı krediti ödəməyə bilməməsi barədə dəlilləri də sonuncunu kredit müqaviləsi üzrə öhdəliklərindən azad etməmişdir. Eyni zamanda işdə olan sübutlardan da (kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı və s.) kredit borcunun hesablanmasında kredit müqaviləsinin şərtlərinə hər hansı uyğunsuzluğun mövcudluğu müşahidə olunmur. İşdən görünür ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə əsasən tələb olunan cərimənin məbləğini azaldaraq 50 ABŞ dolları həddində təmin etmişdir ki, həmin məbləğ də əsas borca münasibətdə tənasübsüz deyildir. Cavabdeh apellyasiya şikayətində, həmçinin məhkəmə iclasında iştirakının təmin olunmamasını göstərmiş, lakin işdə olan sübutlardan (bildirişlər, reyestrlər və s.) görünür ki, cavabdehə rəsmi qeydiyyatda olduğu ünvan üzrə məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məhkəmə bildirişləri göndərilmişdir. Cavabdehin sonradan təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətindən (iş vərəq 65) görünür ki, onun rəsmi qeydiyyat ünvanı xx xxx 2017-ci il tarixdə dəyişmiş, qətnamə isə 06 aprel 207-ci il tarixdə qəbul edilmişdir. Yəni, işə birinci instansiya məhkəməsində baxıldığı dövrdə cavabdeh əvvəlki ünvandə (iddia ərizəsində və MAPS-ın arayışında göstərilən ünvanda) qeydiyyatda olmuşdur. Eyni zamanda, cavabdeh yaşayış yerini dəyişməsi (əgər belə bir hal vardırsa) ilə bağlı da məhkəməyə hər hansı məlumat verməmişdir. Halbuki, MPM-nin 146-cı maddəsinin tələbinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixi Qərarı). Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(006)-1942/2017 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(006)- 1942/2017 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar