Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1645/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(010)-3210/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi və iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “xxxx” ASC-nin xeyrinə xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 9166,66 manat əsas, 1702,79 manat faiz, 418,14 manat cərimə olmaqla, cəmi 11287,59 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 25 faizlə 36 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxxxx 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışıdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxxxx 2020-ci il tarixədək Cavabdeh1 banka həmin kredit müqaviləsi üzrə 9166,66 manat əsas borc, 1702,79 manat faiz borcu, 418,14 manat cərimə olmaqla, cəmi 11287,59 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Kredit və zaminlik müqavilələri üzrə öhdəliklər lazımi qaydada yerinə yetirilmədiyinə görə Bank məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(010)- 3210/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci il tarixinə hesablanmış 9166,66 manat məbləğində əsas borc, 1702,79 manat məbləğində faiz borcu, 5 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 10874,45 manat məbləğində borcun müştərək qaydada «xxxx» ASC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını xahiş etmişlər. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, onlar bütün məhkəmə iclaslarında iştirak etsələr də, xx.xx.2020-ci il tarixdə məhkəmə qətnaməsi çıxarılan gün məhkəmə iclasında onların iştirakı təmin edilməmiş, həmin qətnamədən isə xx.xx.2020-ci il tarixində məlumatları olmuşdur. İddiaçı banka hissə-hissə ödədikləri 2138 manat pul hesabda düzgün göstərilməmiş, borc düzgün hesablanmamışdır. Hesab edirlər ki, qətnamə qanunsuz və əsassızdır, buna görə də ləğv olunmalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdehlər apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, iş üzrə iddiaçı məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası cavabdehlərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(010)-3210/2020 saylı qətnaməsi cavabdehlərin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, xx xxxxxx 2019-cu il tarixli 11-MZ-1-0-2055-19 saylı kredit müqaviləsi ilə «xxxx» ASC tərəfindən Cavabdeh1 illik 25 faiz olmaqla, 36 ay müddətinə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2019cu il tarixli 11-MZ-1-0-2055-19 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən öhdəliklərin icra edilməsinə zamin durmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixli 11-MZ-1-0-2055-19 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə 9166,66 manat əsas borc, 1702,79 manat faiz borcu və 418,14 manat cərimə borcu olmaqla ümumilikdə 11287,59 manat borcu vardır. İş materiallarında olan «xxxx» ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktublarının surətlərindən onların borc barədə xəbərdar edildikləri və borcun ödənilməsinin tələb edildiyi görünür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : xx.xx.2020-ci il tarixdə məhkəmə qətnaməsi çıxarılan gün məhkəmə iclasında cavabdehlərin iştirakının təmin edilməməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin tarixdə ümumiyyətlə məhkəmə iclası olmamış, məhkəmə qətnaməsi xx.xx.2020-ci il tarixdə elan olunmuşdur. İş üzrə məhkəmə hazırlıq iclasında Cavabdeh1, baxış iclasında isə hər iki cavabdeh iştirak etmişdir. Məhkəmə baxış iclasında hər iki cavabdeh iddianın təmin edilməsinə etirazlarının olmadıqlarını bildirmiş, Cavabdeh1 kredit borcunu maddi vəziyyəti ilə bağlı ödəyə bilmədiyini göstərmişdir. İddiaçı banka hissə-hissə ödədikləri 2138 manat pulun hesabda düzgün göstərilməməsi, borcun düzgün hesablanmaması barədə cavabdehlər məhkəməyə heç bir sübut təqdim etməmişlər. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi dəbbə pulunu azaldıb iddianı qismən təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(010)- 3210/2020 saylı qətnaməsi cavabdehlərin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1645/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1645/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver