Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1646/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul məbləğinin geri qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 384000 ABŞ dolları, Cavabdeh2 200000 ABŞ dolları, maddi ziyan olaraq 17520 ABŞ dolları, mənəvi zərərə görə isə 1000 manat olmaqla, ümumilikdə 601520 ABŞ dolları məzənnə üzrə ödəmə gününə manatla pulun və 1.000 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehləri uzun illərdir ki, tanıyır və onların yoldaşlıq münasibətləri olmuşdur. Həmin şəxslərin 2011-ci ildən ticarət işlərində problemləri yarandığı üçün ona etdikləri müraciətlər əsasında ayrı-ayrı vaxtlarda borc olaraq onlara pul vermişdir. Aralarında olan səmimi münasibətləri nəzərə alaraq şifahi razılaşmaya əsasən müəyyən öhdəlik münasibətləri yaranmış, həmin şəxslər ondan ümumilikdə 584000 ABŞ dolları, yəni 905200 manat pul götürmüşlər. Cavabdehlər götürdüyü pul məbləğlərinin mövcudluğunun təsdiqlənməsi məqsədi ilə özlərinin xətti və imzası əsasında tərtib olunmuş sadə yazılışlı qəbzlər tərtib edərək ona vermiş və pul öhdəliyinin müxtəlif vaxtlarda qaytarılacağına söz vermişlər. Hətta bu müddət ərzində gözləməyi üçün əldə etdikləri əmlakların sənədlərini verməklə pulları qaytaracaqlarına inandırmışlar. 07 noyabr 2014-cü il də ümumilikdə 3600 ABŞ dolları ona qaytarmışlar. Lakin, aradan neçə müddət keçməsinə baxmayaraq borclular ona verməli olduqları pul məbləğini qaytarmamış və hər dəfə pulu onlardan tələb etdikdə “yoxumuzdur, biraz da gözlə verəcəyik” deyərək onu aldatmışlar. Pulun cavabdehlər tərəfindən ödənilməməsi səbəbindən münasibətləri pozulmuş və Daxili İşlər Nazirliyinə etdiyi şikayət əsasında ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Borclulardan pul vəsaiti ala bilmədiyi üçün məhkəmə müdaxiləsi zərurəti yaranmışdır və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Cavabdehlərin yazdığı qəbzlərdən də aydın şəkildə görünür ki, borclulardan Cavabdeh1 03 oktyabr 2011-ci il tarixdə 30000 ABŞ dolları, 25 oktyabr 2011-ci il tarixdə 30000 ABŞ dolları, 27 noyabr 2011-ci il tarixdə 10000 ABŞ dolları, 13 dekabr 2011-ci il tarixdə 17500 ABŞ dolları, 03 yanvar 2012-ci il tarixdə 8500 ABŞ dolları, 04 yanvar 2012ci il tarixdə 10000 ABŞ dolları, 11 yanvar 2012-ci il tarixdə 15000 ABŞ dolları, 21 yanvar 2013-cü il tarixdə 28000 ABŞ dolları, 05 iyun 2013-cü il tarixdə 30000 ABŞ dolları, 16 iyun 2013-cü il tarixdə 70000 ABŞ dolları, 16 iyun 2013-cü il tarixdə 60000 ABŞ dolları və 21 mart 2013-cü il tarixdə 75000 ABŞ dolları, ümumilikdə 384000 ABŞ dollar, Cavabdeh2 isə 21 fevral 2012-ci il tarixdə 20000 ABŞ dolları, 27 yanvar 2012-ci il tarixdə 20000 ABŞ dolları, 21 sentyabr 2012-ci il tarixdə 20000 ABŞ dolları, 21 mart 2013-cü il tarixdə 75000 ABŞ dolları, 16 iyun 2013-cü il tarixdə 65000 ABŞ dolları, ümumilikdə 200000 ABŞ dolları ondan borc pul götürmüşlər. Həmin şəxslərin borcu ümumilikdə 584000 ABŞ dolları məbləğindədir. Bur borcdan yalnız 3600 ABŞ dolları poçt vasitəsi ilə göndərilmiş və qalan məbləğ geri verilməmişdir. Onda olan məlumata görə cavabdehlərin aldığı borcu ödəmək üçün kifayət qədər imkanları vardır. Həmin əmlakların sənədləri də ona verilmişdir. Lakin, onlar qərəzli mövqe nümayiş etdirərək, ondan aldıqları borcu ödəməkdən qəsdən yayınırlar. Bu qədər əmlaka sahib olan cavabdehlər bu günə qədər aldıqları pul məbləğlərini qaytarmamaqda israrlıdırlar. Cavabdehlər səkkiz ilə yaxındır ki, ona olan borclarını ödəməmiş və ona külli miqdarda ziyan vurmuşlar. İddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı qəbzlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı xeyrinə olaraq Cavabdeh2 alınan 21 mart 2013-cü il tarixli, 16 iyun 2013-cü il tarixli, 21 sentyabr 2012-ci il tarixli, 21 dekabr 2011-ci il tarixli, 27 yanvar 2012-ci il tarixli və X1 alınan 11 yanvar 2012-ci il tarixli, 25 noyabr 2011-ci il tarixli, 03 oktyabr 2011-ci il tarixli, 28 noyabr 2011-ci il tarixli, 13 dekabr 2011-ci il traixli, 03 yanvar 2012-ci il tarixli, 04 yanvar 2012-ci il tarixli, 16 iyun 2013-cü il tarixli, 16 iyun 2013-cü il tarixli, 21 mart 2013-cü il tarixli və 05 iyun 2013-cü il tarixli qəbzləri bilə-bilə yalan məlumat verməklə bağlandığından etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı onlara qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldıraraq Cavabdeh1 384000 ABŞ dolları, Cavabdeh2 200000 ABŞ dolları olmaqla, ümumilikdə 584000 ABŞ dolları məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı pul tələbinin əsası kimi guya ki, onlara borc pul verərək qəbzlərlə rəsmiləşdirmiş və onlar ona imza edərək borclu olduqlarını bildirmişlər. Lakin, onların ümumilikdə İddiaçı 13500-14000 ABŞ dolları borcu vardır. X9 Nazirliyində aparılan araşdırma zamanı bir daha sübut olunmuşdur. İddiaçı faizə pul verən şəxs olmaqla çoxlu sayda insanları bu şəkildə aldadaraq pul qaytarıldıqdan sonra qəbzləri atmamış və insanları aldatmaqla onlardan yenidən əlavə pul tələb etməklə məşğuldur. Cavabdeh2 Ağasalam oğlundan alınan 21 mart 2013-cü il tarixli, 16 iyun 2013-cü il tarixli, 21 sentyabr 2012-ci il tarixli, 21 dekabr 2011-ci il tarixli, 27 yanvar 2012-ci il tarixli və Cavabdeh1 alına 11 yanvar 2012-ci il tarixli, 25 noyabr 2011-ci il tarixli, 03 oktyabr 2011-ci il tarixli, 28 noyabr 2011-ci il tarixli, 13 dekabr 2011-ci il tarixli, 03 yanvar 2012-ci il tarixli, 04 yanvar 2012-ci il tarixli, 16 iyun 2013-cü il tarixli, 16 iyun 2013cü il tarixli, 21 mart 2013-cü il tarixli və 05 iyun 2013-cü il tarixli qəbzləri əsas gətirərək İddiaçı əsassız olaraq onlardan külli miqdarda pul vəsaiti tələb edir. Həmin qəbzlərə fikir verilsə aydın olar ki, bir çox qəbzlər ayın eyni günündə verilmişdir. Bu bir daha verilmiş pulların faizə verilməsini göstərir. İddiaçı həmin qəbzlərdəki imzaları onlara imzaladaraq boş saxlamış və ora istədiyi rəqəmi yazaraq doldurmuş, Hacı Bahadur adlı şəxsə göstərəcəyini bildirmiş, pulunu ödədikdən sonra isə həmin qəbzləri atmayaraq yenidən onlardan həmin qəbzlər əsasında pul tələb etmişdir. Onlar, mülki işin gedişində qəbzlərin saxlanıldığını, atılmadığını öyrənmişlər. Bir daha İddiaçı tərəfindən digər vətəndaşlar kimi aldadıqlarını başa düşmüşlər. Hazırda həmin qəbzlərin heç bir hüquqi əsası yoxdur, həmin qəbzlərdə göstərilən məbləğlər reallığı əks etdirmir. Necə ola bilər ki, heç bir vəzifəsi, əmlakı olmayan adam tanımadığı şəxslərə heç bir rəsmi müqavilə olmadan bu məbləğdə vəsaiti bir kağız parçasına yazaraq vermiş olsun. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qəbzlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-1113/2020 nömrəli mülki iş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun geri qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(001)-9/2020 saylı mülki işlə əlaqəli olduğundan həmin işlərin birləşdirilməsi, onlara birgə baxılması məsələsinin həll edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(001)- 9/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul məbləğinin geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh2 196400 (bir yüz doxsan altı min dörd yüz) ABŞ dolları məbləğində borcun, Cavabdeh1 isə 384000 (üç yüz səksən dörd min) ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq İddiaçı xeyrinə tutulması qərara alınmış, iddia digər hissədə təmin edilməmiş, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qəbzlərin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Cavabdehlər qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin 09.06.2021-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(001)-9/2020 saylı qətnaməsi iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qəbzlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə aid hissədə ləğv edilmiş, həmin tələbə məhkəmədə baxılmalı olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(103)- 1586/2021 nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(001)-9/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh1 15000 (on beş min) ABŞ dolları (ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə), Cavabdeh2 15000 (on beş min) ABŞ dollarının (ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə) alınaraq İddiaçı verilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə iddiaçı, eyni zamanda cavabdehlər ayrı-ayrılıqda kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasınıın 06 dekabr 2021-ci il tarixli, 2(102)-5492/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(103)-1586/2021 nömrəli qətnaməsi İddiaçı iddiasının təmin edilməyən hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(103)-1586/2021 nömrəli qətnaməsi İddiaçı iddiasının təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır. Hazırkı apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, qəbzlər onun tərəfindən tərtib edilmişdir, lakin qəbzlərdə olan məbləğlər həqiqətə uyğun deyil, onun iddiaçıya həmin məbləğlərdə borcu olmamışdır. Belə ki, o, iddiaçıdan aldığı pulları qaytarmış, hesab etmişdir ki, tərtib edilmiş qəbzlər cırılıb atılmışdır, lakin iddiaçı iddia qaldırdıqdan sonra məlum olmuşdur ki, qəbzlər cırılmamışdır. İddiaçı həmin pulları faiz olaraq tələb edir, lakin buna dair sübutu yoxdur. İddiaçı borclu olduğu Hacı Bahadur adlı şəxsi guya alacağı olmasına inandırmaq üçün onlardan qeyd edilən qəbzləri verməyi xahiş etmiş, onlar da iddiaçının səmimiyyətinə inanaraq həmin qəbzləri yazmışlar. Lakin bir daha bildirir ki, iddiaçı ona 384000 ABŞ dolları məbləğində pul verməmişdir. Bu böyük bir məbləğdir və belə pulun heç bir girov təminatı olmadan verilməsi də mümkün deyildir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdeh Elbrus Şirinov apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, iddiaçıya borcu yoxdur, iddiaçının ondan tələb etdiyi məbləğ faizlər üçün hesablanıb. İddiaçı borclu olduğu Hacı Bahadur adlı şəxsi guya alacağı olmasına inandırmaq üçün onlardan qeyd edilən qəbzləri verməyi xahiş etmiş, onlar da iddiaçının səmimiyyətinə inanaraq həmin qəbzləri yazmışlar. İddiaçı ona 200000 ABŞ dolları məbləğində pul verməmişdir, bu yalandır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etmədiyini bildirdi, onun təmin edilməməsini xahiş etdi və bildirdi ki, cavabdeh Elsevərlə uzun müddət yoldaşlıq münasibətində olmuşlar, ona dəfələrlə borca pul vermiş, Elsevər də pulları qaytarmışdır. Elsevər 2011-ci ilin oktyabr ayında şəriki ilə iş qurduğunu bildirmiş, onlara pul lazım olduğunu bildirmişdir. İddiaçı aralarında olan münasibətə güvənərək onlara 2011-2012-ci illərdə 1 il ərzində hissə-hissə, ümumilikdə 584000 ABŞ dolları məbləğində borc pul vermişdir. Aralarında olan razılaşmaya görə cavabdehlər borc götürmələri ilə bağlı qəbz yazdıqdan sonra pulları ondan götürürdülər. Cavabdehlərə hissə-hissə götürdükləri həmin pulu evində vermiş və hər dəfə pul verən zaman onlardan qəbz almışdır. O, cavabdehlərə 2013-cü ildə borc pul verməmişdir. 2011- 2012-ci illər ərzində tərtib edilən qəbzlərin sayı çox olduğuna görə cavabdehlərin xahişi ilə xırda borc məbləğlərinə dair qəbzləri 2013-cü ildə cəmləşdirilərək 7 ədəd qəbz tərtib edilmiş, həmin qəbzlərin məzmununu cavabdehlər özləri yazmışdır. 2013-cü ildə yeni qəbzlər tərtib edildiyi üçün həmin qəbzlərə göstərilən borc məbləğlərinə dair 2011-2012-ci illərin qəbzlərini özündə saxlamamışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən – iddianın təmin edilmiş 403000 ABŞ dolları pulun cavabdehlərdən tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(102)- 5492/2021 saylı qərarında qeyd edilmişdir ki, bundan əvvəl apellyasiya şikayətinə əsasən işə baxan apellyasiya instansiyası məhkəməsi İddiaçı xeyrinə cavabdehlərin hər birindən 15000 (on beş min) ABŞ dolları (ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə) pul tutulması hissəsində düzgün nəticəyə gəlmiş, tərəflər arasında borc münasibətlərinin mövcudluğu, iddia müddəti və s. hallara tətbiq edilməli olan maddi hüquq normaları baxımından tam qiymət vermiş, cavabdehlərin dəlillərini həmin hissədə əsaslandırmaqla qəbul etməmişdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən - iddianın 554000 ABŞ dolları pulun cavabdehlərdən tutulması hissəsində əsaslı olub-olmamasının araşdırılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2021-ci il tarixli, 2(102)-5492/2021 saylı qərarında qeyd edilmişdir ki, cavabdehlər etirazlarında əvvəlcə həmin qəbzlərdəki imzaların onlara məxsus olmamasını, sonra qəbzlərin aldadılma, hədə-qorxu altında iddiaçı tərəfindən onlara yazdırılmasını göstərmiş, daha sonra isə qəbzlərin həqiqəti əks etdirməməsini (eyni gündə ayrı-ayrı məbləğlər barədə qəbz yazılması, qəbzin yazıldığı vaxt pulun verilməməsi və s.) göstərmişlər. Apellyasiya instansiyası məhkəməsi etirazlarının əsası kimi cavabdehlərin nəyə görə müxtəlif əsaslara istinad etməsini, iddiaya etiraz kimi mövqelərinin ardıcıl olmayan dəlillərlə əsaslandırmalarına aydınlıq gətirməmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin nəyə görə bu sayda qəbz yazmasının nə ilə izah olunmasına aydınlıq gətirməmişdir. O da nəzərə alınmalıdır ki, cavabdehlərin dediyi kimi həmin qəbzlərin aldatma, hədə-qoxu təsiri altında yazılması da müəyyən edilməyib. Nəticədə həmin qəbzlərin cavabdehlər tərəfindən hansı zərurətdən irəli gələrək tərtib edilməsi məsələsi açıq qalmışdır. Kollegiya qeyd edir ki, Ali Məhkəmənin bu göstərişinin icrası ilə əlaqədar məhkəmə araşdırması zamanı cavabdehlər verdikləri izahatlarında həmin məsələyə aydınlıq gətirərək bildirmişlər ki, iddiaçı tələb etdiyi məbləğdə onlara pul vermədiyi üçün qəbzlərdəki imzaların onlara məxsus olmasına əvvəlcə şübhə ilə yanaşmışlar. İddiaçı mövcud olmayan borcu tələb edərkən onlara müxtəlif yollarla hədə-qorxu gəlmişdir. Qeyd edilən qəbzlər onlar tərəfindən tərtib edilsə də, qəbzlərdə göstərilən məbləğlər həqiqətə uyğun deyil, iddiaçı onlara həmin məbləğlərdə borc verməmişdir. Onlar iddiaçıdan aldıqları pulu qaytarmış, hesab etmişlər ki, tərtib edilmiş qəbzlər cırılıb atılmışdır, lakin iddiaçı iddia qaldırdıqdan sonra məlum olmuşdur ki, qəbzlər cırılmamışdır. İddiaçı həmin pulları faiz olaraq tələb edir, lakin buna dair sübutu yoxdur. İddiaçı borclu olduğu Hacı Bahadur adlı şəxsi guya alacağı olmasına inandırmaq üçün onlardan qeyd edilən qəbzləri verməyi xahiş etmiş, onlarda iddiaçının səmimiyyətinə inanaraq həmin qəbzləri yazmışlar. Lakin bir daha bildirirlər ki, iddiaçı onlara 584000 ABŞ dolları məbləğində pul verməmişdir. Bu böyük bir məbləğdir və belə pulun heç bir girov təminatı olmadan verilməsi mümkün deyildir. Digər tərəfdən, cavabdehlər polisə verdikləri ifadələrində iddiaçıya 135000 və 140000 ABŞ dolları deyil, 13500 ABŞ dolları və ya 14000 ABŞ dolları borclarının olduğunu bildirdiklərini qeyd etmişlər. İşə baxan birinci instansiya məhkəməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən etmişdir ki, tərəflər arasında borc münasibətləri olmuş, Cavabdeh1 müxtəlif tarixlərdə qaytarmaq şərti ilə iddiaçıdan cəmi 384000 ABŞ dolları məbləğində borc pul almış, bununla bağlı cavabdeh iddiaçıya iltizamlar vermiş, lakin aldığı borc məbləğini bu günədək iddiaçıya qaytarmamışdır. Digər Cavabdeh2 da müxtəlif tarixlərdə qaytarmaq şərti ilə iddiaçıdan cəmi 200000 ABŞ dolları məbləğində borc pul almış, bununla bağlı cavabdeh iddiaçıya iltizamlar vermiş, həmin məbləğdən 3600 ABŞ dolları həmin vaxt mövcud olan məzənnə nəzərə alınmaqla manatla iddiaçıya qaytarılmış, lakin qalan borc məbləğini bu günədək iddiaçıya qaytarılmamışdır. Məhkəmə kollegiyası 2011-2012-ci illər üzrə aşağıda sadalanan iltizamlara dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmə həmin iltizamlar üzrə cavabdehlərdən iddiaçının xeyrinə pul tutulması barədə düzgün qənaətə gəlmişdir. Belə ki, işdə olan 13 dekabr 2011-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh1 tanışı İddiaçı 17500 ABŞ dolları məbləğində pulu 13 yanvar 2012-ci il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. İltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. 03 oktyabr 2011-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh1 tanışı İddiaçı 30000 ABŞ dolları məbləğində pulu 03 dekabr 2011-ci il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. İltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. 25 oktyabr 2011-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh1 tanışı İddiaçı 30000 ABŞ dolları məbləğində pulu 25 dekabr 2011-ci il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. İltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. 27 noyabr 2011-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh1 tanışı İddiaçı 10000 ABŞ dolları məbləğində pulu 28 dekabr 2011-ci il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. İltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. 21 dekabr 2011-ci il tarixli iltizamdan görünür ki, X5 tanışı İddiaçı 20000 ABŞ dolları məbləğində pulu 21 fevral 2012-ci il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. X2 tərəfindən imzalanmış, habelə evin ******* nömrəli çıxarışı onun tərəfindən girov qoyulmuşdur. 03 yanvar 2012-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh1 tanışı İddiaçı 8500 ABŞ dolları məbləğində pulu 04 fevral 2012-ci il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. İltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. 04 yanvar 2012-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh1 tanışı İddiaçı 10000 ABŞ dolları məbləğində pulu 04 fevral 2012-ci il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. İltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. 11 yanvar 2012-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh1 tanışı İddiaçı 15000 ABŞ dolları məbləğində pulu 12 mart 2013-cü il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. İltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. 27 yanvar 2012-ci il tarixli iltizamdan görünür ki, X5 tanışı İddiaçı 20000 ABŞ dolları məbləğində pulu 27 mart 2012-ci il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. X2 tərəfindən imzalanmış, habelə qardaşı X4 evinin çıxarışı onun tərəfindən girov qoyulmuşdur. 21 sentyabr 2012-ci il tarixli iltizamdan görünür ki, X5 tanışı İddiaçı 20000 ABŞ dolları məbləğində pulu 21 noyabr 2012-ci il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. X2 tərəfindən imzalanmışdır. Girov - “Sədərək” də yerləşən 5929 nömrəli ekzotika mağazası. Göründüyü kimi, cavabdehlər 2011-2012-ci illər üzrə tərtib edilmiş həmin qəbzlərə əsasən götürdükləri pul məbləğlərinin mövcudluğunun təsdiqlənməsi məqsədi ilə özlərinin xətti və imzası əsasında sadə yazılı qəbzlər tərtib edərək iddiaçıya vermiş və qeyd edilən pul öhdəliyinin müxtəlif vaxtlarda icra ediləcəyinə söz vermişlər. Lakin həmin iltizamlar üzrə cavabdehlər üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borclarını iltizamda nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da razılığın şərtlərini pozmuşlar. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, qeyd edilən qəbzlərdəki borclarını iddiaçıya ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehlərdən borcun bir hissəsini 2013cü il tarixdə tərtib edilmiş aşağıdakı qəbzlərə əsaslanaraq tələb edir. İşdə olan 21 yanvar 2013-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 tanışı İddiaçı 28000 ABŞ dolları məbləğində pulu 21 mart 2013-cü il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. İltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. İşdə olan 21 mart 2013-cü il tarixli iltizamdan görünür ki, X5 tanışı İddiaçı 75000 ABŞ dolları məbləğində pulu 21 sentyabr 2013-cü il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. X2 tərəfindən imzalanmışdır. İşdə olan 21 mart 2013-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 tanışı İddiaçı 75000 ABŞ dolları məbləğində pulu 21 sentyabr 2013-cü il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. İltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. İşdə olan 05 iyun 2013-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 tanışı İddiaçı 30000 ABŞ dolları məbləğində pulu 05 avqust 2013-cü il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. İltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. İşdə olan 16 iyun 2013-cü il tarixli iltizamdan görünür ki, X5 tanışı İddiaçı 65000 ABŞ dolları məbləğində pulu 16 iyun 2014-cü il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. X2 tərəfindən imzalanmışdır. İşdə olan 16 iyun 2013-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 tanışı İddiaçı 60000 ABŞ dolları məbləğində pulu 16 iyun 2014- cü il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. İltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. İşdə olan 16 iyun 2013-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 tanışı İddiaçı 70000 ABŞ dolları məbləğində pulu 16 iyun 2014- cü il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. İltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara qiymət verərək hesab edir ki, 2013-cü il üzrə tərtib edilmiş həmin qəbzlər üzrə tələb olunan pul məbləğinə dair hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, Cavabdeh1 tərəfindən tərtib edilmiş 28000 ABŞ dolları məbləğini əks etdirən 21.03.2013-cü il tarixli, 75000 ABŞ dolları məbləğini əks etdirən 21.03.2013-cü il tarixli, 30000 ABŞ dolları məbləğini əks etdirən 15.06.2013-cü il tarixli, 60000 ABŞ dolları məbləğini əks etdirən 16.06.2013-cü il tarixli və 70000 ABŞ dolları məbləğini əks etdirən qəbzlər, eləcə də E.Şirinov tərəfindən tərtib edilmiş 75000 ABŞ dolları məbləğini əks etdirən 21.03.2013-cü il tarixli, 65000 ABŞ dolları məbləğini əks etdirən 16.06.2013-cü il tarixli qəbzlər mötəbər, şübhədənkənar sübut kimi qəbul edilə bilməz. Çünki iddiaçı birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı verdiyi izahatlarında cavabdehlərə 2011-2012-ci illərdə borc pul verdiyini, 2013-cü il tarixdə hər hansı məbləğdə pul vermədiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 2013-cü ildə tərtib edilmiş həmin qəbzlərin məzmunu orada qeyd edilən hərəkətlərin, yəni qaytarılma tarixləri dəqiq müəyyən edilən pulun iddiaçı tərəfindən qeyd edilən tarixlərdə verilməsinin, cavabdehlər tərəfindən isə pulun alınmasının həmin ildə baş verdiyini göstərir. Lakin bu hallar iş üzrə tədqiq edilmiş sübutlarla təsdiq olunmur, hətta iddiaçı özü də cavabdehlərə 2013-cü ildə borc pul vermədiyini bildirir. İddiaçıya 2013-cü il tarixli qəbzlər əsasında tələb etdiyi 403000 ABŞ dolları pulun 2011-2012-ci illər ərzində verdiyini təsdiq edən hər hansı sübut təqdim etməsi təklif olunsa da o, belə bir sübut təqdim edə bilməmişdir. İddiaçı sadalanan qəbzlərin 2013-cü ildə tərtib edilməsini onunla izah etmişdir ki, xırda borc məbləğlərinə dair 2011- 2012-ci illər ərzində tərtib edilən qəbzlərin sayı çox olduğundan cavabdehlərin xahişi ilə borcun 403000 ABŞ dolları hissəsinə dair 2013-cü ildə 7 ədəd qəbzin cəmləşdirilərək tərtib edilməsinə razı olmuşdur. O, bildirir ki, 2013-cü ilə dair tərtib edilmiş həmin qəbzlərin məzmununu cavabdehlər özləri yazmışlar. Məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsaslı saymır. Belə ki, borcun sonradan cəmləşdirilərək 7 ədəd qəbz tərtib edilmiş 403000 ABŞ dolları hissəsi iddiaçının dediyi kimi borcun xırda hissəsini deyil, əhəmiyyətli hissəsini təşkil edir və buna dair əvvəlki qəbzlərin mövcud olub-olmaması, hansı sayda olmasını təsdiq edən sübutlar təqdim edilmir, ona görə borcun əsas hissəsinə dair əvvəlki qəbzlərin məhv edilməsi ağlabatan deyildir, yeni qəbzlərin tərtib edilməsinin məqsədi barədə iddiaçının dəlili inandırıcı görünmür. Bundan əlavə, 2013-cü ilin yanvar ayından başlayaraq 6 ay ərzində hissə-hissə 403000 ABŞ dolları məbləğində pulun öhdəliyin icrasının təminatı olmadan verilməsi, hər dəfə əvvəlki borc qaytarılmadığı halda yeni borcun verilməsi, bəzən böyük məbləğdə pulun eyni şəxsə eyni gündə verilməsinə dair 2 qəbzin (16.06.2013-cü il) tərtib edilməsi qeyd edilən tarixlərdə pulun verilməsinin ağlabatan olmadığına dəlalət edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi 2013-cü ildə tərtib edilmiş qəbzlər üzrə tələb olunan 403000 ABŞ dolları hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0, 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən - iddianın təmin edilmiş 403000 (dörd yüz üç min) ABŞ dolları məbləğində pulun cavabdehlərdən tutulması hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 402-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(001)- 9/2020 saylı qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş 403000 (dörd yüz üç min) ABŞ dolları məbləğində pulun cavabdehlərdən tutulması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1646/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1646/2022
12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver