Məhkəmə qərarları › İş №2(103)-1647/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1647/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1647/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “pul” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5028/2022 saylı 17 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh qarşı Cavabdeh 60000 manat borcun və həmin məbləğə uyğun olaraq ödənilmiş 272 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddiası Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5028/2022 saylı mülki işi üzrə 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdeh 55000 manat məbləğində pul vəsaitinin və 250 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5, 385.1, 386.1, 739.1, 740.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında hər hansı bir etibarlı müqavilə münasibətləri olmasa da, iddiaçının cavabdehə 60000 manat məbləğində pul verməsi cavabdehin polis şöbəsində vermiş olduğu izahat ilə öz təsdiqini tapmışdır. O cümlədən məhkəmə tərəfindən yeganə sübut kimi qəbul olunan izahatdan həmçinin o hal da məlum olur ki, cavabdeh ona verilmiş pulun 5000 manatını ödəmişdir. Tərəflər arasında etibarlı müqavilə münasibətləri olmasa da, iddiaçının cavabdehə pul verməsi mülki işin materiallarında sübut olunduğundan cavabdehdə olan pul məbləği Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən cavabdehdən alınaraq iddiaçıya geri verilməlidir.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: Cavabdeh izahatına əsasən Anar adlı şəxslə 10 ilə yaxındır ki, dostluq edir. Anar bilmişdir ki, o, metal işi ilə məşğuldur. Təxminən 2020-ci ilin əvvəllərində o, Anara təklif etmişdir ki, onunla iş birliyi qursun. Anar isə onun təklifini qəbul etmiş, ümumilikdə ayrı-ayrı vaxtlarda 60000 manat pul vermiş və 2020-2022-ci ilə kimi qazancaq olaraq Anara 15-20 min manata yaxın qazanc vermişdir. Sonuncu dəfə əsas məbləğdən Anara fevral ayında 5000 manat pul vermişdir. 1 il ərzində işləyərək borc məbləğini qaytaracağını bildirmişdir; - 28 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı Azərbaycan Respublikası Mülki və Mülki-Prosessual Məcəllələrinin tələbləri baxımından müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir (iş səh. 7, 43). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5028/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, Cavabdeh 55000 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 250 manat məbləğində pulun tutularaq İddiaçı Müsahib oğluna ödənilməsi hissəsində iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 740.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 69.1, 80, 106.4, 165-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə qətnamə çıxararkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsini düzgün tətbiq etməmişdir. İş materiallarından görünür ki, məhkəmədə Cavabdeh İddiaçı Müsahib oğlundan borca pul almasını, onların xeyrinə müəyyən hərəkətlər etməsini öhdəsinə götürməsi faktını təsdiq edən hər hansı bir mötəbər sübut yoxdur. Əksinə cavabdeh Kənanla iddiaçı Anar arasında qarşılıqlı razılıqları, iradə və rəftarları əsasında hər ikisi pul vəsaiti qoymaqla şərikli biznes fəaliyyəti ilə məşğul olmaları barədə şərtlə şifahi əqd bağlamaları, onların iradəsindən asılı olmayan səbəbdən fəaliyyətlərinin uğursuz olması tam sübut olunur. Məhkəmə qətnamədə əsassız olaraq Cavabdeh Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsində təzyiq altında verdiyi həmin izahatını iddianın təmin edilməsi üçün əsas və mötəbər sübut kimi qiymətləndirmişdir. Məhkəmə bərabərlik və çəkişmə prinsipinə əməl edilməsi, iddia tələbinin sübuta yetirilməsi, tərəflər arasında borc müqaviləsinin olub-olmamasının müəyyən edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan tədbir görməmiş və buna hüquqi marağı da olmamışdır.

5. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, təxminən 2020-ci ilin əvvəllərində Cavabdeh iddiaçıya onunla birgə iş birliyi etməsini təklif edib. İddiaçı həmin təklifin reallaşması ilə bağlı Cavabdeh müxtəlif vaxtlarda 60000 manat pul vermişdir. Lakin razılaşdırılmış iş təklifi alınmamış, buna baxmayaraq İddiaçı verdiyi pul məbləği ona geri qaytarılmamışdır. Buna görə də tərəflər arasında narazılıqlar yaranmış, iddiaçı pulun geri qaytarılmasını tələb etsə də, cavabdeh buna məhəl qoymamışdır. Ona görə də iddiaçı polisə şikayət etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixində Sabunçu RPİ 13-cü Polis Şöbəsində verdiyi izahatından da göründüyü kimi, o, 2020-ci ilin əvvəllərindən etibarən müxtəlif vaxtlarda İddiaçı 60000 manatı aldığını boynuna almış və pulları qaytaracağına söz vermişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən verilmiş pul hələ də ona qaytarılmamışdır. Buna görə də, iddiaçı pulun qaytarılması tələbi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd olunanlara əsasən, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-5028/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə dair təqdim etdiyi etiraza uyğun izahat verərək, cavabdehə polis şöbəsində təzyiq olunması ilə bağlı onun hər hansı şikayətinin olmadığını, Sabunçu RPİ 13-cü Polis Şöbəsinin qərarının mübahisələndirilmədiyini qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

7. Cavabdehin nümayəndəsi X2 ilə əlaqə saxlanılmış və o məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

8. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337-354, 385-390, 425.1, 427.3, 439-449, 560, 739, 741, 743, 744; Mülki Prosessual Məcəllənin 58, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385-390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar.

11. Cavabdeh özünün də apellyasiya şikayətində qeyd etdiyi kimi, iddiaçı ilə qarşılıqlı razılıqları, iradə və rəftarları əsasında hər ikisinin pul vəsaiti qoymaqla şərikli biznes fəaliyyəti ilə məşğul olmaları barədə şərtlə şifahi əqd bağlamaları, onların iradəsindən asılı olmayan səbəbdən fəaliyyətlərinin uğursuz olması tam sübut olunur.

12. Şərikli biznes faliyyəti sahibkarlıq fəaliyyətinin ünsürüdür. Bu növ fəaliyyətin digər ünsürü sərmayədir. Tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və fəaliyyətin subyektləri olması sübuta yetirilməsə də, onların fəaliyyətinin səciyyəvi əsasları məhz buna yönəlmiş, lakin hüquqi cəhətdən rəsmiləşdirilməmişdir. Tərəflərin münasibətləri dostluq əsasında qurularaq etibarlılıq müstəvisində olmuş, cavabdeh iddiaçı tərəfindən qoyulan sərmayənin qoyulmasını və miqdarını mübahisəndirməsə də, onun hüquqi əsaslarını mübahisələndirmiş və əsası olmayan dəlillər irəli sürmüşdür. Bu mənada Kollegiya hesab edir ki, tərəflər arasında birbaşa borc münasibətləri olmasa da cavabdehin iddiaçı ilə olan münasibətlərdən borclu qalması və əvvəlki rəftara zidd davranışı təsdiq olunmuşdur.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən: 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s.

14. Mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərini sübuta yetirən və ya ona dəlalət edən sübutlar, habelə hər hansı ekspertizanın təyin edilməsi üçün əsaslar müəyyən edilmir. Şikayətin dəlilləri cavabdehin vəzifələrinə rəğmən öhdəliklərdən yayınmaya yönəlik hüquqdan suiistifadəyə şərait yaradan cəhd kimi qiymətləndirilməlidir.

15. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5028/2022 saylı mülki işi üzrə xx.xx.2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar