Məhkəmə qərarları › İş №2(103)-1648/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1648/2022

11.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1648/2022 11.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3 və cavabdehin nümayəndəsi X7 bəy oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-305/2020 saylı, 27.11.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı, Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında 13 dekabr 2013-cü ildə İcarə müqaviləsi imzalanmışdır. Həmin icarə müqaviləsi 50 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmişdir. Qeyd olunan icarə müqaviləsinə əsasən İcarəverən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 68 kv m. olan qeyri yaşayış sahəsini ona icarəyə vermişdir. İcarə müqaviləsi ilkin olaraq 5 il müddətinə bağlanmışdır. Lakin icarə müqaviləsinin 7.2-ci maddəsinə əsasən icarəyəgötürənin həmin müqaviləni eyni şərtlər əsasında bir dəfə uzatmağına təminat verilmişdir. Onun tərəfindən icarə müqaviləsinin uzadılması ilə bağlı müraciət etdiyindən aydın olmuşdur ki, icarəyəverən daşınmaz əmlakı onun istifadəsinə verdikdən sonra özgəninkiləşdirmişdir. Eyni zamanda əmlakın yeni sahibi tərəfindən ona bildiriş göndərilmişdir. Həmin bildirişdə də əmlakın yeni sahibi olduğunu iddia etmiş və qeyri yaşayış sahəsin boşaltmağı tələb etmişdir. Həmin bildirişə baxdığı zaman ona məlum olmuşdur ki, əslində əmlakın mülkiyyətçisi dəyişməmişdir. İcarəverən icarə verdiyi əmlakı oğluna bağışlamışdır. Göründüyü kimi bu əqd əslində mülkiyyətçini dəyişilib kimi göstərməklə müqavilə müddətin uzadılmasının qarşısını almaq məqsədi daşımışdır. Bu da Mülki Məcəllə ilə etibarsız əqd kimi qəbul edilir. Eyni zamanda icarəyə verilmiş qeyri-yaşayış sahəsin də başqa şəxsə salmaq haqda danışıqlar aparılmışdır. Bu yolla da əmlakı özgəninkiləşdirərək onunla bağlanmış müqaviləyə xitam vermək istəyirlər. İcarəverənlə icarə müqaviləsi bağlandığı zaman qeyri yaşayış sahəsi istifadəyə uyğun olmamışdır. Buna görə də, həmin əmlakı təmir etməyə 70000 (yetmiş min) ABŞ Dolları dəyərində vəsait xərcləmişdir. İcarəyəverən tərəfindən müqaviləni bağladığı zaman 5 il müddətinə müqavilənin müddətinin uzadılmasına təminat verildiyi üçün o həmin vəsaiti icarəyə götürdüyü əmlakın təmiri üçün qoymuşdur. Müqavilə müddəti uzanacağı təqdirdə ona vurulmuş ziyanı qismən də olsa burda işləyərək çıxaracağını düşünmüşdür. İndi də icarəyəverən icarə müqaviləsinin şərtlərini yerinə yetirmədiyi üçün ona 70000 ABŞ dollar dəyərində ziyan dəymişdir. Odur ki, Cavabdeh ona vurduğu zərərə görə 70000 ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-305/2020 saylı, 27.11.2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Anar Rzayev).

4. Həmin qətnamədən narazı qalan iddiaçı iddia tələbinin məzmununa uyğun apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş 03 dekabr 2013-cü il tarixli icarə müqaviləsi ilə icarəyəverən (hazırki işdə cavabdeh) X2 mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən, əvvəllər 207 saylı çörək mağazası olmuş ümumi sahəsi 68,3 kv.m olan qeyri-yaşayış sahəsini icarəyə götümüşdür. Müqavilənin müddəti 03 dekabr 2018-ciu il tarixədək 5 il müəyyən edilmişdir (müqavilənin 7.1-ci bəndi) Obyekt icarəyə götürülən zaman istifadəyə yararsız olmaqla, əsaslı təmirə ehtiyacı olmuşdur. İcarəçi götürdüyü sahənin elektrik xəttlərini, su xəttini, suvağını, rəngsaz işlərini, döşəməsini, qapı-pəncərələrinin yerlərini genişləndirməklə tam dəyişdirilməsi işlərini, binanın zirzəmisi ilə binanın 1-ci girişindən 4-cü girişində olan obyektə qədər yüksək gərginlikli kabellərlə 3 fazalı eleketik xətti çəkilməklə, həmin xəttin şəbəkəyə qoşulması üçün texniki şərtləri razılaşdırmağa, icazələrin alınmasına, obyektin iaşə obyekti kimi işlədilməsi üçün zəruri avadanlıqlarla və inventarlarla komplektləşdirilməsinə 70000 (yetmiş min) ABŞ dolları dəyərində, həmin dövrdəki məzənnə ilə təxminən 55000 (əlli beş min) manat xərc çəkmişdir. Təbii ki, bu qədər xərci 5 illik icarə müddətində qazamaq, icarəçi üçün mümkün deyildir. Ona görə də, icarə müqaviləsinin 7.2-ci bəndində icarəyə verən icarəçiyə təminat verir ki, icarəçi bu müqavilənin bitməsinə 1 ay qalmış icarəyə verəni xəbərdar etməklə hazırki müqavilənin müddətini eyni şərtlər ilə 1 (bir) dəfə uzatmaq hüququna malikdir. Yəni əgər icarəçi isyətərsə, müqavilənin müddətini eyni şərtlərlə (yəni 5 il müddətinə) uzatmaq onun hüququdur. Bu subyektiv hüquq icarəyəverənin ona təminat verəcəyi vəzifəsi ilə təmin edilir. Əslində, obyektin icarəçi tərəfindən tamamilə əsaslı təmir edildiyi nəzərə alınmaqla, icarə haqqı da nisbətən tarazlaşdırılmış məbləğdə (hər ay üçün 100 (bir yüz) manat müəyyən edilmişdir, (müqavilənin 3.1-ci bəndi). Nəzərə almaq lazımdır ki, obyektin yeri də mərkəzi küçələrdən və kommunikasiyalardan kənarda yerləşir. Belə bir vəziyyətdə icarəçi (hazırki işdə iddiaçı) müqavilə müddətinin daha 5 il uzadılacağını gözləməkdə və tələb etməkdə tam haqlıdır. Lakin icarəyəverənin (iş üzrə cavabdeh) Cavabdeh öz yararsız obyektinin icarəçi tərəfindən əsaslı təmir edildiyini gördükdən sonra, iddiaçını oradan kənarlaşdırıb, hazır obyekti özü üçün daha sərfəli qiymətə başqasına icarəyə verməyi planlaşdırırmış. Ona görə də, cavabdeh bu niyyətinə zəmin hazırlayaraq, müqavilə müddəti başa çatana qədər icarəyə verdiyi obyekti oğlu X1 bağışlamışdır və mübahisə yaranan zaman həmin sahənin mülkiyyətçisi dəyişmişdir. Cavabdeh mülkiyyətçini dəyişməklə mülkiyyətində olan icarə obyektini oğluna bağışlasa da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin bir sıra müddələrində əmlak istifadəçisinin və icarəçisinin hüquqlarının müdafiə olunduğunu nəzərə almayıbdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci madfdəsinə görə mülkiyyət hququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılmaqla, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozilmaqdan müdafiə edilir. (MM-nin 158.1.2-ci, 158.4-cü maddələri). İcarə müqaviləsi müddətinin növbəti 5 il müddətinə uzadılmasından imtina etməklə və 2018-ci iulin sonunda müqaviləyə xitam verilməsini tələb etməklə cavabdeh iddiaçıya təmir xərclərini kompensasiya etməyə imkan verməmiş və ona həmin xərclər həddində ziyan vurmuşdur. Tərəflərin izahatları:

6. Kollegiya iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili M.Məcidov apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilrək iddianın təmin edilməsini xahiş etdilər.

7. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili İ.Əliyev iddiaçının şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

9. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh ilə onun arasında 50 saylı Dövlət Notariat Kontorunda bağlanmış 13 dekabr 2013-cü ildə İcarə müqaviləsinə əsasən İcarəverən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 68 kv m. olan qeyri yaşayış sahəsini icarəçi Cavabdeh 5 il müddətinə icarəyə vermişdir. İcarə müqaviləsinin 4.4-cü bəndində göstərilir ki, hazırki müqavilənin qüvvədə olduğu müddət ərzində, habelə istənilən uzadılma müddəti ərzində icarə obyektində icarəçi tərəfindən quraşdırılan və İcarə obyektinə zərər vurulmadan ayrıla bilən istənilən cihazlar, avadanlıqlar və mebel bu Müqavilənin müddətinin, habelə istənilən uzadılma müddətinin sona çatdığı gün ərzində İcarəçi tərəfindən maneəsiz çıxarıla bilər. İcarəçi tərəfindən quraşdırılan və zərər vurulmadan ayrılması mümkün olmayan cihazlar, avadanlıqlar, qurğular habelə əlavə tikililər, o cümlədən İcarə obyektində aparılan istənilən yaxşılaşdırmalar İcarəyə verənin mülkiyyətinə keçir. Bu zaman İcarəçi bu bəndlə qeyd olunan cihazların, avadanlıqların və qurğuların habelə əlavə tikililərin, o cümlədən İcarə obyektində aparılan istənilən yaxşılaşdırmaların əvəzini ödəməyə İcarəyə verəndə tələb etməyəcəyini öhdəsinə götürür və İcarəyə verən buna əsaslanaraq hazırki Müqaviləni bağlayır.

10. X4 tərəfindən İddiaçı ünvanlanmış, notarial qaydada təsdiqlənmiş 05.01.2019-cu il tarixli bildirişdə bildirilir ki, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 68 kv m. olan qeyri yaşayış sahəsinin icarəyə verilməsi barədə 03.12.2013-cü il tarixli İcarə müqaviləsinin müddəti 03.12.2018-ci ildə başa çatmış və o, müqavilə üzrə icarə münasibətlərini davam etdirmək niyyətində deyildir. Bununla əlaqədar olaraq, 03.12.2013-cü il tarixli İcarə müqaviləsi üzə icarə münasibətlərinə xitam verilməklə qeyri-yaşayış sahəsinin onun tərəfindən boşaldılaraq təhvil verilməsini xahiş etmişdir. Əks təqdirdə qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 68 kv m. olan qeyri yaşayış sahəsi (207 saylı çörək mağazası) Cavabdeh Qəray qızının adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 16.08.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır

12. Hüquqi dəyərləndirmə:

13. Kollegiya iş materiallarında olan müqavilə şərtlərinə əsasən qeyd edir ki, tərəflər müqavilədə ayrıla bilən avadanlıqların götürülməsini, ayrıla bilməyən avadanlıqların isə icarəyə verənin mülkiyyətinə keçməsini qeyd etdiklərindən, hazırda iddiaçı həmin yaxşılaşdırmaların əvəzini istəməkdə haqlı deyildir. Ona görə ki, iş materiallarına və tərəflərin izahatlarına əsasən aydın olur ki, iddiaçı tərəfindən quraşdırılan və İcarə obyektinə zərər vurulmadan ayrıla bilən istənilən cihazlar, avadanlıqlar və mebel onun tərərfindən çıxarılmışdır.

14. Apellyator şikayətində göstərmişdir ki, cavabdeh, icarə müqaviləsi müddətinin növbəti 5 il müddətinə uzadılmasından imtina etməklə və 2018-ci ilin sonunda müqaviləyə xitam verilməsini tələb etməklə müqavilənin 7.2-ci bəndini pozmuş, iddiaçıya təmir xərclərini kompensasiya etməyə imkan verməmiş və ona həmin xərclər həddində ziyan vurmuşdur.

15. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arasında daha əvvəl qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair məhkəmə mübahisəsi olmuş və iddia tələbinin təmin edilməsi barədə məhkəmənin qətnaməsi Ali Məhkəmənin qərarı ilə qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin 2(102)- 764/2020 saylı, 04.02.2020-ci il tarixli qərarında icarə müqaviləsinin uzadılması məsələsinə hüquqi qiymət verilməklə qeyd edilmişdir ki, «cavabdeh hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan qeyd edilən qeyri-yaşayış sahəsindən istifadə etməklə, əslində sonuncunun öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və dövlət tərəfindən tanınan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu pozmuşdur. Bu səbəbdən də iddiaçının qeyri-yaşayış sahəsinə olan mülkiyyət hüququnun qorunması və onun mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin qanunsuz sahibliyinə son qoyulmalı və o, qeyri-yaşayış sahəsindən çıxarılmalı və qeyri-yaşayış sahəsi iddiaçının qanuni sahibliyinə qaytarılmalıdır. Kassasiya instansiyası məhkəməsi qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq, hesab etmişdir ki, apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətinə əsasən bu hissədə qətnamənin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də bu hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.»

16. Kollegiya bununla qeyd edir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

17. Kollegiya həmçinin işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri sayır:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23- cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar.

22. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, tərəflər arasında bağlanmış İcarə müqaviləsinin 4.4-cü bəndində göstərilir ki, hazırki müqavilənin qüvvədə olduğu müddət ərzində, habelə istənilən uzadılma müddəti ərzində icarə obyektində icarəçi tərəfindən quraşdırılan və İcarə obyektinə zərər vurulmadan ayrıla bilən istənilən cihazlar, avadanlıqlar və mebel bu Müqavilənin müddətinin, habelə istənilən uzadılma müddətinin sona çatdığı gün ərzində İcarəçi tərəfindən maneəsiz çıxarıla bilər. İcarəçi tərəfindən quraşdırılan və zərər vurulmadan ayrılması mümkün olmayan cihazlar, avadanlıqlar, qurğular habelə əlavə tikililər, o cümlədən İcarə obyektində aparılan istənilən yaxşılaşdırmalar İcarəyə verənin mülkiyyətinə keçir. Bu zaman İcarəçi bu bəndlə qeyd olunan cihazların, avadanlıqların və qurğuların habelə əlavə tikililərin, o cümlədən İcarə obyektində aparılan istənilən yaxşılaşdırmaların əvəzini ödəməyə İcarəyə verəndən tələb etməyəcəyini öhdəsinə götürür və İcarəyə verən buna əsaslanaraq hazırki Müqaviləni bağlayır.

23. Mülki Məcəllənin 389.1-ci maddəsində isə müqavilənin anlayışı açıqlanaraq, göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

24. Beləliklə, kollegiya hesab edir ki, iddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

25. Sadalanan xüsusatlara əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan ləğv edilə bilməz. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

27. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

28. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-305/2020 saylı, 27.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar