Məhkəmə qərarları › İş №2(103)-1648/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1648/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1648/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, tələbin yönəldildiyi şəxs, başqa cavabdehin işə cəlb olunmasının mümkünlüyü) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh1 qarşı “müqavilənin ləğv olunması və kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ASC (bank) ilə Cavabdeh1 arasında 24 sentyabr 2019-cu il tarixdə bağlanmış MB NP ***-*******FİMSA(B)240919-01 saylı kredit müqaviləsinə görə, bank tərəfindən Cavabdeh1 illik 1 % (faiz) olmaqla, 5 il müddətinə qaytarması şərtilə 8267,88 manat kredit verilmiş, aylıq ödənişlərin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 6,89 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 175,29 manat olacağı, kreditin xx.xx.2024-cü il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır.

2. 24 sentyabr 2019-cu il tarixli MB NP ***-*******FİMSA(B)240919-01/ZM/1 saylı zaminlik müqaviləsinə görə, zamin Cavabdeh2 bank qarşısında borcalanın (Cavabdeh1) xx.xx.2019-cu tarixli MB NP ***-*******FİMSA(B)240919-01 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür.

3. 15.09.2022-ci il tarixli maliyyə arayışına görə, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış borc məbləği 8267,88 manat əsas, 244,75 manat faiz borcu olmaqla cəmi 8512,63 manat təşkil edir.

4. Bank tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh1, Cavabdeh2, X5 və X1 bildiriş göndərilmiş, xx.xx.2019-cu tarixli MB NP ***-*******FİMSA(B)240919-01 saylı kredit müqaviləsi üzrə 8267,88 manat əsas, 244,75 manat faiz borcu olmaqla cəmi 8512,63 manat manat borcun olduğu, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit bocunun ödənilməsi üçün məhkəməyə müaricət ediləcəyi bildirilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 8267,88 (səkkiz min iki yüz altmış yeddi manat səksən səkkiz qəpik) manat əsas, 244,75 (iki yüz qırx dörd manat yetmiş beş qəpik) faiz borcu olmaqla cəmi 8512,63 (səkkiz min beş yüz on iki manat altmış üç qəpik) manat borcun və 105,12 (yüz beş manat on iki qəpik) manat dövlət rüsumununun X4 bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bakıxanov filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli MB NP ***- *******FİMSA(B)240919-01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 8267,88 (səkkiz min iki yüz altmış yeddi manat səksən səkkiz qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Börcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli **********941 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 8512,63 manat təşkil edir. Bundan 8267,88 (səkkiz min iki yüz altmış yeddi manat səksən səkkiz qəpik) manat əsas, 244,75 (iki yüz qırx dörd manat, yetmiş beş qəpik) faiz borcu təşkil edir. Beləliklə cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, kredit ödənişlərini etməmişdir.

7. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəməyə təqdim edilən iddia ərizəsində texniki yalnışlığa yol verilərək ərizənin təsviri və tələb hissəsində zamin barədə məlumat verilməmiş və borcun zamindən də müştərək qaydada tutulması tələb olunmamışdır. Bu səbəblə iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Buna görə də, Cavabdeh1 xx.xx.2022ci il tarixə yaranmış 8512,63 (səkkiz min beş yüz on iki manat 63 qəpik) manat borcu və iş üzrə ödənilmiş 105,12 (yüz beş manat 12 qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır.

8. Birinci instansiya məhkəməsi iddia tələbinin həcminin artırılmasına dair ərizənin məhkəmənin baxış iclası zamanı təqdim edildiyini vurğulamaqla onu mümkün hesab etməmiş, 06 dekabr 2022-ci il tarixli qətnamə ilə isə iddia tələbinin təmin edilməsi, Cavabdeh1 8267,88 (səkkiz min iki yüz altmış yeddi manat, səksən səkkiz qəpik) manat əsas borc, 244,75 (iki yüz qırx dörd manat, yetmiş beş qəpik) faiz borcu olmaqla cəmi 8512,63 (səkkiz min beş yüz on iki manat altmış üç qəpik) manat borcun və 105,12 (bir yüz beş manat on iki qəpik) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət olunmuşdur.

9. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.

10. Məhkəmə həmçinin vurğulamışdır ki, iddia tələbində zaminə qarşı borcun ödənilməsinə dair xahiş olmadığından, borcun ödənilməsi ilə bağlı zamin Cavabdeh2 münasibət bildirilmir.

11. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1-ci, 442-ci, 443.1-ci, 445-ci, 448.1-ci, 739.1-ci, 739.2-ci maddələrinə istinad etmişdir.

12. Qətnamədən iddiaçı bankın ləğvedicisinin nümayəndəsi apellyasiya şikayəti verərək onun zamin Cavabdeh2 aid hissədə ləğv, iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə prosessual qanunvericiliyi düzgün tətbiq etməmiş, iddia ərizəsində texniki yanlışlığa yol verildiyini, həmin yanlışlığın məhkəmə baxışı zamanı aradan qaldırıldığını, zaminlə bağlı sübutların əvvəldən iddia ərizəsinə əlavə olunduğunu nəzərə almamışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir (təqdim olunmamışdır).

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahat

14. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın (ləğvedicinin) nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın zamin Cavabdeh2 münasibətdə də təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehlər isə məhkəməyə gəlməmişlər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

16. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

17. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

21. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

23. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.

24. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 51.1. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir.

28. Maddə 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

29. Maddə 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

30. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

31. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

34. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanır. Bütün mülki mühakimə icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsipləri Konstitusiyanın 125 və 127-ci maddələrində öz əksini tapmışdır.

35. Qeyd olunan konstitusion təminata uyğun olaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 9.1-ci maddəsində məhkəmə icraatının əsas prinsiplərindən biri kimi onun çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında həyata keçirilməsi prinsipi təsbit edilmişdir.

36. Çəkişmə prinsipi isə “tərəflərin prosesdə hökmranlığı” və bundan irəli gələn “dispozitivlik”, habelə “formal həqiqət” prinsiplərini zəruri edir.

37. Tərəflərin prosesdə “hökmranlığı” prinsipinə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmeti və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir, prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verirlər. Yəni proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu prinsip həm də onu tələb edir ki, hakim bir yandan yalnız tərəflərin məhkəməyə bildirdiyi və təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalı, digər yandan isə həmin faktlarla və hallarla bağlı tərəflərin dəlillərinin həqiqiliyini onların mübahisələndirdiyi həcmdə müəyyən etməlidir. Bu kontekstdə Azərbaycan Mülki Prosessual qanunvericiliyi mülki prosesin yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlandığını (MPM-in 5.1-5.3-cü maddələri), iddiaçının iddiadan imtina və cavabdehin iddianı etiraf edə biləcəyini, tərəflərin məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlama imkanlarına sahib olduqlarını nəzərdə tutmuşdur (MPM-in 5.4, 52.1-51.3-cü maddələri).

38. Dispozitivlik (təqdimetmə) prinsipi çəkişmə prinsipi ilə sıx əlaqədar olmaqla işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Bunun məntiqi davamı olaraq iddiaçı tələbinin, yəni məhkəmə müdafiəsinin həcmini sərbəst müəyyən edir. Dövlət üçün kreditorun borcludan öhdəliyini tamamilə və ya hissəvi icrasını tələb etməsinin heç bir əhəmiyyəti yoxdur. Bundan “məhkəmə tərəflərin tələbindən kənara çıxmamalıdır” ("judex ne eat ultra petita partium, ultra petita non соgnoscitur") norması təzahür edir. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək şəxsin sərbəst iradəsindən asılı olmalıdır. Müvafiq olaraq, ona aid qərardan yuxarı, o cümlədən kassasiya məhkəməsinə şikayət vermək və ya onunla razılaşmaq, kassasiya və əlavə kassasiya şikayətini vermək və ondan imtina etmək, qərarı tam və ya qismən mübahisələndirmək, yeni açılmış hallar üzrə müraciət etmək, məhkəmə qərarının icrasını tələb etmək də şəxsin sərbəst iradəsindən asılıdır və dispozitivlik prinsipinin məzmununu təşkil edir.

39. Beləliklə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir; dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana kecirilə bilməz.

40. İşin hallarından görünür ki, iddiaçı bank iddia ərizəsi verərkən iddia tələbində yalnız əsas borcludan borcun tutulmasını xahiş etmiş, onun nümayəndəsi məhkəmənin hazırlıq iclasına gəlməyərək həmin iclasın onun iştirakı olmadan keçirilməsini istəmiş, məhkəmə də bu ərizəni nəzərə alaraq işi baxışa təyin etmişdir.

41. Prosessual qanunvericilik digər cavabdehin işə cəlb olunması, yaxud iddia tələbinin həcminin artırılması imkanını yalnız işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər (§ 28, 29), istisnai hallarda isə məhkəmə baxışı zamanı mümkün hesab etmişdir. Həmin istisnai hallar ondan ibarətdir ki, başqa cavabdehin işə cəlb edilməsi, yaxud iddia tələbinin həcminin artırılması üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

42. Kollegiya hesab edir ki, peşəkar hüquqşünaslarla təmsil olunan bir kredit təşkilatı baxımından belə istisnai halların mövcudluğunu qəbul etmək, prosessual hüquq normasının həddindən artıq geniş təfsiri demək olardı.

43. Nəzərə alınmalıdır ki, müvafiq prosessual normalar həm də hüquqi müəyyənliyin təmin olunması, hüquq münasibətlərinin iştirakçılarının intizamlandırılması və vaxtında həyata keçirilməyən prosessual hərəkətlər üçün məsuliyyəti məhz onların özlərinin daşıması məqsədinə xidmət edir.

44. Şərh olunanlara əsasən məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tətbiqi ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas təşkil etmir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-7200/2022 saylı iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən İddiaçı ASC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar