Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1649/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1966/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Əkbərov Sədrəddin Əkbər oğlu cavabdeh Əliyeva Aidə Həmzə qızına və Mustafayev Samir Vəli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 6700 (altı min yeddi yüz) ABŞ dolları, 1300 (min üç yüz) manat borc pul, 2101(iki min yüz bir) manat malın pulunun və 30 manat (otuz) manat dövlət rüsumunun tutulması, “Hundai Sonata” markalı CA-222 MP qeydiyyat nişanlı avtomobilin Gürcüstan Respublikasına keçirilməsinə məhdudiyyətin qoyulması və Əliyeva Aida Həmzə qızının Azərbaycan Respublikası ərazisində yaşamasına məhdudiyyətin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1966/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi isin faktiki hallarına düzgün qiymət verməmiş, maddi və prosessual normaların tətbiqində səhvə yol vermiş və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir, bu səbəbdən də şikayətinin təmin olunaraq qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: İşin materiallarına əsasən birinci instansiya məhkəməsində izahat verən iddiaçı müxtəlif vaxtlarda cavabdehlərə pul və nisyə mal verilməsini(vasitəçi vasitəsilə) bildirmişdir. İşin materiallarına əsasən birinci instansiya məhkəməsində izahat verən cavabdeh iddianı rədd edərək, iddiaçı ilə təxminən 3 ailə münasibətlərində yaşadığını, iddiaçıdan borc almadığını, digər cavbdehin oğlu olduğunu və onlara qarşı qaldırılmış iddianın əsassız olduğunu bildirmişdir. Həmçinin, birinci instansiya məhkəməsində şahid qismində dindirlimiş Muradov Ceyhun Məmmədəli oğlu iddiaçı ilə cavabdeh Cavabdeh1 onların evində 1 gecə qonaqladıqlarını, həmin vaxt onların 6000 ABŞ dolları məbləğində pullarının olduğunu, 500 ABŞ dollarını isə öz xoşu ilə borc kimi iddiaçıya verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şəhla Məmmədova, ümumiyyətlə, 6000 ABŞ dolları pulun olmasını iddiaçı ilə cavabdehin dediklərinə əsasən bildiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Heybətov Sahib Ağalar oğlu isə iddiaçını qardaşı vasitəsilə tanıdığını, məlum hadisələri yalnız iddiaçıdan eşitdiyini, əlavə məlumatının olmadığını bildirmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən mübahisələndirilən hissədə tam yoxlayır. Kollegiya qeyd edir ki, iddiaçının iddia tələbi cavabdeh tərəfindən ona borcun qaytarılması, avtomobilin ölkədən çıxışına, habelə Əliyeva Aidə Həmzə qızının ölkə ərazisində yaşamağına məhdudiyyət qoyulması ilə bağlı olmuşdur. Cavabdeh iddiaya etiraz edərək, ümumiyyətlə iddiaçıdan hər hansı borc almadığını bildirmişdir. Belə olan halda iddiaçı ilkin olaraq cavabdehlərə borc və nisyə mal verdiyini (vasitəçi vasitəsilə) sübut etməlidir. Kollegiya qeyd eir ki, iş materiallarına əsasən iddiaçı cavabdehlərə borc pul və nisyə mal verməsi ilə bağlı biri digərini tamamlayan, təkzibolunmazlıqla bağlı tələblərə cavab verən və hər hansı şübhədənkənar sübut məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1966/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1649/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1649/2021
24.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver