Məhkəmə qərarları › İş №2(103)-165/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-165/2024

27.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-165/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Firmasına qarşı ilkin iddiası; İddiaçı Cavabdeh Firmasının cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddiası üzrə mülki iş (Açar sözlər: «kommunal xidmət haqlarının ödənilməsindən imtina edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-593/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh Firması tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 685-ci məhəllə 143 a saylı çoxmənzilli yaşayış binası üzərində RX seriyalı ******* saylı hüququn tanınması barədə Cavabdeh firmasına xx.xx.2014-cü il tarixində çıxarış verilmişdir.

2. Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 685-ci məhəllə 143 a saylı evin 90 saylı mənzili (yeni qayda ilə Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 113, M9, mənzil 1) və 91 saylı mənzili (yeni qayda ilə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 113, M9, mənzil 2) İddiaçı1, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 685-ci məhəllə 143 a saylı evin 96 saylı mənzili (yeni qayda ilə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 113, M12, mənzil 1) isə İddiaçı2 xüsusi mülkiyyətindədir.

3. Bakı şəhəri Nəsimi Rayonu Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 4525/2019 saylı qətnaməsi ilə İddiaçı2 iddiası təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 685-ci məhəllə, ev 143a (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 113, M12, m1) ünvanında yerləşən 96 saylı mənzilə xidmət göstərən liftdən, digər avadanlıq və qurğulardan İddiaçı2 istifadə etməsinə Cavabdeh Firması tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qərara alınmışdır.

4. Bakı şəhəri Nəsimi Rayonu Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 4526/2019 qətnaməsi ilə İddiaçı1 iddiası təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 685-ci məhəllə, 143 a saylı evin 90 saylı mənzili (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 113, M9, m1) və 91 saylı mənzili (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 113, M9, mənzil 2) üzərində sahiblik və istifadə hüququna - xidmət göstərən liftdən, digər avadanlıq və qurğulardan istifadə etməsinə dair Cavabdeh Firması tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qərara alınmışdır

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Firmasına qarşı mülkiyyətə qəsd və başqa maneələrə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Firması tərəfindən onların Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 685-ci məhəllə 143 «a» saylı evin 90, 91 və 96 saylı mənzilləri üzərində mülkiyyət, istifadə və sahiblik hüquqlarını həyata keçirmələrinə mane olan hərəkətlərə - həmin mənzillərdən və mənzillərə xidmət edən ümumi otaqlardan, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlıqlardan istifadə etməyə, bəzək tamamlama işləri aparmağa, liftdən digər mənzil mülkiyyətçiləri ilə bərabər qaydada və bərabər hüquqlarla mənzilləri olan mərtəbələrdə liftin açılmasının yalnız onlara aid olan kartlar vasitəsi ilə istifadə etməyə, qarajdan istifadə etməyə mane olan, onlardan lift və digər kommunal xidmətlərə görə haqq tələb etməyə yönələn qanunsuz hərəkətlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

6. İddiaçılar ilkin tələbi onunla əsaslandırmışlar ki, ... yaşayış binasının saxlanılması və xidməti üçün xərclər smetası yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilməli, birgə xərcləri bölüşdürməli, idarəçi isə bu xərclərə uyğun ayrı-ayrı mülkiyyətçilərin yüklüklərini bölüşdürməklə yuxarıda göstərilən maddələrin tələbinə uyğun digər vəzifələri icra etməlidir. Mənzillərinin yerləşdiyi yaşayış binasında yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərinin ümumi yığıncağı bir dəfə də olsun keçirilməmiş, idarəçi təyin edilməmişdir. Cavabdeh Firması bu binadakı mənzilləri alğı-satqı müqaviləsi əsasında onlara satmışdır, yəni həmin mənzillərin əvvəlki mülkiyyətçisi olmaqla mənzillərə və mənzillərə aid olan ümumi sahələrə aid bütün hüquqlarını əvəzli şəkildə onlara ötürmüşdür. Hazırda bu firmanın keçmiş mülkiyyətçi kimi, onların mülkiyyət hüquqlarına müdaxilə etmək hüququ yoxdur. Firma yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən təyin edilmiş idarəçi və yaxud digər səlahiyyətli şəxs deyil, lakin buna baxmayaraq dəfələrlə onların sahiblik və mülkiyyət hüquqlarına müdaxilə edir və onlardan lift və digər kommunal xidmətlərdən istifadə etmələrinə görə haqq tələb edir, eyni zamanda yuxarıda göstərildiyi kimi istifadələrində və mülkiyyətlərində olan ümumi sahələrdə bəzək tamamlama və digər işləri aparmalarına mane olur. Bundan əlavə, İddiaçı2 ona məxsus olan mənzili aldığı tarixdən ona ümumi istifadədə olan 2 yerlik qarajdan da istifadə hüququ verilmişdir. Hər iki istifadəçi mənzili alarkən 1 kvadrat metr üçün 3.300 manat ödədiyi halda, müqavilələrdə 1 kvadrat metr üçün 1.000 manat dəyərində rəsmiləşdirilmişdir. İddiaçı2 bir kvadrat metr üçün 3.300 manat alınmaqla, 2 yerlik qarajdan istifadə hüququ da verilmişdir. Lakin Cavabdeh Firması heç bir əsas olmadan İddiaçı2 qarajdan istifadəni qadağan etmişdir.

7. İddiaçı Cavabdeh Firması İddiaçı1 və İddiaçı2 qarşı «əlavə qanunsuz tikililərin sökülməsi, blokda icazəsiz edilmiş bəzək-tamamlama işlərinin ilk iddia üzrə iddiaçıların hesabına aradan qaldırılması, blokun əvvəlki vəziyyətinə qaytarılması və kommunal xidmət haqlarının ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddia tələblərinin təmin edilməsi, ilk iddiaçılar tərəfindən özlərinə məxsus mənzillərin arasındakı boş sahəni qanunsuz zəbt edərək orada apardıqları əlavə qanunsuz tikililərin sökülməsi; blokda icazəsiz aparılmış bəzəktamamlama işlərinin onların öz hesabına aradan qaldırılması və blokun əvvəlki vəziyyətinə qaytarılması; indiyə qədər ödənilməyən 30 aylıq yığılmış kommunal xərcin (24.000 manatın) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki,... iddiaçılar artıq 30 aydan çoxdur ki, binanın saxlanması və texniki xidmətlərin göstərilməsi təyinatı üçün nəzərdə tutulan kommunal xərcləri (lift, zibillərin daşınması, binanın işıqlandırılması, həyətin təmizlənməsi, işçilərin əmək haqqı və sair üçün xərclənən) ödəməkdən qərəzli şəkildə imtina edirlər. Mübahisəli bina hər hansı mənzil tikinti kooperativi deyil, bütün bina bötüvlükdə daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış əsasında Cavabdeh Firmasına məxsusdur. Buna görə də, müvafiq alğı-satqı müqaviləsi əsasında oradan mənzil əldə edən sahə mülkiyyətçiləri binadakı ümumi ərazilərdən yalnız ümumi yaşayış qaydalarna uyğun məhdud istifadə hüququ əldə edə bilərlər, orada istədikləri kimi hərəkət edə bilməzlər. Bu, qanunvericiliklə onların üzərinə qoyulmuş vəzifədir. O ki qaldı kommunal xərclərin ödənilməsinə, ilkin iddiaçılar özləri də iddia ərizəsində etiraf edilər ki, onlar bir müddət əvvələ qədər mülkiyyətlərində olan hər mənzil üçün ayrılıqda ayda 200 manat kommunal xidmət üçün haqq ödəyirdilər. Lakin artıq 30 aydır ki, onlar bu haqqı ödəməkdən əsassız olaraq imtina edirlər (indiyə qədər təxminən 24.000 azn məbləğində borc yığılıb). Həmçinin, bu münasibəti rəsmiləşdirmək üçün müqaviləni imzalamaqdan da imtina edirlər. Halbuki, binada yaşayış olan mənzillərdə bu 2 birgə iddiaçıdan başqa kommunal xidmət haqqını ödəməyən və müqaviləni imzalamayan digər mülkiyyətçi yoxdur.

9. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-593/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Firmasına qarşı mülkiyyətə qəsd və başqa məneələrə son qoyulması tələbinə dair ilk iddia tələbi təmin, qarşılıqlı iddia isə rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi tədqiq olunmuş sübutlara əsasən, ilk iddia ərizəsində qeyd olunan halların həqiqətən mövcud olduğunu, Cavabdeh Firması tərəfindən iddiaçıların ilk iddia ərizəsində qeyd olunan mənzillər üzərində mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə maneələr yaradıldığını hesab edərək, ilk iddia üzrə iddiaçıların Dövlət tərəfindən təminat verilən mülkiyyət hüquqları müdafiə edilməli olduğu qənaətinə gəlmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, nəqədərki tərəflər arasında xidmət müqaviləsi bağlanmamış, binanın saxlanılması və xidməti üçün xərclər smetası yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilməmiş, birgə xərcləri bölüşdürülməmiş, idarəçi isə bu xərclərə uyğun ayrı-ayrı mülkiyyətçilərin yüklüklərini bölüşdürməklə vəzifələri icra etməmişdir. Belə olan halda ilk iddia üzrə cavabdehin ilk iddia üzrə iddiaçılardan kommunal xərclərin ödənilməsini tələb edə, buna ilk iddia üzrə iddiaçıları vadar etmək üçün mülkiyyətlərində olan mənzillərdən istifadə etmələrinə və s. işləri həyata keçirmələrinə qadağa qoyması və maneələr yaradılması əsassız olmuşdur.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 152.1, 229, 235, 236, 237, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5, 135.1, 135.2.3, 136.2,137.1, 137.4 137.5, 137.6, 138.4, 138.5, 141.2, 142.1, 142.2, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.3, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Plenum qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat:

12. Cavabdeh Firması apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilərək ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3715/2022 nömrəli iş üzrə 25 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Emin Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 152.1, 229, 235, 236, 237, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5, 135.1, 135.2.3, 136.2,137.1, 137.4 137.5, 137.6, 138.4, 138.5, 141.2, 142.1, 142.2, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.3, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Plenum qərarlarına istinadla əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində birinci icraat:

15. Cavabdeh Firması (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5146/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qərarı ilə Cavabdeh Firmasının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3715/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi qismən, yəni qarşılıqlı iddia tələbinin cavabdehlərdən kommunal xidmət haqqlarının tutulmasının rədd edilməsi hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş; qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

17. Kassasiya instansiyası məhkəməsi qənaətində qeyd edir ki, işin mübahisələndirilməyən hallarına görə, Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 685ci məhəllə 143 a saylı çoxmənzilli yaşayış binasında yerləşən 90 və 91 saylı mənzillər İddiaçı1, 96 saylı mənzil isə digər İddiaçı2 mülkiyyətindədir. Həmin mənzilləri iddiaçılara cavabdeh Firma tərəfindən satılmışdır və binaya ümumi nəzarəti cavabdeh Firma həyata keçirir, binanın saxlanma, təmir xərcləri cavabdeh Firma tərəfindən qarşılanır. Eyni zamanda binada yaşayan sakinlərə kommunal xidmətlər cavabdeh Firma tərəfindən göstərilir. Tərəflər arasında olan mübahisə iddiaçıların mülkiyyətində olan mənzillərlə bağlı onlarla Firma arasında çoxmənzilli yaşayış binasında mənzillərin saxlanması, onlara sahiblik və istifadə ilə bağlı yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr ilkin iddia tələbinin təmin edilməsi hissədə düzgün nəticəyə gəlmişlər. Cavabdehin kassasiya şikayətinin bu hissədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Firma iddiaçıların həmi mənzillərə özbaşına olaraq əlavə tikinti və qurğular edildiyini göstərir, bunun isə mülkiyyətçi Firmanın icazəsi olmadan aparıldığını bildirir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən mənzillər cavabdehin deyil, iddiaçıların mülkiyyətindədir və iddiaçılar mülkiyyətçi kimi həmin mənzillər üzərində istətikləri kimi sahiblik, istifadə və sərəncam vermək kimi konstituson hüquqlara malikdirlər. Bu hüquqların məhdudlaşdırılması yalnız qanuni hədlər daxilində yolveriləndir. Cavabdeh tərəf binanın firmanın mülkiyəytində olmasını qeyd etmiş, iddiaçılarn mənzillərinin qarşışında olan sahənin boş sahə olmasını və binanın mülkiyyətçilərinin ümumi istifadəsində olmasını göstərərək iddiaçıların həmin sahədə özbaşına olaraq hər hansı müdaxilə etməsinin digər mülkiyyətçilərin hüquqlarına xələl gətirməsini qeyd edir. Lakin işin mübahisələndirilməyən hallarına görə binanın müvafiq mərtəblərində olan mənzillər yalnız iddiaçılara məxsusdur və iddiaçıların yaşadığı mərtbədə başqa mülkiyyətçilər yaşamır. Belə olan halda cavabdeh firma iddiaçıların etdiyi artırmaların, əlavə qurğuların digər şəxslərin, eyni zamanda cavabdeh Firmanın hansı hüquq və mənafeyinə müdaxilə edilməsini, xələl gətirməsini əsaslandıra bilməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında Firma tərəfindən maneələrin aradan qaldırılması ilə bağlı başqa bir məhkəmə mübahisəsi olmuş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə cavabdeh Firmanın iddiaçılara maneələr yaratması halı müəyyən edilmişdir. Həmin məhkəmə mübahisəsi üzrə müəyyən edilmiş faktlar və hallar hazırki işə baxan məhkəmələr üçün MPM-in 82.3-cü maddəsinin tələblərinə görə preyudisial xarakter daşıyır və sübutsuz müəyyən edilən hallardır. Ona görə də, qətnamə ilk iddianın təmin edilməsi hissədə, eyni zamanda ilk iddianın mahiyyəti ilə eynilik təşkil edən, qarşılıqlı iddia tələbinin həmin hissələrində yəni, qarşılıqlı iddia tələbinin iddiaçılar tərəfindən əlavə qanunsuz tikililərin sökülməsi, blokda icazəsiz edilmiş bəzək-tamamlama işlərinin aradan qaldırılması, blokun əvvəlki vəziyyətinə qaytarılmasının rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr qarşılıqlı iddia tələbinin iddiaçılardan kommunal xidmətlərə görə xidmət haqqının tutulmasının rədd edilməsi hissəsində iş üzrə düzgün nəticəyə gəlməmişlər. Belə ki, yuxarıda qeyd edildiyi kimi işin mübahisələndirilməyən hallarına görə, binadakı mülkiyyətçilərə kommunal xidmətlər (binanın işıqlandırılması, saxlanması, lift xidmətinin göstərilməsi, binanın saxlanılması və təmiri xərcləri) cavabdeh Firma tərəfindən həyata keçirilir. Eyni zamanda işin digər mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçılar bir müddətdir ki, həmin kommunal xidmət haqlarını ödəmirlər. Bu halı iddiaçılar iddia ərizəsində də təsdiq edərək cavabdehin onlardan əsassız olaraq yüksək xidmət haqqı tələb etdiklərini göstərmiş və bunu Firma tərəfindən ümumi yığıncağın keçirilməməsi, yazılı müqavilənin bağlanmaması, xidmət haqları ilə bağlı xərclərin smetasının təqdim edilməməsi ilə əsasalandırmışlar. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Firma tərəfindən iddiaçılara kommunal xidmətlərin göstərilməsi və bununla bağlı xərclərin Firma tərəfindən ödənilməsi mübahisəsizdir. Eyni zamanda kommunal xidmət haqlarının, binanın saxlanmasına və təmirinə çəkilən xərclərin müəyyən edilməsi ilə bağlı iddiaçıların mülkiyyətçisi olduğu mənzillərin yerləşdiyi çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməməsi də işin mübahisəsiz halıdır. Tərəflər kommunal xidmətlərin göstərilməsi ilə bağlı şifahi olaraq xidmət müqaviləsi bağlamış və iddiaçılar bir müddət bu müqavilə münasibətləri çərçivəsində xidmət haqlarını ödəmişlər. Lakin binanın saxlanması və təmiri ilə bağlı cavabdeh tərəfindən tutulan xərclərin məbləği iddiaçıları qane etmədiyindən onlar yazılı surətdə cavabdehə müraciət edərək bu haqların müəyyən edilməsi üçün ümumi yığıncağın çağırılmasını xahiş etmiş, lakin sonuncu bu təklifə heç bir münasibət bildirmədiyi üçün tərəflər arasında hazırkı iş üzrə mübahisə yaranmışdır. Binanın saxlanması və təmirinə görə göstərilən xidmət haqlarının tutulması və həmin haqların məbləği ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri sayır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.9.-cu maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. (Maddə 137.10.) Həmin Məcəllənin 138.4-cü maddəsinə əsasən Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. Həmin Məcəllənin 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi vəzifəsi həmin binanın bütün sahə mülkiyyətçilərinə binanın sahələrinə mülkiyyət hüququnun yarandığı andan şamil edilir. Çoxmənzilli binanın sahəsinə mülkiyyət hüquqları keçdikdə, çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi üzrə əvvəlki mülkiyyətçinin öhdəlikləri yeni mülkiyyətçiyə keçir. (Maddə 140.2.) Öz növbəsində həmin Məcəllənin 142.1.-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V. Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 29 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur: • binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; • mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; • idarəedici təşkilat tərəfindən idarə edilməsi. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Bununla yanaşı həmin işdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1.-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Mənzil Məcəlləsinin 138.4-cü maddəsində göstərilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin Mənzil Məcəlləsinin 44-47-cı maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. Digər tərəfdən, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, hətta çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı təbii inhisarda olan malların təminatı ilə (qaz, elektrik, su və s.) bağlı kommunal xidmətlərin satış qiymətini müəyyən etmək səlahiyyətində deyildirlər. Qeyd edilən mallar “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.4-cü maddəsinə əsasən, yalnız müvafiq icra hakimiyyəti orqanı (Tarif Şurası) tərəfindən müəyyən edilə bilər. Bu səlahiyyət Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 saylı Fərmanı ilə təsdiq olunan Tarif Şurası haqqında Əsasnamədə öz əksini tapmışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 saylı qərarı ilə "Qiymətləri dövlət tərəfindən təsdiq olunan malların, işlərin, xidmətlərin Siyahısı" təsdiq olunmuşdur. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyekti təbii inhisar subyektidir. Həmin Qanunun 11.1.4-cü maddəsində isə Tarif Şurası tərəfindən müəyyənləşdirilən qiymətləri (tarifləri) dəyişdirən subyektlərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Beləliklə, dövlət inhisarında olan mallarla bağlı göstərilən kommunal xidmətlərin qiyməti yalnız dövlət tərəfindən müəyyən edilir və göstərilən bu cür kommunal xidmətlərin həcmi müvafiq sayğacla hesablanır. Bu cür kommunal xidmətlər çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan sahələrinə göstərildikdə (dəhlizin işıqlandırılması və s.), bununla bağlı kommunal ödənişlər həmin ümumi sahənin istifadəçiləri (çoxmənzilli binada mənzillərin mülkiyyətçiləri) tərəfindən həyata keçirilir. Həmin kommunal xidmətlərə görə ödənişlər binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətdəki paylarına mütənasib olaraq ödənilir (Mənzil Məcəlləsinin 36.1, 38.2, 140.1 - ci maddələri). Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr çoxmənzilli binalarda kommunal xidmətləri həyata keçirən idarəedici təşkilatların fəaliyyəti ilə bağlı yaranan mübahisələri həll edərkən, həmin təşkilatlar tərəfindən ümumi istifadədə olan sahələrdə sərf edilən təbii inhisarda olan malların (qaz, elektrik, su və s.) qiymətinin Tarif Şurası tərəfindən müəyyən edilmiş satış qiymətlərinə müvafiq olaraq kommunal xidmətlərə daxil edilməsinə xüsusi diqqət yetirməlidirlər. Beləliklə Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən normalarının və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli qərarının məzmunundan göründüyü kimi çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçiləri yaşayış sahəsi onların mülkiyyətinə təhvil verildiyi gündən həmin binanın sahə mülkiyyətçilərinin Mənzil Məcəlləsinin 44-47-ci maddələrində müəyyənləşdirilmiş qaydada keçirilən ümumi yığıncağında müəyyən edilən, binanın saxlanması, təmiri xərclərini, həmçinin binanın sahə mülkiyyətçilərinin ümumi istifadəsində olan yerlərə görə ödənilməli olan kommunal haqların hər ay üzrə ödənilməsi vəzifəsini daşıyırlar. Ona görə də, işə yeni apellyasiya baxışında baxan məhkəmə kollegiyası binanın saxlanması, təmiri və kommunal xidmətlərlə bağlı tərəflər arasında mübahisə yaranana qədər binanın sahə mülkiyyətçilərinin bu xərclərin məbləğinin müəyyən edilməsi ilə bağlı ümumi yığıncağının keçirilmədiyini nəzərə almaqla və zərurət olduğu təqdirdə ekspertiza təyin etməklə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 685-ci məhəllə 143 a saylı çoxmənzilli yaşayış binasının saxlanması, təmiri xərclərini və ümumi istifadədə olan yerlərə göstərilən kommunal xidmətlərin məbləğini və bu xərc və məbləğlərə münasibətdə hər bir sahə mülkiyyətçisinə düşən xərci müəyyən etməklə binanın saxlanması, təmiri və kommunal xidmətlərə görə pulun tutulması barədə hissədə iddia tələbinə qiymət verməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddia tələbinin iddiaçılardan kommunal xidmət haqqının tutulmasının rədd edilməsi hissəsində qəbul etdiyi qətnamə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviriəsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh Firması apellyasiya şikayətini qarşılıqlı iddiaya uyğun olaraq əsaslandırmış, əlavə olaraq birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin Cavabdeh Firmasının faktiki mülkiyyət hüququnu tanımayaraq həmin sahənin sadəcə çoxmənzilli binanın digər otaqlarına xidmət etmək vəzifəsi üçün mövcud olduğu qənaətinə gəldiyini, ilkin iddia üzrə birgə iddiaçıların binanın qeyd olunan mərtəbələrində üzbəüz mənzillər əldə etməsi faktının bu mənzillər arasında qalan sahəni zəbt etməyə haqq yaratdığı hesab edilməklə onun mənzillər arasında qalan sahəyə olan mülkiyyət hüququnun pozulduğunu, qətnamədə hansı maneənin olması, qarajın olub-olmamasının araşdırılmadığını, məhkəmənin yerli baxış keçirmədiyi, müayinə aparmadığı və mütəxəsis rəyi almadığını qeyd etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

19. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh Firmasının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin apellyasiya icraatının predmeti olan hissədə ləğv edilərək qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

20. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

21. Məhkəmə tərkibi, Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə sonuncu məhkəmə iclasında iştirak etməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 235. Yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər. Mülkiyyətçilərin haqları hesabına ödənilməli olan yüklülüklərə və xərclərə o cümlədən aşağıdakılar aiddir: torpaq sahəsinin və yaşayış binasının birgə hissələrinin, habelə birgə konstruksiyalarının və qurğularının saxlanmasına, cari təmirinə və yeniləşdirilməsinə çəkilən xərclər; idarəçiyə haqq ödənilməsi də daxil olmaqla, idarəetmə fəaliyyətinə çəkilən xərclər; bütövlükdə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərindən tutulan ödənişlər və vergilər; Əgər birgə istifadə edilən müəyyən tikinti konstruksiyaları, qurğular mülkiyyətin ayrıayrı tərkib hissələrinə xidmət etmirsə və ya əhəmiyyətsiz dərəcədə xidmət edirsə, bunu xərclərin bölgüsündə nəzərə almaq lazımdır. Yaşayış binasının tərkib hissəsinin hər hansı mülkiyyətçisi xərclər üçün haqları üç il ərzində ödəmədikdə yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağı: yaşayış binasının tərkib hissələrinə mülkiyyətdə onun payı üçün ipotekanı qeydə aldırmaq hüququna malikdir. İpotekanın qeydə alınmasını idarəçi və ya əgər o təyin edilməyibsə, əksəriyyətin qərarı ilə və ya məhkəmə tərəfindən vəkil edilmiş yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərindən hər hansı biri və ödənilməmiş haqların girov kimi verildiyi kreditor tələb edə bilər; yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin otaqlarında olan və onların avadanlıqla təchiz edilməsi və istifadəsi üçün nəzərdə tutulan daşınar əşyaları girov qoymaq hüququna malikdir.

23. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Maddə 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Maddə 122.1.3. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək. Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2, 135.2.3 və 135.2.4. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi: mənzil-tikinti kooperativi üzvləri üçün -mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi; yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Maddə 136.2, 136.2.1 və 136.2.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; kommunal xidmətlərə görə haqq. Maddə 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Maddə 137.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Maddə 138.1. Yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir Maddə 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Maddə 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Maddə 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri:

25. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən, yəni apellyasiya icraatının predmeti olan qarşılıqlı iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilməsi və həmin hissədə iddianın qismən təmin edilməsi üçün əsasdır.

26. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

28. Apellyasiya şikayətinin obyektini hazırki apellyasiya icraatının predmeti olan qarşılıqlı iddia tələbinin iddiaçılardan kommunal xidmət haqqlarının tutulmasının rədd edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

29. Demək, mülki prosessual qanunvericiliyin tələbinə, Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını hazırki apellyasiya icraatının predmeti olan qarşılıqlı iddia tələbinin iddiaçılardan kommunal xidmət haqqlarının tutulmasının rədd edilməsi hissəsində yoxlayır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

30. Qarşılıqlı iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından qarşılıqlı iddia tələbinin iddiaçılardan kommunal xidmət haqlarının tutulmasının rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

31. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki qarşılıqlı iddianın faktiki halları qarşılıqlı iddia tələbinin iddiaçılardan kommunal xidmət haqqlarının tutulmasının rədd edilməsi hissəsində yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik qarşılıqlı iddia üzrə cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından qarşılıqlı iddia həmin hissədə haqlı sayılırdı.

32. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan göstərişlər verilmişdir.

33. Belə ki, işə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddia tələbinin iddiaçılardan kommunal xidmət haqqlarının tutulmasının rədd edilməsinə aid hissədə qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin növbəti dəfə kassasiya instansiyası məhkəməsinin qərarlarında şərh edilən məcburi göstərişlərinə tam əməl edilməməsi ən azından prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilər.

34. Bununla əlaqədar, apellyasiya instansiyası məhkəməsi hesab etdi ki, iş üzrə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti yarandığından məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli, ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməlidir. Çünki, kassasiya instansiyası məhkəməsi qənaətində göstərib ki, işə yeni apellyasiya baxışında baxan məhkəmə kollegiyası binanın saxlanması, təmiri və kommunal xidmətlərlə bağlı tərəflər arasında mübahisə yaranana qədər binanın sahə mülkiyyətçilərinin bu xərclərin məbləğinin müəyyən edilməsi ilə bağlı ümumi yığıncağının keçirilmədiyini nəzərə almaqla və zərurət olduğu təqdirdə ekspertiza təyin etməklə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 685-ci məhəllə 143 a saylı çoxmənzilli yaşayış binasının saxlanması, təmiri xərclərini və ümumi istifadədə olan yerlərə göstərilən kommunal xidmətlərin məbləğini və bu xərc və məbləğlərə münasibətdə hər bir sahə mülkiyyətçisinə düşən xərci müəyyən etməklə binanın saxlanması, təmiri və kommunal xidmətlərə görə pulun tutulması barədə hissədə iddia tələbinə qiymət verməlidir.

35. Buna görə də, ekspertiza qarşısında, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 685-ci məhəllə 143 a saylı (yeni qaydalarla Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti ev 113) ümumi sahəsi 24760.1. kv.m, yaşayış sahəsi 12067.1 kv.m, qeyri-yaşayış sahəsi 5427.1 olan çoxmənzilli yaşayış binasının saxlanması, təmiri xərcləri və ümumi istifadədə olan yerlərə göstərilən kommunal xidmətlərin məbləğinin hər ay üçün və illik ayrı-ayrılıqda nə qədər təşkil etməsinə; çoxmənzilli yaşayış binasının saxlanması, təmiri xərcləri və ümumi istifadədə olan yerlərə göstərilən kommunal xidmətlərin məbləğinin hər ay üçün və illik ayrı-ayrılıqda nə qədər təşkil etməsi müəyyən edildikdən sonra bu xərc və məbləğlərə münasibətdə sahə mülkiyyətçisi kimi İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 685-ci məhəllə 143 a saylı çoxmənzilli yaşayış binasında, ümumi sahəsi 197.9 kv m. olan 90 saylı, (yeni qaydalarla Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti ev 113, M9, m1) və ümumi sahəsi 239.4 kv m. olan 91 saylı, (yeni qaydalarla Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti ev 113, M9, m2) mənzillər üzrə, eləcə də sahə mülkiyyətçisi kimi İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 685-ci məhəllə 143 a saylı çoxmənzilli yaşayış binasında, ümumi sahəsi 197.9 kv m. olan 96 saylı, (yeni qaydalarla Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti ev 113, M12, m1) mənzil üzrə üzərinə düşən xərcin nə qədər, həmçinin göstərilən ərazidə yerləşən, eyni şəraitli binalardakı mənzillərin hər bir 1 kv. metri üçün komunal xidmət haqqının nə qədər təşkil etməsinə dair suallar qoyuldu.

36. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/4205 saylı, xx.xx.2023-cü il tarixli “ekspert rəyi”ndə çoxmənzilli yaşayış binasının saxlanması, təmiri xərcləri və ümumi istifadədə olan yerlərə göstərilən kommunal xidmətlərin, mənzillər üzrə üzərinə düşən xərcin və binalardakı mənzillərin hər 1 kv.metri üçün kommunal xidmət haqqı məbləğlərini müəyyən etmək mümkün olmadığı qeyd olundu. Başqa sözlə, ekspert bu cür rəylə xüsusi biliyə malik olmadığını nümayiş etdirdi.

37. Növbəti məhkəmə iclasında qarşılıqlı iddiaçı Cavabdeh Firmasının nümayəndəsi və vəkili tərəfindən "xxxx" MMC tərəfindən verilmiş rəyi təqdim etdi. Həmin rəydə qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektı 685-ci məhəllə 143 a saylı (yeni qaydalarla ünvan 2 ünvanda ümumi sahəsi 24760,1 kv.m, yaşayış sahəsi 12067.1 kv.m, qeyri-yaşayış sahəsi 5427,1 kv.metr olan çoxmənzilli yaşayış binasının saxlanılması, təmir xərcləri və ümumi istifadədə olan yerlərə göstərilən kommunal xidmətlərin məbləği yaşayış mənzilləri üzrə 1 kv.metri hər ay üçün və illik ayrı-ayrılıqda dəyərinin müəyyən edilməsi məqsədilə əraziyə baxış keçirilmiş, analoqlar seçilmiş, hər bir analoq üzrə monitorinq aparılmışdır. Aparılmış hesablamalara və təhlillərə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 685-ci məhəllə 143 a saylı (yeni qaydalarla ünvan 3 ünvan və yaxın ətraf ərazidə yerləşən yeni tikili çoxmənzilli yaşayış binasının saxlanılması, təmir xərcləri və ümumi istifadədə oları yerlərə göstərilən kommunal xidmətlərin məbləği yaşayış mənzilləri üzrə 1 kv.metri hər ay üçün və illik ayrı-ayrılıqda 08 dekabr 2023-cü il tarixinə 0.80 (səksən) qəpik - 1,5 (bir manat əlli qəpik)/1 kvadrat metr/1 ay, 9,6 (doqquz manat altmış qəpik) manat - 18,0 (on səkkiz) manat/1 kvadrat metr/1 il təşkil edir. Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 685-ci məhəllə 143 a saylı (yeni qaydalarla ünvan 3 ünvanda ümumi sahəsi 24760,1 kv.m, yaşayış sahəsi 12067.1 kv.m, qeyri-yaşayış sahəsi 5427,1 kv.metr olan çoxmənzilli yaşayış binasının saxlanılması, təmir xərcləri və ümumi istifadədə olan yerlərə göstərilən kommunal xidmətlərin məbləği hər ay üçün və illik ayrı-ayrılıqda 08 dekabr 2023-cü il tarixinə 1 (bir) manat/ 1 kvadrat metr 1 ay, 12 (on iki) manat /1 kvadrat metr/1 il təşkil edir.

38. Baxmayaraq ki, qarşılıqlı iddiaçı tərəfindən belə bir rəy təqdim edildi, yenə də apellyasiya instansiyası məhkəməsi hesab etdi ki, qarşıya qoyulan sualların cavablandırılması işin obyektiv və düzgün həlli üçün əhəmiyyət kəsb etdiyindən mülki iş üzrə qiymətləndirmə təyin edilməli və aydınlaşdırılmalı məsələlər üzrə "xxxx" Qiymətləndirmə Şirkəti MMC-dən mütəxəssis rəyi alınması qərara alındı.

39. "xxxx" Qiymətləndirmə Şirkəti MMC-nin 29 yanvar 2024-cü il tarixli (Ali Məhkəmənin göstərişlərinə uyğun qoyulmuş suallara uyğun) rəyində qeyd edilmişdir ki, binanın qiymətləndirmə tarixinə hesablanmış tikinti xərci 11 800 000 manat təşkil edir ki, bunun da 2%-i 236000 manat/il, il ərzində binanın hər kv.m ümumi sahəsinə 9,53 manat/il və ya 0.794 manat/ay düşür. Yaşayış sahəsinə görə isə adambaşına hər kv.m sahənin orta aylıq təmir (istismar) xərci 1,12 manat/ay və ya il üzrə 13,44 manat/il təşkil edir. İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti 685-ci məhəllə 143a saylı çoxmənzilli yaşayış binasında, ümumi şahəsi 197.9 kv.m olan 90 saylı(Yeni qaydalarla Baki şəhəri Nəsimi rayonu, Neftçilər prospekti ev 113. M9, m1) və ümumi sahəsi 239.4 kv.m olan 91 saylı (Yeni qaydalarla Baki şəhəri Nəsimi rayonu, Neftçilər prospekti ev 113. M 9,m2) mənzillərin üzərinə düşən müvafiq olaraq 197.9 kv.m *1.12 manat/ay= 221,65 manat/ay və 239.4 kv.m* 1.12 manat/ay= 268.13 manat təşkil edir. İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti 685-ci məhəllə 143a saylı çoxmənzilli yaşayış binasında, ümumi şahəsi 197.9 kv.m olan 96 saylı(Yeni qaydalarla Baki şəhəri Nəsimi rayonu, Neftçilər prospekti ev 113. M12, m1) mənzilin üzərinə düşən xərc müvafiq olaraq 197.9 kv.m *1.12 manat/ay= 221,65 manat/ay təşkil edir. Beləliklə, təxmini hesabladığmız aylıq xidmət xərcləri 20 350 AZN təşkil edir. 17494.2 min kvadrat metr sahə üzərində aylıq 1.16 AZN/m 2 xərc alınır, yəni bir kvadrat metrə ayda 1 manat 16 qəpik. Əlavə olaraq, əgər bu işi idarəedici təşkilat yerinə yetirərsə, onun kommersiya marağının olması üçün öz marjasını, o cümlədən vergi orqanları qarşısında öhdəliyini yerinə yetirmək üçün 18% ƏDV-ni də əlavə olaraq xərclərin üzərinə gəlmək lazımdır. Nəticədə bina sakinləri üçün bir kvadrat metr üzrə aylıq kommunal haqqı bizim hesablamada ƏDV-siz 1,16 manat/kv.m/ay və ya ƏDV ilə 1.3688 manat/kv.m/ay ətrafında formalaşmış olur.

40. Beləliklə, qarşılıqlı iddia tələbinin iddiaçılardan kommunal xidmət haqlarının tutulması üçün əsasların olması Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan və digər normalarında dəqiq və konkret göstərilmişdir. Belə ki, qarşılıqlı iddiaçının faktiki idarəedici təşkilatı kimi(MM.m.137.6) hazırki iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmuşdur.

41. Tərəflər arasında müqavilənin bağlanmaması da hazırki apellyasiya icraatının predmeti olan hissədə qarşılıqlı iddianın rədd edilməsi üçün əsas ola bilməzdi. Eyni zamanda, qarşılıqlı iddia üzrə cavabdehlər də hüquqdan sui-istifadə edərək müqavilə bağlamaqdan imtina etməməlidir. Belə ki, onlar hansı səbəbdən qarşılıqlı iddiaçı ilə müqavilə bağlamaq istəmədiyini kifayət qədər aydın şəkildə məhkəmənin diqqətinə çatdırmaq istəmədi yaxud çatdırdıqları və ya digər hansısa səbəblər də onları heç bir halda kommunal xərcləri ödəmək vəzifəsindən azad etmir. Çünki, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi artıq yaşayış sahəsi onlara verildiyi vaxtdan yaranmışdır.

42. Bir daha qeyd olunur ki, qarşılıqlı iddia üzrə cavabdehlərin kommunal xidmətlərə görə haqqın ödənilməməsinə görə məsuliyyəti müqaviləyə görə deyil, Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən tələblərini yerinə yetirməməsinə görə yarana bilir. Başqa sözlə, bu öhdəlik qarşılıqlı iddia üzrə cavabdehlərin qarşılıqlı iddiaçı ilə bağladığı əqdlər üzrə deyil, Mənzil Məcəlləsinin tələblərinə əsasən yaranır. Buna görə də qarşılıqlı iddia tələbinin iddiaçılardan kommunal xidmət haqqlarının tutulmasının rədd edilməsi üçün hər hansı bir əsas mövcud deyildi.

43. Göstərilənlərə baxmayaraq, qarşılıqlı iddia üzrə cavabdehlərin 30 ay müddətində kommunal xidmət haqlarını ödəməmələri işin mübahisəsiz halına çevrilsə də, İddiaçı2 mülkiyyətində yalnız bir - Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti 685-ci məhəllə 143a saylı çoxmənzilli yaşayış binasında, ümumi şahəsi 197.9 kv.m olan 96 saylı (Yeni qaydalarla Baki şəhəri Nəsimi rayonu, Neftçilər prospekti ev 113. M12,m1) mənzil olduğu təsdiq olunur. Buna görə də, ona münasibətdə qarşılıqlı iddia qismən, yəni iki mənzilə görə deyil, bir mənzilə münasibətdə təmin edilməlidir.

44. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin qismən edilməli və hazırki mülki iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-593/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qətnaməsi qismən, yəni hazırki apellyasiya icraatının predmeti olan qarşılıqlı iddia tələbinin iddiaçılardan kommunal xidmət haqqlarının tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə qarşılıqlı iddia qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 12.000 (on iki min) manat; İddiaçı2 isə 6.000 (altı min) manat kommunal xidmət haqqı alınaraq qarşılıqlı iddiaçı Cavabdeh Firmasına ödənilməli; qiymətləndiricinin xidmət haqqı 500 (beş yüz) manatın 325 (üç yüz iyirmi beş) manatı İddiaçı1, 175 (yüz yetmiş beş) manatı isə İddiaçı2 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN: ********** H h № AZ33İBAZ******************** "Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S W.İ.F T BİK. İBAZAZ2X hesabına köçürülməli; apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumu isə Cavabdeh Firmasına aid edilməlidir.

45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-593/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qətnaməsi qismən, yəni hazırki apellyasiya icraatının predmeti olan qarşılıqlı iddia tələbinin iddiaçılardan kommunal xidmət haqlarının tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 12.000 (on iki min) manat, İddiaçı2 isə 6.000 (altı min) manat kommunal xidmət haqqı alınaraq qarşılıqlı iddiaçı Cavabdeh Firmasına ödənilsin. Qiymətləndiricinin xidmət haqqı 500 (beş yüz) manatın 325 (üç yüz iyirmi beş) manatı İddiaçı1, 175 (yüz yetmiş beş) manatı isə İddiaçı2 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN: ********** H h № AZ33İBAZ******************** "Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S W.İ.F T BİK. İBAZAZ2X hesabına köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh Firmasına aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar