Məhkəmə qərarları › İş №2(103)-1650/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1650/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1650/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC-nin ləğvedcisi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X5 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4587/2023 saylı 01 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC-nin ləğvedcisi X4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 28 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" Kommersiya Bankı QSC ilə X8 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 1xx/xx/13966/11 №-li Kredit müqaviləsinə əsasən X3 24 ay müddətinə, illik 26% olmaqla, 5000 manat məbləğində kredit vermişdir.

2. Ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən X6 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka xx.xx.2023-cü il tarixə əsas borc üzrə 521,72 manat, faiz borcu üzrə 94,61 manat, cərimə borcu üzrə 947,62 manat, gecikdirilmiş vaxt üçün hesablanan 5%-lik faiz borcu üzrə 243,04 manat olmaqla, cəmi 1806,99 manat məbləğində borcu vardır.

3. X8 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. X6 vərəsələri Cavabdeh1 və Cavabdeh2 Yunus qızıdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC-nin ləğvedcisi X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 521,72 manat əsas, 94,61 manat faiz, 947,62 manat cərimə, 243,04 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə 1806,99 manat məbləğində pulun, 38,07 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka tələb olunan məbləğdə borcu qalmışdır.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov, iş № 2(006)-4587/2023) iddia rədd olunmuşdur.

7. Məhkəmə işin faktiki hallarına əsasən bu qənaətə gəlmişdir ki, kredit müqaviləsinin müddəti xx.xx.2013-cü ildə başa çatmış, iddia müddətinin axımı xx.xx.2013-cü il tarixdən başlanmasına baxmayaraq, iddiaçı tələbini 3 illik iddia müddəti bitdikdən sonra xx.xx.2023-cü il tarixdə irəli sürmüşdür. Odur ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir (həmçinin borclu xx.xx.2014-cü il tarixdə ölməsinə baxmayaraq sonuncu müddətdən belə iddia müddəti ötürülmüşdür).

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2, 377.2, 380.1, 386.1, 442, 448.2, 739, 1133, 1151.1, 1306.1-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya instansiyası məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank tərəfindən X6 vərəsələri barədə məlumat AR Ədliyyə Nazirliyi Bakı şəhəri 43 saylıNotariat Ofisi tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli məktub vasitəsi ilə əldə etmişdir. Yalnız bundan sonra Bank tərəfindən vərəsələrə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək mümkün olmuşdur. Vərəsələr barədə məlumat xx.xx.2022-ci il tarixdə müəyyən edildiyindən iddia müddətinin tədbiqinə dair müddət həmin tarixdən başlayaraq hesablanmalı idi. Belə ki, onlara məlum olan andan başlayaraq 3 il müddətində vərəsələrə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları saxlanılır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir;

14. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;

15. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır;

16. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır;

17. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir;

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

20. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

21. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz;

22. Maddə 739.1. (əvvəlki redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;

23. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

24. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

25. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

26. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

32. İş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2013-cü il tarixdə bitmiş, iddiaçı hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə 3 ildən artıq müddət keçdikdən sonra - xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.

33. Cavabdehlər məhkəmə baxışı zamanı iddia müddətinin tətbiqi barədə ərizə vermiş və birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsinə istinad etməklə iddianı rədd etmişdir.

34. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə iddia müddətini tətbiq edib iddianı rədd etməkdə haqlı olmuşdur.

35. Apellyasiya şikayətinin dəlillərinə görə iddiaçı X2 vərəsələri barədə məlumatı AR Ədliyyə Nazirliyi Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli məktub vasitəsi ilə əldə etmiş, yalnız bundan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Apellyator iddia müddətinin axımının xx.xx.2022-ci il tarixdən hesablanmalı olduğunu və iddia müddətinin ötürülmədiyini bildirir.

36. Kollegiya apellyasiya şikayətinin göstərilən dəlili ilə razılaşmır. Belə ki, iş materiallarına əlavə olunmuş Ədliyyə Nazirliyi Notariat idarəsinin rəisi Mehman Soltanov tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bank yalnız 2022-ci il tarixdə kredit müqaviləsi üzrə borcalan Yunus Yolçuyevin adına vərəsəlik işinin açılıb-açılmaması barədə məlumatın verilməsinə dair aidiyyəti üzrə müraciət etmişdir (i.v. səh 25). Bu o deməkdir ki, iddiaçı kredit müqaviləsinin müddətinin bitməsindən 9 il sonra həmin müqavilə üzrə borclunun, onun vərəsələrinin axtarışına başlamış, kredit müqaviləsindən irəli gələn tələblər üzrə qanunla müəyyən edilmiş 3 il müddət çərçivəsində heç bir hərəkət etməmişdir. Apellyatorun 9 il sonra borcalanın vərəsələrinin axtarışına başlaması, qanunla müəyyən edilmiş 3 il müddət ərzində hərəkətsizliyi iddia müddətinin axımını yeniləmir.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

38. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC-nin ləğvedcisi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 01 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar