Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1651/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 Yaqub oğlu, Cavabdeh2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:kredit borcu tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(010)-4453/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 09 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 025A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.75% оlmaqla 36 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14900 (on dörd min doqquz yüz) manat məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 025A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə 6116.59 manat məbləğində kredit borcu, 455.02 manat məbləğində faiz borcu və 82.43 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 6654 (altı min altı yüz əlli dörd) manat 04 (dörd) qəpik məbləğində borcun və ödənilmiş 86.55 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 8783.41 manat ödəniş etmiş və onun iddiaçıya 6116.59 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəlindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 153 gün üçün hesablanmış faiz borcu 455.02 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış laizi vaxtında qaytarmadıqda hər gecikdiriən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 153 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 82.43 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvaliq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir.
4. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 28 noyabr 2022-ci il tarixli, 2(010)-4453/2022 saylı qətnaməsi ilə (hakim Məmmədov Tural) iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə 6116.59 manat əsas borc, 455.02 manat faiz borcu və 82.43 manat, cərimə borcu olmaqla cəmi 6654 manat borc və 86.55 manat dövlət rüsumu pul tutularaq ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən iş üzrə mühüm əhəmiyyətə malik olan hallar ətraflı araşdırılmamışdır. Belə ki, Suraxanı rayon məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixində qəbul edilmiş, e-2(010)- 1590/2022 saylı qətnamə ilə də eyni kredit müqaviləsi üzrə X2 üzərinə müəyyən məbləğin ödənilməsi öhdəliyi qoyulmuşdur. Bu hal məhkəmə tərəfindən nəzərə alınmamış və təkrarən eyni şəxsin üzərinə ayrı məbləğin ödənilməsi öhdəlik kimi qoyulmuşdur. İstər qanunvericiliyin tələbləri üzrə, istərsə də məntiqə uyğun olaraq bir şəxsin eyni öhdəlik üzrə iki dəfə cavabdeh olması və hər dəfəsində ayrı-ayrı məbləğlərin ödənilməsinin şəxsin üzərinə öhdəlik kimi qoyulması absurd və ziddiyyətli məsələdir. Belə olan halda məhkəmənin yenidən eyni öhdəlik üzrə belə bir qətnamə qəbul etməsi nəticənin işin hallarına uyğun olmamasını bir daha təsdiq edir. Hazırkı qətnamə üzrə isəİddiaçı QSC-nin iddiası üzrə 6654 manat borc və 86.55 manat dövlət rüsumu məbləğinin Cavabdeh1 və X1 tutulması qət edilmişdir. Belə olan halda eyni məhkəmə tərəfindən, eyni şəxs barəsində və eyni kredit müqaviləsi ilə bağlı 2 ayrı qətnamə çıxarılması məntiqə uyğun deyil. Bu səbəbdən də Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli,2(010)-4453/2022 saylı qətnaməsini əsassız və ziddiyyətli hesab edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.
13. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır.
14. Maddə 470.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
15. Maddə 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.
16. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə kollegiyası aşağıdakılara əsasən apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, həmin dəlil əsaslı sayıla bilməz.
26. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 025A********** nömrəli Kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 1.75% olmaqla 36 ay müddətinə 14.900 manat məbləğində kredit verilmişdir.
27. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 025A********** nömrəli Kredit müqaviləsinə və ödəniş Planına dəyişiklik edilməsi haqqında 025A**********S nömrəli Sazişdən görünür ki, Kredit müqaviləsi əsasında Kredit Alan götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli Ödəiş Planına uyğun olaraq Banka ödəməlidir. Əgər kredit üzrə aylıq ödənişlər yeni ödəniş qrafikin uyğun olaraq plan üzrə 1 ay ərzində həyata keçirilməsə, Bank birtərəfli qaydada ödəniş qrafikini ilkin vəziyyətinə qaytarır və ödənişlər əvvəlki ödəniş planına uyğun olaraq həyata keçirilməlidir.
28. İş materiallarında olan Ödəniş Planından görünür ki, xx.xx.2019-cu il tarixli, 025A********** nömrəli Kredit müqaviləsi üzrə restrukturizasiya məbləği 13673.73 manatdır. (illik faiz dərəcəsi 1.75, 35 ay müddəti olmaqla)
29. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 025G**********01 saylı Zaminlik müqaviləsindən və ona əlavə və dəyişikliklərin edilməsi barədə Sazişdən görünür ki, Cavabdeh2 Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin icrası ilə əlaqədar zamin durmuşdur.(Kredit müddəti 35 ay təşkil edir)
30. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 025A********** nömrəli kredit müqaviləsi üzrə 6116.59 manat məbləğində kredit borcu, 455.02 manat məbləğində faiz borcu və 82.43 manat məbləğində cərimə borcu mövcuddur.
31. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 borc məbləğini qısa zamanda ödəməsi barədə xəbərdarlıq edilmişdir. İddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin cavabdeh tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımı qaydada icra etməmişdir.
32. Kollegiya qeyd edir ki, Cavabdeh2 apellyasiya şikayətində qeyd etdiyi Suraxanı Rayon Məhkəməsinin 2(010)-1590/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hazırki iş üzrə qəbul edilmiş qətnaməyə münasibətdə hər hansı təsiri yoxdur. Belə ki, hazırki iş üzrə qətnamə ilə kreditor tərəfindən borcluya verilmiş kredit müqaviləsi üzrə borcun borcludan və həmin kredit müqaviləsi üzrə zamindən, yəni apellyasiya şikayəti verən şəxsdən tələb edilməsindən ibarətdir. İşdən də müəyyən edildiyi kimi, kredit müqaviləsi üzrə bank qarşısında öhəlik lazmi qaydada icra edilməmiş və borclunun bank qarşısında tələb edilən məbləğdə ödənilməyən öhdəliyi qalmışdır. Apellyator həmin müqavilə öhdəliyinin yerinə yetirilməməsi halında borcluyla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüş, o cümlədən qətnamədən verilən apellyasiya şikayətində borc məbləğinin düzgün hesablanmaması mübahisələndirilməməklə yalnız digər qətnamənin mövcudluğunu qeyd etmişdir.
33. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəlinən qənaət qanuni və əsaslı olmaqla apellyasiya şikayətinin dəlili məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(010)- 4453/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.