Məhkəmə qərarları › İş №2(103)-1651/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1651/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1651/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(004)-4070/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin Halları

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 dekabr 2021-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55,9 kv.m. olan mənzilin paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus 1/6 hissəsi hər ay 100 manat icarə haqqı ödənilməklə Cavabdeh icarəyə verilmişdir. Müqavilənin 3-cü bəndində qeyd olunmuşdur ki, icarə müddəti 13 noyabr 2022-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 11 ay müddətinə uzadılmış hesab edilr.

2. 06 aprel 2023-cü il tarixli, 32/199 nömrəli mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına dair bildiriş ilə cavabdehə müraciət edilmiş və məktub 12 aprel 2023-cü il tarixdə qəbul edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 dekabr 2021-ci il tarixli müqavilə üzrə fevral-avqust 2023-cü il tarixinədək ödənilməmiş aylar üçün ödənilməli olan 600 manat məbləğində icarə haqqının, 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə əsasən iddiaçıya məxsus mənzilinin 1/6 hissəsi cavabdehə icarəyə vermişdir. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə iddiaçıya ödənilməli 600 manat icarə haqqı borcu mövcuddur. Cavabdehə 06 aprel 2023-cü il tarixli, 32/199 nömrəli mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına dair bildiriş ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh məktubu 12 aprel 2023-cü il tarixdə qəbul etmiş, lakin icarə haqqı borcunu ödəməkdən imtina etmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(004)- 4070/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 442, 445.1 və 700.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayətinin dəlillərinə görə, ödəniş qəbzlərindən görünür ki, cavabdeh iddiaçıya icarə müqaviləsi əsasında 2022-ci ilin fevral ayınadək hər ay 100 manat icarə haqqı ödəməli olduğu halda, icarə haqqından əlavə hər ay 150 manat olmaqla cəmi 350 manart vəsait ödəmişdir. İddiaçının müqavilənin müddətinin uzadılacağından və ya əlavə müqavilə bağlamaqdan boyun qaçırması səbəbindən 2022-ci ilin fevral ayından əsaslı olaraq icraə haqqının ödənilməsini dayandırılmışdır. Birinci instansiya məhkəməsi mübahisə predmeti olan icarə müqaviləsi üzrə ödənilmiş aylar üzrə icarə haqqının ödənilməsini təsdiq edən qəbzləri iddiaçıdan tələb etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdeh məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi.

11. Məhkəmə iclasında iddiaçınnə nümayəndəsi apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Maddə 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə və ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; Maddə 700.3. Əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir;

13. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.1. İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. Maddə 6. İcarə haqqı tərəflərin razılığı ilə natura, pul formalarında və ya qarışıq formada təyin edilə bilər.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Apellyasiya baxışının hədləri

15. Cavabdeh tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

17. Tərəflər arasında icarə müqaviləsi 13 dekabr 2021-ci il tarixdə bağlanmış və icarə müddəti 13 noyabr 2022-ci il tarixədək müəyyən edilmiş, həmçinin, müqaviədə qeyd olunmuşdur ki, icarə müddəti 13 noyabr 2022-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 11 ay müddətinə uzadılmış hesab edilr. İddiaçının tələbi isə 2023-cü ilin fevral – avqust ayları ərzində ödənilməmiş icarə haqqı ilə bağlıdır.

18. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. Tərəflər arasında bağlanmış müqavilədə icarə haqqı hər ay üçün 100 manat müəyyən edilmişdir Yəni, müqavilə bağlandıqdan iddiaçının tələb etdiyi dövrə qədər ödənilməli olan icarə haqqının məbləği 2000 manat təşkil edir.

19. Cavabdeh tərəfindən məhkəmə icarə haqqının ödənilməsi ilə bağlı qəbzlər təqdim olunmuşdur. MPM-nin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş materiallarından görünür ki, iddia ərizəsi, əlavə olunmuş sənədlər və məhkəmə bildirişi 03 avqust 2023-cü il tarixdə poçt – rabitə orqanı tərəfindən cavabdehə göndərilsə də, həmin sənədlərin təqdim edilməsi mümkün olmamış, zərfin üzərində “qapı bağlıdır” qeydi yazılaraq məhkəməyə qaytarılmışdır. Yəni, cavabdehin sübutları birinci instansiya məhkəməsində təqdim edilməməsi ondan asılı olmayan səbəblərə görə mümkün olmamışdır.

20. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş qəbzlərdən görünür ki, müqavilə bağlandıqdan iddiaçının tələb etdiyi dövrə qədər ödənilməli olan icarə haqqının məbləği 2000 manat təşkil etdiyi halda 3250 manat məbləğində pul vəsaiti ödənilmiş və bu xüsusat işin mübahisələndirilməyən halıdır. Mülki Məcəllənin 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

21. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununf əsasən icarə haqqının məbləği müqavilədə şərtləşdirildiyindən cavabdehin yalnız həmin məbləği ödəmək öhdəliyi mövcuddur və müqavilədən kənar hər hansı bir ödənişin tələb olunması əsassızdır.

22. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayətləri təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.

23. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(004)- 4070/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(004)- 4070/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar