Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1651/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “alimentin artırılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X11 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Murad Akif oğlu və X6 ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi Abdullayeva Kürsüm Qubad qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5840/2024 saylı, 4 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tərəflər 2017-ci ildə faktiki nikah münasibətlərinə daxil olmuşlar. Tərəflərin bu münasibətlərindən xx.xx.2018-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir.
2. Masallı Rayon Məhkəməsinin 2(050)-1350/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin cavabdehdən Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı Rayon Məhkəməsinin 2(050)-1350/2023-cü il tarixli qətnaməsi ilə azyaşlı qızı 28 avqust 2018-ci ildə anadan olmuş X1 üçün hər ay 150 (yüz əlli ) manat sabit pul məbləğində alimenin miqdarı dəyişdirilərək 235 manat tutulması və cavabdehdən 50 (əlli) manat məbləğində mediasiya prosesində iştirak üçün ödənilmiş pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2017-ci ildə faktiki ailə həyatı qurmuşlar. 28 avqust 2018-ci ildə X5 dünyaya gəlmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-1350/2023- cü il tarixli qətnaməsi ilə 28 avqust 2018-ci ildə anadan olmuş X1 üçün hər ay 150 (yüz əlli ) manat sabit pul məbləğində aliment tutulmuşdur. Özü insult xəstəliyi keçirərək paraliz olmuş, fiziki hərəkətləri məhdudlaşmışdır. Hazırda Bakı şəhərində müalicə alır. Xəstəliyi ilə bağlı ona 2-ci qrup əllillik müəyyən etmişlər. Anasının himayəsində yaşayır, dava-dərmanını anası alır. Anası da başsız qadındır, heç yerdə işləmir. Atası faciəli şəkildə tikintidə həyatını itirmişdir. Hazırda maddi sıxıntılar işərisində çabalayır. Aldığı 150 manat aliment heç 10 günün yeməyinə çatmır. Hətta mübahisənin məhkəmədənkənar alternativ həlli üçün Mediasiya Şurasına müraciət etsə də mediasiya sesiyasının iclasında iştirak etmədi. 60 manat mediasiya xidmət haqqını da tək ödəmişdir. Bu barədə ona arayış da verilmişdir. Ona görə də alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda dolanışıq xərclər, geyim, ərzaq, müalicə xərcləri, dərman pereparatları və s. xidmətlərin haqqı bir neçə dəfə artmışdır. Artıq 150 manatla tək uşağn qida tələbatını ödəmək mümkünsüzdür. Cavabdeh də heç bir dəstək vermir. Ona olmazın işgəncələrini verərək ayrılmışlar. Bu baxımdan yuxarıda qeyd etdiyi xərclərin dəfələrlə artması səbəbindən alimentin miqdarının minimum həddə artırılmasına zərurət yaranmışdır. Azyaşlı qızının saxlanılması üçün cavabdehdən ən azı minimum yaşayış həddində alimentin tutularaq ona verilməsi təmin edilməlidir. Cavabdeh RF-da biznes səbəkəsi qurmuşdur və orada öz biznesini idarə edir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 5840/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Masallı Rayon Məhkəməsinin 2(050)-1350/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış; hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmə işin hallarını, sonuncu aliment məbləğinin 2018-ci il tarixdə müəyyən edilməsini, uşağın üstün maraqlarını, iddiaçının 2-ci qrup əlil olmaqla əmək fəaliyyəti ilə məşğul olmadığını müqayisəli şəkildə təhlil edərək qeyd etmişdir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyil. Uşağın valideynləri dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. 2018-ci il tarixdən hazırki müddətədək dəyişən şəraitə və tələbatlara müvafiq aliment məbləğinin müəyyən edilməsi (dəyişdirilməsi) üzrə tələblərin yenidən baxılmasını istisna edilmir.
7. Həmçinin məhkəmə qeyd etmişdir ki, artıq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmiş yaşayış minimumu üzrə tələbat artmışdır. Alimentin minimum yaşayış səviyyəsinə uyğunlaşdırılması böyüməkdə olan uşağın artan tələbata uyğun bütün təminatlarını əhatə etmir və bu baxımdan diqqətə çatdırılmalıdır ki, digər tələbatlar uşaqlarla yaşayan valideyn tərəfindən qarşılandığı hamıya bəlli olan haldır və əlavə sübuta ehtiyacı yoxdur. Cavabdehin gəlirlərinin az olması onu ata kimi qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə; Ailə Məcəlləsinin 75.4 və 76.2-ci maddələrinə; “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsinə; “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsinə; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.2-ci bəndinə; Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5840/2024 nömrəli 4 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin olunaraq iddia tələbinin rədd olunması barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 150 manat alimenti ödəyə bilmirdi. Aliment pulunu valideyinlərinin pensiyası ilə ödəyir. Özü fəhlə işləyir. Hazırda Türkiyə Respublikasında çörək sexində işləyir. Maddi vəziyyəti olduqca aşağı səviyyədədir. İddiaçı əsassız olaraq yenidən alimetin miqdarının artırılması barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə heç bir araşdırma aparmadan ədalətsizcəsinə alimentin miqdarını artırmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, uşaq böyüyür, onun tələbatları artır və 2024-cü il üçün uşağın minimum saxlanılması 235 manat təşkil edir. Həmçinin alimentin sonuncu dəfə kəsilməsi 2018-cü il tarixdə olduğundan və üzərindən 6 il keçməsini nəzərə alaraq alimentin miqdarı 220 manat olmalıdır. Məhkəmənin əsaslandırması tam şəkildə yanlışdır. Aliment 2023-cü il tarixli məhkəmə qətnaməsinə əsasən kəsilmişdir. Üzərindən bir il keçdikdən sonra məhkəmə alimenti artırır. Yaxşı məhkəmə bir il ərzində onun maddi həyatında hansı diqqətəlayiq gəliri, qazancı gördü ki, alimentin miqdarını bu qədər artırdı. Onun qazancında heç bir artım yoxdur. Respublika ərazisində ancaq fəhlə kimi işləyirdi. Məhkəmə qətnamədə qeyd edir ki, alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyil. Məhkəmənin bu fikri ilə o da qismən razıdır. Amma və lakin necə ola bilər ki, uşağın bütün yükü onun üzərində olsun. 235 manatlıq minumum yaşayış həddinin 220 manatı ona düşür. Bu necə ədalətdir. Həmçinin onun anası 400 manata yaxın pensiya alır. Bu işi nəyə görə Masallı məhkəməsində vermədilər. Ona görə ki, rayonlarda bir uşağa alimenti 180 manat kəsirlər. Məhkəmə isə qanunsuz olaraq işi öz icraatına qəbul edərək əsassız bir qətnamə çıxartmış oldu.
b) Apelyasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasın xahiş etmişdirlər.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında nümayəndəsinin üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılmalıdır.
Tətbiq edilən maddi hüquq normaları:
Azərbaycan Respublikası Konstitusiyasının
18. 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin
19. 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
20. 73.1 və 73.2-ci maddələrinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onuntərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.
21. 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.
22. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
23. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun:
24. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
25. 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.
26. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
27. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
28. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2025-ci il üçün yaşayış minumumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
29. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının
30. 8.2-ci bəndinə əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
31. 8.3-ci bəndinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.
32. 8.4-2-ci bəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına görə
33. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi.
34. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.
35. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
36. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
37. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “alimentin məbləği və tutulması qaydası” hissəsində dəyişdirilməli, həmin hissədə iddia qismən təmin edilməlidir.
39. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər 2017-ci il tarixdə faktiki nikah münasibətlərinə daxil olmuşlar və onların birgə nikahlarından bir övladları – xx.xx.2018-ci il təvəllüdlü X8 doğulmuşdur.
40. Masallı Rayon Məhkəməsinin 2(050)-1350/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin cavabdehdən Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir.
41. Hazırkı iddianın qanuni əsasını yoxlayan məhkəmə kollegiyası Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərin mövcudluğu ilə əlaqədar qeyd edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağının saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçının məhkəməyə müraciətini əsaslı edən Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir.
42. Belə ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur.
43. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir.
44. Bununla belə məhkəmə kollegiyası ödənilməli alimentin 220 manat məbləğinə qədər artırılması barədə məhkəmənin gəldiyi qənaət ilə razılaşmır. Belə ki, qanuni qüvvəsini almış və iddiaçı tərəfindən mübahisələndirilməmiş Masallı Rayon Məhkəməsinin 2(050)-1350/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən tutulmalı alimentin miqdarı hər ay 150 manat həddində müəyyən edilmişdir. Bu qənaətə gələn məhkəmə tərəflərin ailə və maddi vəziyyətini, azyaşlı uşağın əvvəlki təminat səviyyəsini habelə diqqətəlayiq olan digər halları nəzərə almışdır.
45. Beləliklə də hazırkı iş üzrə aliment məbləği müəyyən edilərkən cari il üçün mövcud olan yaşayış minimumu məbləğindən başqa yuxarıda göstərilən hallar də nəzərə alınmalıdır. Həmçinin iddiaçı tərəfin cavabdehin əlavə gəlirləri, maddi vəziyyətinin xeyli dərəcədə yaxşılaşdığı barədə məhkəməyə heç bir sübut təqdim etmədiyi və bununla da onun alimenti iddia ərizəsində göstərilən məbləğdə ödəmək imkanına malik olmasını sübuta yetirmədiyi qeyd edilməlidir.
46. Yuxarıda sadalananlara əsasən kollegiya hesab edir ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1350/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin məntiqi davamı olaraq mübahisələndirilən qətnamə “alimentin artırılmış məbləği” hissəsində dəyişdirilməli, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 (170:345) misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir.
47. Belə ki, uşağın mənafeləri baxımından, xx.xx.2018-ci il təvəllüdlü X2 üçün cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin məbləği konkret rəqəmlə deyil, məbləğin sonrakı indeksasiyası nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının misli həddində ifadə edilməlidir. Belə ki, müvafiq həddə təyin olunan aliment məbləğinin tədricən öz real dəyərini itirməsi ehtimalı aliment hesablanarkən inflyasiyanın nəzərə alınmasını şərtləndirir.
48. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu, yəni ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyi və alimentin ödənilməsinin eyni qaydada davam etməsinin uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığı, həmçinin tutulmaların miqdarının müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğu baxımından ədalətlidir.
49. Cavabdehin, qazancının az olması dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, bu hal onun uşaqlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Hazırkı halda uşağın saxlanması üçün tutulması qət edilmiş aliment yaşayış minimumunu təşkil edən məbləğdən də azdır. Bundan daha az məbləğdə aliment tutulması, yəni məbləğin müəyyən edilmiş minimum dolanacaq xərclərindən daha da az olması uşağın mənafələrinin əhəmiyyətli dərəcədə pozulması hallarını yarada bilər.
50. Belə ki, qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir.
51. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.
52. Beləliklə, yetkinlik yaşına çatmayan 28 avqust 2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 (345 x 0,50 = 170 manat) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
53. MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
54. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti (170*12=2.046) beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5840/2024 saylı, 4 noyabr 2024cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh 28 avqust 2018-ci il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Murad Məmmədov Fuad Abdıyev