Məhkəmə qərarları › İş №2(103)-1652/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1652/2022

14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1652/2022 14.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh1 və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6752/2021 saylı işi üzrə 26 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi (əlavə) təqdim edərək, İddiaçı ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh1 arasında bağlanmış 16 may 2019-cu il tarixli, № ÖzƏL (2) F7_636/K-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh1 arasında bağlanmış 16.05.2019-cu il tarixli, № ÖzƏL (2) F7_636/K-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 “Bank”a olan 4754,91 manat əsas, 944,62 manat faiz 1819,93 manat cərimə borcu olmaqla, cəmi 7519,46 manat məbləğində borcun və ödənilmiş 94 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu - Cavabdeh1, zamin - Cavabdeh2) birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 16.05.2019-cu il tarixli, № ÖzƏL (2) F7_636/K-19 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə faiz dərəcəsi 24% faiz olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə 6500 manat məbləğində kredit verilmişdir; İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 16.05.2019- cu il tarixli, № ÖzƏL (2) F7_636/Z-19 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 16.05.2019-cu il tarixli, № ÖzƏL (2) F7_636/K-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 bank qarşısında öhdəliklərinin icrasına zamin duraraq təminat vermişdir; 16.05.2019-cu il tarixli, № ÖzƏL (2) F7_636/K-19 saylı kredit müqaviləsinə 04.09.2020- ci il tarixdə bağlanmış 1 saylı əlavə ilə, kredit müqaviləsinə dəyişiklik olunaraq bank tərəfindən cavabdehə 5109,39 manat qalıq borcun ödənişinə 16.01.2021 -ci il tarixədək güzəşt olunmuş və həmin tarixədək yalnız faiz borcunun ödənilməsi müəyyən edilmişdir; 16.05.2019-cu il tarixli, № ÖzƏL (2) F7_636/Z-19 saylı zaminlik müqaviləsinə 04.09.2020-ci il tarixdə bağlanmış 1 saylı əlavə ilə zamin Cavabdeh2 borclunun bank qarşısında yeni öhdəliklərini qəbul etmişdir; İddiaçı ASC tərəfindən verilmiş 17.11.2021 -ci il tarixli maliyyə arayışına müvafiq olaraq Cavabdeh1 16.05.2019-cu il tarixli, № ÖzƏL (2) F7_636/K-19 saylı kredit müqaviləsi üzrə 17.11.2021 -ci il tarixə əsas borcu 4754,91 manat, faiz borcu 944,62 manat, cərimə borcu 1819,93 manat təşkil edir (iş.səh.5,7,9, 10, 61) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6752/2021 saylı işi üzrə 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 4754,91 manat əsas, 944,62 manat faiz, 100 manat cərimə borcu və 94 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5893,53 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə verilməsi, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 16.05.2019-cu il tarixli, № ÖzƏL (2) F7_636/K-19 saylı kredit müqaviləsinin ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.Qətnamədə Mülki Məcəllənin 442, 443.1, 448.1, 449.1, 462.1, 462.3, 467, 472.1, 739; Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 217.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, əsas borc və cərimə borcunun nisbəti nəzərə alınmaqla iddia ərizəsində tələb olunan yüksək dəbbə pulu azaldılaraq 100 məbləğində dəbbə pulu müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, borclu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, beləliklə də iddiaçı ilə bağladığı müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur . Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.11.2021-ci il tarixli 2(006)-6752/2021 saylı qətnaməsi qismən ləğv edilməsi, ekspertiza təyin edilərək onun əsasında borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Birinci instansiya məhkəməsi borcun məbləğini müəyyənləşdirmədən, ekspertiza təyin etmədən, yalnız iddiaçı bankın təqdim etdiyi maliyyə arayışı əsasında qərara gəlmişdir. Hesab edir ki, məhkəmə ekspertiza təyin etməli, ekspertizanın müəyyən etdiyi məbləğin tutulması barədə qətnamə qəbul etməli idi . Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, bankdan 6500 manat kredit məbləği əldə etdiklərini, 7-8 ay müddətində ödənişləri vaxtında etdiklərini, lakin pandemiya vaxtı işdən çıxarılmaları ilə bağlı gecikmələr olduğunu, vaxtında ödədikləri kredit məbləğinin çox böyük hissəsinin faiz məbləğindən çıxıldığını, əsas borcdan silinmənin az olduğunu, bu qədər müddət ərzində ödəmələr etmələrinə baxmayaraq 5800 manat borcun hələ də mövcud olduğunu, hal-hazırda özünün və oğlunun işləmədiyini və ödəniş etməkdə çətinlik çəkdiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, 6 ay qrafikə uyğun ödəniş edildiyini, daha sonra ödəmədə qrafikdən kənara çıxıldığını, cavabdehə 6 ay güzəşt edilərək faiz artımını dayandırdıqlarını, cavabdehə restrutukzasiya halının şamil edilmədiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh2 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin Mülki Məcəllənin 324, 385.1, 425.1, 427.3, 439-449, 467, 522, 551-554, 560,739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 58, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərini sübuta yetirən və ya ona dəlalət edən sübutlar habelə hər hansı ekspertizaının təyin edilməsi üçün əsaslar müəyyən edilmir. Şikayətin dəlilləri cavabdehin vəzifələrinə rəğmən öhdəliklərdən yayınmaya yönəlik hüquqdan sui-istifadəyə şərait yaradan hal və buna cəhd kimi qiymətləndirilməlidir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6752/2021 saylı işi üzrə 26 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar