Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1654/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: maddi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyan və əldən çıxmış gəlir tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1420/2023 nömrəli 04 dekbar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hacıqabul rayonu, İİ-ci Udullu Bələdiyyəsi tərəfindən verilmiş arayışa əsasən İddiaçı faktiki istifadəsində olan 0,61 ha sahəsində özünə məxsus nar bağı salmışdır və həmin bağ sahəsində xx.xx.2021-ci ildə yanğın baş vermişdir.
2. Fövqəladə Hallar Nazirliyinin DYNX-nin Muğan regional DYMİ-nin DYMŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli yanğın haqqında akta əsasən xx.xx.2021-ci il tarixdə Hacıqabul rayonu, Qubalı kəndində yerləşən İddiaçı məxsus nar bağında yanğın baş vermiş, yanğının baş verməsinə səbəb bağ sahəsinin nar kollarının üzəri ilə keçmiş 220V-luq elektrik xəttindən düşən qığılcımı olması ehtimal olunmuş, baş vermiş yanğın nəticəsində bağ sahəsində 200 ədəd çoxillikli nar kolu yanmış, 50 ədəd nar kolu istinin təsirindən qarşımışdır, 3200 manat məbləğində maddi ziyan dəymişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC-dən 3.200 manat dəymiş maddi ziyan və 25.000 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 28.200 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, hazırda Hacıqabul rayonunun 2-ci Udulu kəndində yaşayır, tək dolanışıq yeri nar bağından dərdiyi məhsuldan əldə etdiyi gəlirdir, başqa heç bir gəliri yoxdur. Özü qazi atasıdır, oğlu X3 2-ci Qarabağ Müharibəsində sücayətlə iştirak etmiş və Xocavəndin azad olunması medalına layiq görülmüşdür. Hacıqabul rayonu, Qubalı kəndində yerləşən ona məxsus nar bağı sahəsində xx.xx.2021-ci ildə yanğın hadisəsi baş vermiş və həmin yanğın nəticəsində 200 nar kolu yanaraq məhv olmuş, 50 ha kolu yanğın nəticəsində qarşılmışdır. Fövqəladə Hallar Nazirliyinin X2 Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli yanğın haqqında aktda ona dəyən ziyanın 3.200 manat olduğu göstərilsə də, əslində bu məbləğ göstəriləndən dəfələrlə çoxdur. Belə ki, baş vermiş yanğın nəticəsində məhv olmuş 200 ədəd nar kolunu yenidən əkərək həminki vəziyyətinə gətirmək üçün ona ən azı 5-10 il arası vaxt lazımdır ki, bu da bu müddət ərzində nar kollarını yetişdirmək üçün xeyli maddi vəsait və fiziki əmək sərf etmək gərəkdirir. Fövqəladə Hallar Nazirliyinin X2 Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli «yanğın haqqında akt»da qeyd edilən rəqəm yalnız əkiləcək nar kollarının dəyərini özündə əks etdirir. Bundan başqa, bu müddət ərzində həmin nar bağından ən azı hər il 5000 manat gəlir əldə edəcəkdir ki, hazırda həmin nar kollarını yetişdirənə kimi həmin gəlirdən məhrum olmuşdur. Belə ki, həmin nar kollarını yenidən yetişdirmək üçün ən azı 5 il müddət lazımdır ki, bu müddət ərzində o, hər il nar ağacından ən azı 25 kq məhsul əldə edəcəkdir. Həmin məhsulun 1 kq-nı ən azı 1 manatdan satdıqda isə o, 5000 manat gəlir əldə etmiş olacaqdır. Lakin ASC-nin əməkdaşlarının öz işlərinə laqeyd yanaşması nəticəsində ona ümumilikdə 28.200 manat maddi ziyan dəymişdir.
5. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş «Aqrar sığorta Qaydaları»nın 1.6.2-ci yarımbəndinə əsasən ağac (kol) təminatına dair sığorta məbləği gözlənilən məhsulun miqdarının üç misli nəzərə alınaraq hesablanır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən ənənəvi nar bağında 15 il ömrü olan hər nar ağacı üçün orta illik məhsuldarlıq 15 kq.2022-ci ildə məhsulun sahədən satış qiyməti isə 0,52 manat olmuşdur. Ənənəvi nar bağının salınmasının investisiya və orta illik əməliyyat xərclərinin 1 ağaca düşən hissəsi müvafiq olaraq 2,5 manat və 45 manat təşkil edir. Qeyd olunanları, həmçinin sığorta məbləğinin sığortalanan əmlaklar üçün orta bazar qiyməti hesab olunduğunu nəzərə alaraq, 1 ədəd bar verən nar ağacının orta bazar qiyməti 487,5 (162,5 x 3) manat olaraq müəyyən edilmişdir.
6. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Hacıqabul rayonu, Qubalı kəndində yerləşən İddiaçı məxsus torpaq sahəsinin ətrafından keçən elektrik verilişi xətti bağ sahəsini suvarmaq üçün istifadə edilən su nasosunu elektrik enerjisi ilə təmin etmək üçün İddiaçı tərəfindən çəkilmiş, halhazırda isə həmin xətlər abonent tərəfindən sökülmüşdür.
7. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Hacıqabul rayonu, Qubalı kəndi ərazisində yerləşən İddiaçı məxsus bağ sahəsindən keçən 0,4 kV-luq hava elektrik verilişi xətti "xxxx" ASC-yə məxsus deyil.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 dekabr 2023-cü il tarixli 2(006)-1420/2023 nömrəli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə dəymiş maddi ziyanın əvəzi kimi 3200 manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehə məxsus elektrik verilişi xəttləri yüksək təhlükə mənbəyidir və bu səbəbdən həmin elektrik xəttlərin bir-birinə dəyməsi nəticəsində baş vermiş yanğın hadisəsi nəticəsində 200 nar kolunun məhv olmasına və 50 nar kolun yanğın nəticəsində qarşımasına görə həmin yüksək təhlükə mənbəyinin sahibi məsuliyyət daşıyır. Məhkəmə baş vermiş yanğın nəticəsində məhv olmuş nar bağının iddiaçıya məxsus olmasını və bununla da həmin nar bağının yanğın nəticəsində yanmasını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı yüksək təhlükə mənbəyinin sahibi olan cavabdehə qarşı vurulmuş ziyanla bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı 200 ədəd nar kolunun məhv olması nəticəsində ona dəyən ziyanı 3200 manat kimi qiymətləndirmişdir. Lakin mülki işin materiallarında olan müvafiq sorğunun nəticəsi olaraq müəyyən edilmişdir ki, iddiaçının sahibliyində olmuş nar kolunun birinin dəyəri təqribən 487 manat təşkil etmişdir. Bu isə 200 ədəd nar koluna münasibətdə iddiaçının iddia tələbindən artıq olmaqla kənara çıxmadır ki, bunada məhkəmənin hüquqi qiymət verərək artıq məbləğin tutulması hüquqa ziddir.
11. Məhkəmə iddia tələbinin 25.000 manat əldən çıxmış faydanın tutulması hissəsi üzrə qeyd etmişdir ki, iddiaçının iddia tələbinin ilkin hissəsi olan 200 ədəd nar kolunun dəyəri kimi onun 5 illik dəyərində olması ilə əsaslanaraq məbləğ müəyyən etmiş və məhkəmə həmin hissəni əsaslı hesab edərək iddia tələbini təmin etmişdir. Yəni iddiaçının cavabdehdən alacağı məbləğ artıq 5 illik və bəhrə verən nar kolunun qiymətidir ki, yenidən həmin nar kolunun böyüməsinə və kifayət qədər bəhər verməsinə zərurət qalmamışdır (kifayət qədər bəhər verən nar kolunun qiyməti olduğundan).
12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1115, 1108.1, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4, 218.3-cü maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin sorğusuna ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Hacıqabul rayonu, Qubalı kəndində yerləşən İddiaçı məxsus torpaq sahəsinin ətrafından keçən elektrik verilişi xətti bağ sahəsini suvarmaq üçün istifadə edilən su nasosunu elektrik enerjisi ilə təmin etmək üçün İddiaçı tərəfindən çəkilmişdir. İddiaçı özü də məhkəməyə verdiyi izahatlarda yuxarıda qeyd edilən bu faktı təsdiqləmişdir. Bu hal bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəfindən çəkilmiş elektrik xətlərində yəni texniki vəziyyətinə və xidmətə görə "xxxx" ASC-nin məsuliyyət sərhədinin xaricində olan hissəsində qısa qapanma baş verdiyindən, "xxxx" ASC-nin baş vermiş yanğın hadisəsinə görə məsuliyyəti tamamilə istisna ediilməlidir. İş materiallarında olan FHNnin DYNX-nin Muğan regional DYMİ-nin DYMŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli yanğın haqqında aktda yanğın baş verən zaman bağ sahəsinin kol-kosdan və quru alaq otlarında təmizlənmədiyi, həmçinin ərazinin yanğın söndürmə balonları ilə təchiz olunmadığı müəyyən edilmişdir. Yanğın hadisəsinin şiddətlə yayılmasına səbəb iddiaçının özü tərəfindən yanğın təhlükəsizliyi qaydalarının aktda qeyd edilən tələblərinə riayət edilməməsi olmuşdur və əgər bu tələblər onun tərəfindən yerinə yetirilsəydi yanğının böyük əraziyə yayılmasının qarşısını almaq olardı. İddiaçı yanğın baş verən torpaq sahəsinin onun xüsusi mülkiyyətində olması və ya onun tərəfindən uzunmüddətli icarəyə götürməklə istifadəsində olmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. O, həmçinin bağ sahəsində nar ağaclarının həqiqətən də onun vəsaiti hesabına salınmasını təsdiq edən hər hansı bir dəlil göstərməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı.
21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
23. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Qətnamə cavabdehin apellyasiya şikayəti həddində, iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Göründüyü kimi cavabdehə məxsus yüksək təhlükə mənbəyi olan elektrik verilişi xəttlərin bir-birinə dəyməsi nəticəsində yanğın hadisəsi baş vermiş və nəticəsində 200 nar kolunun məhv olmasına və 50 nar kolun yanğın nəticəsində qarsımasına görə iddiaçıya ziyan dəymişdir.
33. Fövqəladə Hallar Nazirliyinin DYNX-nin Muğan regional DYMİ-nin DYMŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli yanğın haqqında akta əsasən xx.xx.2021-ci il tarixdə Hacıqabul rayonu, Qubalı kəndində yerləşən İddiaçı məxsus nar bağında yanğın baş vermiş, yanğının baş verməsinə səbəb bağ sahəsinin nar kollarının üzəri ilə keçmiş 220V-luq elektrik xəttindən düşən qığılcımı olması ehtimal olunmuş, baş vermiş yanğın nəticəsində bağ sahəsində 200 ədəd çoxillikli nar kolu yanmış, 50 ədəd nar kolu istinin təsirindən qarşımışdır, 3200 manat məbləğində maddi ziyan dəymişdir.
34. Həmin akt cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
35. Yüksək təhlükə mənbəyinin sahibi olaraq hazırki iş üzrə cavabdeh məsuliyyət daşıyır.
36. Mübahisəli sahənin iddiaçıya məxsus olması, faktiki istifadəsində olması və nar bağının tərəfindən salınması iş materialları ilə müəyyən edilmişdir.
37. Məhkəmə haqlı olaraq göstərmişdir ki, baş vermiş yanğın nəticəsində məhv olmuş nar bağının iddiaçıya məxsus olmasını və bununla da həmin nar bağının yanğın nəticəsində yanmasını nəzərə alaraq, iddiaçı yüksək təhlükə mənbəyinin sahibi olan cavabdehə qarşı vurulmuş ziyanla bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.
38. Göstərilən akta əsasən vurulmuş ziyan 3200 manat müəyyən edildiyindən, iddiaçı həmin məbləğdə vurulmuş ziyan tələb etmiş, məhkəmə də haqlı olaraq təmin etmişdir.
39. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Cavabdehin apellyasiya şikayəti əsassızdır.
40. Cavabdehə münasibətdə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu üçün kassasiya şikayəti verilə bilməz.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1420/2023 nömrəli iş üzrə 04 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.