Məhkəmə qərarları › İş №2(103)-1655/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1655/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1655/2023 27.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 5609/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. “X2” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixdə bağlanmış 4113nkBKX/21 saylı kredit müqaviləsinə bank tərəfindən Cavabdeh istehlak məqsədləri üçün illik 18 % ödəmək şərti ilə 36 ay müddətinə 1601 manat məbləğində kredit verilmişdir.

2. “X2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş 08 iyul 2022-ci il tarixli, UB- BANK/PİKMD/044857 nömrəli arayışda qeyd edilir ki, Cavabdeh 4113nkBKX/21 saylı kredit müqaviləsi üzrə 08 iyul 2022-ci il tarixə banka əsas borcu 1600,22 manat, faiz borcu 137,75 manat, cərimə borcu 11,11 manat olmaqla cəmi 1749,08 manat borcu vardır.

3. “X2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 27 may 2022-ci il tarixdə bildiriş ünvanlanaraq banka olan borc məbləğinin tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv edilməsi təklif edilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar tərəflərindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, ondan 1600,22 manat əsas, 137,75 manat faiz, 11,11 manat cərimə borcu olmaqla, cəmi 1749,08 manat məbləğində borc və 37,50 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X2” Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya istehlak məqsədləri üçün illik 18 % ödəmək şərti ilə 36 ay müddətinə 1601 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1ci bəndinə əsasən, həmin müqavilə üzrə “borcverən” yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin həmin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 1600,22 manat əsas, 137,75 manat faiz, 11,11 manat cərimə borcu olmaqla, cəmi 1749,08 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “X2” Açıq Səhmdar Cəmiyyəti öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

6. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5609/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Əlisafa qızından iddiaçı "xxxx" ASC-nin xeyrinə 1600,22 manat əsas, 137,75 manat faiz, 11,11 manat cərimə borcu olmaqla, cəmi 1749,08 (bir min yeddi yüz qırx doqquz manat səkkiz qəpik) manat məbləğində borcun və 37,50 (otuz yeddi manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh Əlisafa qızından iddiaçı "xxxx" ASC-nin xeyrinə 1600,22 manat əsas, 137,75 manat faiz, 11,11 manat cərimə borcu olmaqla, cəmi 1749,08 borc və 37,50 manat dövlət rüsumu tutulmalıdır.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 433.1, 442, 462.1, 739, 741-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 217.4, 216-220, 284-2, 284-5.1, 284-5.2, 284-5.3, 284-6.1, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5609/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, iş materiallarına və qəbul olunmuş qətnaməyə nəzər salınsa görünər ki, Sabunçu Rayon Məhkəməsinin qətnaməsi düzgün əsaslandırılmamış, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarının tətbiq edilməsində çox ciddi səhvlərə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, eyni zamanda iddia tələblərinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara hüquqi qiymət verilməmiş, iş üzrə bir sıra hallar aydınlaşdırılmamışdır. Aşağıda qeyd edilən səbəblərə görə hesab edilir ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-5609/2022 saylı qətnaməsi ləğv edilməli və iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı “X2” ASC iddia ərizəsində 1600,22 manat əsas, 137,75 manat faiz, 11,11 manat cərimə borcunun tutulmasını tələb etsə də, lakin həmin borc məbləğləri şişirdilmişdir. O bankdan cəmi 1601 manat kredit götürüb, həmin kredit üzrə ödənişlər edib, bundan sonra bankın ondan 1749,08 manat borc məbləği tələb etməsi həqiqətən də əsassız və ədalətsizdir. Bu səbəbdən də iddia tələbləri ilə razılaşmır. “X2” ASC iddia etdiyi 1600,22 manat əsas, 137,75 manat faiz borcunun, 11,11 manat cərimə məbləğinin olmasını sübut etmək üçün məhkəməyə yalnız arayış təqdim etmiş və məhkəmə də bu arayışla kifayətlənərək iddianı təmin etmişdir. Sözügedən borc məbləğlərinin düzgün hesablanmasını sübut edəcək heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Hesab edilir ki, mülki işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar düzgün qiymətləndirilməmişdir. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iddia ərizəsində göstərilən 1600,22 manat əsas, 137,75 manat faiz borcunun və 11,11 manat cərimə məbləğinin necə hesablanmasını və necə müəyyən edilməsini araşdırmamış, hesabdan çıxarışları tələb etməmişdir. İddia ərizəsində göstərilən borc məbləğlərinin düzgün hesablanması və həqiqətən də 1600,22 manat əsas, 137,75 manat faiz borcunun və 11,11 manat cərimə məbləğinin olması sübut edilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Həmin Məcəllənin 386.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Həmin Məcəllənin 442-ci maddəsində qeyd edilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Həmin Məcəllənin 448.1-ci maddəsində qeyd edilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 16.Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 17.Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi arayış əsasında müəyyən etmişdir ki, Cavabdeh "xxxx" ASC ilə aralarında bağladığı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1600,22 manat əsas, 137,75 manat faiz, 11,11 manat cərimə borcu olmaqla, cəmi 1749,08 manat borcu yaranmışdır.

23. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

24. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

25. Cavabdehin tələb edilən borc məbləğinin düzgün hesablanmadığı arqumenti ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

27. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

31. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

32. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh ödənişlə bağlı məhkəməyə təqdim edə bilmədiyi sənədləri icra məhələsində təqdim etməklə nəzərə alınmasını xahiş edə bilər.

33. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5609/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Şərafət Məmmədova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar