Məhkəmə qərarları › İş №2(103)-1656/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1656/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1656/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Bank olmayan kredit təşkilatı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(002)-2084/2020 saylı qətnaməsindən Cavabdeh1 apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank olmayan kredit təşkilatı (BOKT) “xxxx” MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC ilə cavabdehlər arasında bağlanmış xx.xx.2017-ci il tarixli L-BK-0041588-F saylı kredit müqaviləsi və BK-00007227, BK-00007283 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada MMC-nin xeyrinə 2159,75 manat məbləğində əsas borc, 502,74 manat faiz borcu, 203,10 manat cərimə və 215,98 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış faydanın) əvəzi olmaqla, cəmi 3081,57 manat məbləğində pulun və və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh1 ilə MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli L-BK-0041588-F saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə aylıq 1,67%, illik 20% hesablanmaqla 3750 manat məbləğində kredit verilmiş, həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehlərin zaminləri Cavabdeh2 və Cavabdeh3 ilə müvafiq olaraq BK-00007227, BK-00007283 saylı zaminlik müqavilələri bağlanmışdır. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini qismən icra etməmiş və nəticədə banka 2159,75 manat məbləğində əsas, 502,74 manat məbləğində faiz və 203,10 manat məbləğində cərimə borcu qalmışdır. Bundan əlavə, kredit müqaviləsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində cavabdehdən kreditora vurulmuş zərərin (əldən çıxmış faydanın) tələb olunması nəzərdə tutulmuşdur və hazırda müqaviləyə əsasən, hesablanmış zərər (əldən çıxmış fayda) 215,98 manat təşkil edir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(002)- 2084/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2159,75 manat məbləğində əsas, 502,74 manat məbləğində faiz və 100 manat məbləğində cərimə olmaqla, cəmi 2762,49 manat məbləğində borc pul vəsaiti və 27 manat dövlət rüsumunun tutularaq iddiaçı Bank olmayan kredit təşkilatı (BOKT) “xxxx” MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır, ona yazılan borcla razı deyil, banka olan borcunu qaytarmış, dolların kursu yuxarı olduğu üçün əlavə ödəniş etmiş, sonra kreditlərlə bağlı Fərmana əsasən restruktrizasiyaya olunmuş və ona bank tərəfindən 2050 manat pul qaytarılmışdır. Əgər onun həmin banka borca varsa, həmin pul ona niyə qaytarılırdı. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin, apellyasiya şikayətinə aydınlıq gətirərək qeyd etdi ki, iddiaçı tərəfindən ona daha əvvəl ABŞ dolları ilə kredit verilmiş, lakin azərbaycan manatı devalvasiyaya uğradığı üçün ona hazırki, yəni manatla yeni kredit verilərək əvvəlki kredit bağlanmışdır. 2019-cu ildə isə məlum Fərmana əsasən ona 2050 manat kompensasiya ödənilmişdir. Hesab edir ki, onun hazırki kredit müqaviləsi üzrə borcu qalmışdırsa, onda iddiaçı həmin kompensasiya məbləğini onun kredit borcuna yönəltməli idi, əgər yönəltməyibsə, deməli borcu da yoxdur və iddia tələbi əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Həmçinin, qeyd etdi ki, MMC tərəfindən Cavabdeh1 daha əvvəl ABŞ dolları ilə kredit verilmiş, lakin azərbaycan manatı devalvasiyaya uğradığı üçün ona hazırki, yəni manatla yeni kredit verilərək əvvəlki kredit bağlanmışdır. 2019-cu ildə cavabdehə 2050 manat məbləğində kompensasiya ödənilmişdir. Ödənilmiş kompensasiyanın hazırki kreditə heç bir aidiyyəti olmamışdır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, Bank olmayan kredit təşkilatı (BOKT) “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli L-BK-0041588-F saylı kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 20 faizlə 3750 manat məbləğində kredit verilmiş, müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq, MMC ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixli BK-00007227 saylı və MMC ilə Cavabdeh3 oğlu arasında xx.xx.2017-ci il tarixli BK00007283 saylı zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli maliyyə arayışından və ödəniş qrafikindən görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixli L-BK-0041588-F saylı saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 2159,75 manat məbləğində əsas borcu, 502,74 manat faiz borcu, 203,10 manat cərimə borcu və 215,98 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin əvəzi olmaqla, cəmi 3081,57 manat borcu vardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək, cərimə borcunu azaltmaqla iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Cavabdehin bank tərəfindən ona 2050 manat pul qaytarılması ilə bağlı dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, əvvəlki kredit müqaviləsinə əsasən ona “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən kompensasiya ödənilmişdir, həmin kompensasiya hazırki kredit müqaviləsi üzrə ödənilməmişdir. Cavabdeh1 apelyasiya şikayətində borcla razı olmadığını qeyd etsə də, bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, fikrinin ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Həmçinin, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, əsas və faiz borcu düzgün müəyyən olunmuşdur. Belə ki, məhkəmə kollegiyasının iclasında Cavabdeh1 adına olan hesabdan çıxarış əsasında təhlil aparılarkən müəyyən edildi ki, kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 140 manat ödəniş aparılmışdır (99,83 m. əsas, 40,17 m. faiz borcuna silinmişdir). Həmin ödənişdən sonra cavabdehin ödənilməmiş qalan əsas borcu 2159,75 manat təşkil etmişdir. Sonuncu ödəniş günündən (xx.xx.2019) müqavilə müddətinin bitdiyi günə (xx.xx.2020) kimi 419 gün, gündəlik faiz məbləğinin isə 1,19 manat (2159,72x20%/360) olduğunu nəzərə aldıqda, cavabdehin müqavilə müddəti üçün ödənilməmiş ümumi faiz borcunun 502,74 manat olduğu müəyyən olunur. Bununla da müəyyən olunur ki, Cavabdeh1 əsas və faiz borcu düzgün hesablanıb tutulmuşdur. Cavabdehin apelyasiya şikayətində qeyd etdikləri əsassızdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə apellyasiya şikayətlərində irəli sürülənlər yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2084/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar