Məhkəmə qərarları › İş №2(103)-1657/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1657/2023

08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1657/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cəlaləddin oğlu və X2 ibarət tərkibdə, İddiaçı ASC-nin ləğedicisi “X1 Company” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-2570/2014 saylı, 27 iyul 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 iyul 2014-cü il tarixli, 2(010)- 2570/2014 nömrəli qiyabi qətnaməsinə əsasən, İddiaçı ASC-nin Xəzər filialı ilə Cavabdeh arasında 30 iyun 2008-ci ildə bağlanmış İk 0138 nömrəli kredit müqaviləsinə xitam verilmiş, Cavabdeh 2,541 manat 33 qəpik məbləğində əsas borc, 3.774 manat 53 qəpik məbləğində faiz borcu, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq İddiaçı ASC-nə ödənilməsi qət edilmişdir. Cavabdeh adı çəkilən qiyabi qətnamənin ləğvi barədə ərizə verib, ərizəsini onunla əsaslandırılmışdır ki, onun Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2570/2014 nömrəli qətnaməsindən xəbəri olmamış, sözügedən qətnaməni xx.xx.2020-ci il tarixdə əldə etmişdir, gözlərindən 1-ci qrup əlildir, ümumiyyətlə bankdan pul götürməmişdir. Bu səbəbdən qiyabi qətnamənin ləğv edilib işə yenidən baxılmasını xahiş etmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-2570/2014 saylı, 27 iyul 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh şikayət verərək, qərtardadın ləğv edilməsini, ərizəsinin təmin edilərək Suraxanı Rayon Məhkəməsinin 01 iyul 2014-cü il tarixli, 2(010)- 2570/2014 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini, işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülki iş materialında onunla telefon vasitəsi ilə danışılması barədə arayış olsa da, ümumiyyətlə onun məhkəmə barədə xəbəri olmamış, heç kim ona barəsində məhkəmədə iş olmasını deməmiş, məhkəmə yalnız onun qeydiyyatda olduğu inzibati binaya-Balandin 42 ünvanına (Polis İdarəsinin inzibati binası) məktublar göndərmiş, onun faktiki yaşadığı ünvana heç bir sənəd göndərilməmişdir. Hatta 28 fevral 2020-ci il tarixdə qiyabi qətnamənin ləğvi barədə verdiyi ərizəyə də 5 aydan sonra baxılmış, bu qərardad da onun yaşadığı ünvana göndərilməmişdir. İşin hallarında da görünür ki, məhkəmədə onun 1-ci qrup gözdən əlil olmağı barədə məlumatı olmamış, məhkəmə onun barəsində çıxmış yekun məhkəmə aktlarının ona təqdim edilməsi, onun həmin aktları oxumaq iqtidarında olub-olmağını araşdırmamışdır. Belə ki, onun məhkəmə barədə məlumatı olmamışdır, ona məhkəmə barədə hər hansı bir şifahi və rəsmi məlumat verilməmişdir. Hətta o, məhkəməyə gəlib hər hansı bir sənəd, bildiriş və ya məhkəmə aktı götürsəydi belə, o, həmin sənədləri oxumaq iqtidarında deyil və bu sənədlər barədə ona məhkəmədən şifahi izah verilməlidir. Məhkəmənin 23 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2570/2014 saylı, 27 iyul 2020-ci il tarixli qərardadı ləğv edilməklə iş qiyabi qətnamənin ləğvi barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 250-ci maddəsinə əsasən əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. Kollegiya qeyd edir ki, iş materiallarında Cavabdeh məhkəmə prosesləri barədə məlumatlandırılmasını təsdiq edən kifayət qədər mötəbər sübutlar və sənədlər mövcud deyildir. Digər tərəfdən, iş materiallarında ümumiyyətlə iddiaçının nümayəndəsinin işə qiyabi baxılmasına dair yazılı formada ərizəsi və işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardadı mövcud deyil. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. Bundan başqa birinci instansiya məhkəməsi qiyabi qətnamənin ləğvi barədə ərizəni təmin etməməsi barədə nəticəsini onunla əsaslandırmışdır ki, mülki işin materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, Suraxanı Rayon Məhkəməsinin məhkəmə iclas katibi X3 ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə Cavabdeh istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona zəng vurub sonuncuya məhkəmə iclasının vaxtı barədə məlumat vermişdir. Lakin cavabdeh bunu inkar edir, onun məhkəmə iclaslarından və Suraxanı Rayon Məhkəməsinin 2(010)-2570/2014 nömrəli qətnaməsindən xəbərinin olmamasını, sözügedən qətnaməni xx.xx.2020-ci il tarixdə əldə etdiyini qeyd etmişdir. Kollegiya qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi cavabdehin ərizəsində göstərdiyi halları araşdırmamış və onlara hüquqi qiymət verməmişdir. Halbuki, işdə olan ərizələrdə cavabdeh bildirir ki, o, gözdən 1-ci qrup əlildir. Və belə olan halda cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlməməsinin vaxtında məhkəməyə bildirməyə imkanının olmaması halı da düzgün qiymətləndirilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş qiyabi qətnamənin ləğvi barədə ərizəyə yenidən baxılması və əsaslandırılmış məhkəmə aktının qəbulu üçün həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-2570/2014 saylı, 27 iyul 2020-ci il tarixli qərardadı ləğv olunsun və Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 iyul 2014-cü il tarixli, 2(010)-2570/2014 nömrəli qiyabi qətnamənin ləğvi barədə verdiyi ərizəsinə yenidən baxılması üçün mülki iş materialları həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Elşən Kazımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar