Məhkəmə qərarları › İş №2(103)-1659/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1659/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1659/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə “xxxx” açıq səhmdar cəmiyyətinin X1 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələblərinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” açıq səhmdar cəmiyyəti (bank) X1 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, bankın Sənaye filialı ilə cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə minik avtomobilinin alınması üçün illik 18 faizlə 60 ay müddətinə 17 353 ABŞ dolları məbləğində kredit verildiyini, kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə cavabdehə məxsus “Hyundai Accent” markalı ** VF *** qeydiyyat nişanlı minik avtomobilin (buraxılış ili-2012, tip-Sedan, Ban-KMHCU41DBCU398276, Mühərrik- G4FCCU428460, rəng-Gümüşü) ipoteka ilə yüklü olunduğunu, cavabdehin kredit vəsaitindən istifadə etdiyini, lakin müqavilənin şərtlərini pozaraq kredit üzrə əsas və faiz borclarını vaxtında ödəmədiyini bildirmiş, buna görə də cavabdehdən kredit müqaviləsi üzrə ödənilməmiş qalan 4821,97 ABŞ dolları əsas borc məbləğinin, 30 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması nəticəsində əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunacaq vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehdən bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Əliyeva (Zeynalova) Fidan Əlikram qızından 4821,97 (dörd min səkkiz yüz iyirmi bir dollar 97 sent) ABŞ dolları məbləğində borcun (ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla manatla), 30 manat dövlət rüsumunun əvəzinin və 0,40 manat bank xidmət haqqının alınaraq “xxxx” ASC-yə ödənilməsi, tutulacaq məbləğin Əliyeva (Zeynalova) Fidan Əlikram qızına məxsus “Hyundai Accent” minik markalı ** VF *** dövlət nömrə nişanlı avtomobilə (buraxılış ili- 2012, tip-Sedan, Ban- KMHCU41DBCU398276, Mühərrik-G4FCCU428460, rəng-Gümüşü) yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə olunmuş vəsaitiin təmin edilmiş iddia tələbi həcmində “xxxx” ASC-nin xeyrinə ödənilməsi, “xxxx” ASC-yə əsas kredit borcu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Əliyeva (Zeynalova) Fidan Əlikram qızına qaytarılması, qalan hissədə iddianın təmin edilməməsi qət olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini məhkəmənin, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığı, manatın devolvasiyasından sonra ödənişlərində problem yarandığına, bankın isə devolvasiyanı nəzərə almadan borcu dolların yüksək kursu ilə hesabladığına əhəmiyyət vermədiyi arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərindən, işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməmiş, cavabdeh isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh avtomobil alması məqsədilə 60 ay müddətinə, illik 18 % hesablanmaqla 17 353 ABŞ dolları məbləğində kredit verilmiş, öhdəliyin təminatı olaraq Cavabdeh məxsus “Hyundai Accent” minik markalı ** VF *** dövlət nömrə nişanlı avtomobil ipotekaya qoyulmuş, xx.xx.2018-ci il tarixinə qədər onun banka ümumilikdə 26 439,10 ABŞ dolları qaytarmalı olduğu razılaşdırılmış, xx.xx.2020-ci il tarixinə qədər o, 10 307 ABŞ dolları faiz, 12 531,03 ABŞ dolları əsas borc hesabına ödəniş həyata keçirmiş və 4821,97 ABŞ dolları əsas borcu qalmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Apellyatorun, məhkəmənin manatın devolvasiyasını və maddi imkanının pisləşdiyini nəzərə almadığı barədə irəli sürdükləri ilə bağlı isə kollegiya qeyd edir ki, devolvasiya hadisəsinin baş verməsi, həmçinin maddi vəziyyətinin pisləşmiş olması, cavabdehi iddiaçı qarşısında yaranmış öhdəliklərindən azad etmir. Məhkəmə kollegiyası həmçinin, şikayətin dəlillərindən asılı olmadan münasibət bildirilməsi zəruri olan hal kimi qiymətləndirərək qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərilməli olduğunun müəyyən olunmasına baxmayaraq, birinci instansiya məhkəməsinin bununla bağlı qərar qəbul etməməsi qanunvericiliyin pozulması kimi qiymətləndirilməməlidir. Belə ki, qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Tərəflər bununla bağlı hər hansı razılmaşlarını məhkəməyə təqdim etməmiş, ipoteka qoyan (cavabdeh) isə nə nə birinci, nə də apellyasiya instansiyasında bununla bağlı mövqeyini ifadə etməyərək qətnaməni də həmin hissədə ümumiyyətlə mübahisələndirməmişdir. Belə olan halda isə avtomobilin harada olması, texniki vəziyyəti barədə məlumat olmadığından onun təxmini bazar qiymətinin müəyyənləşdirilməsi də qeyri-mümkündür. Nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinin təyinatı, tutma yönəldilmiş ipoteka predmeti olan əmlakın satışının mövcud bazar qiymətinə uyğun olaraq həyata keçirilməsini təmin etməkdən, bununla da tərəflərdən birinin əlverişsiz vəziyyətə düşməsinin qarşısını almaqdan ibarətdir. Qanun yaranmış vəziyyətdə həm ipoteka qoyanın, həm də ipoteka saxlayanın mənafeyinin eyni həcmdə müdafiə edilməsini tələb edir. Bu baxımdan, tərəflər arasında razılaşma olmadan, həmçinin əmlakın real bazar qiymətini müəyyən etmədən, yalnız qanunda nəzərdə tutulduğuna istinad edərək ehtimal əsasında, ipoteka predmeti olan əmlaka tərəflərdən birinin mənafeyinə zidd, əmlakın mövcud vəziyyətinə açıq-aşkar uyğun olmayan ilkin satış qiymətinin qoyulması qanunun məqsədlərinə riayət edilməsi kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, qətnamədə ilkin satış qiyməti müəyyən edilmədikdə, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsində nəzərdə tutulan məqsədlər bu barədə məhkəmə qətnaməsinin icra edilməsi mərhələsində təmin olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə müvafiq olaraq açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə görə isə, borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Məhkəmə baxışı çərçivəsində qanunun bu tələbinə riayət edilməsi qeyri-mümkün olduğundan həmin məsələ mülki və icra haqqında qanunvericiliyin tələbinə müvafiq olaraq icra icraatı çərçivəsində ipoteka predmeti aşkar edilib ona tutma yönəldilməsi proseduru zamanı öz həllini tapmalıdır. Ona görə də məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsinin avtomobilin ilkin satış qiymətini müəyyən etməmiş olması maddi hüquq normasının pozuntusu kimi qiymətləndirilməməlidir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3098/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Əliyeva (Zeynalova) Fidan Əlikram qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar