Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-166/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin cavabdehlər “xxxx” MMC, Cavabdeh2 və “X3” MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli 2(001)-84/2019 saylı qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC cavabdehlər “xxxx” MMC, Cavabdeh2 və “X3” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-dən və Cavabdeh2 “xxxx” ASC-nin xeyrinə 17 avqust 2015-ci il tarixli kredit müqaviləsi və 12 may 2016-cı il tarixli əlavə saziş üzrə banka 443.039 ABŞ dolları məbləğində əsas, 83.882,12 ABŞ dolları məbləğində faiz, 23.152,65 ABŞ dolları məbləğində cərimə, cəmi 550.073,77 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın “X3” MMC-yə məxsus Yevlax rayonu, Gülövşə kəndi, Xaldan-Göybulaq-Zaqatala avtomobil yolunun sol tərəfində istifadəsində olan ümumi sahəsi 10.688,32 kv.m olan qeyri-yaşayış binasına yönəldilməsi, həmin binanın açıq hərracda satılması və borcun həmin qeyri-yaşayış binasının hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, “X3” MMC-yə məxsus Yevlax rayonu, Gülövşə kəndi, Xaldan-Göybulaq-Zaqatala avtomobil yolunun sol tərəfində istifadəsində olan ümumi sahəsi 10.688,32 kv.m olan qeyri-yaşayış binasına istifadə hüquqlarının itirilmiş hesab ediməsi, həmin müəssisənin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci il 17 avqust tarixli, 122/0-USD nömrəli kredit müqaviləsinə əsasən “xxxx” MMC İddiaçı ASC-dən illik 12% olmaqla 30 ay müddətinə cavabdehin 11.10.2010-cu il 368/0-AZN saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin bağlanması şərti ilə 443.039 ABŞ dolları məbləğində kredit verilmişdir. 12 may 2016-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 478.217,44 ABŞ dolları müəyyən edilmiş və kreditin müddəti 14.06.2016-cı il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq, “X3” MMC-yə məxsus Yevlax rayonu, Gülövşə kəndi, Xaldan-Göybulaq- Zaqatala avtomobil yolunun sol tərəfində istifadəsində olan ümumi sahəsi 10.688,32 kv.m. olan qeyi-yaşayış binası 2016-cı il 31 may tarixli ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin, Cavabdeh2 ilə ZM-122/0-USD saylı, 12.05.2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 14 may 2016-cı tarixli əlavə sazişə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 2.5-ci bəndinə əsasən bank ikiqat faizlə cərimə hesablayıb borcludan tələb edir. Xəbərdarlıq edilməsinə baxmayaraq, “xxxx” MMC borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli 2(001)-84/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 17 avqust 2015-ci il tarixli kredit müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan 12 may 2016-cı il tarixli əlavə saziş üzrə cavabdehlər “xxxx” MMC-dən və Cavabdeh2 müştərək qaydada 443.039 ABŞ dolları məbləğində əsas, 71.271,24 ABŞ dolları məbləğində faiz, 10.000 ABŞ dolları məbləğində cərimə, cəmi 524.310,24 ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın 17 avqust 2015-ci il tarixli kredit müqaviləsinin təminatı qismində “X3” MMC tərəfindən ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti olan Yevlax rayonu, Gülövşə kəndi, Xaldan-Göybulaq-Zaqatala avtomobil yolunun sol tərəfində istifadəsində olan ümumi sahəsi 10.688,32 kv.m olan qeyri-yaşayış sahəsinə (əmlak kompleksi kimi müəssisəyə) yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlərin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana –“X3” MMC-yə qaytarılması, ipoteka predmetinin açıq hərracdan satıldıqdan sonra boşaldılması, ipoteka predmetinin ilkin satış qiymətinin 598.500 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İddia qalan hissədə rədd edilmiş, ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manat məbləğində pul vəsaitinin 140 manat hissəsi Cavabdeh2, 5 manat hissəsinin isə ləğv prosesində olan “xxxx” ASC-dən tutularaq dövlət gəlirlərinə alınması müəyyən edilmişdir. Qətnamədən iddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayəti verilmişdir. İddiaçı tərəfin apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə faiz və cərimə borcunun qismən təmin edilməsi hissəsində əsassızdır. Cavabdeh qrafik üzrə ödənişlərdə gecikdirmə hallarına yol verdiyindən müqavilənin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə ikiqat faiz hesablanmışdır. Cavabdeh2 apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, borclu “xxxx” MMC tərəfindən borcun müəyyən hissəsi ödənilmiş, qalan hissə isə iqtisadi durğunluq səbəbindən ödənilməmiş saxlanılmışdır. Borclu maliyyə vəziyyəti barədə banka məlumat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməmişdir. Məhkəmənin istinad etdiyi “xxxx” MMC tərəfindən qiymətləndirmə aparılarkən, onların iştirakı təmin edilməmiş, ümumiyyətlə mütəxəssislər həmin ərazidə olmamışlar. Həmin qeyri-yaşayış sahəsi boş bina deyil, 240 nəfərə yaxın işçisi olan Kərpic zavodundan ibarət və minimum dəyəri 5.000.000 manatdan artıq olan istehsalat sahəsidir. Dəfələrlə aşağı qiymətləndirilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi ASC-nin apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin, hazırki icraat zamanı ipoteka predmetinin müəyyən edilmiş ilkin satış qiyməti ilə razı olmadığını, həmin qiymətin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş həddə olmasının daha real olduğunu bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili təmsil etdiyi şəxsin apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin, müəyyən edilmiş ilkin satış qiyməti ilə razı olmadığını bildirdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş materialları ilə aşağıdakı faktiki hallar müəyyən edilir. “xxxx” ASC ilə “xxxx” MMC arasında bağlanmış 17 avqust 2015-ci il tarixli 122/0- USD saylı kredit müqaviləsinə əsasən, “xxxx” ASC “xxxx” MMC-yə 11 oktyabr 2010-cu il tarixli 368/0-AZN saylı Kredit müqaviləsi üzrə borc məbləğinin (faizlər və cərimə borcları istisna olmaqla) bağlanması şərti ilə illik 12% dərəcəsi ilə 30 ay müddətinə 443.039 ABŞ dolları məbləğində krediti verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri, habelə ödənişlərin gecikdirilməsinə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğlərini ödəməyi barədə öhdəlik götürmüşdür. “xxxx” ASC ilə “xxxx” MMC arasında bağlanmış 17 avqust 2015-ci il tarixli 122/0- USD saylı kredit müqaviləsi üzrə 12 may 2016-cı il tarixli 01 saylı əlavə sazişə əsasən, bank tərəfindən borcluya verilən kredit öhdəliyinin qalığı olan 478.217,44 ABŞ dolları məbləğində pul vəsaiti ilə bağlı ödəniş müddəti bu saziş imzalandığı tarixdən 24 ay müddətinə illik 12% olmaqla uzadılmışdır. Sazişin 1.2-ci bəndinə görə, hazırk Əlavə Saziş qüvvəyə mindikdən sonra Borcalan tərəfindən növbəti aylar üçün ödənilən aylıq ödənişlər kreditin əsas məbləğindən silinir. 2.2-ci bəndə görə, Saziş imzalandığı tarixdən Borcalan 10 gün müddətində 73.000 ABŞ dolları ödəməlidir və bu məbləğ Borcalanın ümumi qalığından silinir. 2.3-cü bəndə görə isə Borcalan Sazişin 1.3 və 2.2-ci bəndlərinə əməl etmədikdə bu Sazişin 1.2-ci bəndi tamamilə öz qüvvəsini itirir və kredit müqaviləsi üzrə aylıq ödənişlər həmin müqavilənin 3.8-ci bəndinə əsasən silinir. “xxxx” ASC ilə “xxxx” MMC və Cavabdeh2 arasında bağlanmış 12 may 2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 17 avqust 2015-ci il tarixli 122/0- USD saylı kredit müqaviləsinə və bu müqaviləyə əlavə kimi bağlanmış bütün sazişlərə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. “Dəmir Bank” ASC ilə ipotekaqoyan “X3” MMC və borclu “xxxx” MMC arasında bağlanmış 31 may 2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən 17 avqust 2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq “X3” MMC-nin mülkiyyətində olan Yevlax rayonu, Gülövşə kəndi, Xaldan-Göybulaq-Zaqatala avtomobil yolunun sol tərəfində istifadəsində 1.063025 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 10.688,32 kv.m. olan qeyri-yaşayış sahəsi “xxxx” ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri - 1.800.000 manat məbləğində qiymətləndirilmişdir. “xxxx” ASC-nin 12.04.2017-ci il tarixli maliyyə arayışına əsasən “xxxx” MMC-nin 17 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə 12.04.2017-ci il tarixinə 443.039 ABŞ dolları məbləğində əsas, 83.882,12 ABŞ dolları məbləğində faiz, 23.152,65 ABŞ dolları məbləğində cərimə, cəmi 550.073,77 ABŞ dolları məbləğində borcu yaranmışdır. “xxxx” ASC-nin “xxxx” MMC və Cavabdeh2 ünvanladığı 29.07.2016-cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borc barədə məlumat verilməklə, borcun 3 gün ərzində ödənilməsi təklif edilmiş, əks təqdirdə kredit müqaviləsinin xitam verilməsi və yaranmış borcun ödənilməsi üzrə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görüləcəyi barədə onlara xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Cavabdehin Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır. İddiaçı apelyasiya şikayətində faiz və cərimə məbləğini, Cavabdeh2 isə kredit borcundan müəyyən ödənişlər etdiyini bildirərək bu hissəni və ilkin satış qiymətini mübahisələndirmişdir. Birinci instansiya məhkəməsinin 2(001)-112/2018 saylı 13 noyabr 2018-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Ekspertiza tərəfindən Məhkəməyə təqdim edilmiş 19.02.2019-cu il tarixli 31861 nömrəli rəydən görünür ki, hesabdan çıxarış məlumatlarında əks olunan, “xxxx” MMC tərəfindən kredit müqaviləsindən istifadə etdiyi pul vəsaitlərini və mədaxil olunan məbləğləri nəzərə alaraq, “xxxx” MMC-nin 17 avqust 2015-ci il tarixli, 122/0-USD saylı kredit müqaviləsi üzrə “xxxx” ASC-yə 17.02.2018-ci il tarixinə 443.039 ABŞ dolları məbləğində əsas, 71.271,24 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Təqdim edilmiş sənədlərə əsasən cərimələr bank tərəfindən hesablanmamışdır, buna görə ekspertiza zamanı cərimə hesablanmamışdır. Məhkəmə də işin müəyyən edilmiş hallarına, həmçinin ekspert rəyinə əsaslanaraq faiz borcunu 71.271,24 ABŞ dolları müəyyən etmişdir. Faiz borcuna aid hissədə Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlməmişdir. Ekspert rəyi ilə hesabdan çıxarış məlumatlarında əks olunan, “xxxx” MMC tərəfindən kredit müqaviləsindən istifadə etdiyi pul vəsaitlərini və mədaxil olunan məbləğləri nəzərə alınaraq 17.02.2018-ci il tarixinə (17.08.2015-ci il tarixli kredit müqaviləsi ilə müəyyən olunmuş öhdəliyin icrası müddəti) olan borc hesablanmışdır. İşdə olan 12.04.2017-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, kreditin verilmə tarixi 11.09.2015-ci il, müddəti 30 ay, faiz dərəcəsi 12 %-dir. 12 may 2016-cı il tarixli 01 saylı əlavə sazişin şərtlərinə görə, saziş imzalandığı tarixdən Borcalan 10 gün müddətində 73.000 ABŞ dolları ödədiyi təqdirdə müqavilə müddətinin Sazişin imzalandığı tarixdən 24 ay müəyyən olunması nəzərdə tutulmuşdur. Lakin Borcalan həmin məbləği ödəmədiyindən, Sazişin 2.3-cü bəndənə əsasən, həmin şərt (bənd) öz qüvvəsini itirmişdir və Kreditor da öhdəliyin 17 avqust 2015-ci il tarixli kredit müqaviləsi ilə müəyyən olunmuş şərtlər daxilində tələb edir. Belə ki, iş materiallarından kreditin faktiki verildiyi 11.09.2015-ci il tarixdən sonra hər hansı ödənişin edilməsi müəyyən edilmir, həmçinin təklif olunmasına baxmayaraq, ödəniş edilməsi ilə bağlı tərəflər özləri də hər hansı sübut təqdim edə bilməmişlər. Nə də iddiaçının nümayəndəsi «faizlərin ikiqat hesablanması» dedikdə, bu qaydada faizlərin hansı dövr üçün və hansı qaydada hesablanması ilə bağlı heç bir izah və açıqlama verə bilməmişdir. Nəzərə alınmalıdır ki, hazırki iddia tələbi 12.04.2017-ci il tarixli maliyyə arayışı əsasında həmin tarixə olan borc üzrə, yəni istər 17 avqust 2015-ci il tarixli kredit müqaviləsi, istərsə də həmin müqaviləyə əlavə sazişlə müəyyən olunmuş öhdəliyin icra müddəti bitmədən qaldırılmış, sonradan faiz borcunun artması ilə bağlı iddia tələbinin həcmi artırılmamışdır. Eləcə də hər iki halda faiz dərəcəsi 12 % təşkil etmişdir. Belə olan halda borc məbləği məhz verilmiş tələb daxilində araşdırılmalıdır. Belə olan halda 443.039 ABŞ dolları əsas borcun gündəlik faizləri 147,67 ABŞ dolları (443.039x12%:360), həmin faizlərin hesablanmalı olduğu müddət isə 573 gün, yəni kreditin verilmə tarixindən (11.09.2015) maliyyə arayışının verildiyi günədək (12.04.2017) olduğu müəyyən edilir ki, bu da 84.614,91 ABŞ dolları (147.67x573) təşkil edir. İddaçı tərəfindən iddia tələbində 83.882,12 ABŞ dolları məbləğində faiz borcu tələb edilmişdir. Belə olan halda Kollegiya hesab edir ki, tutulmalı olan faiz borcunun məbləği verilmiş tələb daxilində 83.882,12 ABŞ dolları müəyyən edilməlidir. Cərimə məbləğinə aid hissədə Kollegiya hesab edir ki, iddiaçının apelyasiya şikayətinin dəlili əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, Kollegiya borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq hesab edir ki, məhkəmə haqlı olaraq cərimə məbləğini azaldaraq 10.000 ABŞ dolları həddində tutmuşdur. Cavabdeh2 ilkin satış qiyməti ilə bağlı dəlilinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin 13.03.2019-cu il tarixli qərardadı ilə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması “xxxx” MMC-yə həvalə edilmişdir. Həmin MMC-nin 22 may 2019-cu il tarixli 156/E nömrəli hesabatına əsasən “X3” MMC-nin mülkiyyətində olan Yevlax rayonu, Gülövşə kəndi, Xaldan- Göybulaq-Zaqatala avtomobil yolunun sol tərəfində istifadəsində olan 1.063025 ha torpaq sahəsinin üzərində yerləşən ümumi 10.688,32 kv.m olan qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 598.500 manat təşkil etdiyi müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış 31.05.2016-cı il tarixli ipoteka müqaviləsində isə həmin əmlak “xxxx” MMC-nin 26.04.2016-cı il tarixli 1682/DQ saylı aktına əsasən 1.800.000 manat bazar dəyərində qiymətləndirilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli 2(103)-13267/2019 saylı qərardadı ilə “X3” MMC-nin mülkiyyətində olan Yevlax rayonu, Gülövşə kəndi, Xaldan-Göybulaq-Zaqatala avtomobil yolunun sol tərəfində istifadəsində olan 1.063025 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 10.688,32 kv.m olan qeyri-yaşayış binasının (əmlak kompleksi kimi müəssisə) yenidən qiymətləndirilməsinin keçirilməsi qərara alınmış, qiymətləndirmə işlərinin aparılması “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC-nin 14 yanvar 2020-ci il tarixli qiymətləndirmə rəyi ilə “X3” MMC-nin mülkiyyətində olan Yevlax rayonu, Gülövşə kəndi, Xaldan-Göybulaq-Zaqatala avtomobil yolunun sol tərəfində istifadəsində olan 1.063025 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 10.688,32 kv.m olan qeyri-yaşayış binasının (əmlak kompleksi kimi müəssisə) 14 yanvar 2020-ci il tarixə bazar dəyərinin 3.000.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Daha sonra Bakı Apelyasiya Məhkəməsinin 03.02.2020-ci il tarixli 2(103)-552/2020 saylı qərardadı ilə “X3” MMC-nin mülkiyyətində olan Yevlax rayonu, Gülövşə kəndi, Xaldan-Göybulaq-Zaqatala avtomobil yolunun sol tərəfində istifadəsində olan 1.063025 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 10.688,32 kv.m olan qeyri-yaşayış binasının (əmlak kompleksi kimi müəssisə) yenidən qiymətləndirilməsinin keçirilməsi qərara alınmış, qiymətləndirmə işlərinin aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 07.04.2021-ci il tarixli məktubundan görünür ki, əmlak kompleksi kimi müəssisənin 25.12.2020-ci il tarixinə bazar dəyəri 2.300.000 manat təşkil edir. Göründüyü ipoteka predmetinin bazar dəyəri müəyyən edilmişdir. Ona görə də Kollegiya tərəfindən ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi məqsədi ilə “xxxx” MMC-nin mütəxəssisləri cəlb edilmiş və “xxxx” MMC-nin 16.05.2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Yevlax rayonu, Gülövşə kəndi, Xaldan- Göybulaq-Zaqatala avtomobil yolunun sol tərəfində yerləşən 10.688,32 kv.m olan qeyriyaşayış binasının (əmlak kompleksi kimi müəssisə) 16.05.2021-ci il tarixinə likvid dəyəri 1.954.000 manat təşkil edir. Kollegiya hesab edir ki, bu hissədə də qətnamə dəyişdirilməli və Yevlax rayonu, Gülövşə kəndi, Xaldan-Göybulaq-Zaqatala avtomobil yolunun sol tərəfində yerləşən 10.688,32 kv.m olan qeyri-yaşayış binasının (əmlak kompleksi kimi müəssisə) ilkin satış qiyməti likvid dəyərinə uyğun olaraq 1.954.000 manat müəyyən edilməlidir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməməsi barədə dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, onun qeydiyyatda olduğu, həmçinin tərəfindən verilmiş apelyasiya şikayətində qeyd olunan ünvan üzrə məhkəmə bildirişləri göndərilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, Kollegiya hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməsi, mübahisələndirilən digər hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-84/2019 saylı iş üzrə 10 iyun 2019-cu il tarixli qətnaməsi faiz borcuna və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilsin. Cavabdehlər “xxxx” MMC və Cavabdeh2 müştərək qaydada tutulmalı olan faiz borcu 83.882,12 ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) müəyyən edilsin. Yevlax rayonu, Gülövşə kəndi, Xaldan-Göybulaq-Zaqatala avtomobil yolunun sol tərəfində istifadəsində olan ümumi sahəsi 10.688,32 kv.m olan qeyri-yaşayış sahəsinin (əmlak kompleksi kimi müəssisəyə) ilkin satış qiyməti 1.954.000 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış tədqiqatın dəyərini təşkil edən 300 manat məbləğində pul vəsaitinin 150 manatı “xxxx” QSC-dən, 150 manatı isə cavabdeh “xxxx” MMC-dən tutularaq “xxxx” MMCnin hesabına (VÖEN:**********; Hesab №AZ33İBAZ********************; Bank: “xxxx” ASC Yasamal filialı, kod 805562; VÖEN:**********; Müxbir hesab:AZ03NABZ********************; SWİFT BİK:İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-166/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-166/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver