Məhkəmə qərarları › İş №2(103)-1661/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1661/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1661/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin qaytarılması, tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “kredit müqaviləsi üzrə borcun tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-789/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin qaytarılması, tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli EF/23501/86 saylı kredit müqaviləsi üzrə 69.594,31 manat əsas borc, 10.759,89 manat faiz və 771,68 manat cərimə olmaqla, cəmi 81.125,88 manat pul vəsaiti və ödənilmiş 334 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması; yuxarıda qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədi ilə tələbin Cavabdeh3 məxsus olan ünvan 1 ünvanda yerləşən 0,07 ha torpaq sahəsi və üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi; həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehlərin banka olan borcunun ödənilməsinə yönəldilməsi, eyni zamanda ipoteka predmeti olan mənzildə yaşayan şəxslərin əmlakdan çıxarılması və əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli e-2(002)- 789/2024 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin qaytarılması, tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi» tələbinə dair mülki iş üzrə icraata «ipoteka predmeti olan mənzildə yaşayan şəxslərin əmlakdan çıxarılması və əmlakın boşaldılaraq banka təhvil verilməsi» tələbinə dair hissəsində xitam verilmişdir.

3. Qaradağ Rayon Məhkəməsinin 2(002)-789/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Kamran Əsədov) ilə iddia qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixli EF/23501/86 saylı kredit müqaviləsi üzrə ekspert rəyinə əsasən 69.060,54 manat əsas borc, 4.289,72 manat faiz və 100 manat cərimə olmaqla, cəmi 73.450,26 manat pul vəsaiti və ödənilmiş 334 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh3 məxsus olan ünvan 1 ünvanda yerləşən 0,07 ha torpaq sahəsi və üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakın ilkin satış qiyməti 189.000 manat (torpaq sahəsinin likvid qiyməti 119.000 manat, tikililərin likvid qiyməti 70.000 manat olmaqla, cəmi likvid qiyməti 189.000 manat) müəyyən edilmiş, əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin Cavabdeh3 İddiaçı ASC-yə olan kredit borcunun ödənilməsinə yönəldilməsi, əmlakın satışından əldə olunan vəsait hesabına cavabdehin iddiaçı qarşısında öhdəliklərinin icra edildikdən sonra qalan məbləğin Cavabdeh3 qaytarılması, 100 manat ekspertiza xərcinin Cavabdeh3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, 300 manat qiymətləndirmə xərcinin Cavabdeh3 tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

4. Cavabdeh3 qətnaməni mübahisələndirmiş, iddiaçı və digər cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmişdir. Apellyasiya şikayəti və onların dəlilləri:

5. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, müqavilənin etibarsız olmasını qeyd etmiş və bu əsaslarla da qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, yalnız iddiaçının nümayəndəsi məhkəməyə göndərdiyi ərizədə işə onların iştirakı olmadan baxılması və apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

7. Cavabdeh3 ilə İddiaçı ASC arasında 23 may 2022-ci il tarixli L063/2022 saylı kredit limitinin ayrılması haqqında müqavilə bağlanmışdır. Sonradan həmin kredit limitinin ayrılması haqqında müqavilə əsasında Cavabdeh3 ilə İddiaçı ASC arasında 23 may 2022ci il tarixli EF/23501/86 saylı kredit sazişi bağlanmışdır. Kredit sazişinə əsasən bank tərəfindən kredit alana 36 ay müddətinə illik 20 % dərəcəsi ilə 87.750 manat məbləğində kredit verilmişdir.

8. 13 iyun 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh3 məxsus olan ünvan 1 ünvanda yerləşən 0,07 ha torpaq sahəsi və üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evinin ipoteka yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı alınmışdır.

9. Cavabdeh3 ilə İddiaçı ASC arasında 23 may 2022-ci il tarixli L063/2022 saylı kredit limitinin ayrılması haqqında müqavilə üzrə zaminlər Cavabdeh1 və Cavabdeh2 həmin kredit sazişinə əsasən bank qarşısında öz üzərlərinə kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh3 ilə birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər (i/v 92).

10. Maliyyə arayışından görünür ki, Cavabdeh3 İddiaçı ASC-yə 69.594,31 manat əsas borc, 10.759,89 manat faiz və 771,68 manat cərimə olmaqla, cəmi 81.125,88 manat borcunun olduğu qeyd edilmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2024-cü il tarixli 9/4582 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılması haqqında müqavilə daxilində xx.xx.2022-ci il tarixli EF/23501/86 nömrəli kredit sazişi kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh3 xx.xx.2023-cü il tarixinə banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: əsas borc üzrə 69.060,54 manat, faiz üzrə 4.289,72 manat. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.

12. "xxxx" MMC-nin 21 oktyabr 2024-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəyindən görünür ki, ipoteka predmeti olan mənzilin cəmi likvid qiyməti 189.000 manat təşkil edir. Qiymətləndirmə xərci 300 manat təşkil etmişdir. Tətbiq edilən maddi hüquq normaları:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Maddə 269. Girov və ipoteka hüququ anlayışı. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 279. Girovla təmin edilən tələb. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir Maddə 319.6. Bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Tətbiq edilən prosessual hüquq normaları:

14. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

15. Hazırkı halda, rayon məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edildiyindən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh3 şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

18. Mülki işin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh3 yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir.

19. Təqdim olunmuş sənədlərdən görünür ki, zaminlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh3 İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdələrinə götürmüşlər.

20. Cavabdeh apellyasiya şikayətində müqavilənin etibarsız olmasına istinad etmişdir.

21. Həmin dəlillə bağlı qeyd edilir ki, hazırkı müqavilənin etibarsız hesab olunması üçün Qanunla müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir. Apellyator da buna dair hər hansı sübut təqdim etməmişdir. Halbuki MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

23. Beləliklə də müəyyən olunur ki, tərəflər arasında etibarlı kredit müqaviləsi mövcuddur, cavabeh Cavabdeh3 bank qarşısında müqavilədən irəli gələn öhdəliklərini icra etmədiyindən, iddia tələbini qismən təmin edən rayon məhkəməsinin mövqeyi əsaslı olmuşdur, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticə:

24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

26. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qaradağ Rayon Məhkəməsinin 2(002)-789/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar