Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1662/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətinə ("xxxx" ASC) qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1662/2024 (Açar sözlər: dəymiş zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X8 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Cavabdeh X2, onun nümayəndəsi və vəkili X6, cavabdeh Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətinin ("xxxx" ASC) nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətinə ("xxxx" ASC) qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2289/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş apelyasiya şikayətinə 03 aprel 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında iddiaçının sahibliyi və istifadəsində olan “AUDİ A5” minik markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilini X10 tərəfindən idarə olunan **-TX-*** dövlət qeydiyyat nişanlı, "MERCEDES BENZ 220 minik" markalı avtomobil vuraraq qəza törətmiş və nəticədə sığorta hadisəsi baş vermişdir. “AUDİ A5” minik markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2023cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Avtomobilinə dəymiş zərər hesablanmış, ödəniş aktına əsasən zərərin miqdarı 858,00 manat təşkil etmişdir. Həmin məbləğ Sığorta şirkəti tərəfindən sözügedən avtomobilin təmiri üçün nəzərdə tutulmuş vəsait Cavabdeh1 Bank hesabına köçürülmüşdür. Lakin sonradan iddiaçı avtomobilinin lazımi keyfiyyətdə təmir olunmadığını görmüş və buna görə də məhkəməyə müraciət etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətinə ("xxxx" ASC) qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində “AUDİ A5” minik markalı, ** EA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın əvəzi olaraq, 5189.60 məbləğində nağd pulun, mənəvi zərərin əvəzi olaraq 5000 manat və dövlət rüsumu olan 121 manat məbləğində pulun cavabdeh "xxxx" ASC və Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində iddiaçının idarə etdiyi “AUDİ A5” minik markalı, ** EA *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə “Mercedes” markalı nəqliyyat vasitəsi arasında yol nəqliyyat hadisəsi baş vermişdir. Bu zaman idarə etdiyi “AUDİ A5” minik markalı, ** EA *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə xeyli ziyan dəymişdir. Lakin buna baxmayaraq "xxxx" ASC iddiaçıya avtomobilinin təmiri ilə bağlı nağd pulun ödənilməsindən boyun qaçıraraq avtomobilinə dəymiş zərərlə bağlı keyfiyyətli təmir olunacağına vəd verərək özlərinin təqdim etdiyi (VÖEN **********) üzrə fərdi qaydada fəaliyyət göstərən Cavabdeh1 tərəfindən təmir işləri aparılmışdır. Yekun qüsur aktına əsasən, dəmirçi tərəfindən:arxa baqaj, panel arxa, ehtiyat təkərin döşəməsi, rəngsaz tərəfindən: baqaj arxa, panel arxa, ehtiyat təkərin döşəməsi bufer arxa üst və alt hissə, armaturçu tərəfindən: bufer arxa üst və alt hissə ehtiyat təkərin yeni baqaj arxa, mexanik tərəfindən: arxa səsboğucu sökülüb-yığıması, plastmas bufer arxa üst və alt hissə, arxa səsboğucu təmir görülən işlər kimi qiymətləndirilmiş, arxa səsboğucu kronşteyn sol və düymə dəyişdirilmiş və 858 manat məbləğində vəsait müəyyən edilmişdir. İddiaçı bildirir ki, o, təmirin keyfiyyətli realizə ediləcəyini zənn etdiyindən təmirin onlar tərəfindən həyata keçirilməsinə razılıq vermişdir. Təmir işləri isə 3 ay müddətində yekunlaşmışdır. İddiaçı hər dəfə ona məxsus nəqliyyat vasitəsinə baxış keçirir, mövcud qüsurların aradan qaldırılmadığını, təmirin düzgün aparılmasını tələb etmişdir. Yekunda isə iddiaçıya nəqliyyat vasitəsi təhvil verilən zaman keyfiyyətsiz və qüsurlu olduğunu aşkar etmiş, təhvil-təslim aktında da öz iradını, işin keyfiyyətli icra edilməməsini qeyd etmişdir. Bundan sonra, iş keyfiyyətsiz şəkildə həyata keçirildiyindən “Sərraf-M” Qiymətləndirmə və konsaltinq şirkətinə müraciət etmişdir. Qiymətləndirici mütəxəssis tərəfindən avtomobilə vizual baxış keçirilmiş xx.xx.2023-cü il 0097/23 nömrəli rəyə əsasən, “AUDİ A5” minik markalı, ** EA *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi baqaj arxa, panel arxa, ehtiyat təkərin döşəməsi və arxa səsbəğucu keyfiyyət tələblərinə cavab vermir. Belə ki, arxa səsboğucu yararsız halda olduğu (dəyişdirilməli olduğu) halda, onun üzərində təmir işləri aparılmış, arxa bufer yararsız halda olduğu (dəyişdirilməli olduğu) halda, onun üzərində təmir işləri aparılmış və alt spoleri yararsız, halda olduğu (dəyişdirilməli olduğu) halda, onun üzərində təmir işləri aparılmışdır. Həmçinin mütəxəssisin rəyinə əsasən, arxa bufer üzərində aparılan armatur işləri də qüsurlu aparılmışdır. Nəticə hissəsində, “AUDİ A5” minik markalı, ** EA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yol nəqliyyat hadisəsi zamanı vurulmuş ziyanın və üzərində aparılmış təmir-bərpa işləri nəticəsində meydana gələn qüsurların aradan qaldırılması üçün rəyin verilən günə olan xərclərin ümumi məbləği 5189.60 olduğu göstərilmişdir. Göründüyü kimi, nəqliyyat vasitəsinə dəymiş zərər Cavabdeh1 tərəfindən olduqca az məbləğdə dəyərləndirilmiş, təmir işi keyfiyyətlə başa çatdırılmamışdır. Həmçinin nəqliyyat vasitəsi İddiaçı təhvil verildikdən sonra yararsız təmir edilməsi səbəbindən idarə etmə zamanı nəqliyyat vasitəsinin arxa bufer hissəsi küləyin təsiri nəticəsində yerindən çıxmış və buferin arxa spoiler hissəsi itmişdir. Hətta nəqliyyat vasitəsi iddiaçıya təhvil verilən zaman vintlər belə bağlanılmamışdır. İddiaçı qeyd edir ki, avtomobilinə dəymiş ziyanın ödənilməsini və ya avtomobilin təmir olunmasını cavabdeh "xxxx" ASC və Cavabdeh1 ilə məhkəmədən kənar həll etmək istəsə də, heç bir nəticə verməmişdir. Bundan başqa bir-neçə dəfə cavabdehlərin yanına getmiş və onların qanunsuz əməlləri nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsini bildirmişdir. Belə ki, təmir işlərinin uzun müddət ərzində yekunlaşmaması, 3 aydan artıq bir müddətdə nəqliyyat vasitəsinin ona qaytarılmaması səbəbindən nəqliyyat vasitəsiz işləməyi iddiaçının maddi və mənəvi zərərə məruz qalmağına səbəb olmuşdur. Beləliklə, əlavə iddiaçıya dəymiş maddi və mənəvi zərər 5000 manat təşkil edir. Bütün yuxarıda göstərilənləri əsas götürərək, iddiaçı, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət edir, avtomobilə dəymiş 5189.60 məbləğində maddi ziyanın, 5000 manat məbləğində mənəvi zərər və eyni zamanda, iddiaçı tərəfindən 121 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər "xxxx" ASC və Cavabdeh1 tərəfindən iddiaçıya ödənilməsini məqsədəmüvafıq hesab edir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2289/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddianın qismən təmin edilməsi, Cavabdeh1 2732 manat maddi ziyanın əvəzi, 150 manat mənəvi zərər və 64 manat dövlət rüsumu olmaqla cəmi 2946 manat İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi, Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1, 1115-ci, «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 6.1, 7, 15.3, 20.2, 56.1-ci, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 78.1, 81, 88, 106.1, 214.4, 218.3, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh X9 apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddia tələbinin Cavabdeh1 münasibətdə rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apelyasiya şikayətində göstərilmişdir ki, mövcud sığorta hadisəsiilə bağlı münasibətlər İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkəti ("xxxx" ASC) arasında iddiaçı Cavabdeh1 "xxxx" ASC sığortaşirkəti iləaralarında olan xx.xx.2022-ci iltarixli müqaviləyə əsasən "xxxx"ASC sifarişini icra etmişdir. Cavabdeh1 ancaq "xxxx" ASC-nin qarşısında maddi məsul şəxsdir. İddiaçıNamiq oğlu ilə Cavabdeh1 arasında hər hansı bir müqavilə və qarşılıqlı öhdəlik nəzərdə tutulmamışdır. Məhkəmə sübutları düzgün qiymətləndirməmişdir. Ekspertiza tədqiqatı tam aparılmamışdır. İş üzrə təqdim edilən fotolar bir daha göstərir ki, nəqliyyat vasitəsi tam təmir olunaraq İddiaçı verilmişdir. Təqdim edilən fotolardan o da görünür ki, nəqliyyat vasitəsi təmir oluna biləndir. Cavabdeh1 isə təmir oluna bilindiyi halda Sifarişçinin xüsusi göstərişi olmadan hansısa detalı dəyişmək səlahiyyətində deyildir. O ancaq detal dəyişdirilməsini vacib və qaçılmaz hallarda edə bilər. Ekspertiza nəqliyyat vasitəsini təmirdən əvvəl görməmişdir. Nəqliyyat vasitəsi təmir edilmiş, iddiaçıya təhvil verilmiş bundan sonra ekspertiza nəzəri rəy vermişdir. Belə olan halda ekspertin rəyinin əsaslı olması şübhə altındadır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Apellyasiya baxışında iştirak edən cavabdeh X9 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və iddia tələbinin ona münasibətdə rədd olunmasını xahiş etmişdir.
10. Apellyasiya baxışında iştirak edən cavabdeh X2 nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin Cavabdeh1 münasibətdə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya baxışında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətinin ("xxxx" ASC) nümayəndəsi bildirmişdir ki, yol nəqliyyat hadisəsi baş verirsə, tərəfin avtomobilini hansı servisə təhvil verməsi ilə əlaqədar təklif verilir. Tərəf özü avtomobili Cavabdeh1 servisinə aparmışdır və avtomobilə baxış keçirilmiş, onlarla digər cavabdeh arasında bağlanmış müqavilə şərtinə əsasən də qüsur aktı tərtib edilmişdir. İddiaçı avtomobilin müvafiq servisdə təmir olunmasını seçmiş, ödənişlə heç maraqlanmamışdır. Sığorta şirkətində dəymiş zərərin müəyyənləşdirilməsinə dair mütəxəssislər mövcuddur. Servislərdən gələn qüsur aktlarına nəzarət edir və araşdırırlar. Lakin sığorta şirkəti təmir prosesini həyata keçirən qurum deyildir. Onların iddiaçı qarşısında heç bir öhdəliyi yoxdur.
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;
14. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması;
15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
18. Maddə 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər.
19. Maddə 883.1 Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
21. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;
22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;
23. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
24. Maddə 1128.1. Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər.
25. Maddə 1129.2. İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu
26. Maddə 13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Birinci instansiya məhkəməsi tərəfindən iddia yalnız cavabdeh X4 münasibətdə təmin edildiyindən və nə iddiaçı, nə də digər cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, qətnamə yalnız cavabdeh X4 münasibətdə olan hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir.
36. Kollegiya ilk növbədə qeyd edir ki, iddia tələbi iki cavabdehə qarşı sürüldüyündən və onlardan birinə qarşı qismən təmin edildiyindən, o cümlədən iddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilmədiyindən hazırki iş üzrə kollegiya qətnaməni yalnız cavabdeh X4 münasibətdə təmin olunan hissədə yoxlayır və digər cavabdehə dair tələbin təmin olunmaması əsaslarına münasibət bildirmir.
37. Belə ki, iş materiallarında olan AC seriyalı 634233 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən, “AUDİ A5” minik markalı, ** EA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 mülkiyyətindədir. Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair 28 oktyabr 2022-ci il tarixli Sumqayıt şəhər 1 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, “AUDİ A5” minik markalı, ** EA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətçi X11 tərəfindən xx.xx.2023-cü il tarixədək İddiaçı etibarnamə ilə istifadəsinə verilmişdir.
38. İş materiallarında olan “Sərraf-M” Qiymətləndirmə və konsaltinq şirkəti tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli 0097/23 №-li rəydən görünür ki, X7 məxsus olan “AUDİ A5” minik markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi zamanı vurulmuş ziyanın və üzərində aparılmış təmirbərpa işləri nəticəsində meydana gələn qüsurların aradan qaldırılması üçün rəyin verilən günə olan xərclərin ümumi məbləği 5.189,60 (beş min yüz səksən doqquz manat, altmış qəpik) manat təşkil edir.
39. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi törədilən vaxt “AUDİ A5” minik markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuş, avtomobilin mülkiyyətçisi X11, hadisə zamanı sürücü isə İddiaçı olmuşdur.
40. Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında protokolun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə **-TX-*** dövlət qeydiyyat nişanlı, "MERCEDES BENZ 220 minik" markalı avtomobilin sürücüsü X10 hərəkət edərkən yolhərəkəti qaydalarını pozmuşdur. Bununla əlaqədar avtomobili idarə etmiş X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir.
41. xx.xx.2023-cü il tarixli, 00390/2023 nömrəli ödəniş aktından və xx.xx.2023-cü il tarixli, 842491 nömrəli elektron qaimədən görünür ki, “AUDİ A5” minik markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 858,00 manat müəyyən edilmiş, sığorta ödənişi avtomobilin təmiri üçün Cavabdeh1 bank hesabı vasitəsilə ödənilmişdir.
42. İş materiallarında olan şəhadətnamənin surətindən görünür ki, “AUDİ A5” minik markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır.
43. 07 dekabr 2022-ci il tarixli Xidmət müqaviləsinin surətindən görünür ki, "xxxx" Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkəti ilə “İcraçı” Cavabdeh1 arasında xidmət müqaviləsi bağlanmışdır.
44. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 9/6150 nömrəli, xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli zərər aktı məlumatlarına əsasən zərər aktına əsasən 2012-ci il buraxılışlı “Audi A5” minik markalı, mühərrik həcmi 2000 sm3 **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 858,00 manat olduğu, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən 2012-ci il buraxılışlı “Audi A5" minik markalı, mühərrik həcmi 2000 sm3 **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 3700,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 3400 manat; Təmir-bərpa işlərinin qiyməti – 300,00 manat, 2. Dəyişilməli hissələrin qiymətinə - aşınma tətbiq edilməklə 2732,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 2432,00 manat; Təmir-bərpa işlərinin qiyməti – 300,00 manat. Olduğu müəyyən edilmişdir.
45. Kollegiya ilk növbədə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq qeyd edir ki, hazırkı iddia tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olubolmadığının müəyyənləşdirilməsidir.
46. Belə ki, iş materiallarından da göründüyü kimi “AUDİ A5” minik markalı, ** EA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətçi X11 tərəfindən xx.xx.2023-cü il tarixədək İddiaçı etibarnamə ilə istifadəsinə verilmiş, yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi baş verərkən də onun qanuni sahibliyində olmuşdur. Bu isə o deməkdir ki, iddiaçı həmin yol-nəqliyyat hadisəsi baş verərkən avtomobili öz şəxsi məqsədləri ilə idarə etmiş və buna mülkiyyətçinin qanuni əsaslarla razılığı olmuşdur. Bu zaman o nəticəyə gəlmək olur ki, hazırki iş üzrə iddiaçının qanuni istifadəsində olan, həmin istifadədən lazımi qaydada faydalanmaq niyyəti ilə idarə etdiyi avtomobilə üçüncü şəxslər tərəfindən dəymiş zərəri tələb etməkdə həm qanuni əsasları, həm də şəxsi marağı mövcuddur. Belə ki, Mülki Məcəllənin 158.2-ci və 158.4-cü maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
47. Həmçinin qeyd edilməlidir ki, avtomobilin istifadəsi ilə bağlı verilmiş etibarnamə anlayışı ilə mülki hüquqdakı etibarnamə anlayışları bir-birilərindən fərqli olmaqla birinci anlayışda etibarnamə verilən şəxs mülki hüquqdakı kimi etibarnamə verənin mülkiyyətlə bağlı hüquq və mənafelərini təmsil etmir, öz şəxsi istifadəsinin qanuni əsasını digər üçüncü şəxslər qarşısında müdafiə etmək imkanı qazanır.
48. Qeyd edilən mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci ilə dair 4 nömrəli bülletenində də müvafiq başlıq altında qeyd edilmişdir. Belə ki, həmin bülletendə göstərilir ki, mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (MM-nin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəqletməkdir, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də, şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üsüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. Bundan başqa yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmçsilçilik münasibətinin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevrilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir.
49. Bütün qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı sözügedən yolnəqliyyat hadisəsi baş verərkən istifadəsində olduğu avtomobili qanuni əsaslarla, yəni etibarnamə üzrə idarə etdiyindən və bu idarə etibarnaməni verən şəxsin deyil, öz mənafelərinin təmsili üçün həyata keçirildiyindən hazırki iş üzrə iddiaçının qeyd edilən tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud olmuşdur.
50. Kollegiya cavabdeh X2 müqavilə münasibətlərinin müvafiq olaraq iddiaçı ilə digər cavabdeh və digər cavabdeh ilə özünün arasında olması, onun yalnız digər cavabdeh qarşısında məsul olması ilə bağlı şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
51. Belə ki, Mülki Məcəllənin 1128.1-ci maddəsinə əsasən malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Həmin Məcəllənin 1129.2-ci maddəsinə əsasən işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir.
52. Qanunvericiliyin tələblərindən də göründüyü kimi icraçı tərəfindən xidmətin qüsurlu və ya yanlış aparılması nəticəsində əmlaka dəymiş zərərin ödənilməsi üçün heç də cavabdehin bildirdiyi kimi icraçı ilə zərərçəkmiş şəxsin arasında müqavilə münasibətlərinin olması şərt deyil və əgər həqiqətən, belə bir qüsurlu xidmət mövcuddursa, bu xidmətə görə dəymiş zərəri məhz işi görmüş icraçı ödəməlidir.
53. Bu zaman geriyə əsas aydınlaşdırımalı məsələ olaraq xidmətin qüsurlu olubolmamasının sübut edilməsi məsələsi qalır. Bununla bağlı Mülki Məcəllənin 1132-ci maddəsində qeyd edilir ki, Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur.
54. İş materiallarından da göründüyü kimi iddiaçı tərəfindən təqdim edilmiş “Sərraf- M” Qiymətləndirmə və konsaltinq şirkəti tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli 0097/23 №-li rəydən görünür ki, X7 məxsus olan “AUDİ A5” minik markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi zamanı vurulmuş ziyanın və üzərində aparılmış təmirbərpa işləri nəticəsində meydana gələn qüsurların aradan qaldırılması üçün rəyin verilən günə olan xərclərin ümumi məbləği 5.189,60 (beş min yüz səksən doqquz manat, altmış qəpik) manat təşkil edir.
55. Birinci instansiya məhkəməsi də iddiaçının təqdim etdiyi sübutun hərtərəfli araşdırılması məqsədilə ekspertiza təyin etmiş, ekspert rəyi ilə müəyyən edilmiş hallara əsasən hesab etmişdir ki, 858 manat vəsait avtomobilə vurulmuş ziyanın aradan qaldırılması üçün kifayət etmədiyindən ümumi ağlabatan məbləğ müəyyən edilməli, həmin məbləğ isə xx.xx.2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq rəyində əks edilmiş dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 2732,00 manat məbləğlər həddində olmalıdır.
56. Kollegiya cavabdehin apellyasiya şikayətində ekspertizanın düzgün keçrilməməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsinin əsaslandırılmış qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin vermiş olduğu rəy kifayət qədər müstəqil və əsaslı şəkildə tərtib olunmuşdur. Bundan başqa iş üzrə ekspertiza təyin edilərkən məhkəmə tərəfindən iş üzrə hər iki tərəfə ekspertiza qarşısında qoyulacaq suallara təklif verməsi üçün şərait yaradılmış, lakin cavabdeh tərəfindən bununla bağlı heç bir təklif verilməmişdir.
57. İddia tələbinin Cavabdeh1 İddiaçı xeyrinə 150 manat məbləğində mənəvi zərərin tutulmasının təmin edilməsi hissəsində isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin mülki qanunvericiliyin normaları, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarını, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarını rəhbər tutaraq müəyyən etdiyi 150 manat məbləğində mənəvi zərərin Cavabdeh1 tutulması işin halları və qanunvericiliyin yuxarıda adı çəkilən normaları baxımından ədalətdi olmuşdur.
58. Beləliklə, kollegiyanın mövqeyinə əsasən birinci instansiya məhkəməsi iddia tələbini cavabdeh X4 münasibətdə qismən təmin etməkdə haqlı olmuş, qanunvericiliyin maddi və prosessual normalarının tətbiqini düzgün həyata keçirmişdir.
59. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
60. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
61. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
62. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
63. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
64. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2289/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova