Məhkəmə qərarları › İş №2(103)-1665/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1665/2020

10.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1665/2020 10.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: Xəyalə Adil qızı Cəmilova və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı “xxxxxxxxxxx” QSC-nin nümayəndəsi X3, Cavabdeh və onun tərcüməçisi X1 iştirakları ilə, İddiaçı “xxxxxxxxxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC-nin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “xxxxxxxxxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC borclu Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3088 manat məbləğində əsas borc, 500.16 manat məbləğində faiz borcu olmaqla, cəmi 3588.16 manat məbləğində kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun alınaraq “xxxxxxxxxxx” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il, 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə “xxxxxxxxxxx” QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ “xxxxxxxxxxx” QSC-yə keçmişdir. “xxxxxxxxxxx” QSC-nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış İddiaçı MMC vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxxxxxxxxx” QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh dair sənədlər xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən “xxxxxxxxxxx” QSC-yə verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin X2 ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20% olmaqla 24 ay müddətinə 3088 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin 4.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı cavabdehin ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. Cavabdehə verilən vəsaitindən istifadə müddəti 18 aydır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 3088 manat, faiz borcu üzrə 500.16 manat olmaqla cəmi 3588.16 manat məbləğ təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 3088 manat məbləğində əsas borc, 500.16 manat məbləğində faiz borcu olmaqla, cəmi 3588.16 manat məbləğində kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxxxxxxxxx" QSC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: Bank tərəfindən 3088 manat məbləğində əsas borc, 500,16 manat məbləğində faiz borcu ondan deyil, “X7” MMC-dən tələb edilməli idi.Belə ki, onun adına sənədləşdirilmiş 3088 manat məbləğində kredit onun özünə deyil, “Kirby” markalı, “Sentria” modelli yuyucu maşın aldığı “X7” MMC-nin hesabına köçürülmüşdür. Aldığı yuyucu maşında müəyyən nasazlıqlar aşkar edildikdən sonra həmin maşın xx xxxxxxx 2014-cü il tarixli Əmlakın təhvil-təslim aktı ilə onun tərəfindən Şirkətə təhvil verilmiş, lakin şirkət tərəfindən həmin maşına görə Bank tərəfindən onun adından Şirkətin hesabına köçürülmüş 3088 manat pul Banka qaytarılmamışdır. Bu barədə nə Bank tərəfindən, nə də ki, Şirkət tərəfindən məlumatlandırılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və bildirmişdir ki, o, azərbaycan dilində nə daşına və nə də yaza bilmir. 1-ci instansiya məhkəməsində zəruri sənədləri təqdim edərək hesab etmişdir ki, iddia rədd ediləcək. Lakin, mübahisənin nədən getdiyini başa düşməmiş, ona hüquqları izah edilməmişdir. O, aldığı əmlakı bir neçə gündən sonra şirkətə qaytarmış, şirkət bu barədə müvafiq sənədləşmə aparmışdır. Həmin şirkət hal-hazırda Sumqayıtda fəaliyyət göstərir. İndi ona deyirlər ki, guya 1-ci instansiya məhkəməsində işə baxılanda iddianı qəbul etmişdir. Deyirlər qətnamədə belə yazılmışdır. Azərbaycan dilində oxuya bilmədiyi üçün onu başqa şəxsə oxutdurmuşdur. İddianı necə qəbul edə bilər, necə pul verməyə razılaşa bilər ki, aldığı əmlakı bir neçə gündən sonra geri qaytarmışdır. Onun iddianı qəbul etməsi ağlabatan deyil, məntiqsizdir. Azərbaycan dilini yaxşı bilmir, yazıb-oxumağı ümumiyyətlə bacarmır. Tərcüməçi vasitəsi ilə apelyasiya icraatında işlə tanış olduqdan sonra ona məlum olmuşdur ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Elə həmin əsasla iddia rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxxxxxxxxx” QSC-nin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, məhsulun dəyərini ödəmişlər. Məhsulun qyatarılması barədə Banka heç bir məlumat verilməmişdir. Əşya qaytarılanda cavabdeh özü banka məlumat verməli idi. Cavabdehin kredit borcu müvafiq Fərmanın təsiri altına düşür. Restrukturizasiya olunaraq faiz borcu silinmiş və yalnız əsas borc tutulmalıdır. Hal-hazırda həmin firma ilə artıq bankın əməkdaşlığı yoxdur. Müqaviləyə istinad edərək pulu tələb edirlər. İşin faktiki halları bunlardır: Cavabdeh “X7” MMC-dən “Kirby” markalı, “Sentria” modelli yuyucu maşını almış və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin X2 ilə cavabeh aralarında bağlanmış borc müqaviləsi üzrə malın dəyərininbank tərəfindən hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. xx.xx.2014-cü il tarixli borc müqaviləsinə əsasən, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin X2 Cavabdeh 18 ay müddətinə, illik 20 % olmaqla 3088 manat məbləğində kredit vermişdir. Ödəniş cədvəlinə əsasən, kredit və ona hesablanmış faizlər xx.xx.2014-ci il tarixdən başlayıb, hər ay 199,99 manat son ayı isə 199,98 manat olmaqla 18 ay müddətində ödənilməli idi və ödəniş xx.xx.2016-cı il tarixdə bitməli idi. Bundan başqa, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, müqavilənin ləğv edilməsi barədə xx.xx.2014-cü il tarixli razılaşma ilə “X7” MMC ilə cavabdeh arasında yuyucu maşının və onun hissələrinin alqı-satqısı barədə müqavilə ləğv olunmuş, alınmış mal cavabdeh tərəfindən geri qaytarılmış və bu barədə həmin tarixli təhvil-təslim aktı tərtib olunmuşdur. Mübahisə ilə bağlı dəyərləndirmə: Cavabdeh ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin X2 arasında bağlanmış borc müqaviləsi əsasında bank tərəfindın cavabdehin aldığı ev əşyasına görə pul ödəməsi, bir neçə gündən sonra cavabdehin həmin əşyanı elə şirkətin özünə qaytarması və bununla bağlı müvafiq sənədləşmə aparılması işin mübahisəsiz hallarıdır. İddiaçı hazırda həmin kredit müqaviləsi üzrə cavabdehin adından ödədiyi borcu tələb edir. İşə baxan məhkəmə cavabdeh tərəfindən iddia tələbinin etiraf edilməsini əsas tutaraq, əlavə araşdırma aparmadan iddianı təmin etmişdir. Lakin cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmiş, eyni zamanda bildirmişdir ki, o Azərbaycan dilini yaxşı bilmir və məhkəmədə də işə baxılan zaman iddianı qəbul etməmişdir. Apellyasiya icraatı zamanı cavabdeh məhkəmə icraatının aparıldığı dili bilmədiyi üçün o tərcüməçi ilə təmin olunmuşdur. Lakin işə baxan məhkəmə cavabdehin tərcüməçi xidmətindən istifadə etmək hüququnu təmin etməmiş, nəticədə qətnamənin ləğvinə əsas olan prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.3. maddəsinə əsasən, işə baxılan zaman icraatın aparıldığı dil haqqında qaydalar pozulmuşdursa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Cavabdeh icraatın aparıldığı dili bilmirsə, deməli onun həmin prosesdə hüquq və vəzifələrinə dair bütün müddəalar pozulmuşdur. Prosesin aparıldığı dili bilməyən şəxsin hər-hansı hüquqları həyata keçirməsi, mübahisə ilə bağlı müdafiəsini qurması absurddur. Apellyasiya icraatı zamanı cavabdeh tərcüməçi ilə təmin edilmiş, iddiaçının təqdim etdiyi sənədlərin mahiyyəti ilə tanış olduqdan sonra iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək həmin əsasla iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2.maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəlləsinin 375.2. maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Həmin Məcəlləsinin 377.1. maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Belə ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin X2 ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə borc müqaviləsi bağlanmış və sonuncu ödənişin tarixi xx.xx.2016cı il tarix müəyyən olunmuşdur. Cavabdeh aldığı əşyanı xx xxxxxxx 2014-cü il tarixdə şirkətə geri qaytarmış və həmin vaxtdan da banka kredit borcu üzrə heç bir ödəniş etməmişdir. Bu hal iddiaçıya məlum olsa da həmin tarixdən bu günə qədər kredit müqaviləsi üzrə borcludan öhdəliklərin yerinə yetirilməsi tələb olunmamışdır. İddiaçı bank müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı 3 illik iddia müddətini ötürməklə xx.xx.2019-cu il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ərizə ilə müraciət edərək iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Beləliklə, iddiaçı iddia müddətini buraxmaqla məhkəməyə müraciət etmiş və bunu heç bir səbəblə əsaslandırmamışdır. Ona görə məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini əsaslı hesab edir. Nə qədər ki, 1-ci instansiya məhkəməsində icraat azərbaycan dilini bilməyən şəxsə tərcüməçi təmin etmədən aparılmışdır, məhkəmə kollegiyası apellyasiya icraatında iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsini qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Həmin iş üzrə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar