Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1671/2021 02.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 oktyabr 2020-ci il tarixli qətnamədən iddiaçı Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun verdiyi apellyasiya şikayətinə əsasən işə, Fondun nümayəndəsi Nümayəndə iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Bank, onunla Cavabdeh1 arasında 07.01.2011-ci il tarixdə bağlanmış 1125 №-li “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 994,57 ABŞ dolları, “Kredit müqaviləsinin” qüvvədə olduğu müddət üçün əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 312,83 ABŞ dolları, müqavilə müddəti bitdiyi tarixdən sonrakı müddət üçün əsas kredit borcuna illik 5 faiz hesabı ilə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 153,30 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 1.066,11 ABŞ dolları, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borcalan olan Cavabdeh1 və “Kredit müqaviləsi” üzrə onun Bank qarşısında üzərinə götürdükləri öhdəliklərin icrasına zamin durmuş iş üzrə digər cavabdehlər – Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Banka ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1, onunla iddiaçı Bank arasında bağlanmış 20.11.2015-ci il tarixli, 1125 nömrəli “Kredit müqaviləsinə” Bankdan 18 ay müddətinə illik 27% dərəcəsi ilə 3.000 ABŞ dolları məbləğində borc almış və həmin müqavilə ilə Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, aldığı borc məbləğini, həmin məbləğə hesablanacaq faizlər ilə birlikdə aybaay, hissə-hissə, yəni müqavilədə və müqavilənin tərkib hissəsi olan “Ödəniş qrafikində” nəzərdə tutulmuş qaydada Banka ödəyəcək. İş üzrə digər cavabdehlər isə borcalan Cavabdeh1 ilə bilikdə 24.11.2015-ci il tarixdə Bank ilə “Zaminlik müqavilələri” bağlayaraq Cavabdeh1 “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliklərin icrasına təminat vermişlər. Buna baxmayaraq cavabdehlər qeyd edilən müqavilələr üzrə üzərilərinə götürdükləri öhdəlikləri icra etməmiş, Banka olan borcu ödəməmişlər. Bunun nəticəsində cavabdehlərin iddiaçı Banka iddia ərizəsində göstərilən növdə və məbləğdə borcları yaranmışdır. Bank borcun ödənilməsini cavabdehlərdən tələb etsə də, cavabdehlər borcu ödəməmişlər. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi 27.10.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. Rayon Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bank iddia müddətini ötürdüyü üçün iddia təmin edilə bilməz. İddiaçı Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş Rayon Məhkəməsi nəzərə almamışdır ki, ölkə ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı Bankın fəaliyyət göstərməsi məhdudlaşdırılmışdır. Xüsusi karantin rejimi 01.07.2020-ci il tarixədək uzadılmışdır. Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. Cavabdehlər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da, iclasa gəlməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbini rəhbər tutaraq işə onların iştirakı olmadan baxmışdır. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış 20.11.2015-ci il tarixli, 1125 nömrəli “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Cavabdeh1 həmin müqaviləyə əsasən Bankdan 18 ay müddətinə illik 27% dərəcəsi ilə 3.000 ABŞ dolları məbləğində kredit almış və həmin müqavilə ilə Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, aldığı borc məbləğini, həmin məbləğə hesablanacaq faizlər ilə birlikdə aybaay, hissə-hissə, yəni müqavilədə və müqavilənin tərkib hissəsi olan “Ödəniş qrafikində” nəzərdə tutulmuş qaydada Banka ödəyəcək. İş üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 isə borcalan Cavabdeh1 ilə bilikdə 24.11.2015-ci il tarixdə Bank ilə “Zaminlik müqavilələri” bağlayaraq Cavabdeh1 “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliklərin icrasına təminat vermişlər. İş materiallarından görünür ki, cavabdehlər qeyd edilən müqavilələr üzrə üzərilərinə götürdükləri öhdəlikləri icra etməmiş, Banka olan borcu qaytarmamışlar. Bank tərəfindən tərtib edilmiş və Rayon Məhkəməsinə təqdim edilmiş hesablamalardan görünür ki, öhdəliklərin icra edilməməsi səbəbindən cavabdehlərin iddiaçı Banka 994,57 ABŞ dolları məbləğində əsas kredit borcları, 312,83 ABŞ dolları məbləğində “Kredit müqaviləsinin” qüvvədə olduğu müddət üçün əsas kredit borcuna hesablanmış faiz borcları, 153,30 ABŞ dolları məbləğində müqavilə müddəti bitdiyi tarixdən sonrakı müddət üçün əsas kredit borcuna illik 5 faiz hesabı ilə hesablanmış faiz borcları, 1.066,11 ABŞ dolları məbləğində kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə borcları yaranmışdır. Bank tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlı məktublarından görünür ki, Bank borcun ödənilməsini cavabdehlərdən tələb etmiş, əks halda iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. “Ödəniş qəbzindən” görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırda kredit məbləğinin tam həcmdə Banka qaytarılmadığını iddia edən Bank qalıq borcun cavabdehlərdən tutularaq ona ödənilməsini tələb edir. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman cavabdeh (borclu) Cavabdeh1 ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, kredit borcunun tutulmasını ondan və digər cavabdehlərdən tutulmasını tələb edən Bank iddia müddətini ötürmüşdür. Buna görə də, iddia rədd edilməlidir. Cavabdeh1 “iddia müddətinin tətbiq edilməsi barədə” ərizəsini əsas tutmuş Rayon Məhkəməsi iddianı rədd etmişdir. Bankın verdiyi apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş Rayon Məhkəməsi nəzərə almamışdır ki, ölkə ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı Bankın fəaliyyət göstərməsi məhdudlaşdırılmışdır. Xüsusi karantin rejimi 01.07.2020-ci il tarixədək uzadılmışdır. Müzakirə edilən məsələnin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, kredit müqaviləsi üzrə öhdəliklərin sonuncu icra müddəti 20.05.2017-ci il tarixidir. Belə olduqda üç illik iddia müddəti 20.05.2020-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi barədə qərarlar qəbul edilmişdir. Həmin qərarlara görə ölkə ərazisində, o cümlədən Bakı şəhəri ərazisində karantin rejimi (birinci dəfə) 18.05.2020-ci il tarixədək müəyyən edilmişdir. Nazirlər Kabinetinin qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumu tərəfindən 19.03.2020-ci il tarixli, 20.04.2020-ci il tarixli, daha sonra 19.06.2020-ci il tarixli eyni məzmunlu qərarlar qəbul edilmişdir. Həmin qərarlara görə, “Təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınması; Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilməsi; Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadə edilməsi; bütün məhkəmələrdə vətəndaşların qəbulunun dayandırılması, qəbulun yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilməsi qərara alınmış, fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrinin, o cümlədən apellyasiya və kassasiya şikayətlərinin poçt vasitəsilə və ya elektron şəkildə göndərilmələri tövsiyə edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən məhkəmələrin fəaliyyəti məhdudlaşdırılsa da, fiziki və hüquqi şəxslərin ərizə və şikayətlərinin, o cümlədən də məhkəmə aktlarından kassasiya şikayətlərinin poçt şöbələri vasitəsi ilə və ya elektron şəkildə göndərilməsinə hər hansı məhdudiyyət qoyulmamışdır. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı Bankın ləğvedicisi olan Fond da karantin rejimində fəaliyyət göstərmişdir. Göründüyü kimi, karantin rejimində iddiaçı Bankın ləğvedicisi olan Fond fəaliyyət göstərmiş və hazırki iş üzrə iddia ərizəsini vaxtında vermək imkanına malik olmuşdur. Bundan başqa, karantin rejimi ləğv olunduğu 18.05.2020-ci il tarixdən sonra da iddiaçı Bankın ləğvedicisi olan Fondun iddia ərizəsi vermək üçün kifayət qədər vaxtı olmuş, lakin Fondun iddia ərizəsi 15.07.2020-ci il tarixdə Rayon Məhkəməsinə daxil olmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliklərin sonuncu icra müddətinin 20.05.2017-ci il tarixi olmasına baxmayaraq, iddiaçı Bank həmin tarixdən iddia ərizəsi ilə müraciət etmək imkanının olmasına baxmayaraq, uzun müddət sonra müraciət etmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə isə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənləri nəzərə alan Məhkəmə bu qənaətə gəlir ki, Rayon Məhkəməsi tərəflər arasında bağlanmış “Kredit müqaviləsi” üzrə iddia tələbinə cavabdehin ərizəsi əsasında iddia müddətini tətbiq etməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır və qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyil. MPM-nin 385.2-ci maddəsinə görə isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Bank tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 oktyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Bank tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1671/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1671/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver